SON DƏQİQƏ:

SONUNCU SAğ QALAN

  38648   |  
Şriftin ölçüsü  
"Heç kim unudulmur, heç nə yaddan çıxmır!" Düzünü desəm, uzun illərdən bəri gözümüzü yağır, dilimizi qabar edən bu şüar məndə həmişə qarışıq ovqat yaradır. Şübhə, əsəb, çox zaman da inamsızlıq duyğüları bir-biriynən bəhsə girir qəlbimdə. Saysız-hesabsız unudulanları da tanıyırıq, adı belə yaddan çıxanları da. Halal haqqı başqasının adına çıxanları da çox görmüşük. Təbii ki, bizə məlum olanlar, qazandığımız bilgilər çərçivəsində. Başqalarını bilmirəm, tarixin və cəmiyyətin belə üzüdönüklükləri məndə ötəri də olsa, qüssə və məyusluq doğurub həmişə. Aradabir ümidsizliyə də qapılıram. Hər şey fani və puç görünür, mənasını itirir gözümdə. Əllərim işdən soyuyur, qəlbim həvəsdən düşür.
   
   Maraqsız yaşamaq da diriykən ölü olmaq kimi bir şeydi...
   
   Bilmirsən, günahı kimdə axtarasan. O qədər vaxtsız dünyadan köçüb təkcə arzularını deyil, hələ kimsəyə sübut eləməyə macal tapmadığı istedadını, bacarığını, qabiliyyət və dühasını özüynən aparanlar olub ki... Nə qədər sağların qeyri-adiliyinə, dünyaya fərqli missiya ilə gəldiyinə qəsdən göz yumulub... İçinin zülmətindən qurtara bilməyib qarşısındakının bənzərsizliyini etiraf etməyənlərə "gözün üstə qaşın var" deyən tapılmayıb...
   
   Çox heyfim gəlir, çox təəssüflənirəm...
   
   Və... yenə həmin sual. Nədir bunların səbəbi? Tale, qismət, yoxsa, öz naqisliklərimiz?!
   
   Deyəsən, cavabı özündə olan sualdı bu...
   
   Nə isə... Bu dəfə nikbinəm. Ömrün bütün çağlarında unudulmayan, həmişə sayılıb-seçilən bir kəsdən söz açacağam, ona görə...
   
   ***
   
   Müharibə öz sirləri və qanunları olan bəşəri bir bəladı. Özü də, deyəsən, Qiyamət gününəcən insan övladının yaxasından əl çəkməyəcək. Çünki həvəskarları az deyil. Qızışdıranları dı kifayət qədərdi. Dünya binə olandan bəri qoluna, silahına güvənən dövlətlərin, millətlərin, mənəm-mənəmlik, ağalıq, harınlıq silahıdı.
   
   Ancaq... dünyaya və insanlığa nə qədər dağıntı, ölüm, itki, ayrılıq, əzab gətirsə də, qəhrəmanlıq, qürur tərəfləri də yox deyil...
   
   Dünən İkinci Dünya savaşının başlanmasından 71 il ötdü. "Zaman bütün yaraları sağaldır" fikriynən heç zaman barışmamışam. Hər yaraya, hər yara sahibinə gücü çatmaz zamanın. İllər yaraları sağaltmır, o yaraları daşıyanları bu dünyadan bir-bir köçürür, sağ qalanlar da elə bilir bütün dərdlər unuduldu, yaralar sağaldı...
   
   Bütün yaraların məlhəmə ehtiyacı var...
   
   Amma bütün yaralar sağalan deyil!
   
   ***
   
   May ayının ortalarında idarəmizə Serbiya səfirliyindən bir məktub gəldi. Məktubdan məlum olurdu ki, Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç rayonumuza səfər etmək, həmyerlimiz, Belqrad şəhərinin alman faşistlərindən azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərmiş 223-cü atıcı diviziyanın yeganə sağ qalan döyüşçüsü Zülfəli Əliyevin anadan olmasının 90 illik yubileyində iştirak etmək niyyətindədir...
   
   Xəyalların geriyə uçması, xatirələrin dirçəlməsiyçün bircə işarə bəs edir çox zaman. Zülfəli kişini rayona gələndən tanıyıram. Ucaboylu, sağlam cüssəli bu adamı rayonda keçirilən bütün tədbirlərdə yuxarı başda görmüşəm həmişə. Fəallığı, işgüzarlığı ilə digər veteran dostlarından fərqlənərdi. Qəzetimizdə o qədər şəkilləri, haqqında yazılar dərc olunardı ki, az qala hamımız onun tərcümeyi-halını əzbər bilirdik...
   
   1922-ci il iyunun 1-də (müharibə başlanan ay!) Sabirabad rayonunun Qaralar kəndində anadan olub. Kənddəki yeddiillik məktəbi bitirdikdən sonra demək olar ki, yeniyetməlik çağlarından kolxozda işləməyə başlayıb. Hər şey yaxşı idi. Sadə, zəhmətkeş ailənin üzvləri hər gün halal çörəkli süfrələrinin başına yığışıb deyə-gülə şirin-şirin yeyib-içir, gələcək planlarından, görəcəkləri işlərdən danışırdılar. Uzaq-uzaq ellərdə hazırlanan məkrli fəlakətlərdən xəbərsiz ömür sürürdülər. Dünya yaranandan belə olub; dinclik, könül xoşluğu istəyənlərin arzuları qudurğanların əliynən, əməliynən alt-üst edilib zaman-zaman. İndi də belə oldu. Müharibənin ilk günlərindən atası Hüseyn, böyük qardaşı Əli cəbhəyə getdilər. Ailə qayğılarını çəkmək yeniyetmə Zülfəlinin hələ bərkiməmiş çiyinlərinə düşdü. Özündən kiçiklərin aclıq çəkməməsi üçün gecəli-gündüzlü böyüklərlə bir yerdə çalışmalı oldu. Nəhayət, onun da vaxtı yetişdi... Qürx ikinci ilin yanvarında cəbhəyə yola düşdü. Yenicə yaradılmış 223-cü atıcı diviziyanın sıravi döyüşçüsü oldu. Azərbaycanlılardan ibarət atıcı diviziya tez bir zamanda Qafqaz uğrunda döyüşlərdə fərqləndi. 1944-cü ilin noyabrında Yuqoslaviyaya göndərildi. Ölkə paytaxtının azad olunmasında göstərdiyi hünərə görə diviziyanın adına "Belqrad" sözü də əlavə olundu. İkinci Dünya müharibəsi illərində diviziyanın döyüş yolları Aıvropanın 6 ölkəsindən -Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya və Çexoslovakiyadan keçdi. Əfsanəvi "Mixaylo" da 223-cülərin silahdaşı olmuşdu. Atıcı diviziyanın rəşadətli döyüş tarixçəsinə Zülfəli də hünər payını yazdı. Cəbhə igidliklərinə görə 2 orden, 9 medalla təltif edildi...
   
   Zülfəli kişi müharibədə bir qolunu itirsə də, dinc quruculuq illərində boş dayanmayıb. Tapşırılan hər bir işdə fədəkarlıq göstərib, cəbhədən dönməyən silahdaşlarının da əvəzinə qurub-yaratmağa çalışıb. Bir müddət rayon komsomol komitəsində təlimatçı işləyib. Sonra uzun illər kommunal müəssisələri kombinatında çalışıb Elə oradan da təqaüdə çıxıb. Ömrünün ahıl çağında da ictimai işlərdə çalışır, gənc nəslin təlim-tərbiyəsində əlindən gələni əsirgəmir...
   
   ***
   
   Səfirin müharibə veteranıynan görüşü iyunun 1-də baş tutdu. Həmin gün Heydər Əliyev adına Mədəniyyət sarayında Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Zülfəli Əliyevin anadan olmasının 90 illik yubileyi keçirilirdi. Yubiley tədbiri açıq elan ediləndən sonra 223-cü atıcı diviziyanın döyüş yolundan bəhs edən "Xəzərdən Dunyaya" adlı sənədli film nümayiş etdirildi...
   
   Səfir Zoran Vayoviçin çıxışı çox təsirliydi. O, dünyaya göz açdığı şəhəri faşistlərdən azad edən diviziyanın sağ qalan yeganə döyüşçüsüynən görüşündən həyəcanlanmışdı. Xalqının minnətdarlıq duyğularını ona çatdırmaqdan son dərəcə məmnundu. Həmin gün yəqin ki, salonda gözlə görünənlərdən də çox, görünməyənlər iştirak edirdi. 223-cü diviziya döyüşçülərinin ruhları Zülfəli kişinin ətrafında dolaşaraq günümüzədək sağ qalan yeganə döyüş dostlarının adına çox şad idilər... Onlar da beləcə uzun ömür sürə bilərdilər. Arvad-uşaq sahibi olar, nəvə-nəticə görərdilər. İşıqlı və gözəl dünyada "bəsdi" deyincə yaşayardılar...
   
   Müharibə olmasaydı...
   
   
   
   ***
   
   Universitet illərində xarici ölkələrin ədəbiyyatından dərs deyən bir qədər yaşlı, xanım-xatın müəlliməmizin sakit, pafossuz danışığını şirin bir nağıl kimi dinləyərdim. Fenimor Kuperin "Dəri corablar" silsiləsindən beş romanının məzmununu elə ustalıqla çatdırırdı ki, doxsan dəqiqə ərzində özümü vəhşi təbiətin qoynunda, gün işığı düşməyən cəngəlliklərdə itigözlü, cəldayaqlı, sivil dünyadakılardan qat-qat saf, sadiq yarıçılpaqların arasında hiss edir, vəhşi çığırtılarını, şimşək qanadlı atlarının ayaq tappıltılarını eşidirmiş kimi üşürgələnirdim. Gecələr yuxuma da girirdilər. Görürdüm ki, alabəzək dərili, oxlu-kamanlı hindular kənddəki evimizə hücum edirlər... O romanlardan cəmi ikisini- "Ləpirçi" və "Sonuncu mogikan"ı tapıb oxuya bildim. İllər keçəndən sonra "Sonuncu mogikan"ı bir də oxudum. Mogikanların son nümayəndəsi gənc və yaraşıqlı Unkasın dəfn mərasimi gözlərimin önündən getməyən bir səhnəyə çevrildi...
   
   Və... günlərin birində öz taleyimdə eyni itkini və dəfn mərasimini yaşadım...
   
   
   
   ***
   
   Deməli, insan uzun ömür sürəndə çox şeylərin şahidi ola bilirmiş...
   
   Bir yandan da çin filosofunun fikirləri çəkic kimi adamın beynini döyəcləyir: "İnsan öldüyü zaman yox, onu xatırlayacaq sonuncu adam öləndə dünyasını dəyişir"...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK