Allah olmaq istəyinə düşmək günahına salma məni - Ceyhun Musaoğlu rəhmətlik qardaşından yazdı

CEYHUN MUSAOĞLU
96 | 2025-07-07 13:54

İki kiçik qız uşağının 39 yaşlı atasının ölümü Allahın qatil olduğunu göstərməyə cəhddir. Bu cəhd yalnız İblisə aid ola bilər.

Allah həqiqətən qatil deyil. Allah həqiqətən qatil deyilsə bəs kimdir? O, çox səliqəli, çox yaxşı, çox ağıllı, çox yaraşıqlı gənc qardaşımı niyə öldürsün axı?

Bu sualın cavabını o bizi amansızca tərk edən anda tapsam da 40 gündür bu cavabın həqiqəqətən həqiqət olduğunu özümə sübut edə bilmirəm.

Doğrudanmı Allahın yaxşı adamlara ehtiyacı var, ona görə onları özüylə aparır ki, cənnətə göndərəcək adam qalsın?! Doğrudanmı yer üzündə Allahla iblisin mübarizəsi gedir və ikinci birinciyə sübut etməyə çalışır ki, insanları yoldan çıxarıb cəhənnəm sakini edəcək, birinci də belə getsə cənnətə göndərməyə adam qalmayacağını yəqinləşdirdiyinə görə insanları hələ çirklənməmiş öz yanına aparır?

İndi hansınız İransız, hansınız İsrail? Ukrayna kimdi, Rusiya kim? Hələ üstəlik bu savaşda tibb də alətə çevrilib, xərçənglər sürətlə və amansızcasına boğazlara çökür.

Gözləri əbədi kədərə qərq olan qızcığazların simalarında yazılan cümlə budur: "Biz Allahı belə bilməzdik".

Nə qədər desəm də günah iblisdədir, razı olmurlar. Deyirlər: "Allah iblislə savaşmasaydı, atamız 39 yaşında ölməzdi.

Yox, kafirlik deyil. Gülüşün 11 yaşı olmasına baxmayın, o bilir ki, ölüm haqdır. O ölümün 39 yaşda gəlməsini nahaq hesab edir. Ölüm gənc yaşdadırsa, savaş günahkardır.

Allah savaşmadan da qalib gələ bilər. O Allahdır, yerin, göyün sahibidir. Bəs niyə ən ucuz varinatı - İblislə savaşı seçib? Cənab Allah, Sən ki İran, Sən ki ilan, Sən ki İsrail, Sən ki əzrayıl deyilsən.

Qardaşım can verəndə bir anlıq Allah olmaq istədim. Yaradanla iblisin savaşı Allah olmaq istəyinə düşmək günahına saldı məni.

... Kaş doğulmazdım. Məni anamın, atamın, qardaşımın mələk qızlarının, onların analarının dərd içində qovrulduqlarını göstərmək üçün yaratmışdınsa, mənim kimi milyardlarla insan varsa, olacaqsa, bunun adı yaradılışdan İblisə uduzmaq deyilmi?

Məğlublarınıq. Uduzmuşuq. Məni Sənin yerinə Allah olmaq məcburiyyətinə salma. Məni küfrə soxma.

P.S. Bu yazını oxusaydı, Elnur qardaşım mənə "küfr eləmə" deyərdi. Sənsə belə oğlana yaşamağı çox gördün.

P.S.S. Hələ bu yazı iki dəfə redaktə olunub. Allahla allahlıq etmək olmur.

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV