adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2021 09:35
47392
MƏMLƏKƏT
A- A+

XOŞBƏXTLİYİ YAŞAYAN ŞAHNUR HÜSEYNOV

 “Vətən uğrunda”, “İgidliyə görə”, “Fizulinin azad olunmasıa görə” medalları ilə təltif olunub.

 Şahnur atası Şahin Hüseynov Polşada hərbi xidmətdə olarkən dünyaya gəlib. 1991 – ci il noyabrın 30-da Belqrad şəhərində. Birinci Qarabağ savaşı başlayanda Şahin Hüseynov Vətənə qayıdır,  ailəsiylə Cəlilabadın Göytəpə qəsəbəsindəki Hərbi şəhərcikdə məskunlaşır. Şahnur da orta təhsilinə Cəlilabadın Göytəpə qəsəbəsində başlayır. Sonra Şahin Hüseynov Ağcəbədidə və təqaüdə çıxana qədər isə Fizulidə hərbi xidmətinə davam edir. Şahnur da Fizulinin Əhmədbəyli kəndindəki Mahmudlu 2 tam orta məktəbində oxuyur. Hərbiçi ailəsində böyüyən Şahnur uşaqlıqdan hərbiçi olmaq arzusunda olub.

Bu haqda təkcə valideynləri, dostları deyil, Şahnurun fizka – riyaziyyat müəllimi Narınc xanım da danışdı. Onun Şahnurlu xatirələri ürəyimə doldu, yanaqlarımda iz saldı. İllərdi kəndinin ölüm qoxulu havasını içinə çəkə-çəkə yaşayır bu mərd azəri xanımı: Bir başqaydı Şahnur. Şagirdlərimi, sənətimi çox sevirəm, amma seçilən, ürəyimdə yeri olan şagirdlər olur. O, belə idi. Çox-çox dəyərliydi mənim üçün. Adətən uşaqlara “Kim olmaq istəyirsən?” sualını veririk. Həmişə “general” deyə cavablandırıb mənim balam. Ona arada “general” deyirdik. Kapitan oldu. Bilirəm ki, mütləq general olacaqdı. Müharibə bizim kənddən başlayır elə bil. Özüm də məscidin yaxınlığında yaşayıram. Kənddə qalan kişilər idi, yalnız dörd qadın qalmışdıq.  İlk yaralılar, şəhidlər gəlirdi. Axşamüstü dayana bilmədim qadınlara “məscidə gedək” dedim. Elə bil hiss etdim ki, mənim Şahnurum ordadı. Onu şəhidlərin arasında görəndə inanmadım. Elə  bilirdim Şahnur şəhid olmaz. Ailə ilə münasibətim var. Onlara xəbər vermədim. Yalan olar deyə düşündüm... Bu il doğum gününü onsuz qeyd elədik oxuduğu sinif otağında. Sinf yoldaşlarından bəziləri döyüşürdü,  bəziləri gəlmişdi.

Şahnur Hüseynovun hərbiçi olacağənı hamı bilirdi.

8-ci sinifdən sonra C. Naxçıvanski adına hərbi liseyə daxil olur, oranı bitirib 2009- cu ildə H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır. Ali Hərbi məktəbdən sonra 2013-cü ildə taqım komandiri kimi hərbi xidmətə başlayır. 2016-cı il aprel hadisələrində, Lələtəpə yüksəkliyinin alınmasında qəhrəmanlığı ilə fərqlənir. Hərbi xidmətdə olarkən Yubiley medallları ilə təltif olunub. Beləcə arzusunda olduğu hərbiçi həyatını şərəflə yaşayır...

2017-ci ildə sevib-seçdiyi Gülyaz xanımla ailə qurur. Sonra daha bir ad alır: Əlinurun atası.

Taqım, bölük komandiri olub.Taborun qərərgah rəisi kimi də seçilib: intizamı, çalışqanlığı, mədəniyyəti, savadı, təşkilatçılığı, cəsurluğu ilə seçilib.

Atası Şahinin əmiləri Böyük Vətən müharibəsində Berlinə qədər döyüş yolu keçənlərdəndir. Ata deyir ki, həmişə ona əmilərimi nümunə gətirərdim. Vətənpərvər ruhda böyüyüb Şahnur. Onunla bir hərbiçi, bir övlad, bir vətəndaş kimi fəxr edirəm. Övladım Vətən oğlu kimi öz borcunu yerinə yetirib, təkcə ailəsinin deyil, Vətəninin övladı idi. Mərd yaşadı. Qəhrəman kimi yaşadı.
7 yaşlı Şahnurun himnimizi oxuyarkən çəkilən görüntülərini izlədim. Balaca Şahnurun dəqiq, səlist ifasından çox diqqətimi Şahin Hüseynovun qürur dolu baxışları, özündən razı üz ifadəsi çəkdi. Ata himnimizi ürəklə oxuyan oğluna elə baxırdı ki. Baxışlarından, üzündən “baxın mənim balaca oğlum Vətən himnini necə böyük ürəklə oxuyur” təbəssümü işıq səpirdi. Bu işıqda oğlunun oxumasından qürurlanan atadan çox, Vətən sevgisindən doğan nur vardı.

Mərd kapitanın anası Hüseynova Hədiyyənin sözlərini də heyranlıqla dinlədim: Şahnur tək mənim oğlum deyil ki. Astaranın, Fizulinin – bütün elin övladıdır. Onun dərdi-səri Vətən torpaqları idi. O, bütün arzularına çatmışdı. Oxumuşdu, xoşbəxt ailəsi vardı. Ən böyük arzusu Vətən azadlığını görmək idi. Həmişə deyirdi ki, lazım gəlsə  Şəhid olaram, amma Torpaqlarımızı azad edərəm. O günü görsəm, bütün həyatım məna tapacaq. Üzürlü sayın, amma “Şəhid olacam” dedikcə deyirdim elə demə. Anayam axı. O qədər inanırdı ki, torpaqlarımızın azad olacağına. Mən o qədər inanmırdım, amma o inanırdı. “Bu arzuma da çatacam” deyirdi. Çox ağırdı övlad itgisi. Bütün dərdlərdən ağırdı. Övlad itirən ananın ürəyi yaralıdı. Sağalmaz bu yara.  Amma indi düşünürəm ki, oğlum xoşbəxt oldu doğurdan da, bütün arzularına çatdı. Hamının sevimlisi idi. Yaxşı oxuyurdu, yaxşı övlad idi. Uşaqlıqdan hərbiçi olmaq istəyirdi, arzusuna çatdı. Sevdiyi qızla evləndi. Xoşbəxt ailəsi vardı. Torpaqlarımızın azadlığı uğrunda Şəhid olmağa hazır idi. Bu arzusuna da çatdı. Mən bu gün tək Şahnurun anası deyiləm, bütün şəhidlərin anasıyam. Vətən uğrunda döyüşən bütün oğulların anasıyam”.

Nehmətov İlkin Şahnur Hüseynovun bölüyündə xidmət edib: ”Onun haqqında hamıya danışmaq istəyirəm, hamıya. Şəxsiyyət idi, əsil şəxsiyyət. Bütün heyətimiz onu sevirdi. İlk hücuma keçdi, düşmənin ön xəttini, müdafiə səddini yaran ilk qəhrəman oldu. Döyüş başlamazdan əvvəl bütün əsgərlərlə görüşdü:Bu günü illərdi gözləyirəm. Xoşbəxtəm.- dedi. Onun düzlüyünə, cəsarətinə heyrət edirdik.  Onun qanını, bütün Şəhidlərin qisasını aldıq”.

2 güllə, 21 qəlpə yarası alan Abbasov Müşfiq: İnsan idi, İnsan. Çox savadlı, işini bilən igid idi. Nə deyim ki? Bütün əsgərlərinə sevgiylə, qayğıyla yanaşırdı. Döyüş başlamazdan əvvəl dedi ki, biz çox xoşbəxtik. Qələbə çalacayıq. Bu torpaqları  azad edəcəyik. Bundan böyük xoşbəxtlik ola bilməz. Belə cəsur hərbiçilərin sayəsində qələbə çaldıq əslində.

Hər birimizin uşaqlıq arzuları olur. Böyüdükcə arzularımız böyüyür, dəyişir. Kiçik Şahnurun arzusu ğzündən əvvəl böyümüşdü, dəyişmədi. İnadla “Əsgər olacam. General olacam” – dedi.

“Vətən mənim namusum, qeyrətimdi. Onu sevmirəmsə bütün sevgilərim yalandı”  deyirdi kapitan Şahnur Hüseynov. Düşmənin güvəndiyi Ohanyan səddini dağıtdı, döyüşlərdə göstərdiyi cəsurluq dastan oldu.

“Vətən mənim canımdı. Elə bilirəm torpaqlarımız yox, canımın parçası düşmən əlindədi. Onu azad etməsəm yarımcan, yarımçıq olacam həmişə. Bütün torpaqlarımızı almalıyıq”.

Doğru deyir Şahnur. Vətəni bütöv olmayanın özü də paramparçadı.

Belqradda doğuldu, Fizulidə böyüdü, Fizuli uğrunda döyüşlərin qəhrəmanı oldu. Düşmənin çox güvəndiyi Ohanyan səddini yardı – Qələbəyə yol açdı kapitan Şahnur Hüseynov.

Gülyaz xanıma sevgili həyat dostu, Əlinura qürur duyacaq Ata oldu. Şəbnəm və Şəhriyara əvəzsiz qardaş oldu Şahnur. Atası Şahin bəyin dediyi kimi vətənpərvər Azərbaycan oğlu oldu. Anası Hədiyyə xanımın dediyi kimi ən böyük arzusuna çatdı- xoşbəxt oldu.
 Bədbəxtlər – özündən əvvəl xoşbəxtliyi ölənlər çoxdu. Özündən sonra xoşbəxtliyi yaşayanlar azdı - Şahnur Hüseynov kimi.

 

Kamalə Abiyeva