Aqil ABBAS: QƏDİR RÜSTƏMOVUN OV MACƏRALARI VƏ YOLUMUZUN ÜSTÜNƏ ÇIXAN QARA PİŞİK

AQİL ABBAS
123558 | 2023-04-29 12:59

 (ƏVVƏLİ BURADA)

(II yazı)

Dorik adlı bir idman müəllimi vardı, erməni idi. Şəhərdə az-çox hörməti də vardı, həm də ovçuydu. Biz iki əmioğlu çəpər  üstə dava  edirik, amma ermənilər yeddi arxa dönənlərini  tapıb bir-birilərinə dayaq dururlar. Şarl Aznavurun altıncımı-yeddincimi babası erməni idi, qazandığını tökürdü Ermənistana, Qarabağa. Amma Rober Osseyn bizə müharibə  vaxtı və ya müharibədən sonra qaçqınlarımıza bir şirniquş göndərməməsi cəhənnəm, heç bir dəfə də xeyirimizə bir söz söyləmədi.

Nə isə… Bu Dorikin İtaliyada yeddi arxa dönənindən bir qohumu  vardı.  Tez-tez Dorikə müxtəlif  hədiyyələr göndərirdi. Bir dəfə də bir ov tulası göndərmişdi. O da  fors eləmək üçün Qədiri  qonaq çağırır və tulasını  nümayiş etdirir. O tulanı mən də görmüşdüm.  Doğrudan da  qeyri-adi bir cins idi. 

İtin pasportunu da  Qədirə göstərir. Deməli, pasportda itin də yeddi arxa dönəninin  adı, nə bilim cinsi, deyəsən,  hətta  doğum tarixi də vardı.

Qədir pərt olur, amma özünü o yerə qoymur. Deyir ki, Dorik  bir öz pasportunu da götür görüm. Təbii ki, Dorikin pasportunda  adıdı,  atasının adıdı, bir də doğum tarixidi. Pasportları yanaşı  qoyub deyir:

- Dorik, itiyin nəsli sənin nəslindən nə qədər qədimiymiş?!

Amma Qədir heç vaxt Doriklə ova getmirdi. Dorik  yalvarırdı ki, Qədir, bir dəfə mən də sənlə gedim  ova, Qədir də deyirdi:

- İtin sənin kimi döyül, nəsilli-köklü itdi, istiyirsən ver onu aparım.

Qədirinki  heç kimlə tutmurdu, bircə Tahir abidən başqa. O dövrlər «abi» sözü yox idi. Mən indi yazanda «abi» yazıram, çünki Ağdamda hamı  ona  böyük qardaş kimi baxırdı. O da Qədir kimi çox danışmağı sevməzdi.  Ona görə də Qədirlə onunku tuturdu, çünki  iki-üç saat  oturub balıq tutardılar, dinməz-söyləməz. Xallı  Şahinlə dostuydu, amma həmişə onu sancardı. Çox cavan öldü, Ağdamsızlığa dözmədi.

Ağdam işğal olunandan sonra Qədir day toylara getmirdi, daha dəqiq desək, toy aparmırdı. Yaxın dostları öz toylarına qonaq kimi  dəvət edəndə xahiş-minnətdən sonra bir ağız oxuyardı, amma könlü istəsə. Deyəsən, day heç ova da getmirdi.

Bir gün Xallı Şahin dedi ki, gedək Qədiri  tapaq, aparaq bir ova,  könlünü açaq. Getdik Oğuza, Qədiri tapdıq. Qayıdanda Zərdab yoluyla qayıtdıq. Körpünü keçəndən sonra Yastı yol adlı bir kənd var. Əsas küçəsi kəndi iki yerə bölür. Kür tərəfi Zərdabındı, alt tərəfi  Ağcabədinin. Deməli,  qardaşlardan biri zərdablıdı, biri də ağcabədili. O vaxt bu kəndi hansı axmaq bölüb, amma sonra da heç bir ağıllı buna bir əncam çəkməyib.

Xallı Şahinin həmin kənddə Paşa adlı bir dostu var,  elə hamımız onun xətrinə çox istəyirik. Xətirli-hörmətli kişidi. Elə olub ki, iki maşın adam gecə evinə qonaq getmişik durub qoyun kəsib, yemək-içmək, sonra da hamı  yıxılıb yatıb orda. Kəndin Ağcabədi tərəfində yolun qırağında bir yeməkxanası var. Maşınları orda saxladıq. Bizi elə qarışladı ki, elə bil yüz ildi görmür. Səhər-səhər idi, bir çay içdik, nə qədər elədi oturmadıq. Şahin dedi ki, sən axşama  hazırlıq gör, həm balığımız olacaq, həm də sənə bu dəfə qaz vurub gətirəcəm.

Paşa kişi:

- Ə, Tulaya samovar aparmazlar. Kürün qırağında yaşayan mənəm, amma vura bilsəniz qaz demirəm, üç-dörd  dənə turac gətirsəniz sizə yaxşı bir plov dəmlədərəm. Özü də yeməkxanada yox, evdə. Qədir yeməkxana qonağı deyil.

Qədir həmişəki kimi dinib-danışmırdı, çox fikirli idi. Hardan ağlına gəldisə birdən qəfil soruşdu:

- Məllim, görən Dorikin  iti durur?

Çaşdım qaldım.

- Nə bilim, vallah, Qədir. Yəqin ki, durmuş olar.

 Köpəyoğludan zəhləm getsə də, amma itindən yox idi.

Bir kəndin içindən keçəndə yolumuzun üstünə  bir qara pişik çıxdı. Hamımız dilxor olduq. Dedik ki, bu gün bəxtimiz gətirməyəcək.

Qədir gülüb  özündən getdi və dedi:

- Ə, o pişiyin bəxti gətirmiyəjey ey, qabağına  biz çıxmışıq.  Evi-eşiyi dağılmış, yurdu-yuvası boş qalmış, çöllərə  səpələnmiş adamlarıq, çıxmışıq yazığ pişiyin qabağına.

Getdik Ağgölə. Ya Qədirin ov həvəsi yox idi, ya da qara pişikdən  arxaç keçdi, heç nə  vura bilmədik.  Kor-peşman qayıdırıq.  Bir kəndin içindən  keçəndə gördük yolun  kənarında iyirmi-otuz ev qazı otlayır. Qədirlə də Tahir abi öndəki maşındadı, keçib gediblər.

Xallı Şahin  çığırdı:

- Ə, saxla, saxla!

Maşını saxladıq. Xallı Şahin  tez maşından düşdü, güllə ilə iki qazı vurdu.  Kənd camaatı güllə səsinə axışdılar yola və başladılar Xallı Şahini qovalamağa.

Balaqanov ki (bilməyənlər üçün: İlf-Petrovun «Qızıl dana» əsərindəki qəhrəmanlardan biri) necə oğurladığı qazı qoltuğuna vurub qaçır və camaat  tökülür  arxasınca, Xallı Şahin də qazları vurub qoltuğuna maşına tərəf  qaçır, kənd camaatı da arxasınca. Balaqanovdan fərqli olaraq, Şahinin qoltuğunda iki qaz vardı. Balaqanov son anda qazı tullasa da, Xallı Şahin qazları tullamadı, özünü birtəhər maşına  saldı:

- Çıxdıq aradan!

Camaat  arxamızca beş-altı daş atsa da, gec idi.

Bir az gedəndən sonra gördük ki, Qədirgili maşını saxlayıb bizi gözləyir.

- Harda qalmışdınız?

Xallı Şahin  əllərində iki qaz maşından düşdü:

- Qaz vurmuşam.

Qədir:

- Ə, bunnarkı ev qazıdı.

- Noolsun. O boyda kişiyə söz vermişəm ki, qaz vurub gətirəjəm. Deyirsiniz  indi onun yanında yalançı çıxeydim?

Tahir abi Xallı Şahinlə dost olsa da, o qədər də xoşu gəlməzdi, tez-tez sancardı, bəlkə də çox danışdığına görə. Hətta özündən kiçik qardaşı Rizvana deyirdi:

- Şahinlə çox oturub-durduğuna görə səndən də  xoşum gəlmir.

Tahir abi Xallı Şahini təpədən-dırnağa süzüb dedi:

- Şahin, sənin ömründə heç düz danışdığın olub ki?!

Ən maraqlısını  indi oxuyacaqsınız. Geri qayıdanda gördük ki,  yolumuzun  üstünə çıxan qara pişiyi  həmin yerdəcə maşın vurub.

Qədiri yenə gülmək tutdu:

- Gördünüz, pişiyin bizə görə bəxti gətirmədi…

Gəldik Paşa kişigilə.  Yaxşı bir süfrə hazırlamışdı. Plov da dəmlətmişdi. Xallı Şahinin vurduğu qazları görəndə  gülməkdən öldü. Dedi ki, ə, Şahin gərək bunu yolub iki gün  açıq havada saxlayasan ki, iyisi-qoxusu getsin.

Sonra da məlum oldu ki, heç bizə arxayın olmayıb, özü  çıxıb kəndin aşağısından dörd dənə  turac vurub və turac plovu dəmlədib.

Ən pisi  o oldu ki, həmin ovdan bir qədər sonra Tahir abini, yəni Axundov Tahiri (ağdamlılar onu  «Axundov Tahir» deyə çağırırdılar) itirdik.

Qədir Rüstəmov Tahir abidən sonra, ümumiyyətlə, ova getmədi. Söhbət vaxtı səbəbini soruşanda dedi:

- Məni ova Tahir dadandırmışdı. Tahirsiz  nə ov ey…

P.S. Xoşunuza gəlsə, üçüncünü də yazacam.

TƏQVİM / ARXİV