Güllə atmağı bacarmayanlar həmişə olacaq - Pərvanə Bayramqızı yazır
Hər dövrün öz siyasi-iqtisadi hadisələri, sosial problemləri və digər əyər-əskikləri olur. Bu cür çatışmazlıqları qələmə alıb mətnə çevirən, onu ya bədii, ya da publisistik nümunələrlə gələcək nəsillərə ötürən qələmçilər (bu sözü də mən yaratmış olum, hansı növdə yazmağından asılı olmayaraq yazan hər kəsə aid edilsin) yetişir. Biz bu gün neçə əsr əvvəl baş vermiş hadisələrlə indi klassik hesab etdiyimiz yazıçı, şair və publisistlərimizin yazdıqlarının sayəsində tanış oluruq. Nizamidən, Füzulidən (ədəbiyyat tarixinə adları necə yazılıbsa, adam onların adlarını təxəllüssüz, doğmasını səsləyirmiş kimi çəkir) üzübəri yazılanları sözə könül verənlər qoruyub saxlayıblar.
Azərbaycan ədəbiyyatında, mətbuatında məşhur simalar yaşadıqları cəmiyyətdəki qaranlığı işıqlandırmaq üçün ömürlərini çətinlik içində başa vurublar.
Zaman dəyişib, yeni quruluş formalaşıb, hadisələr yenilənib, baxış bucağı ötən illərinkindən fərqlənir. İndiki insanlar bir əsr əvvəlin hadisələrini nağıl kimi qəbul edir, yaxud əllicə il qabağın cəmiyyətinin dəyər kimi baxdıqlarına adi yanaşırlar. İndi təəccüblənmək də azalıb, hətta gülüş obyekti də ovaxtkı deyil. İndi insanlar əcnəbinin balonlarla seyrə çıxmasına heyrətlənmirlər, çünki əcnəbilər bundan da maraqlı kəşflər ediblər. Belə bir zamanda hələ də yazan var, yazısız mümkün deyil. Texnikanın özündən də yazının vasitəsilə bəhs edilir.
Lakin bu qədər yeniliyə baxmayaraq mahiyyət, ideya eyni ilə qalır – ideal cəmiyyətə sahib olmaq. Bütün çabalar bu məqsədə xidmət edir.
Bəzən bugünkü yazıçıları, şairləri ötən əsrinkilərlə müqayisə edir və onlardan çox böyük şeylər umurlar. Hamı yeniliyi, dəyişməyi başqasından gözləyir. Heç kəs heç nə üçün birinci özündən başlamaq istəmir. Yük yenə də ziyalıların, təəssübkeşlərin çiyinlərinə düşür. Yazıçıdan, şairdən diplomatiya tələb edib siyasi hadisələrə fikir bildirməyi, məmurları tənqid etməyi istəyən vətəndaşın özündəki bircə qüsurdan yazanda az qalır yazanı məhkəməyə versin. (Əgər qanuni yol seçərsə... eləsi var özü hədələyir.) Göründüyü kimi, düşünmək, yazmaq, çatışmazlıqlara münasibət bildirmək heç də asan deyil.
Biz də öz dövrümüzün sözlüsüyük, biz də XXI əsrin, müstəqillik dövrünün yetirmələriyik, bizim də öz yükümüz var. Bu dövrdə bizdən böyüklər od-alovdan keçib bizə müstəqil Azərbaycan bəxş etdilər. Ötən illərin cəmiyyətindən fərqli bir cəmiyyət formalaşdırdılar. Yaşlılar dünyasını dəyişdi, ortayaşlılar yaşa doldular və nəhayət, mən və yaşıdlarım imzamızı tanıtdıq. Yazırıq, deyirik, göstəririk, nələrinsə yoluna düşəcəyinə çalışır və ümid edirik.
Kapitalizmin ağır şərtləri altında, bu qədər çətinliklərə baxmayaraq əsl insana məxsus olan ali keyfiyyətləri, xalqa məxsus mənəvi dəyərləri qoruyan, dosta inanan, sədaqət, etibar hissinə güvənən, prinsiplərə sadiq qalan, bu cür məfhumlara məsuliyyətlə yanaşan, cəmiyyətin çirkin üzündən kənarda dayana bilən qələm adamları çoxdur. Ədəbi dostluq Azərbaycan ədəbiyyatında təməlli dəyərdir. Biz əsərlərdən, ədəbi məktublardan, memuarlardan Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin, Seyid Əzim Şirvani ilə Həsən bəy Zərdabinin, Mirzə Ələkbər Sabirlə Abbas Səhhətin, İsmayıl Şıxlı ilə İsa Hüseynovun və digərlərinin dostluğu haqqında oxumuşuq. Dostluq həmişə davam edib, bunu Anarla Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı ilə Musa Yaqubda, Eldar Baxışla Mövlud Süleymanlı və başqalarında da görüb, eşitmişik. Rəsul Rza ilə Mikayıl Müşfiqin dostluğu isə ədəbiyyatda “Qızılgül olmayaydı...” əsəri ilə əbədiləşib. Doğrudur, bu gün ötən illərin ədəbi mühiti yoxdur, xüsusilə yazdıqları ilə dolanmağın zamanı keçib, amma maddilikdən yüksəkdə duran dostluq yenə də var. Biz də, yəni hazırda imzası tanınanlar ədəbi dostluq bacarırıq. Əslində, dostluq bacarıq deyil, dostluq təbii şəkildə bir-birinə çevrilməkdir. Lap sevənlər kimi. Dost da, sevgi də eyni rəftarı – “biz” olmağı tələb edir.
İllər ötəcək, nə vaxtsa bizdən də bəhs ediləcək. Bunu indi bir çoxu inkar etsə də, “ədəbiyyat sıradan çıxır”, “oxucu qeybə çəkilir” deyənlər olsa da ədəbiyyatın, kitabın yaşayacağına inanırıq. Gerçəyi gələcək göstərəcək. Bu gün hələ də yazıçı, şair deyəndə yalnız XX əsrin əvvəllərindəkiləri nəzərdə tutanlar gözlərini açıb öz zamanlarına da baxmalı, yazılanları oxumalıdırlar. Bunu biryolluq dərk etmək lazımdır; bugünün öz yazıçısı var. Zaman başqadır. Əvvəlki yazıçıları arzulaya-arzulaya müasir ədəbiyyatdan uzaqlaşmaq yanlışdır. Yeni üslubda qələmə alınan həyat hadisələrinə oxucu baxışı olmalıdır.
Bu gün bizdə Əziz Nesin kimi yazan publisist var, onun kitablarından xəbəri olmayanlar “indi tənqidi mətn yazan yoxdur” deyərək özlərinin xəbərsizliyini biixtiyar etiraf edirlər. Bir də “hamı bir-birinin ayağının altını qazır” deyintisi qulağımızı dəng eləyib. Durub indi dostluğumuzu kiməsə sübut edəsi deyilik ki.
Dostlar var, bir-birinin ehtiyacından xəbəri yoxdur, çünki biri digərinin qanının qaraltmağa qıymır, özünü dostuna şən göstərir ki, ona bir dərd də o verməsin. Dost var ki, dostun səlahiyyətindən yararlanmır, onunla dostluğunu dilə gətirib öyünmür, ürəyində sevir, onu gizlicə qoruyur. Bəli, bu zəmanədə də əsl dostluq var. Bütün bunlar da nə vaxtsa yazıya alınacaq, oxunulacaq. Dünya ədəbiyyatsız olmayacaq. İnsanlara güllə atmağı bacarmayanlar həmişə olacaq.


Bakı -°C

