SON DƏQİQƏ:

Əli Şərifi: "Mədəniyyət və İncəsənət Universitetində  öyrədiləni mən 14-15 yaşımda İranda Gənc Kinematoqrafçılar Mərkəzində öyrənmişəm"

  43410   |  
Şriftin ölçüsü  

 

Əli Şərifi kino sahəsində çalışan cənublu soydaşımızdır. Onunla "Facebook"da kino barədə maraqlı söhbətimiz oldu. Düşünürəm ki, bu söhbət oxucularımızın da marağına səbəb olacaq. Əli Şərifi söhbətimizin əvvəlində bizimlə şərt kəsdi ki, siyasi suallar olmayacaq. Biz də onun bu istəyinə hörmət edib şərtinə əməl etməyə çalışdıq.

 

İranda İslam İnqilabından sonra kinoda bir sıra qadağalar tətbiq olunmağa başladı.

 

 

- Mən bacardıqca siyasi suallardan qaçıram. Millətçi olsam da, sənətlə bağlı söhbətlərə siyasəti qarışdırmıram. Oxucularınıza özümü tanıtmaq məqsədilə bildirmək istəyirəm ki, 1980-ci ildə Təbrizdə anadan olmuşam. Orta məktəbdə mən fotoqraf təhsili almışam. Bununla yanaşı mən İran Gənc Kinematoqrafçılar Mərkəzi adlı böyük bir kollec var, ora gedirdim. Bu kollec böyük bir təhsil müəssisəsidir. Orta məktəbdə oxumaqla yanaşı mən həmçinin bu kollecdə kino dərsləri alırdım. Burada bizə ssenari, rejissorluq və montaj etməyi öyrədirdilər. Mən xoşbəxtəm ki, İranın ən məşhur kinorejissorları olan Məcid Məcidi, Həsən Həsəndust, Davud Davudi kimi ustadların tələbəsi olmuşam. İranda çoxlu tanınmış azərbaycanlı kinorejissorlar var. Məcid Məcidi isə azərbaycalı deyil, talışdır.  İranda belədir ki, rejissor olmaq istəyənlər özləri ustadları axtarıb tapar, sənətə mükəmməl yiyələnənədək onun yanından əl çəkməzlər. 1996-cı ildə kolleci başa vurandan sonra müəyyən vaxta qədər müxtəlif işlərdə çalışdım. Əvvəlcə operator köməkçisi, sonra rejissor assisenti kimi çalışaraq biliyimi və təcrübəmi artırdım. İran Gənc Kinematoqrafçılar Mərkəzində həm də gənclərə dərs keçməklə yanaşı onlara qısametrajlı filmlər çəkməyə imkan yaradırlar. İmkan yaradılır deyəndə ki, film çəkmək arzusunda olan gənclər kamera və digər texniki təchizatla təmin edilir. Film çəkilərkən, əsas vəsait tələb edən amil texniki təchizat məsələsidir. Digər tərəfdən qısametrajlı həvəskar film olduğu üçün elə də bir xərc tələb etmir. Sadəcə bu filmlə gənc rejissor necə yetişdiyini, kino sənətini necə öyrəndiyini göstərir. Əgər sənin ilk işin uğurlu alınarsa, prodüserlərin qapısı üzünə açılır, dövlət sənə yardım etməyə başlayır. 2000-ci ilədək mən heç bir film çəkməsəm də, kamera ilə işləməyi, montajı mükəmməl öyrəndim. 2001-ci ildə "Torənc" adlı 8,5 dəqiqəlik ilk filmimi çəkdim. "Torənc" xalça naxışı deməkdir. 2002-ci ildə bu film Beynəlxalq Tehran Film Festivalında iştirak etmək hüququ qazandı. Bundan sonra 4 qısametrajlı film çəkdim, 20-dək tammetrajlı filmi montaj etmişəm.

2002-ci ildən- 2006-cı ildə Təbrizdə fəaliyyət göstərən Azərbaycan Film Dərnəyinin montaj komitəsinin sədri seçilmişəm. Məlumat üçün qeyd edim ki, İranda bütün şəhərlərdə kino evləri fəaliyyət göstərir. Təbrizdəki azərbaycanlı kinematoqrafçılar bayaq adını çəkdiyim dərnəkdə cəmləşiblər. Bu dərnəyin idarə heyətini, həmçinin şöbələrin rəhbərlərini seçki yolu ilə seçirlər. Təxminən Azərbaycan Kinematoqrafçılar İttifaqı kimi bir təşkilatdır. Fərq yalnız ondadır ki, İranda bütün şəhərlərdə bir neçə belə təşkilatlar fəaliyyət göstərir.  2010-cu ildən Beynəlxalq "Rəhmət" Kinofestivalının xarici əlaqələr komitəsinin rəhbəriyəm.

 

 

Azərbaycanda da kinoda qadağan olunan məsələlər var...

 

 

- Son 10 ildə İranda sanki bir kino təlatümü yaşanır. Artıq İran filmləri Kann kimi mötəbər müsabiqənin qalibi olur və yaxud və Oskar kimi mükafat namizəd olur. Şəriət qaydaları ilə idlarə edilən və bir çox qadağaların, məhdudiyyətlərin mövcud olduğu bir ölkə olan İran bunu nəylə bacardı?

 

- Əslində İranda kino hərəkatı İslam inqilabından çox-çox əvvəl başlanılıb. İran kinosunun 100 ildən çox yaşı olsa da, dirçəliş 1969-cu ildə başladı. O dövrün kinolarından siz ola bilsin ki, Ququşun çəkildiyi filmləri nəzərdə tutacaqsınız. Amma bu belə deyil, ümumiyyətlə bu tip filmləri mən kino sənətinə aid etmirəm. 1969 rejissor Daryuş Mehrcuinin "İnək" filmi Moskva kinofestivalında 1-ci yerə layiq görüldü. Bundan bir müddət əvvəl isə İranın Mədəniyyət Nazirliyi kino sənayesinin inkişafı üçün bir sıra islahatlara start vermişdi. Kino evlərinin yaradıldı, xaricdən məşhur ssenaristlər, kinorejissorlar, prodüserlər İranda milli kadrların yetişdirilməsi üçün dəvət edildilər. Bu işlər böyük effekt verdi, kadrlar yetişdirildi, yəni milli baza yaradıldı. Bu da öz nəticəsini dərhal göstərdi və "İnək" filmi Moskvadan birinci mükafatla qayıtdı. İranda İslam İnqilabından sonra kinoda bir sıra qadağalar tətbiq olunmağa başladı. Amma bu qadağalar İran kinosunun ziyanına deyil, xeyrinə işlədi. Qadağalar İran kinosunu pis-pis şeylərdən təmizlədi, həm də filmlərin ideyalarında mənəviyyat, əxlaq və İran milli baxışı qabardıldı.

80-ci illəri İran kinosunun Qızıl dövrü hesab edirlər. Həm ssenari, həm rejissor işi, həm də aktyor oyunu baxımından ən gözəl filmlər o dövrdə çəkilib. O dövrün sənətkarları  da özlərindən sonra böyük bir kinematoqrafçılar ordusu yetişdirdilər. Yeni nəslin nümayəndələrindən təkcə Əsğər Fərhadinin adını çəkməyim kifayət edir. Onun "Ayrılıq" filmi həm ssenari, həm də rejissor işinə görə "Qızıl qlobus" alandan sonra həmin nominasiyalarda "Oskar"a da namizəd filmlərin siyahısına salındı. Bu gün İranda kino sənətinin inkşafı məhz dövlətin yürütdüyü siyasətin tərkib hissəsidir. Dövlət kino sənayesinin inkişafı üçün lazımi maddi yardımı əsirgəmir. Yəni bu sənətin inkişaf etməsində dövlət maraqlıdır.

 

- Şəriət qanunlarının yaratdığı qadağaların mövcud olduğu ölkədə kino dili ilə danışmağın hansı çətinlikləri var? Bu ideoloji təsirdə yetişən bir rejissorun başqa məkanda kino çəkməsində problem yaşanmır ki?

 

- İslam heç bip qadağa hökmü vermir. Əgər çətin olsaydı, İran filmi "Oskar"a, "Qızıl qlobus" layiq göstərilməzdi. İranda icazə verilməyən kadrları gedib xaricdə çəkmək mümkündür. İrandan kənarda hər hansı işə görə məsuliyyət daşımırsan. Ona görə də, qadağalar bəzi xıda texniki təfərrüatlarla bağlıdır. Sən dövlətə xəyanət etmə, dinə küfr etmə, get nə çəkirsən çək, buna görə heç kəs sənə bir söz deməz. Əgər İran vətəndaşısansa, kənarda sifariş alanda, həmin işində də İran əleyhinə heç nə olmalıdır. Bu gün Amerika ilə İran siyasətdə bir-birinin düşmənidir. Amma bu düşmənçilik mədəniyyətə və incəsənətə təsir etmir. İranlı kinorejissorlar Amerikada festivallara qatılırlar və yaxud tanınmış amerikan kinematoqrafçılar bizdə təşkil olunan festivallarda münsiflər heyətində təmsil olunurlar.

 

- Ərəblərə qapşı 22 il mübarizə aparmış Babək bizdə milli qəhrəman, İranda kafir hesab edilir. Əgər bir İran rejissoru gəlib, Bakıda Babək haqqında film çəksə onun aqibəti necə olar? Və yaxud sizdə Pişəvəri barədə film çəkmək olarmı?

 

 - Babək İranda da qəhrəman hesab edilir... Hətta farslar onu azadlıq simvolu hesab edirlər. O, vətən torpağını işğalçılardan qoruyub. Onun haqqında İranda indi də sənədli filmlər çəkilir. Seyid Cəfər Pişəvəri isə bəli, hökumətin qadağa qoyduğu mövzudur. Amma Səttarxan haqqında film çəkməyə icazə var. Ümumiyyətlə, İranın ərazi bütövlüyünün əleyhinə olan bütün şeylər qadağandır. Bunun xaricində nə istəsən edə bilərsən. Bu hər yerdə belədir. Azərbaycanda da kinoda qadağan olunan məsələlər var...

 

Bakıdakı müəllimlər mənim keçdiyim təcrübəni belə keçməyiblər...

 

 

- Azərbaycan kinoları barədə məlumatınız nə səviyyədədir? Orada Azərbaycan filmləri izlənilirmi? Bizim filmlərin nümayişinin orada qadağan olunduğunu deyilər.

 

- Belə bir qadağa yoxdur, sadəcə sizdən İrana film gəlmir, axı. Sizin filmləri Azərbaycanın özündə lazımi qədər nümayiş etdirmirlər... Çəkiləndən sonra rəfdə qalır.

 

- Bizim kinonun problemlərindən də yəqin ki, xəbərdarsınız. Sizcə bu problemi necə aradan qaldırmaq mümkündür?

 

- Məncə, sizin kino xadimləri bu işin həlli yollarını məndən yaxşı bilirlər. Çünki bu sizin daxili problemniz olduğu üçün onlar bu barədə nə vaxtdır çalışırlar. Sizin kino sənaysinə bələd olduğum üçün demək istəyirəm ki, sizdə əsas problem ixtisaslı kadrların çatışmamasıdır. Azərbaycanda hazırda gənclər bu istiqamətdə çox fəal iş aparırlar. Mən onlarda Fehruz Şamiyevin adını xüsusi çəkmək istəyirəm. Mən onunla "Start" Tələbə Filmləri Festivalında tanış olmuşdum. Çox istedadlı və işgüzar dostumuzdur. Bakı Film İnstitutunu təsis etdi və az müddət ərzində bu institutunun nəzdində kino-prodüserlik kurslarını təşkil elədi. O, çox düzgün yol tutub. Çünki bu gün Azərbaycan kino sənayesində prodüserə çox ehtiyac var. Onun ətrafında istedadlı gənclərin toplaşması və bu uşaqların əzmkarlığı məni çox sevindirir. Əmin olun ki, Azərbaycan kinosu bu işlərin nəticəsini yaxın zamanlarda hiss edəcək. Mənim bildiyimə görə, artıq Azərbaycan hökuməti də kino sənayesinin inkişafı üçün bir sıra islahatlar keçirir. Ona görə də çox ümidliyəm. Bilirsinizmi, bu gün çoxları maddi sıxıntılardan danışır. Pul əsas amil deyil. Görürsünüzmü, Fehruz bu işə girişəndən bəri necə böyük uğurlar əldə edib. "Start" Tələbə Filmlər Festivalı artıq kifayət qədər tanınır. Deməli, əsas iş görmək istəyi və buna nail olmaq üçün gecə-gündüz çalışmaq lazımdır. İş olan yerdə mütləq hər hansı nəticə olur və təcrübə artıqca nəticələr müsbətə doğru dəyişir.  Bilirsinizmi, Bakıda kino festival keçirmək nə qədər çətin olsa da, bunun böyük xeyri var. Fehruz bu çətinliyə baxmayaraq bu festvalı keçirir.. Çünki bu festivalda azərğbaycanldı rejissorun xarici rejissorla təmas yaratmaq onların iş metodu ilə tanış olmaq imkanı yaranır. Bu da böyük əhəmiyyət daşıyır. "Start" 2004-cü ildən keçirilir. Siz o dövrün filmləri ilə indiki filmlərinizi müqayisə edin aralarındakı böyük fərqi hiss edəcəksiniz. Ən azından filmlərin ideyasında səviyyə qalxıb. Digər tərəfdən filmlərin texniki göstəriciləri də xeyli mükəmmələşib. Bakı Film İnstitutunun kurslarında  xarici mütəxəssislər dərs deyirlər. Bu çox əhəmiyyətli addımdır. Mən 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetində oxumaq üçün Bakıya gəldim. Lakin gördüm ki, burada öyrədiləni mən 14-15 yaşımda İranda Gənc Kinematoqrafçılar Mərkəzində öyrənmişəm. Bakıdakı müəllimlər mənim keçdiyim təcrübəni belə keçməyiblər. Qəbul olunandan 3 ay sonra oradan ayrıldım. Ona görə də fikrimcə, Bakı Film İnstitutunun kurslarında 4-5 ay təhsil alan gənclər Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən daha çox şey öyrənəcəklər. Bu da zaman-zaman kadr çatışmamazlığını aradan qaldıracaq. Siz də ikinci ən böyük problem kino-prokatının olmamasıdır. Bu da yenə də peşəkar prodüserlərin olmaması ilə əlaqəlidir.  Rövşən İsaxın "Aktrisa" filminə baxmışam, çox xoşuma gəldi. Sizdə gənc rejissorlardan Samir Kərimoğlu, Fariz Əhmədov, Elməddin və Xəyyam Əliyevlərin qısmetrajı filmlərini görmüşəm. Onların gələcəyinə böyük ümidliyəm. Bu insanlar Azərbaycan kinosunun gələcəyidirlər. Əmin olun, bu istedadlı  gənclər sizdəki pullu iş adamlarını kinoya pul xəcləməyə inandıra biləcəklər. Sadəcə, səbr edib bir az gözləmək lazımdır.

 

İLTİFAT

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK