adalet.az header logo
  • Bakı 13°C
19 Aprel 2021 12:01
18424
MƏMLƏKƏT
A- A+

Həzrəti İbrahim olmaq! - İlqar Kamil yazır

İftarı gözləyərkən

Həzrəti İbrahim olmaq!

Həmişə dostlarıma deyirəm, baxın, ət də eyni, duz da eyni, hətta aşpaz da eyni, amma kotlet heç vaxt kababın yerin (oxu: dadın) vermir, niyə? 
Çünki ocaqları fərqlidir.
Yəni, məsələ yanmaq deyil, kimin və nəyin oduna yanmaqdır! Şair necə demişdi,
Acı bibərin tumu da qara,
yarın üzündəki xalı da qara;
hər iki qara yandırıcıdır,
amma bu hara, amma o hara!
Yadımdadı, kəndimizin axundu hər ramazan ayı alnının tərini silə-silə danışardı ki, "ramazan" sözünün bir mənası da yandıran deməkdir: günahları yandıran, xətaları yandıran, artıq-urtuqları yandıran... bir var, nəyisə silib atırsan, bir də var od vurub yandırırsan. Psixoloqlara görə ikinci daha effektlidir. 
Məsələn, beş-altı orucluq qabaq narahat fikirlərindən şikayətlənib "nə billah edirəmsə onları beynimdən ata bilmirəm" deyə məndən kömək istəyən bir əzizimə elə belə də demişdim: yaz onların hamısını bir vərəqə, sonra apar yandır, quş kimi olacaqsan!
Odur, diqqətlə baxmalıyıq, biz nələri İlahi atəşə atmağa hazırlaşırıq bu ay, varmı əlimizdə belə bir siyahımız? Hansı artığımız, hansı yükümüz, hansı cəhətimiz yanıb kül olmalıdır? Hansı düyünümüz çözülməli, hansı bağımız yanıb qırılmalıdır? Bu konteksdən baxanda orucluq ayına daxil olmaq, əslində, özünü oda atmaqdır. Görək o tərəfdən çıxanda yerdə səndən nə qalacaq!
Məhz bu məqamda Əli Şəriətinin böyük sözü yerinə düşür: Atəş səndə yandırmağa heç nə tapmayacaq, əzizim, İbrahim olmaq, bax, budur!
Şəxsən mənə Ramazan ayının fəlsəfəsini bir cümlədə izah edin desələr, məmnuniyyətlə eyni cavabı verərdim:
İbrahim olmaq!
Odur, həmişə dostlara deyirəm, baxın, ət də eyni, duz da eyni, hətta aşpaz da eyni, amma kotlet heç vaxt kababın yerin (oxu: dadın) vermir, niyə? Çünki ocaqları fərqlidir. Yəni, məsələ yanmaq deyil, kimin və nəyin oduna yanmaqdır! 
Deyir, qiyamət günü cəhənnəm qapıçısı soruşar:
- Bu qulun xətası nədir?
- Adam öldürüb.
- Atın atəşə, yansın!
- Bəs bu neyləyib?
- Oğurluq...
- Atın oda, yansın!
- Yaxşı, bəs bu beçaranın günahı nədir? 
- ...Sevib, hakim bəy, sevib...
- Hmm, buraxın getsin, cəhənnəm atəşi külləri yandırmır.