“Əl ağacı, yoxsa vətəndaş?” - Pərvanə Bayramqızı yazır
Azərbaycan xalqının təsəvvüründə ailə, ailə dəyərləri, övlad, ata-ana anlayışı müqəddəs sayılan məfhumlar sırasındadır. Valideynini, övladını, yaxınını sevməyən, ona zərər yetirən çox az adam tapılar. Əksəriyyət üçün uğrunda hər zəhmətə qatlaşdığı birinci varlıq ailədəki şəxslərdir. Hansı anadan nəyin dəyərli olduğunu soruşsan, öz canından balasının əziz olduğunu söyləyər. Eyni münasibəti biz valideynimizə də bəsləyirik. Ata-ananın son nəfəsinədək balaları üçün çalışdığını bütün ailələrdə görürük. Onlar hətta bəlli bir yaşa çatıb ailə quran övladını da uşaq sayır, qayğısını, köməyini əsirgəmir.
Hamı valideyn adlanır, hər kəsin övlad üzərində haqqı olduğu düşünülür. Mövzunun müzakirəsi zamanı da yaxşı ailələrdən, nümunəvi valideyndən danışılır. Burda qəbahət yoxdur, təki yaxşıların sayı çox olsun, bu, cəmiyyətimizin xeyrinədir, amma ortaya xeyli sual çıxır – əgər hər şey yaxşıdırsa, nümunəvi ailələr çoxluq təşkil edirsə, bəs cəmiyyətin qəbul etdiyi dəyərlərdən, qanunun tələb etdiyi qaydalardan uzaq olan hadisələr niyə baş verir? Baş veribsə, demək, əksinə olanlar da var və bunu inkar, ört-basdır etmək olmaz, eyni zamanda da, baş verməməsi üçün tədbirlər görülməlidir.
Cinayətlə nəticələnən halların həmin həddə çatması nədən qaynaqlanır?
Uşağın evdən qaçması, məktəblinin cinayət törətməsi, küçəyə atılan uşaqlar, valideyni qətlə yetirənlər haqqında az qala hər gün xəbər yayılır. Bütün bunlar bizim cəmiyyətin problemidir, bunlar bizi uçuruma aparır.
Yuxarıdakı sualın cavabı kimi yada düşən ilk söz də, səbəb də “bünövrə”dir. Hər şey ona söykənir.
Övlad sahibi olmağı dünyada hər şeydən üstün tutanlar valideyn olandan sonra bəzən nə etməli, necə davranmağı ayırd edə bilmirlər. Çoxu elə bilir ki, o, hər gün işləməli, evə qazanc gətirməli, balalasını ac qoymamalıdır. Maddiyyatı düşünüb daha çox onun üçün yaşayanlar mənəvi, əxlaqi tərbiyəni unudurlar. Tərbiyə etmək deyəndə də yalnız oğurluq, əxlaqsızlıq etməməyi nəzərdə tuturlar. Mənəvi, mədəni, psixoloji tərbiyəni bəziləri əsas sayılan vacib qaydalar sırasına aid etmir. “Övladım varsa, mən onun üçün işləyib böyütməliyəm, o da qocalanda həmin borcu qaytarıb mənə qayğı göstərməlidir” prinsipi ilə günlərini ötürürlər. Vaxt gəlir, valideyn dərk edir ki, ömrün çoxu keçib, amma gözlədiyi məqam tərsinə olub. “Əlinin altında onun çörəyi ilə böyüyən uşaq” üzünə ağ olur, dediyini nə eşidir, nə də əməl edir. Hətta övladında ata-anadan uzaq yaşamaq istəyi də baş qaldırıb.
Bu məqamda adam “niyə” sualını iri hərflərlə yazmaq istəyir.
“Niyə”yə cavab tapmaq üçün gərək valideyni müqəddəslikdən endirək. Ya da reallıqları sadalasaq müqqəddəslikdən öz-özünə enəcək.
Bütün valideynlər elə bilirlər, balasını çox istəyir, amma müşahidə edəndə, bir çox halları nəzərdən keçirəndə görürük ki, uşağa birinci zərbəni valideyn özü vurur. Bəzən həddən çox sevmək ifrat qayğı göstərməyə səbəb olur və bu ifrat qayğı uşaqda artıq ərköyünlükdən çox dözülməzlik, güclü eqoistlik yaradır. Valideynin faicəsi burdan başlayır. Bu hal, valideyndən çox uşağın özünü bədbəxgt edir. O, pis formalaşmış xarateri ilə cəmiyyətdə özünə yer tapa bilmir.
İfrat sevgi ilə yanaşı, yersiz qadağalar da valideyn-övlad münasibətini korlayır. Qədərində olan davranışdan yaranan mehribanlıq artıq əlçatmaz bir şeyə çevrilir.
Az qala hər gün böyüklərin indiki uşaqlarla əvvəlki uşaqları müqayisə etdiklərini eşidirik. “Bizim vaxtımızda uşaqlar cürət edib böyüklərin yanında ağzılarını açmazsdılar” deyirlər. Bunu yaxşı hal kimi qəbul edirlər. Onların təsəvvürünə görə uşaq susmalıdır, böyüklər nə istəsələr onu etməlidirlər. “Bəyəm bu yaxşı haldır?” desən də səni daş-qalaq edib bir-iki tərbiyəli insan göstərib atalarının onları döyə-döyə böyütdüyünü söyləyib özlərini haqlı çıxarırlar. Sən də, azad düşünmək ixtiyarı verilən uşaqları görüb az qalırsan, peşman olasan. Əslində, burada kimsə nə haqlı, nə də haqsızdır. Həyat qəribəliklərlə doludur, hər cür məqamlar olur, hər mövzuya uyğun nümunə göstərmək mümkündür. Uşaqların xüsusiyyətləri cürbəcürdür. Hərədə bir cür nəticə verir.
Bəzən nəyəsə icazə verilən uşaqlarda da həddi aşmaq halını müşahidə edirik. Psixikasından asılı olsa da uşaqlara sərbəstlik veriləndə davranışı cəsarəti aşıb özbaşınalığa gedib çıxa bilir. Çox döyülən uşaqlarla çox əzizlənən uşaqların malik olduqları xüsusiyyətlər təzadlı olur. Bu, psixikaya, şəxsi keyfiyyətə bağlıdır. Uşaq vaxtı çox incidilən uşaqların arasında böyüyəndə heç kəsi incitməyən, hamıya canıyananı da olur, aldığı travmadan əsəbi, gərgin olub eyni münasibəti başqalarına göstərən də. Əzizlənən uşaqla ərköyün uşaq da fərqlidir. Bu da məqamlarla özünü göstərir. Bəziləri özü gördüyü qayğını insanlara göstərir, şəfqətli olur, bəziləri də “hər şey mənim üçün” iddiası ilə yaşayır.
Tərbiyə məsələsi olduqca çətindir, gərək yetkinlik yaşına çatıb xarakter formalaşanadək həmin dövrdə uşağa yüksək əxlaqi dəyərlər aşılana, yaxşı əməllər göstərilə ki, o da gördüklərindən, eşitdiklərindən nəsə əxz eləsin. Bəzən “Uşaq gördüyünü götürər” atalar sözünə arxayın olmaq da olmur, bəzi uşaqlar gördüyünə laqeyd qalır.
Bütün bu qəribə, təzadlı halları azca kənara qoyub daha betər məqamları da vurğulaya bilərik: yetkinlik yaşına çatmayan qızların ərə verilməsində günahkar kimdir? Valideyni buna təhrik edən səbəblər araşdırılmalıdır.
Bəs uşaqlara qarşı edilən zorakılıq hallarında necə, uşaq özümü günahkardır? Onlara fiziki, cinsi zorakılıq edənlər böyüklər deyillərmi? Bəs böyüyün böyüklüyü harada qaldı?
Hər gün dava-dalaş, söyüş, kobud ifadələr eşidən uşağın mənəvi zədəsini düşünən varmı? Bir çox ailədə vailideyinin davranışı adi qarşılansa da, əslində, bu cür rəftar edənlərin övladları psixoloji zorakılıq görürlər. Cismani cəza verilən, etinasız yanaşılan, təhlükədə qoyulan, istismar edilən, aqressiv davranışdan əziyyət çəkən uşaqların taleyini kimin öhdəsinə buraxaq?
Dövlət uşaq hüquqları ilə bağlı qanunlar tətbiq edir, amma bu qanuna belə etiraz edənlər tapılır. Məsələn, uşağa fiziki və psixoloji təzyiq göstərən valideynin 200 manat cərimələnəcəyi xəbəri yayılanda az qala əhali üsyana qalxdı. Haqsız deyillər, evdə tənbeh edilməyən uşaq məktəbdə ipə-sapa yatmaz, məktəbdə də müəllim cərimə qorxusundan sussa, şagirdin aqibəti necə olacaq? İndi digər tərəfdən yanaşaq: bu, cərimə həm də özünün aqressiyasını uşağa tökən valideyn və müəllimdən xilas yoludur. Nə hər ailə eynidir, nə də hər uşaq. Hərənin özünəməxsus yaşayış tərzi və tərbiyə ediləcək bir üsulu olur. Bu çətin halların qarşısını almaq üçün ən birinci valideyn maarifləndirilməlidir. Analar hamilə vaxtından düzgün tərbiyə qaydalarını mənimsəməlidirlər. Müəllimlər də gərgin iş rejimi vaxtı yorğunluğunun heyfini şagirddən çıxmamalıdır.
Verilən ixtiyardan özündən çıxan uşaqlar olarsa, tərbiyəsi ilə artıq cərimə tətbiq edənlər məşğul olsunlar. Bundan sonra Azərbaycan ailəsinin vəziyyətini təsəvvür etmək çətin deyil.
Bu qədər problemlərin içində ildə bir dəfə qeyd edilən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsirinin olub-olmaycağını deməyə cürət etmirik. Hər halda çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi vacibdir. Aidiyyəti qurumlar düzgün qərar çıxarmalı, əhali də o qərarlara əməl etməlidir. Bu məqama çatanadəksə birinci böyüklərin üzərində işləmək lazımdır ki, uşaqlarla davranmaqda ehtiyatlı, şəfqətli olsunlar. “Mən valideynəm, uşaq mənimdir, özüm bilərəm” iddiası ilə rəftar etməsinlər. Uşaqların mənəvi, əxlaqi inkişafına müsbət təsir göstərən tədbirlər görülməzsə, onlarda vətənpərvərlik hissi, vətəndaşlıq məsuliyyəti, dəyərlərə sadiqlik formalaşmayacaq. Biz övlad sahibi olmaqla təkcə özümüzə əl ağacı əkməyi düşünməməliyik, həm də layiqli vətəndaş yetirməliyik.


Bakı -°C

