adalet.az header logo
  • Bakı -°C
12 May 2026 11:54
165
MƏDƏNİYYƏT
A- A+

“Şərqin qapısı” Teatr Festivalı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103, Naxçıvan teatrının 143 illiyi münasibətilə Qədim yurdumuz Naxçıvan mayın 8-dən 11-dək növbəti əlamətdar hadisəyə — “Şərqin qapısı” Teatr Festivalına ev sahibliyi edib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən tədbir teatr ictimaiyyətinin yaddaşına xoş anlarla yazılıb. Festivalın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov və Naxçıvan teatrının direktoru, Prezident mükafatçısı Mir Qabil Əkbərov qocaman sənət ocağında müasir və klassik dramaturqların əsərlərinin yer aldığını bildirib, teatrda sağlam bir mühitin formalaşmasından söz açıb, dövlətin bu sahəyə göstərdiyi qayğıdan danışıblar. Festivalda teatrın kollektivi aktyor məşqləri ustad dərsləri əsasında hazırlanan

“Şüuraltı kölgələr” psixodramatik tamaşadan kiçik səhnəciklər göstərib, maraqlı musiqi nömrələri ilə iştirakşılarda xoş əhval-ruhiyyə yaradıblar. Festival çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən gələn sənət adamlar ilə yaradıcılıq mübadiləsi aparılıb, aktyorlar tanınmış teatr mütəxəssislərinin ustad dərslərində iştirak edib, oyun fəndləri,taktikası,səhnə hərəkətinin düzgün qaydaları ilə tanış olublar. Sonra teatrın pərdələri Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel” tamaşası ilə açılıb. Sözün bitdiyi, bədən dilinin və plastikanın danışdığı o anlarda tamaşaçı bir daha anlayıb ki, teatrın dili universaldır. Qoqolun kiçik insanının böyük faciəsi Naxçıvan səhnəsində sanki yenidən doğulub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rus dilində hazırladığı Mirzə Fətəli Axundovun klassik komediyası – “Müsyö Jordan” festivalın milli dramaturgiyamıza sadiqliyini göstərib.

Festivalın ikinci günü Azərbaycanın müxtəlif bölgələrindən gələn sənət adamlar ilə yaradıcılıq mübadiləsi aparılıb, aktyorlar tanınmış teatr mütəxəssislərinin ustad dərslərində iştirak edib, oyun fəndləri, taktikası ilə tanış olublar. Sənət adamlarının həyəcanı, teatr foyelərində isə bitmək bilməyən yaradıcılıq müzakirələri böyük məna kəsb edib. Bir şeyi də vurğulamaq yerinə düşər ki, festivalın ürəyi təkcə alqışlarla döyünməyib, süni intellektin dünyanı ağuşuna aldığı bir vaxtda, canlı insan nəfəsinin və səhnənin əvəzolunmaz qoxusunun necə qorunacağı burada müzakirə olunub.

Tarixən "Şərqin konservatoriyası" adlandırılan Şuşa həm də peşəkar teatr düşüncəsinin və aktyor məktəbinin bünövrəsinin qoyulduğu məkanlardandır.Şuşada teatrın canlanması, Şuşa Dövlət Musiqili Dram Teatrının öz doğma yurduna qayıdışı səhnədə yenidən Üzeyir bəyin, Ə.Haqverdiyevin ruhunun duyulması ilə milli dramaturgiyamızın nəfəsini bərpa edib. Şuşada keçirilən festivallar teatr mühitinə yeni bir dinamika gətirib. Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında Hüseyn Cavidin “Ana ”fəlsəfi dramı naxçıvanlı sənətsevərlərə təqdim olunub. Festivalın bağlanış mərasimində festivalda uğurlu tamaşalarla çıxış edən ayrı- ayrı teatr kollektivləri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri-fərmanı, Naxçıvan Dövlət Milli Dram Teatrının təşəkkürnamələri ilə təltif olunublar.

Həmçinin Qarabağın və Şuşanın rəmzi sayılan “Xarıbülbül” kiçik xalçası Naxçıvan teatrının direktoru Mir Qabil Əkbərova təqdim olunub. Sənət adamları festivalın təşkilinə görə minnətdarlıq edib, bu cür festivalların tezliklə beynəlxalq festivala çevrilməsini arzu ediblər. Naxçıvan Dövlət Milli Dram Teatrının Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə yekunlaşan festival bir daha təsdiqlədi ki, o teatrların inkişafına təkan verməklə yanaşı, həm də sənət adamları arasında səmimi ünsiyyət , təcrübə mübadiləsini yenidən bərpa edir.

Festivaldan geriyə qalansa təkcə alqışlar deyil, həm də teatrımızın sabahına dair yeni ideyalar və axtarışlardır.

Adilə Səfərova,

Azərbaycanın əməkdar mədəniyyət işçisi