İmzalanacaqmı? - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
175 | 2025-08-08 09:00

Avropa Xəbər Agentliyində (European News Agency) çıxımış növbəti yazımı Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/will_it_be_signed-91946/ 


Söhbət uzun zamandır gözlənilən Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsindən gedir.

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı ayrı-ayrılıqda qəbul edəcəyi gözlənilir. Daha sonra isə üçtərəfli görüşün keçirilməsi ehtimal olunur. İddia olunur ki, bu dəfə hər iki liderin ABŞ-a səfərinin əsas məqsədi məhz sülh müqaviləsinin imzalanmasıdır. Başqa sözlə, uzun illərdir gözlənilən sülh sazişinin nəhayət imzalanacağı güman edilir.

Azərbaycan mətbuatının yazdığına görə, Prezident Əliyev artıq ABŞ-a yola düşüb. Bildirilir ki, səfər ABŞ Prezidentinin rəsmi dəvəti ilə həyata keçirilir. Son vaxtlar ABŞ-la həm Azərbaycan, həm də Ermənistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi müşahidə olunur — bu isə, təbii ki, Rusiyanı məmnun edə bilməz.

Əgər sülh sazişi məhz ABŞ-da imzalansa, bu, Rusiyanın Qafqazdakı mövqelərini ciddi şəkildə zəiflədəcək. Təbii ki, Rusiya da bunun fərqindədir. Yenə də Azərbaycan mətbuatının iddialarına görə, Rusiya artıq öz narazılığını açıq şəkildə göstərməyə başlayıb. Belə ki, Rusiya Azərbaycanın Ukraynaya qaz ötürdüyü boru xəttini bombalayıb. Bu kimi əsəbi addımlar, Rusiya imperiyasının regiondakı son çırpıntılarını xatırladır.

Bəs, müqavilə imzalansa, bu, region üçün nə vəd edir?

İlk növbədə, son iki əsrdə azərbaycanlıları və erməniləri daim qarşı-qarşıya qoymuş Rusiyanın Qafqaza uzanan əli geri çəkiləcək. İki dövlət arasında sərhədlər açılacaq. Bu, hər iki ölkə üçün ciddi iqtisadi faydalar verəcək. Həmçinin, iki xalq arasında münasibətlər tədricən müsbət istiqamətdə dəyişə bilər.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, əgər Ermənistan 1988-ci ildə doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların geri qayıtmasına şərait yaratsa, o zaman vaxtilə Azərbaycanda yaşamış ermənilərin də geri dönməsinə imkan yaradılması mümkündür. Bütün bunların baş verməsi üçün isə iki xalq arasında münasibətlərin mərhələli şəkildə yaxınlaşması vacibdir.

Məlumdur ki, ABŞ tərəfi Ermənistandan keçməklə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək dəhlizin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib. Daha dəqiq desək, bunu bir Amerika şirkəti həyata keçirə bilər. Azərbaycan bu dəhlizi “Zəngəzur dəhlizi” adlandırır.

Əgər bu dəhliz açılarsa, yuxarıda sadalanan bütün proseslər – iqtisadi inkişaf, xalqların yaxınlaşması və s. daha sürətlə baş verə bilər. Ən önəmlisi isə, Rusiyanın Qafqaza uzanan əli daha tez uzaqlaşdırılmış olar.

Vəziyyətə düzgün qiymət verməyi bacaran hər kəs — istər Azərbaycanda, istərsə də Ermənistanda — hər iki liderin ABŞ-a bu səfəri fonunda sülh müqaviləsinin imzalanacağına ümid edir.

Müqavilə imzalanacaqmı?

Gəlin hövsələ ilə gözləyək. Cavabını öyrənməyimizə çox az vaxt qalıb.
 

Vüqar Abbasov.
Avropa Xəbər Agentliyinin əməkdaşı.

 

TƏQVİM / ARXİV