Ömrü qışa çevrilən Mömünat - Əntiqə Kərimzadə yazır…
Bəzən insanların doğulduğu fəsil onların həyatına yansıyır, deyirlər. Bu nə qədər doğrudur, deyə bilmərəm. Amma həyatı boran-qar olan insanların ömür yolları heç də asan olmur. Ömrülərini ancaq fəda etmək üçün yaşayan insanlar da az deyil. Sənətini və özünü sevdiyinə fəda edən insanlardan biri də Mömünat Qurbanovadır. O, 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Çoxuşaqlı ailədə dünyaya gələn Mömünat çox dəcəl uşaq olub. Lakin buna baxmayaraq orta məktəbdə dərslərinə çox məsuliyyətli şagird olub.
Orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən biri kimi məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir.
Aktrisa olmağı qarşısına məqsəd qoyan Mömünat ailə həyatının da məhz bu sənətlə birləşəcəyindən xəbərsiz idi.
“Yeddi oğul istərəm” filminə baxan gündən aktrisa olacağını qət edir. Filmdə baş qəhrəmanlardan birini canlandıran Cəlalın şəklini otağının divarından asır. Obrazı canlandıran aktyor Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluqa yığıb saxlayır.
Tale özü Mömünatın yollarını gələcək həyat yoldaşı Ənvər Həsənovla birləşdirir.
Belə ki, 1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirir. Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyir. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova K.Rüstəmbəyovun nəzərini cəlb edir. O, Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”, - deyə yarızarafat cavab verir. Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna təsdiq olunur.
Məhz bu film onların həyatında sözün əsl mənasında dönüş nöqtəsi olur.
Gənc aktyorların münasibətləri elə bu filmdə başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər bəy buna razı olmur.
Özü bu sənətdə olsa da həyat yoldaşının aktrisa olmasını istəməyən Ənvər Həsənov Mömünat Qurbanovanı bu sənətdən uzaqlaşdırır. Mömünat xanım isə artıq aktrisa olmayacağı ilə barışır.
Ancaq tale ona daha bir yolu açır. Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehribançılıq səhnələrində isə qrimlənərək özü çəkilir.
Onlar mehriban bir ailə kimi ömürlərinin sonlarınadək birlikdə yaşayırlar. Ancaq həmişə tale gözəl sürpriz hazırlamır. Şad günü qəmə çevrilən aktrisanın həyatında burulğan baş verir.
Belə ki, Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir. Onlar Nabrandan geri qayıdarkən qəzaya düşürlər.. Mömunat dünyasını dəyişir.
Boranlı qış günündə dünyaya gələn aktrisa Mömünat Qurbanova ilə boranlı qış günündə də bu dünyada əbədi gözlərini yumur…
Digər Xəbərlər
14 May 2026 12:40
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başladı
12 May 2026 11:54
“Şərqin qapısı” Teatr Festivalı
12 May 2026 10:56
Akif İslamzadənin SON DURUMU
08 May 2026 10:48
Akif İslamzadənin ürəyinə stent qoyuldu - YENİLƏNİB
07 May 2026 10:45
Elçinin xatirəsinə həsr olunmuş “Şekspir” tamaşası
06 May 2026 11:43
Günay Əfəndiyeva Dövlət Teatrlarının baş direktoru ilə görüşüb
05 May 2026 14:15
Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir
04 May 2026 09:51


Bakı -°C

