adalet.az header logo
  • Bakı -°C
20 May 2026 11:08
76
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “İrs Dostu” adlı yeni könüllü proqramına qəbul elan edib.

Adalet.az-ın xəbərinə görə, proqramın əsas məqsədi gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakını təşviq etmək, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də mədəni irsə ictimai marağı artırmaqdır.

Layihə Dövlət Xidmətinin Bakı və regionlarda yerləşən struktur bölmələrini, tabeli müəssisələrini, qoruq və muzeylərini əhatə edəcək. Ümumilikdə ölkənin 140-dan çox müəssisəsində həyata keçiriləcək proqram çərçivəsində könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması və təşkilati dəstək kimi müxtəlif fəaliyyətlərə cəlb olunacaqlar.

Proqram müddətində iştirakçılar üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu təlimlər könüllülərin peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.

“İrs Dostu” təşəbbüsü çərçivəsində yaradılacaq vahid şəbəkə mədəni irsin qorunması sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığı gücləndirən ekosistem rolunu oynayacaq.

Könüllülərin seçimi müsahibə əsasında aparılacaq. Namizədlərin mədəni irsə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət bacarıqları, ofis proqramlarından istifadə və komandada işləmə qabiliyyətləri qiymətləndiriləcək.

“İrs Dostu” proqramına 18–35 yaş arası gənclər müraciət edə bilər. Müraciət üçün CV və motivasiya məktubu [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qeyd edək ki, proqram gənclərin mədəni irsin qorunmasına töhfə verməsi və bu sahədə yeni təcrübə qazanması üçün yeni inkişaf platforması kimi qiymətləndirilir.