adalet.az header logo
  • Bakı -°C
28 May 2026 09:10
67
MƏDƏNİYYƏT
A- A+

79 illik ömrün musiqi xəritəsi: Dünyanı fəth edən azərbaycanlı - Aysel KƏRİM yazır

Azərbaycan bəstəkarlıq məktəbinin yetirdiyi ən parlaq simalardan biri, qlobal musiqi məkanında milli mədəniyyətimizin modern vizyonunu diktə edən Xalq artisti Firəngiz Əlizadənin ömür yolu, mahiyyət etibarilə, sənətdə intibah xronikasıdır. Onun yaradıcılığı musiqi elmində milli ənənələrin qorunması və eyni zamanda qlobal sənət kontekstinə inteqrasiyası baxımından fundamental bir tədqiqat obyektidir.

Firəngiz Əlizadə dühası sadəcə not vərəqlərinə köçürülmüş musiqi deyil, zamanın fövqündə dayanan, Azərbaycan ruhunu ağ kağızın üzərində bəşəri fəlsəfəyə çevirən bir tarixdir. Onun ömrünün 79-cu zirvəsinə boylanarkən, qarşımızda sadəcə dünyaşöhrətli bir bəstəkar deyil, muğamın genetik kodunu müasir musiqinin fəlsəfəsi ilə yoğuran, Şərqin qürurunu Qərbin böyük səhnələrində heyranlıqla ayaq üstə alqışladan bir Səs Memarı görürük. Bu səs bizim milli qürurumuzun, dünyaya açılan pəncərəmizin və sənətin ölümsüzlük fəryadıdır.

Firəngiz Əlizadə sənətinin konseptual əsasını dahi Üzeyir Hacıbəyli və Qara Qarayev ənənələrinin varisliyi təşkil edir. Bu varislik milli kodların tamamilə yeni, struktur baxımından mürəkkəb bir dildə yenidən şifrələnməsi üzərində qurulub.         Onun yaradıcılıq kökləri doğma torpağın dərinliklərinə bağlı olan, budaqları isə dünya musiqi sənətinin zirvələrinə uzanan əzəmətli bir çinar kimidir. Bu sənət fəlsəfəsi, gələcək musiqiçi nəsilləri üçün tükənməz bir elmi-bədii mənbədir. Firəngiz xanım Azərbaycanın intellektual elitasının ön cəbhəsində dayanan bir professordur. Onun hər bir əsəri milli musiqi irsimizin dünya elmi və mədəniyyəti kontekstində necə fundamental çəkiyə malik olduğunu bir daha sübut edir.

Zamanın axınında elə sənətkarlar var ki, onlar sadəcə öz dövrlərinin deyil, gələcək əsrlərin də mədəniyyət xəritəsini çəkirlər. UNESCO-nun "Sülh Artisti" Firəngiz xanım Əlizadə məhz belə bir yaradıcılıq missiyasının daşıyıcısıdır. O, təkcə milli musiqimizin deyil, müasir dünya bəstəkarlıq məktəbinin canlı əfsanəsidir. Onun musiqisində Üzeyir bəy ənənələrinin genetik kodu, Qara Qarayev məktəbinin monumental fəlsəfəsi və müasir dünyanın səs axtarışları vəhdət təşkil edir. O, muğamın mistik ruhunu müasir notların dili ilə dünyaya elə bir ustadlıqla təqdim etdi ki, bu səs dalğası sərhədləri aşaraq bəşəriyyətin ortaq mənəvi sərvətinə çevrildi.

Əgər sənətin taleyi insanın alnına yazılan bir qismətdirsə, Firəngiz Əlizadənin qisməti Şərqin ruhunu dünyaya bəyan etmək missiyası idi. 

Bu gün biz onun yaradıcılığının 79-cu akkordunu dinləyərkən, sənətin keçdiyi o çətin, lakin möhtəşəm yola şahidlik edirik. Onun həyat və yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin  əvəzolunmaz səhifəsidir. O, təkcə musiqi yazmadı; o, Şərq qadınının intellektual gücünü, sənətdəki sarsılmaz iradəsini dünyaya sübut edən bir kitabın ilk cümləsini yazdı...

Bir qadın sənətkar olaraq Firəngiz xanım dünya musiqi elitasında özünəməxsus zəriflik və dəyanət simvoludur. Şərəfli ömür yolu gənc bəstəkarlar və musiqişünaslar nəsli üçün əsl Universitetdir. Onun ustad dərsləri, rəhbərlik etdiyi layihələr və Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı misilsiz xidmətləri elmi və yaradıcı dairələrdə hər zaman ən yüksək qiymətə layiq görülüb. 

Firəngiz Əlizadə fenomeni təkcə müasir Azərbaycan və dünya musiqi tarixinin zirvəsi deyil, həm də sənətdə böyük bir məktəbin, sarsılmaz bir estetik missiyanın təcəssümüdür. Onun yaradıcılığının fəlsəfi dərinliyi bəşəriyyətə və zamana xitab edərkən, bir rəhbər və sənətkar kimi fəaliyyəti gələcək nəsillərin mənəvi mayasını yoğurmaqdadır.

Azərbaycan musiqi mədəniyyətinin dünya miqyaslı fəxri Firəngiz Əlizadə məhz belə bir ömrün - 79 illik şərəfli, lakin bir o qədər də keşməkeşli taleyin sahibidir. Onun keçdiyi yol həm sənətdə, həm də öhdəsinə düşən hər bir məsuliyyətli işdə böyük sınaqlardan keçib. Lakin bu yolun ən heyranedici tərəfi odur ki, Firəngiz xanım ən sarsıdıcı dalğalarda belə öz daxili dünyasının bütövlüyünü qoruya bildi.

Həqiqi sənət heç vaxt hamar yollarla gəlmir. Lakin görkəmli bəstəkarın sənət fəlsəfəsi elə bir təmələ söykənirdi ki, heç bir maneə onun yaradıcılıq eşqini söndürə bilmədi. 

Firəngiz Əlizadə sadəcə bəstəkar deyil, həm də əsl təşkilatçıdır. İdarəçilik və iş həyatı öz-özlüyündə dərin məsuliyyət və bəzən də amansız bir mübarizə meydanıdır. Bu qədər gərgin iş rejimində, müxtəlif xarakterli insanların və hadisələrin axınında öz humanist prinsiplərinə sadiq qalmaq dərin insanlara xas olan xüsusiyyətdir. 

Firəngiz Əlizadə bu gün təkcə Azərbaycanın deyil, bəşəriyyətin musiqi xəzinəsini zənginləşdirən bir sənətkardır. Lakin onun ən böyük bəstəsi sənətdə və həyatda dik duraraq, öz mənəviyyatını qoruyaraq yaşadığı ömür yoludur.

Bəzən bir millətin əsrlərlə yığılıb qalan dərdini, sevincini və qürurunu dünyaya çatdırmaq üçün bir neçə dəqiqəlik bəstə bəs edir. Firəngiz Əlizadə musiqisi məhz belə bir möcüzədir- ruhu titrədən, insanı öz içindəki kainatla üz-üzə qoyan bir fəlsəfə. Azərbaycan adını dünyanın ən mötəbər salonlarında dalğalandırarkən hər birimizə bir sənətkarın milləti üçün edə biləcəyi ən uca fədakarlığı yaşatdı.

Musiqi elminin çətin lakin müqəddəs yollarında addımlayan bir gənc kimi özümü  Firəngiz Əlizadə məktəbinin tələbəsi hesab edirəm. Çünki onun mənə bəxş etdiyi bu hiss təkcə bir sədrin ali diqqəti və qayğısı deyil; bu, ruhu isidən, yaradıcı insanı addım-addım ucaldan şəfqət dolu istilikdir.

Əziz və dəyərli Firəngiz xanım! Sizin varlığınız sənətin zamansızlığına olan inamımızdır. Sizi ömrünüzün bu gözəl, müdrik çağında - 79 yaşınız münasibətilə ürəkdən təbrik edirik. Sizə cansağlığı, tükənməz yaradıcılıq enerjisi arzulayırıq. Varlığınız, sənətiniz Azərbaycan musiqi mədəniyyətinin vizit kartıdır.

Aysel KƏRİM
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi