Sabir Rüstəmxanlının 80 illik yubiley gecəsi
Azərbaycan ədəbiyyatının görkəmli ictimai-siyasi xadimi, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında möhtəşəm ədəbi-bədii gecə keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Milli Kitabxanası tərəfindən teatrın foyesində geniş kitab sərgisi təşkil olunub.
Sərgidə Sabir Rüstəmxanlının müxtəlif illərdə nəşr edilmiş bütün kitabları nümayiş etdirilib. Eyni zamanda yubilyar haqqında son günlərdə çap olunan dörd yeni kitabın təqdimatı keçirilib. Kitab sərgisi ilə tanış olan mədəniyyət naziri Adil Kərimli nəşrləri Sabir Rüstəmxanlıya təqdim edib.
Tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Mədət Quliyev, millət vəkilləri, alimlər, yazıçılar, ictimai xadimlər və mədəniyyət nümayəndələri iştirak ediblər.
Gecə Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra Baş nazirin müavini Samir Şərifov çıxış edərək Baş nazirin yubilyara ünvanladığı geniş təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məktubda Sabir Rüstəmxanlının həm Azərbaycan ədəbiyyatı və mədəniyyəti, həm də ictimai-siyasi həyatındakı mühüm xidmətləri xüsusi vurğulanıb.
Ardınca millət vəkili, akademik Rəfael Hüseynov məruzə ilə çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığının milli düşüncənin formalaşmasında rolundan danışıb.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək yubilyarın Azərbaycan ədəbi-mədəni fikir tarixindəki yerini yüksək qiymətləndirib.
Millət vəkili, professor Fəzail İbrahimli isə çıxışında Sabir Rüstəmxanlının milli ideyaların və istiqlal düşüncəsinin təbliğindəki xidmətlərindən bəhs edib.
Türkiyədən gələn qonaq, yazıçı İmdat Avşar çıxış edərək Sabir Rüstəmxanlı haqqında Türkiyədə nəşr olunan kitabını təqdim edib və yubilyarın türk dünyası üçün önəmindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu isə çıxışında müxtəlif türk respublikalarının və xarici ölkələrin Yazıçılar birlikləri rəhbərlərinin təbriklərini çatdırıb.
Moskvadan tədbirə qatılan professor-alim Abuzər Bağırov çıxış edərək Rusiyadakı ədəbi çevrələrin salamlarını Sabir Rüstəmxanlıya çatdırıb, həmçinin yubilyara diplom və xatirə hədiyyələri təqdim edib.
Şair və publisist Aqşin Yenisey də çıxış edərək Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və xüsusilə gənc nəsil yazarların formalaşmasında mühüm rol oynadığını bildirib.
Tədbirin bədii hissəsində Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Əməkdar artist Elnar Qarayev "Yandırar məni" və "Anaya məktub" şeirlərini təqdim edib. Xalq artisti Mehriban Zəki, Kamran Yunus, Sabir Məmmədov və Tural Əhməd yubilyarın şeirlərindən nümunələr səsləndiriblər.
Əməkdar artist Laləzar Mustafayeva da gecədə çıxış edərək Sabir Rüstəmxanlının bir neçə şeirini təqdim edib.
Xalq artistləri Ağadadaş Ağayev, Faiq Ağayev və Aynur İsgəndərli Sabir Rüstəmxanlının sözlərinə bəstələnmiş mahnılarla çıxış ediblər. Gecədə həmçinin xorun ifasında "Millətəm" mahnısı səsləndirilib.
Əməkdar artist Hüsniyyə Mürvətova "İnansa Təbriz deyil" şeirini canlı musiqi müşayiəti ilə təqdim edib. Gecədə Atatürk Liseyinin şagirdlərinin ifasında "Qarabağa dönüş" kompozisiyası nümayiş olunub.
Tədbir çərçivəsində ssenari müəllifi Sabir Rüstəmxanlı olan "Cavad xan" filmindən bir hissə nümayiş etdirilib. Sonra Sabir Rüstəmxanlının nəvələrinin şeir təbriki dinlənilib.
Sonda Sabir Rüstəmxanlı çıxış edərək yubiley tədbirinin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Gecə "Zəfər" rəqsi ilə yekunlaşıb.
Digər Xəbərlər
26 May 2026 14:26
Kəndlərimiz niyə boşalır... - İlqar Əlfioğlu yazır
25 May 2026 13:00
Səkkiz martdan əvvəlin və sonranın statusları - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:45
Qələm olanlarla qələmin olanlar - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:43
Aysel Nəsirzadənin imza günü keçirildi
24 May 2026 20:32
Əbülfət Mədətoğlu oxucularla görüşdü - VİDEO
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28
Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?
21 May 2026 21:36


Bakı -°C

