Şairə, yazıçıya hər missiyanı yüklə, amma...  - Eminquey yazır

EMİNQUEY AKİF
60389 | 2021-02-25 22:53

Bir şeiri yazmaq üçün bəzən 10 il gözləməli olursan. Məsələn, bir roman (hətta ən zəifi belə) 10 dəqiqəyə ərsəyə gəlmir. Əmək və əziyyət sərf olunur. Və yaşantılar, müşahidələr. Və səhərsi sən bu əməyini maddi dəyərə çevirəndə kənardan nə qədər desən mıx müəllimlər ortaya çıxır ki, bəs kitabın bahadı, bəs kimdir oxuyan?!.

Mən kitabımı çap etdirəndə arxayın idim ki, tirajımı son dənəsinə kimi satıb qurtaracam. Elə də oldu. Əgər bu ölkədə, 10 milyonun içindən iki yüzcə oxucum da yoxdursa, niyə yazıram? 

Kim deyirsə ki, mən özüm üçün yazıram, inanmayın. Yaradıcılıq eqo məsələsidir. Yaradıcılıq özünü cəmiyyətə, dünyaya sübut etmək eqosudur. Diqqət görməyən sənət adamı məhv olar. Bu mənada mən də var olmaq üçün, varlığımı sübut etmək üçün yazıram. 

Amma ümidsizliklər adamı tez dartır özünə. Fəst fudlar kimi. 

Rusiyada indiyə kimi davam edən ənənələr var. Ölkənin yaxşı imzalarına xalqdan xüsusi hörmət. Məsələn, Andreyin kitabı çap olunur. Onu oxuyan biri zəng vurub evinə, ya da bir məkana dəvət edir. 20-30 dostuna da xəbər verir ki, bu gün şair Andrey qonağımdı, yığılın, gəlin. Şairi qonaq edirlər, axırda da hamısı yığılır, bir pul atır ortaya. Verirlər Andreyə ki, al bu pulu, get, bundan da yaxşısını yaz. Müdirim danışır ki, o vaxt tədqiqatçı Firidun Şuşinskiyə də belə münasibət vardı. Azərbaycanda! O heç vaxt heç bir yerdə rejimlə işləmədi. Yazdı, bəhrəsini yedi. "Şairi xalq saxlayar" deyimi burdan yaranıb da. Şairi xalq saxlayar deyəndə alt qatında bu da var. Sən ona dəstəyini hiss etdirməlisən. 

Türkiyədə Yılmaz Özdil fırtınası var. 300 min tirajla satılır. Narazıdırlar. 80 milyonluq xalq üçün azdır, amma bizim üçün fantastikdir. Ən azından formalaşdıra biliblər oxucu ilə münasibətləri. 

Rusiyada ortabab yeni imzalardan biri kitabını 1000 rubla satırsa, imzalı 3000 rubla satır. Bu, imzaya olan dəyərdi. Oxucu dəyər verirsə imzasına alır. Maddiyyat mənəvi dəyərlə həmişə nizam təşkil edib. Heç vaxt bir-birindən ayrılmayıblar.

Hesablamışam, keçən ilin fevralından bu yana satılan 200 kitabımın (birbaşa özüm imzalayıb satmışam) təxminən 150-sini qadınlar alıb və Mənim üçün ilkdir ki, kiçik oxucu kütləmlə kiçik tirajlı kitabımın hamısını satıb qurtarıram. 20 kitab qala, ya qalmaya. Bu, Azərbaycanda oxucu genderinin göstəricisidir, ya yox, bilmirəm, amma mənə görə maraqlı göstəricidir. Və sizə deyim ki, kitabın qiymətindən artıq dəyəri də (həm maddi, həm də mənəvi) elə qadınlar verib. Baxmayaraq ki, kitabı 10 manata satanda, bəzi dostlar "bahadır" deyirdilər. İstənilən halda sevindiricidir. 

Və qeyd edim ki, kitabımın çapına öz cibimdən pul xərcləməmişəm. Şeirlərimə dəyər verən bir xanım maddi dəstək verib.

Bu gün Xatirə İslam deyəndə ki, TV məni çağırırsa pul ödəməlidir, hamı şoka düşür, daş-qalaq edir. Xatirə düz deyir! Bilirsiniz niyə? Məsələn, Xatirə, yaxud qeyriləri TV-dən, saytdan dəvətə görə qonorar alsalar (ki, bu dünyada belədir) toy üçün bayağı mahnı oxumaqdan da əl çəkərlər, ucuz mahnıçılara mahnı yazdırmaqdan da. Həmçinin də şairlər, yazıçılar. Problemin kökü dərindir e. Əvvəlcə cəmiyyəti düzəltmək lazımdı. Ki, müğənni sizin kuklanız, təkxəyiniz deyil, gəlsin, toyda sizi əyləndirsin. Şair, yazıçı dilənçi deyil, sadəcə sizdən dəyər görmək istəyir. Daha keyfiyyətli əsərlər ortaya qoymaq üçün...

Əgər sənətçilərinizin, şairlərinizin, yazıçılarınızın sizdən olmağını istəyirsinizsə, bütün missiyaları onların çiyninə yükləyirsinizsə, onun arxasında durmalısınız. 

Şükür edin ki, imzamızı pulla satmırıq. 

TƏQVİM / ARXİV