adalet.az header logo
  • Bakı -°C
28 May 2026 16:54
67
MƏDƏNİYYƏT
A- A+

“Dolu” filmi və rejissor Elxan Cəfərov

“Dolu” filminin rejissoru Elxan Cəfərov çəkiliş  zamanı baş verən hadisələrdən danışır: 

"Filmdə tamaşaçıların gördüyü hərbi hissəni özümüz qurmuşduq. Yəni real hərbi hissə yox idi. Onu İsmayıllı rayonunda məktəbin həyətində təşkil etdik. Erməni kazarması isə rayondakı mal-qara saxlanılan yerdə lentə alınmışdı. Həmin hissədə özümüz kazarma düzəltmişdik. Çobanın qoyun otarması və qəfil ermənilərin hücumu baş verən epizod İsmayıllının Sumağalı kəndində lentə alınıb. Həmin səhnə kənd camaatının köməkliyilə çəkildi. Onlar evlərini, həyətlərini bizə açdılar. Bombaya düşən də elə Sumağalı kənd sakinləri idi. Həmin epizodda 1-2  personajı çıxmaq şərtilə demək olar ki, bütün kənd camaatı çəkilmişdi. Yaralıların yerləşdirildiyi hərbi hospital da İsmayıllıda könüllülərin bazasında lentə alındı. Həmçinin yanmış ev, erməni qızının çəkildiyi epizod da həmin kənd idi.

Filmdə “Pələng”in “Darkon”un qollarında ölüm səhnəsi çəkilərkən bütün çəkiliş heyəti göz yaşlarına qərq olur. Rza Rzayev rolu o qədər gözəl oynayır ki, onun hayqırtısı reallıqdan heç də seçilmir. Olduqca təsirli bir səhnə alınır. Epizod 2-3 dubla çəkilir. O da hər dəfə eyni məkana yox, bir dəfə Elvinin üstünə, bir dəfə Rzaya, sonda isə ümumi plana işləyir. Ümumiyyətlə, belə səhnələri bir neçə dubla çəkmək olmur.

Katib rolunu canlandıran Fuad Poladov böyük sənətkardır. Onun siması, şəxsiyyəti hər şeydir. Mənə ondan artıq heç nə lazım deyildi. Məhz bu filmdə Fuad Poladov özünü oynayırdı. Elə şeylər var ki, insanlar kənardan düşünür ki, aktyordur, min həyat yaşayır. Amma unutmaq lazım deyil ki, o obrazların hər birinin içində aktyorun özü var. Fuad Poladovun  bəyənilən katib obrazı onun qabiliyyətindən irəli gələn bir şey idi. Katibin otağı isə “Azərbaycanfilm” kinostudiyasının direktorunun otağı idi.

Filmin mesajı odur ki, müharibə baş verən zaman insanları qınamayın. Çünki müharibə elə bir ekstremal hadisədir ki, sən onu insandan tələb edə bilməzsən. İnsan ya qəhrəman olur, ya da olmur. Bu gün dinc yaşayan insanın başına bomba yağır, o həmin yeri tərk edirsə, onu qınamaq olmaz. Qadın və uşaqları kənarda saxlamaq yaxşı haldır. Bunu qınamaq düzgün deyil. Bilirsən ki, bura hücum olacaq, bilə-bilə insanını niyə qırdırasan ki? Bu ən azı ağılsızlıq olar. Vətən ailə, vətən tarix, vətən qan yaddaşı deməkdir. Bütün bunlara arxanı söykəyib müharibə etməlisən.

Hər bir film qarşıda olan gözəllik kimi qəbul edilməlidir. Əlbəttə, filmin yaralı yeri, sona çatdırılmamış məqamları var. Bir rejissor kimi səhvlərimi görməyi bacarıram. “Dolu”nun gözəlliyi odur ki, burda insanların əl işi var. Hamımızın ürəyi var bu filmdə. Hər kəs vətənpərvər hisslərə köklənmişdi və buna görə də nəticə ürəkaçan oldu. Hazırda tamaşaçıların filmə olan münasibəti də məni olduqca qane edir. Həmin vətənpərvərlik ekrandadır. Ekran insanların beyninə bilavasitə güclü təsir göstərdiyindən, böyük qüvvə hesab olunur. Bu gün Azərbaycan gəncinin beynində Azərbaycan qəhrəmanı dedikdə, “Dolu” filmindəki qəhrəmanlardan biri yada düşürsə, mən buna sevinir, bunu uğur sayıram. Qəhrəman da insandır. Onu qəhrəmanlığa gətirən yol nədir? Bizim məqsədimiz bunu tamaşaçıya açmaq idi. Düşünürəm ki, istəyimizə nail olduq. “Dolu” filmində döyüşçülərin qarşısına 9 tank çıxır. Biz göstərmək istədik ki, düşmən tankla gəlirsə belə, ondan qorxmaq lazım deyil, təki, daxili həqiqətin olsun, vətən sevgisi olsun. Sevinirəm ki, bütün mesajları filmdə aşılaya bildik..."

#AzərbaycanKinosu
#Dolufilmi #Azərbaycanfilmkinostudiyası
#ElxanCəfərov