11 Sentyabr 2025 14:10
160
MƏMLƏKƏT

Şuşakəndə ilk köç baş tutub - YENİLƏNİB

Xocalının Şuşakənd kəndinə sentyabrın 11-də ilk köç baş tutub.

Adalet.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün qayıdıb.

Bildirilib ki, bu gün mənzillərin açarları ailələrə təqdim edilib. Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə  müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunub. Bununla yanaşı sosial obyektlərin fəaliyyətə başlaması üçün də  zəruri şərait yaradılıb.

Tədbirdə  çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri tarixi dönüş münasibətilə təbrik edib, onlara doğma torpaqlarında firavan və əmin-amanlıq içində yaşamalarını arzulayıb.

***

Xocavənd rayonunun Sos kəndinə də köç karvanı yola düşüb.

Adalet.az xəbər verir ki, Sos kəndinə 45 nəfərdən ibarət 10 ailə yola salınıb.

***

08:24

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” davam etdirilir.

Adalet.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı bazara 10 ailə - 39 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.