adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 May 2021 13:45
172957
GÜNDƏM
A- A+

Zamana sığmayan ömür... - Şəhid-pilot Bəhruz Zeynalovun doğum gününə REPORTAJ

Həyat belədir! Zaman dönür-dolanır, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, dünya dəyişir. Amma dəyişməyən əbədi qaydalar da var. İnsanlar doğulur, yaşayır, Ulu Yaradanın verdiyi missiyanı həyata keçirir və tarixə dönür. Bəziləri elə torpağa verilən kimi unudulur. Bəziləri əməllərinə görə ara-sıra xatırlanır. Amma elələri də var ki, özünə əbədi ölümsüzlük qazanıb, insanların qəlbində , tarixin yaddaşında yaşayırlar. Bu gün böyük bir missiyanın daşıyıcısı şəhid Bəhruz Zeynalovun doğum günüdür. Bu gün əzizləri –doğmaları ilə ömrü qısa zaman kəsiyinə sığan, amma özü nə zamana, nə məkana sığmayan Bəhruzun qeyri-adi, maraqlı, müəmmalarla dolu həyatından danışacağıq. Əvvəlcə deyim ki, qəhrəmanımız Bəhruz Zeynalov 9 may1989-cu ildə Ağdam rayonunda anadan olub. Uşaqlıq dövrü muharibə illərinə təsadüf edib. Amma son missiyası qəribə olub.

Rəsmi xəbər:

"2013-cü il fevralın 11-i saat 10:30-da HHQ-yə məxsus helikopter radarlardan itərək Şıxov çimərliyi istiqamətində qəzaya uğrayıb.  Helikopter döyüş tapşırığına əsasən Bakıdan havaya qalxmışdı. Qəzadan dərhal sonra ölən şəxslərin axtarışına başlanıb. Bu məqsədlə Hərbi Dəniz Qüvvələri və FHN-in gəmi və katerləri, helikopterlər cəlb olunub. Axtarışa 6 gəmi cəlb edilib. Rəsmi açıqlamaya görə, Xəzər dənizinə düşən "Mİ-17"-də 3 nəfər olub. Onlar helikopteri idarə edən zabitlər - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğludur. Axtarış tədbirləri nəticəsində Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun meyiti sudan çıxarılıb. Saat 15-də helikopter dənizin dibindən çıxarılıb. Qəzada ölən leytenant Bəhruz Zeynalovun aprelin 21-də toyu olacaqdı.

 

 

Zeynalovların Bəhruzu…

 

Onu da qeyd edək ki, Zeynalovlar ziyalılar ailəsidir. Evin başçısı Novruz Zeynalov həkim ixtisası üzrə mütəxəssisdir. Uzun illər rayonda ixtisası üzrə çalışıb, müharibə başlayanda isə hərbi hissədə həkim işləyib. Muharibə zamanı ağır yaralanıb. Hazırda Qarabağ müharibəsi əlilidir. Ağdam işğal olunandan sonra Bakıda məskunlaşıblar. Onun xanımı Tamam Zeynalovanın da iki ali təhsili var. Hazırda illahiyyat təhsili üzrə dərs deyir. Ailənin qızı Günay da, böyük övladı Elgizdə ali təhsil almış savadlı gənclərdi. Şəhidimiz Bəhruz isə evin sonbeşiyidir. O əvvəlcə C.Naxçıvanski adına Hərbi Liseyi əla qiymətlərlə bitirib, sonra isə xüsusi istedadına və bacarığına görə, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olub. İlk dəfə nə vaxt başladı bu balaca, sevimli oğlanın qeyri -adi, yaşına uyğun olmayan danışığı, oturuşu, duruşu?

 

 

Sualımızı, əlində bir dəstə şəkil keçmişdə qırılıb qalmış hansısa şirin bir xatirənin təsirindən gülümsünərək gözünü məchulluğa zilləmiş Novruz həkim cavablandırır: - Bir dəfə Elgizlə Bəhruzu maşınıma mindirib şəhərə çıxmışdıq. Onda Elgizin 9, Bəhruzun 6 yaşı vardı. Genereal Yaşar Aydəmirov yaxın dostlarımdan biridir. Təsadüfən keçərkən generalı gördüm, maşını saxladım. Hər üçümüz Yaşar müəllimlə görüşmək üçün maşından endik. Elgizlə mən adi addımlarla generala tərəfə getdik. Amma Bəhruz hərbçilər kimi addımlayaraq yaxınlaşdı:”Salam, cənab general! ” sözü ağzından bitməmiş Yaşar müəllim onu qollarına alıb başının üstünə qaldırdı. Həm də ucadan gülə-gülə:” Salam cənab zabit” dedi. Bəhruzu yerə qoyandan sonra öz hərbçi papağını çıxarıb onun başına qoydu:”Bax haa, böyüyəndə hərbçi olarsan, general olarsan , oldumu?” Bəhruz əlini gicgahına qoyub ucadan ”Oldu cənab general” deyəndə hamımız ucadan güldük. Bir dəfə Ağdərə istiqamətində döyüş zamanı ağır yaralanmışdım. Məni hospitala yerləşdirmişdilər. Qəlpə ayaqlarımı parçalamışdı. Sümüyümü qırmışdı. Həyat yoldaşım yaralandığımı bilirdi, amma uşaqlara deməmişdi. Halım bir az yaxşılaşandan, uşaqların israrından sonra onların hospitala gəlməyinə icazə verdim. Çarpayıda uzanmışdım. Ayaqarım gipsdə və asılı vəziyyətdə idi. Onlar içəri girəndə Elgiz də, Günay da ağlayaraq üstümə qaçdı. Amma Bəhruz üzünə, yaşına yaraşmayan bir təmkinlə məni süzməyə başladı:

-Ata. sənə nə olub?

-Ermənilər vurublar...

-Yox eee, onların sənə gücü çatmaz...!

-Hə, bu dəfə çatdı, məni vurub yaraladılar...

-Qoy yekəlim, əlimə avtomat alan kimi onların hamısını məhv eliyəcəm... Mənim atamı yaralayıbar?

 

Həmin an onun sıxılmış balaca yumruqlarına, üzündəki, qisas hissinə, təmkininə elə heyranıqla baxdım, həm ürəyim qürur hissiylə doldu, həm də məni gülmək tutdu.

"Uşaqlığından onda hərb işinə xüsusi bir maraq yarandı”- deyə Bəhruzun anası Tamam xanım söhbətinə başlayır: "Böyüdükcə təyyarələrə, helikopterlərə olan marağı onu pilot olmağa sövq elədi. Deyirdi, ana, mənim yerlərdə işim yoxdur. Mən göylərdə olmalıyam. Müharibədə öndə özüm gedəcəyəm”.

Novruz həkim bu yerdə bir xatirəni bizimlə paylaşır: "Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində nə tədbir, yığıncaq olsaydı, bizi də ora dəvət edərdilər. . Çünki oğlumuz məktəbin əlaçı və intizamlı tələbəsi idi. Uçuş üçün imtahan olan günü də məni dəvət etmişdilər. Deməli, maraqlı "kabinə -qurğu”lardı. İçərisinə girəni irəli-geri fırlayır. Pilotun gücünü, dözümlülüyünü, başının fırlanmasını test edirlər. Düzü, "kabinə-qurğu”nun fırlanmasına kənardan baxanda belə adamın ürəyi bulanır, başı hərlənirdi. Bəhruz kabinədən çıxanda testə uyğun olaraq , ləngərlənmədən, halında heç bir əlahiddə vəziyyət olmadan əlini gətirib "hədəf-taxta”ya vurdu. Testdən uğurla çıxdığını sübut elədi. İmtahandan qüsursuz çıxdığına elə sevinirdi... Təsəvvür edirsiniz, hələ adi leytenant olarkən qüsursuz 9 uçuş həyata keçirmişdi. Pilot olanlar bilir, bu leytenant rütbəsində olan üçün böyük göstəricidir. Ona görə , ona həmişə ”Şahinim” deyirdim ...

Müsahibimin səsi yenə qırılır...Əlini üzünə tutub göz yaşını gizlətməyə çalışır.Tamam xanımın təskinlik verəcəyini düşünürdüm...

Bəlkə də həyat yoldşının təmkinini qoruması üçün indiyənə qədər səsini çıxarmırdı..? Amma bu mənzərədən sonra ananın harayı hamımızın "çeşmə”mizin qarşısını açdı...

Bir azdan hamı sakitləşir... Tamam xanım söhbətə başlamağa çalışır... "Ailəlikcə inanclıyıq, hamımız namaz qılırıq, Məkkə, Kəbə, Mədinə, Həzrəti Məhəmməd Peyğəmbərin qəbri və məscidi hər bir müsəlman üçün olduqca əziz və müqəddəsdir-deyə düşünürəm. Kərbəla və Məşhəd ziyarətində olmuşam. Həccə getmək istəyirdim. Amma pul yığıb tamamlaya bilməmişdim. Bəhruz dedi, ana, tələsmə, səni öz maaşımla Məkkəyə göndərəcəm. Deyirdim, yaxşı olar, sən özün də gedəydin. Deyirdi:"Mən hərbiçiyəm, xaricə gedə bilmərəm. Amma səni göndərərəm gedərsən, savabı da mənə yazılar. Onda biz yataqxana da qalırdıq... Onun 40 mərasimindən sonra qızım ağlaya-ağlaya ovcunda xeyli pul gətirdi. Dedi: "Ana, bunu Bəhruzun nişanlısı mənə verib. Deyir ki, Bəhruz hardasa 7-8 aydı, maaşının bir miqdarını mənə verirdi ki, bunu özündə saxla, anama sürpriz edəcəm, onu öz maaşımla Məkkəyə göndərəcəm. Bu həmin puldu”. Xeyli ağladıq, kiridik... Məkkəyə gedəsi oldum. Bəlkə də, inanmayacaqsınız,amma sizə bir möcüzə danışım: Bizim dəstə Ərəfat dağına ziyarətə gedirdi. Orada Səfa və Mərva təpələri arasında hərəkət edirdik. Elə bil bir anın içində hər şey dayandı, bütün səslər kəsildi, zaman durdu. Bəhruz yanımda dayanmışdı. Həm də zəvvarların geydiyi paltarda. Həmişəki kimi üzü-gözü gülürdü. Ətrafı xoş bir rayihə sardı elə bil... Gülə -gülə soruşdu ki, ay ana, de görüm ziyarət ürəyincə oldumu, məndən razı qaldınmı? O qədər gercəklik, o qədər doğma mənzərə idi ki, onu əllərimizlə aparıb basdırdığımı da unutdum. Elə bircə onu deyə bildim ki, hə anan qurban, çox razı qaldım, Allah da səndən razı qalsın. Elə gəldiyi kimi də, qəflətən yoxa çıxdı. İnanırsınız, o ana qədər mənə kimsə belə bir əhvalat danışsaydı inanmazdım. Amma özüm şahid oldum. İndi onun qoxusunu bu geyimlərindən alıram...” (Divanın üstünə düzülmüş hərbi geyimlərə sarılıb hönkürtü ilə ağlayır)

Şəhidin qardaşı Elgiz həkim Azərbaycanın igid oğullarını hər zaman yad edən, unutmayan soydaşlarına təşəkkür etdi:”Bəhruz Nizami rayon 272 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinfi bitirəndən sonra C.Naxçıvanski adına Hərbi Liseyinə qəbul olunub. Təhsil aldığı hər elm ocağında adı hörmət və ehtiramla yad edilib. 272 saylı məktəbdə onun əziz xatirəsinə həsr olunan mərasimləri ailəmiz unutmur. Eləcə də, ötən il -1995-ci ildə Neftçala rayonu Xolqarabucaq kəndində anadan olmuş Səmədov Xəyal Taleh oğlu şəhid pilot Bəhruz Zeynalovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə MMA( Qarışıq Döyüş Sənətləri ) üzrə yarışa qatılıb. Türkiyəli və iranlı rəqiblərinə qalib gələn Xəyal çempion olub.. Belə tədbirlər ürəyimizi qürur hissi ilə doldurur. Xüsusən, Bəhruzun tələbə yoldaşları, pilot dostları bizi heç unutmurlar. Tez-tez zeng edirlər, qardaşımın anım və doğum günündə qonağımız olurlar. Anamın həmin günlər sevincdən əl-ayağı yerə dəymir. Elə bil doğma balası da, o zabitlərin arasında oturub, anama ehtiramla baxır. Məni ən çox kövrəldən bilirsiniz nə oldu? Həmin tələbələr hərbi rütbə aldıqca, yüksəldikcə, gedib qardaşımın qəbrini ziyarət edirlər. Qardaşıma aid olan simvolik paqonları qəbri üstünə gətirməyi unutmurlar. Sonuncu dəfə də qrup yoldaşları ona aid olan mayor paqonlarını qəbir üstə qoyub getmişdilər. Paqonları görəndə... (kövrəlir…)

Novruz həkim oğlu haqqında daha bir maraqlı söhbətə başladı:”Bilirsiniz, məlum səbəblərdən yerimiz-yurdumuz işğal olunub. O səbəbdən də Bəhruzu Binə qəbristanlığında torpağa verdik. Hətta gec-gec gələcəyimiz təqdirdə ora nəzarət etməyi, ağaclara su tökməyi, ara-bir qəbri və qəbri əhatəyə alan dəmir məhəccərləri silib təmizləmək uçun birindən xahiş etdik. Hər dəfə biz qəbri ziyarət etməyə gedəndə həmin nəzarətçi bizə danışırdı ki, Bəhruzun qəbri üstünə tez-tez bir kapitan, yanında da yaşlı bir qadın gəlir. Məhəccərdən içəri keçməmişdən əvvəl ayaqqabılarını çöldə soyunur... Ayaqyalın gəlib əvvəl Bəhruzun başdaşından gülümsəyən gözlərindən öpür, sonra "Fatihə” surəsi oxuyar, daha sonra gözünün yaşını əlinin arxası ilə silib gedir. Hər dəfə nəzarətçi dən xahiş edirdim ki, yaxınlaş heç olmasa adını, soyadını soruş... Amma , niyəsə cavab ala bilməmişdi. Bir müddət Bəhruzun ən yaxın dostları- aprel döyüşlərində şəhid olan mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovun yas mərasimlərinə başım qarışdı. Çalışırdıq onların valideynlərinə dəstək olaq...

(kövrəlir )

 

Tamam xanım həyat yoldaşının qəhərdən bitirə bilmədiyi söhbəti davam etdirməyə başlayır:”Təbrizin yasında idik. Adamlar seyrəlmişdi. Birdən bir qadın mənə yaxınlaşdı:”Xoş gəlmisiniz. Amma mən sizi heç tanıya bilmədim "- dedi. Özümü təqdim elədim. Sonuncu söz ağzımdan çıxan kimi qadın üzərimə atılıb ucadan hönkürə-hönkürə məni bağrına basdı...”Təbrizin xalasıyam. Mənim evim Binədədi, düz qəbiristanlığın yanında. Elə olmayıb ki, Təbriz bizə qonaq gələ, amma dostu Bəhruzu unuda. Mütləq gedib onu da ziyarət edirdik. Sonra vəziyyət pisləşdi...” Qadın bunu deyib yenidən hönkürməyə başladı”.

 

Xatirələr... xatirələr...

 

Son olaraq: Şahidlər deyir ki, vertolyot Binə ticarət mərkəzinin üstündə dövrə vurub. Pilotlar vertolyotun insan olan yerə düşməməsi üçün dənizə doğru hərəkət ediblər. Onlar daha neçə ananın gözünün yaşlı qalmağına imkan verməyiblər. Rüstəm də, Yaşar da, Bəhruz da öz missiyalarını uğurla başa vurdular. İnsanların qarşısında, Allahın dərgahında alnı acıq, üzü ağdırlar! Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Bu gün qəhrəmanımın doğum günüdür. Adın mübarək igidim, mövludun mübarək Bəhruz!

 

Əntiqə Rəşid