SON DƏQİQƏ:

ÖMüRDƏN FRAQMENTLƏR

  29080   |  
Şriftin ölçüsü  
Qəti və dəqiq deyilmiş bir ifadə var. Ö zü də bu ifadəni, bu kəlamı deyənlər ona elə möhür vurublar ki, onu dəyişmək, onu kiminsə adına çıxmaq o qədər də asan iş deyil. Çünki bu ifadə bütöv bir ömrü əhatə edir: başlanğıcdan sona kimi, doğuluşdan məzara, beşikdən axirətə qədər... Bütün bunlar isə əslində bir bütövlükdü, bir tamlıqdı. Bu tamlıq, bu bütövlük gah insan həyatı adlanır, gah insan ömrü. Sözlər fərqli olsa da, mahiyyət eynidir. Elə o eyni olan mahiyyət də həmin ifadədə öz əksini tapır. İfadə belədir:
   
   - Həyat insana bir dəfə verilir...
   
   Bəli, bir dəfə verilən həyat barəsində saatlarla danışmaq, qalaq-qalaq kitablar, silsilə yazılar yazmaq, filmlər çəkmək mümkündür. Amma nə qədər yazılsa da, çəkilsə də, danışılsa da bunlar cəm halında həmin o həyatın heç beşdə birini də əhatə edə bilmir. Ona görə ki, həyatı Tanrı verir, onu insan yaşayır, amma insan təkcə öz iradəsilə günü axşam eləmir. Ona müxtəlif təsirlər olur və bu təsirlər həm psixoloji baxımdan, həm fiziki baxımdan qaçılmazdı. İçində bir Allah xofu da olarsa, onda bu təsirlər bir az da artır. Çünki özün özünə hesabat verirsən. Deməli, bir dəfə verilən həyatın min bir də problemi səninlə yanaşı addımlayır.
   
   Bax, bütün bunlardan sonra bir dəfə verilən həyatı mənalı, dolğun yaşamaq, sonradan onun üçün köks ötürməmək çox çətin bir işdi. Mən inanmıram ki, dünyanın ən məhşur insanından tutumş ən adi bəndəsinə qədər kimsə bütün həyatını anbaan, günbəgün mənalı yaşamış olsun. Əgər belə bir şey varsa, belə bir varlıq kimlər tərəfindən tanınırsa mən onun qarşısında baş əyməyə hazıram. Sadəcə bildiyim budur ki, ömrü mənalı etmək, günlərə məna qatmaq insanın amalından, əqidəsindən, şüurundan, dünya görüşündən xeyli asılıdır. Məhz bu asılılıqdan yararlanmaq lazımdır. Yoxsa oturub gözləməklə, yerindən tərpənməmək, hansısa bir işin qulpundan yapışmamaqla və düşünməklə ki, əgər hansısa bir addımı atacam və o da kiminsə qəlbinə toxunacaq, narazılığına səbəb olacaq... bu mənalı ömür deyil. Ümumiyyətlə, mənim düşüncəmə görə, mənalı ömür yaşamaq üçün sərbəst düşüncəyə, geniş ürəyə, ən vacibi isə sevgiyə meydan vermək, sahib olmaq gərəkdir. Asudəlik, azadlıq, ürək genişliyi və sevgi həyatı mənalı edir. Bu mənim qəanətimdir. Kimsə razılaşmaya bilər və mən bu etirazdan iynə ucu boyda da olsa əndişə keçirmirəm. Çünki hər kəsin öz yanaşması, öz baxma bucağı var. Bütün nöqtələr bucaqlar altındadı, elə insanların özü də...
   
   Bəli, həyat insana bir dəfə verilir və bu bir dəfə verilən həyatın anlarla, saatlarla, günlərlə, həftələr, aylar, illərlə ölçülən boyu var. Mənə elə gəlir ki, bir an həyatın bir iynə boyu ölçüsüdür. Amma onun mənalı yaşanması bəlkə də arxada qalan, daha doğrusu, sonradan gələn bütün həyata bərabərdir. Bax, elə mən də indi həmin o iynə ucu boyda olan anları gözümün qarşısına gətirirəm və görürəm ki...
   
   İnsanın özü evindən, öz ocağından doğma, əziz ikinci bir yerin olduğunu düşünə bilmirəm. İnana bilmirəm ki, kimsə özünü qardaşının, bacısının, dostunun, qonşusunun evində öz evində olduğu qədər rahat hiss etsin, sərbəstlik duysun. Səni hansı pişvazla qarşılasalar belə, hətta qulluğunda qolu bağlı dayansalar belə o evdə közərən ocağın, yanan işığın söykəndiyin divarların, ayağının altındakı döşəmənin, başının üstündəki tavanın heç biri öz evindəki deyil. Deyə bilərsiniz ki, işıq hər yerdə işıqdı, ocaq hər yerdə ocaqdı, divar da, tavan da, döşəmə də hər yerdə eyni yükü daşıyır, eyni vəzifəni icra edir. Amma yenə səninki deyil. Çünki sənin ocağının, işığının, divarının, döşəmənin, tavanının hər birində sənin nəfəsin var, sənin əl-ayaq izin var, sənin alın tərin var- sənin özün varsan. Bax, buna görə də indi mən həmin o doğma ocağın, doğma yurdun əvəzini bircə an da olsun qaytara biləcək, mənə yaşada biləcək ikinci bir yer tapa bilmirəm. Özüm özümə "gecəqondu" qursam da Tuğdakı o çaylaq daşından tikilmiş evin nə görünüşünü, nə orda gördüklərimi, yaşadıqlarımı mənə o "gecəqondu" qaytara bilmir. Və mən də fraqmentlərdən ibarət olan ömrü vərəqlədikcə çaş-baş oluram, köməyimə qələm-kağız çatır. Bilmirəm, yazıdıqlarım oxucu üçün nə qədər önəmlidi, amma qəti əminəm ki, oxucu da mənim kimi ömrün müxtəlif anlarını, günlərini, sevincini, kədərini yaşayır və yaşamağa da məhkumdu. Çünki bu dünya, bu həyat bütövlükdə həm bir oxşar, təkrarlanan səhnədi, həm də səhnədə göstərilən ayrı-ayrı etüdlər. Deməli, mənim ömür fraqmentlərim daha çox azadlığımı, ürəyimin aurasını və bir də yaşadığım sevginin birlikdə hardasa montaj edilmiş hissələridir. Ona baxmaq da, onu oxumaq da və hətta onun barəsində düşünmək də mənim üçün mənalı və maraqlıdı.
   
   İncitməyin, bir hovur
   
   Dinclik verin siz mənə
   
   Dərdi yoldan etməyə-
   
   "Biclik" verin siz mənə.
   
   Çəkilim lap uzağa
   
   Nə səs eşidim, nə küy
   
   Yadımdan çıxsın hətta-
   
   Dəlləyin çaldığı züy!..
   
   Göz tikib dağ çayına
   
   Şəlaləni dinləyim
   
   Uyub xəyallarına-
   
   Özümü də bilməyim...
   
   Çin yuxular uydurub
   
   Nağıl günlər yaşayım
   
   Məni kədər doydurub-
   
   Təzə ömrü başlayım.
   
   İncitməyin bir hovur
   
   Şüşə könlüm çat verib
   
   Tanrım sevgi göndərib-
   
   Mənə cüt qanad verib!..
   
   ***
   
   Onda orta məktəbin sonuncu sinfində oxuyurdum. O vaxtlar bizim rayonun mərkəzi Hadrud sayılırdı. Dağlıq Qarabağın bu balaca qəsəbəsində bir rayon qəzeti də çıxırdı. Təbii ki, erməni dilində. Özü də indiki kimi adı yadımdadı, "Konsetekan" adlanırdı. İki vərəqlik bu rayon qəzetini hər dəfə alıb sağa-sola çevrib atırdım bir tərəfə. Valideynlərim kolxozda işlədiklərindən onlar ikisi bir ədəd rayon qəzetinə abunə yazılmışdı. Həm də kolxozçu atam kommunist partiyasının üzvü olduğundan qəzet məsələsində ondan kimsə fikir soruşmurdu. Abunə olduğumuz dörd qəzet atamın payına düşürdü. Rayon qəzeti, sonra Stepanakertdə nəşr olunan "Sovet Qarabağı" (Azərbaycan və erməni dillərində), "Kommunist" və "Sovet kəndi" qəzetləri... İndiyə kimi ha fikirləşirəm bir dəfə də olsun atamın o qəzetləri əlinə alıb hansısa bir yazını oxuduğunu xatırlamıram. Çünki səhər sübhdən çıxıb gedirdi təsərrüfata, bir də axşam şər qarışanda yorğun-arğın qayıdıb gəlirdi evə. 6-cı sinifdə oxuduğum illərə kimi belə olub. Ondan sonra Füzulidə çıxan "Araz" qəzetində ilk şeirim çap edildi. Həmin qəzeti atam da oxudu. Onun qəzetə necə maraqla baxdığını, adımı necə o günə kimi eşitmədiyim bir səslə təkrar etdiyini indi də unuda bilmirəm. Sonra qəzeti qatlayıb pencəyinin qoltuq cibinə qoydu. Bunu nə üçün etdiyini heç birimiz ondan soruşmadıq. Lap sonralar bildim ki, o qəzeti çöldə, təsərrüfat işlərindən imkan tapanda da oxuyurmuş. Və beləcə bizim evdə atamın da qəzet oxumasının şahidi oldum. Sonra respublika mətbuatında yazılarım çıxdı, onlara da bir həvəslə, maraqla baxdılar. Lakin Hadrut rayon qəzetində erməni dilində çap olunmuş 10-cu sinif şagirdinin məqaləsini və şəklini görəndə atamın gözlərində qəribə bir qığılcım gördüm. Səbəbini soruşmağa qorxdum, özü dedi. Dedi ki, sən bu ermənilərə də məni tanıtdın, yazdığını oxutdun!
   
   Onda bu fikirlər çox qəribə səslənmişdi. Çünki məqaləni erməni dilinə redaksiyanın əməkdaşı tərcümə eləmişdi. Heç, hansı səviyyədə tərcümə edildiyindən də xəbərim yox idi. Amma bildiyim o idi ki, qəzetin həmin nömrəsini məktəbimizdə də, kəndimizdə də hamı xüsusi bir maraqla qarşılamışdı və bununla bağlı mənə xoş sözlər də deyən olmuşdu. O ki, qaldı atamın dediyi sözə, onun mənasını 1988-ci ildən sonra başa düşdüm. Anladım ki, o nə demək istəyirmiş...
   
   Bəli, indi həmin o məqamları, o fraqmentləri xatırladıqca həm kövrəlirəm, həm xəyal məni çəkib o illərə aparır, həm də uşaqlıq edib çox şeyləri vaxtında anlamadığım üçün özümü qınayıram. Axı, övlad hardan bilsin ki, valideyn üçün onun uğuru nə qədər əziz, nə qədər şirin, nə qədər doğmadı... Bunları bilsəydik, bəlkə də həyat heç bu qədər də maraqlı olmazdı. Nə bilim, vallah...
   
   mən hərdən
   
   günlərin arasında
   
   itib-batıram
   
   xəbər tuta bilmirəm
   
   günün necə keçməsindən...
   
   qalıram
   
   axtara-axtara...
   
   sən isə
   
   elə hey gülümsəyirsən
   
   və danışırsan
   
   rəfiqələrinin
   
   gəlin köçməsindən...
   
   görən itib-batdığım
   
   günlərin birində
   
   sən özünü axtarsan
   
   tapa biləcəksənmi məndə!..
   
   hə, nədənsə
   
   qorxdum
   
   o günün kecikməsindən
   
   bəlkə axtarmağa başlayasan
   
   məni elə bu gündə!..
   
   ***
   
   İstənilən qələm adamının, sözlə yaşayıb, sözlə nəfəs alan kəsin ürəyində çoxlu sayda qəttəzə fikirlər, düşüncələr olur. Belə götürəndə düşündüklərini ürəyinin küncündə saxlamaq da hər adamın işi deyil. Bu da bir hünər istəyir. Amma gəlin etiraf edək ki, bu gün söz də, qələm də xeyli urvatdan düşüb. Kimliyindən asılı olmayaraq istənilən yazı müəllifinin, söz sahibinin bu gün duyğulu oxucuya, qiymət vermək qabiliyyəti olan xiridara ehtiyacı var. Özü də burda söhbət hər iki mənada qiymətdən gedir, həm mənəvi, həm də maddi. Çünki indi qələm, sahibinə az qala dəvə nalbəndə baxan kimi baxır. O sahibini dolandıra bilmədiyi kimi, sahibi də onu hərdən ehtiyac ağacı, sifariş qulu kimi də istismar edir. Deməli, bu pozulan tarazlıq hər iki tərəfə öz sərt üzünü göstərir. Qələmlə söz öz sahibi ilə cırmaqlaşa-cırmaqlaşa yol gedirlər. Bu həyatdı, bizə bir dəfə verilən həyat!..
   
   Hər dəfə şənbə sayında işıq üzü görən yazılarımla bağlı dost-tanışla, daha çox da tələbə yoldaşlarımla etdiyim söhbətlərdə məni ruhən dəstəkləyən bir məqam olur. O da şənbə saylarında yazdığım yazıların nəfəs genişliyi, azadlığıdı. Bu yazılarda mən sevgini daha çox qabardıram və ürəyimin səsinə qulaq asıb bu sevgiyə azadlıq verirəm.
   
   Doğrudur, etiraz edənlər, qınayanlar, təpki göstərənlər, hətta xəbərdarlıq edənlər də olur. Amma neyləyək ki, ürək genişliyi, azdalıq və sevgi həyat qayəmə çevrilib, mən bunların içərisində yaşayıram. Bir az da dəqiq ifadə etsəm məni bunlar yaşadır. Və mən də ömrün fraqmentlərində söz açdığım indiki anda kövrək misraları, həzin duyğuları dilə gətirməkdən özümü saxlaya bilmirəm.
   
   gəl sayaq biz ardıcıl
   
   bu bir, iki, bu da üç...
   
   busə bağışla mənə-
   
   sevinc süzüm, alıb iç!..
   
   gəl sayaq ona kimi
   
   cüt-cüt, sonra da tək-tək
   
   təkdə oxu fikrimi
   
   cütdə öz qoynuna çək!..
   
   gəl sayaq yüzə kimi
   
   göstər vüsal yolunu...
   
   sayaq düz bizə kimi-
   
   qolumda gör qolunu!..
   
   gəl sayaq minə kimi
   
   qarışdıraq bu sayı...
   
   bir ömür sevgi olsun-
   
   ömrümüzün adayı!..
   
   Bəli, bu da ömrün bir anı, daha doğrusu, anların fraqmentləri...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK