SON DƏQİQƏ:

HƏYATIMDAKI ADAM

  134993   |  
Şriftin ölçüsü  
O elə bu gün də həyatımdadı

"İÇİMDƏKİ ADAMLAR" SİLSİLƏSİNDƏN

Öncədən deyim ki, nə müdriklik, nə münəccimlik sevdasında olmamışam. Yəni özümü nə heç kimdən ağıllı saymamışam, nə də uzaqgörən. Amma gördüklərimi də, hiss etdiklərimi də, eşitdiklərimi də saf-çürük etməyi bacarmışam və bacarığım hesabına o yaxşıları yaddaşıma köçürmüşəm... O yaxşıların ən yaxşısına ürəyimdə yer ayırmışam və beləcə, məhz onların hesabına həyatım mənalı olub, yaşamaqdan müəyyən qədər zövq almışam. Üstəlik, özümü güvəncli, arxalı, qollu-budaqlı saymışam. Bilmişəm ki, içimdəki, iç dünyamdakı adamlar nə vaxt xəbər tutsalar, mütləq özləri cismən gələ bilməsələr də, ruhən yanımda olacaqlar, səsləri gələcək, sözləri çatacaq mənə. Bu da kifayət edəcək ki, tıncıxan nəfəsim genəlsin, ürəyimin döyüntüləri öz axarına qayıda bilsin... sağ əlimi yerə dirsək verib ayağa qalxım, namərdlər, nakəslər, çörəyi dizi üstündə olanlar özümü, haqqımı tapdamasınlar. Ən azından hiss etsinlər ki, mən varam, mən onların qarşısındayam...g
Bəli, həmin o içimdə olan insanların sırasında ucaboylu, qarabuğdayı, şah qamətilə diqqəti çəkən və ən çox da gözlərindəki o təsiredici güclə qarşısındakını yerində oturtmağı bacaran bir KİŞİ var. O mənim yaddaşımdan ürəyimə köçübdü, özü də təqribən 1981-ci ildən. Əslində o vaxta qədər mən onun barəsində sadəcə eşitmişdim. Belə ki, bu gün ömrünün ahıl çağlarını yaşayan atam Dağlıq Qarabağın Haramı düzündəki dövlət pay torpağında təsərrüfat gözətçisi işləyirdi. Səhhəti ilə bağlı həkimlər onu traktorun sükanı arxasından düşürtmüşdülər. O da taxıl, qarğıdalı, yonca əkilən sahələrə qaravul çəkirdi. Evimizlə, yəni doğulduğum Tuğ kəndi ilə bu ərazinin arası təqribən 120-125 km bir məsafə idi. Ona görə də atam həmin ərazidə nəzarətçi üçün tikilmiş binada anamla birlikdə yaşayırdı. Biz də tətildən-tətilə onların yanına gedirdik. Həmin bu vaxtı atam Beyləqanın Maşın Traktor Parkının (MTS) direktoru ilə dostlaşmışdı. Soyadı indi də yadımdadı. İri cüssəli bir kişi idi və hamı da ona "Soltanov!" - deyə müraciət edirdi. Tez-tez xidməti "Moskviç" maşını ilə atama qonaq gəlir və onun öz əli ilə tikdiyi yay talvarında əyləşib yeyib-içirdilər. Bu nüfuzlu bir insanın sadə bir gözətçi ilə dostluğu mənə xüsusilə ləzzət verirdi, atamla öyünürdüm...
Bax, həmin o illərdə atamın dostu olan Soltanovun yanında cavan bir oğlan işləyirdi. Sakit, amma işini çox məharətlə görən bu cavan oğlan mənim bu gün ürəyimdə, həyatımda yeri olan həmin o ADAMdır!!! Düzünü deyim ki, onun haçansa mənim həyatımın adamı olacağına hətta ehtimalım belə yox idi. Sadəcə, orta məktəbin sonuncu sinifində oxuyurdum və bu cavan, yanılmıramsa, direktor müavinin jestləri mənə ləzzət edirdi. 1981-ci ildə o vaxtkı Jdanov, bugünkü Beyləqan rayonuna ezamiyyətə getmişdim. Rayon rəhbərliyinin təşəbbüsü ilə onunla ilk dəfə çörək kəsdik. Həmin təşəbbüs də yerli aparatda işləyən dostum Nurəddin Bayramovdan gəldi. O, kiməsə zəng vurdu və dedi ki, "Oqtay, qonağımız var, axşamtərəfi Cəfərqulunun yanında bir süfrə açdır, çörək yeyək".
Mən Cəfərqulunu qohum kimi tanıyırdım. O, Beyləqanda bu gün də məşhur adamlardan biridi və özü də Hacıdı. Amma onda Beyləqanda yeməkxana müdiri idi, səliqəsinə də söz ola bilməzdi. Necə deyərlər, Nurəddin Bayramovun telefon söhbətindən hara gedəcəyimi artıq bilmişdim. Amma kiminlə danışdığı mənə məlum deyildi. Nəhayət ki, deyilən vaxt gəlib çatdı və biz həmin görüş yerinə, bizim üçün açılmış süfrənin nemətlərini dadmağa yollandıq. İnanın ki, onu görəndə gözlərimə inanmadım. Həmin orta məktəb xatirələri bir andaca oyandı. Bu mənim yaddaşıma köçürdüyüm, amma özü ilə heç bir şəxsi tanışlığım, münasibətim olmayan həmin o direktor müavini Oqtay müəllim idi. Biz çörək yedik, yaxından tanış olduq və bildim ki, müəllim ailəsində doğulub. Atası Yunis kişi Beyləqanın sayılan, nüfuzlu müəllimlərindən biri idi. Özləri də əslən Füzulidəndilər. Hətta biz bir dağın əslində ayrı-ayrı üzlərində əsilli-köklü bağlılığı olan insanlarıq... Hətta öz içimdən isti bir zarafat da gəlib keçdi... Öz-özümə dedim ki, məni ona tərəf çəkən həmin o dağın havası, suyu, necə deyərlər, o qançəkməsi imiş...
Beləcə, illər ötdü. 1986-cı ildən sonra bizim əlaqələrimiz, görüşlərimiz nisbətən artmağa başladı. Qarabağ hadisələri başlayandan sonra isə mən iş yerimdən bölgə müxbiri olaraq Qarabağa ezam edildiyimdən onunla daha tez-tez görüşməyə başladıq. Bir-birimizin ailəsini, övladlarını necə deyərlər, bütün ev kitabını, həyat yolunu öyrəndik. Bu da bizi şəxsən mənə görə bir labüd dostluğun, qardaşlığın daşıyıcısına çevirdi.
Bəli, Oqtay müəllim müxtəlif vəzifələrdə işləyib. Bu gün də müəyyən bir kürsüdə əyləşib. Amma əlimi ürəyimin üstünə qoyub bütün vicdanımla, bütün səmimiyyətimlə hamının gözünün içinə baxa-baxa, hətta qışqıra-qışqıra deyə bilərəm ki, onun vəzifəsinin, onun tutduğu və icra etdiyi işin mənim üçün heç bir önəmi yoxdur. Çünki o, işləyəndə də, işsiz qalanda da doğulduğu kimi, gördüyüm kimi, həyatıma daşıdığım kimi olub və olmaqda da davam edir. Üstəlik, o sanki hər görüşdə, hər təmasda bir az da çox mənim üçün sevimli, əvəzolunmaz insana çevrilir. Bunun səbəbini mən sonralar özüm üçün müəyyənləşdirdim. Mənə bəlli oldu ki, Oqtay müəllim məlumatlı, bilgili, həyatın oyunlarını təkcə müşahidə etmək yox, həm də o oyunların nə ilə nəticələnəcəyini ən azından 80 faiz təxmin etməyi bacaran bir insandı. Üstəlik, onun içində çox böyük yumor, loru dildə desəm, duz var. O söhbət edəndə mövzuya uyğun, özü də çox sadə və çılpaq şəkildə elə bir fikir söyləyir, elə bir gerçəklik ifadə edir ki, mənə bir zərb-məsəl təsiri bağışlayır, yaddaşıma da o cür yazılır. Tutaq ki, biz Oqtay müəllimlə oturub efir barəsində danışırıq. Söz əsnasında Oqtay müəllim deyir ki, "qağa, bu televizorda danışanlardan bir qismi özlərini o qədər ağıllı, o qədər müdrik, o qədər qeyrətli göstərməyə və bizə sırımağa çalışırlar, qalırsan məəttəl. Məsələn, biri deyir ki, bu millətin 99 faizi... belədi. Yerdə qalır bir faizi - ağıllı, ziyalı, qeyrətli, daha nəli, nəli. Sən demə, həmin o bir faiz də bizə ağıl dərsi keçənin, yəni efirdən danışanın nəsli-nəcabəti, qohum-əqrəbasıdı... Qağa, inan ki, onda adamın əti tökülür. Görəsən, biz niyə beləyik? Niyə öz eyibimizə kor olmuruq?"
Lap təzə bir söhbətdi. Bugünlərdə telefon danışığımızda yenə sözarası Oqtay müəllim mənə yaxşı bir həyat dərsi keçdi. Mövzumuz ailəmiz idi. Həmin o məqamda Oqtay müəllim dedi ki, "qağa, indi özün təsəvvür elə ki, maşınla gedirsən. Bir də görürsən yanından az qala silkələnib töküləcək, hər tərəfi əzik, halsız, ölüxanadan götürülmüş bir "06" maşın ötüb keçdi. Təəccüblə baxırsan. Sən normal, görkəmi heç də adamı narahat etməyəcək, amma mühərriki addım başı "boğulan" bir maşında, o isə mühərriki top kimi, kuzası tökülən bir maşında... İndi özün təsəvvür elə də. Biz gecə-gündüz ailə üçün dəridən-qabıqdan çıxırıq, o birilər də heç əhəmiyyət də vermirlər, amma ailə də top kimidi..."
Bəli, bu iki məqamı təsadüfdən yazmadım. Əslində bunların yazılma səbəbi var. O səbəb də bizi bir-birimizə bağlayan möhkəm tellərdi, etibardı. Yəni mən həyatımın ən ağır məqamında da, qəzaya düşüb aylarla hərəkətsiz qaldığım vaxtlarda da, lap elə bir balaca əylənmək istəyəndə də onu yanımda görmüşəm. Bu KİŞİ sanki qeybdən dost sədaları alır, dost mesajları qəbul edir. Təsəvvür edin ki, mən qəzaya düşüb ağır durumda olanda qardaş, qohum-əqrəbadan öncə onu başımın üstündə gördüm. Ayağa qalxana qədər də qayğısını, həm maddi, həm də mənəvi dəstəyni evimdən əskik etmədi. Sanki həkimə nə vaxt gedəcəyimi, hansı vaxt səfərə çıxacağımı gözlərimdən oxuyurdu. Səhər yuxudan oyanıb kiməsə zəng vurub, ya ismarıc edib maşın çağırmaq istəyəndə onun sürücüsünü qapıda görürdüm. Bir az kor-kobud olan, amma dəyirmanın boğazından rahat keçməyi bacaran həmin o sürücü salam verib, ardınca da "Oqtay müəllim göndərdi ki, sizi həkimə aparım" deyirdi və yaxud da "sizi filan yerə çatdırım" söyləyirdi. Ona necə minnətdar olacağımı bugünün özündə də tapa bilmirəm. Ha fikirləşirəm, leksikondan elə bir söz tapmıram ki, o sözlə Oqtay müəllimin bütün varlığını, bütün dünyasını ifadə edib göstərim, onun rəsmini ortaya qoyum və deyim ki, bax, bu ADAM, bax bu KİŞİ mənim həyatımın, mənim ömrümün adamıdı!!!
Mən bir söz adamı olaraq, bir dost olaraq Oqtay müəllim üçün maddi mənada iynə ucu boyda da heç nə edə bilməmişəm. Düzdü, tədbirlərində, mərasimlərində öz yerimi tutmağa çalışmışam. Amma onun o böyüklüyü qarşısında mən yalnız ona hansısa bir müsbət aura yaratmağa çalışmışam. Bilmirəm bu da alınıb, alınmayıb, amma and olsun Allaha ki, bunu qəlbən etmişəm. Çünki Oqtay müəllim təkcə mənim özümə yox, mənim adımla onun qapısını döyən hər kəsə yardımçı olub, özü də təmənnasız. Şükürlər ki, bu qəlbin, bu şəxsiyyətin sahibi olan dostum, yəni mənim həyatımın ADAMı həmin o böyüklüyün, o ucalığın ona bəxş etdiyi uğurlara da özünəuyğun, öz tərbiyəsinə, öz əxlaqına müvafiq çərçivədə tabe olur, ona tuşlanan zərbələrə də, sınaqlara da həmin dəyanətlə sinə gəlir. Necə deyərlər, "it hürüb karvan keçir, yel də qayadan heç nə aparmır". Bunu mən bir də onda bildim ki, mərhum dostum Məhəmməd Səfərəliyev həmişə söhbətlərində mənə biləyini göstərib, əlini vena damarının üstünə qoyardı və deyərdi ki, "qağa, burdan axan qan təmizdisə, onu heç nə ilə mundarlamaq mümkün deyil, hətta ora nə vurursan vur, o gen o mundarlığı qəbul etməyəcək..."
Hə, mən həyatımın adamı barəsində içimdə olan çox böyük bir yazının beş-altı cümləsini qəzet səhifəsinə çıxardım, özü də onu ehtiyatla yazdım. Çünki istəmədim ki, kimlərsə bu yazını haralarsa yozsun. Amma ürəyimdən nigaran olduğuma görə, yazını yazmaya da bilməzdim. Sadəcə, kiçik bir abzası yazdım və istədim ki, Oqtay müəllimə bu günə qədər demədiyim, ifadə etmədiyim ehtiramımı onu sevən hər kəsə çatdırım. Bilsinlər ki, mən bu KİŞİni niyə çox istəyirəm və bilsinlər ki, oğul-uşaq, nəvə sahibi olan Oqtay müəllim mənim üçün və mənim ailəm üçün bundan sonra da həmin o mərtəbədə, həmin o yüksəklikdə olacaqdı. Bu haqqı ona Allah verib və Allahın verdiyi haqqı danmaq, görməmək, onu etiraf etməmək günah olar. Mən bu yazımla həm də dostluğumuzu bir daha etiraf etdim.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK