SON DƏQİQƏ:

OTUZ SƏKKİZ İL…

  43843   |  
Şriftin ölçüsü  

… O illər, o günlər, o aylar yadımıza düşəndə bir anlıq da olsa cavanlaşır, gəncləşir və qayğısız günlərimizə dönürük. O günlərə ki, bizim heç bir dərdimiz, qəmimiz, kədərimiz, həsrətimiz yox idi. Bircə qayğımız vardı: imtahanları verib qurtarmaq, bir də istirahət vaxtı yaxşı dincəlmək. Bir balaca imkanımız olanda, özümüzü yaxşı hiss eləyəndə, kefimiz kökələndə o dəqiqə ya Şamaxıya, ya Qubaya, ya da Lənkərana gedərdik. Orda da o qədər dost-tanış və doğma insanlar vardı ki, əlimizi cibimizə salmağa qoymazdılar. Nə başınızı ağrıdaq, yeyib-içər və gəzərdik…

Tələbəlik illər insan ömrünün ən yadda qalan anlarıdır. Tələbəlik həm də gəncliyin sınaq çağıdır. Bu illərdə biz çox şeyləri öyrənə bilmişik. Yəni nə öyrənməli yaxşı şey vardısa, elə bu illərdə əğz eləyə bilmişik. Bəzi tələbə dostlarımız yaxşı oxumaqla yanaşı, yaxşı da yeyib-içirdilər, zarafatlaşırdılar. Hər hansı biri məclisdə olmayanda o dəqiqə yeri görünürdü. Amma elə ki, imtahanlar yaxınlaşırdı, yavaş-yavaş qayğılarımız çoxalar və sıxıntılarımız da artardı. İmtahanları verdik ki, qırışığımız açılardı. Elə bil yaz gələndə insanın ovqatı, qırışığı necə açılırsa bizim də əhval-ruhiyyəmiz o cür durulardı. Duru yazın duru havasında dupduru dənizə baxmağın özgə ləzzəti vardı…

Axı tələbəlik illərindən danışıram. Bizim tələbəlik illərimiz 1974-1979-cu illəri əhatə edir. Həmin dövrdə biz Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsində oxuyurduq. Uşaqlarımız indi də bir-bir yadıma düşür: Loğman, Səadət, Rəhman, Nizaməddin, Şünasib, Əhməd, Beydulla, Qismət, Azər, Əli, Ağalar… bir az bu yerdə kövrəlirəm. Çünki adını çəkdiyim bir neçə tələbə dostlarımız Allahın dərgahına qovuşublar. Heç Qismət Babayevi, Nizaməddin Rəfiyevi, Ağalar Mirzəni, Əli Səfəroğlunu, Vaqif Əliyevi… unutmaqmı olar? Onlar öz həyatlarını yaşadılar və bir gün də Allahın dərgahına köçdülər. Allah o dünyalarını versin! Tez-tez onları xatırlayırıq, yada salırıq. Çünki şairlər və yazıçılar heç vaxt ölmürlər. Əli Səfəroğlu da, Ağalar Mirzə də, Qismət də gözəl şairlər idi. Bu gün də onların şeirləri aşıqlar tərəfindən oxunur, müxtəlif televiziya kanalarında səsləndirilir.

Onda dünyanın yaxşı vaxtı idi. Səhv eləmirəmsə 3-cü kursda oxuyurduq. Mən də kəndə evimizə getmişdim. Evimizin çöldəki pilləkənlərində oturub kitab oxuyurdum. Bir də gördüm ki, həyətimizə bir «Jiquli» girdi. Sükan arxasında tələbə dostum Çingiz əyləşmişdi. Onun yanında yeznəsi və bir də fotoqraf Ağakişi oturmuşdu. Arxada isə mənim çox hörmət elədiyim və yaxın dostum İbrahim Mehdiyev əyləşmişdi. Onlar həyətə daxil olan kimi ayağa qalxdım və maşına sarı yeridim. Maşını saxlamaqları ilə hay-küyləri həyəti buruməkləri bir oldu.

Rəhmətlik atam ikinci mərtəbədən aşağı düşdü. Rəhmətlik anam dedi ki, a kişi, Faiqin tələbə dostları gəlib. Atam da çox ağayana və qonaqsevər bir kişi olub. Evdə qonaq olmayanda həmişə darıxırdıq. Qonaqları görəndə elə bil ki, atamın gözünə işıq gəldi. Onlar hamısı atamla öpüşüb görüşdü və biz ikinci mərtəbəyə qalxdıq. Bir göz qırıpımında atam göstəriş verdi ki, qapıdakı qara erkək kəsilsin. İki daşın arasında qəssab İrəvanı tapdılar, o da qara erkəyi kəsdi, yaxşı yerindən kabablar çəkdi. Bir qədər də buğlama bişirdilər. Atam rəhmətlik qardaşıma dedi ki, get təcili dayını gətir, de ki, Faiqin tələbə yoldaşları gəlib. Çünki o olmasa məclisi aparan olmayacaq. Nə olsun ki, bunlar jurnalist olacaqlar. Ancaq Hidayət həkimin ağzından dür tökülür. Qardaşım da Hidayət həkimi tapıb gətirdi, yemək hazır olana qədər o gəlib çıxdı. Və stolun arxasında gözəl bir tamadalıq da elədi. Yaxın qohumlarımız da tələbə yoldaşlarımın gəlişini eşidib bizə təşrif buyurdular. Həmin vaxt Ağakişi çoxlu şəkil də çəkdi. Qoyunun kəsilməsi anından tutmuş yeyib-içmək məqamına qədər hamısını lentə aldı. Həmin şəkillər bu gün də ata evimizdəki albomda durur. O şəkilərə baxanda kövrəlirəm, atalı-analı və qardaşlı günlərim yadıma düşür…

… Mən həmişə müəllimlərimi və tələbə dostlarımı çox istəmişəm. Onlardan ikisiylə – Rəhman Salmanlı və Loğman Rəşidzadə ilə tez-tez telefon əlaqəsi saxlayıram. Həmişə də danışanda ötən günləri xatırlayır, sevincli və kədərli anlarımızı yada salırıq. Bir az kövrəlirik, bir az gözümüz dolur, sonra da bu boşluq aradan qalxır və rəngimiz-ruhumuz durulur…

Elə tələbə yoldaşlarım var ki, düz 38 ildir görmürəm. Düz 38 ildir onlarla heç bir əlaqəm yoxdur. Elə hərdən bir eşidirəm ki, qazaxlı Nailə Almaniyadan gəlib Bakıya, bir-iki tələbə dostumuzla görüşüb və sonra da qayıdıb Almaniyaya. Abdulla Məcid bizim tələbə dostlarımız arasında bir körpü yaradır. Məni də tez-tez qınayır ki, sən uşaqlara qaynayıb qarışmırsan. Bəlkə də onun sözündə bir həqiqət var. Amma o həqiqəti də qəbul eləmək lazımdır ki, bu gün hər birimizin o qədər qayğısı var ki, başımız açılanda özümüzü çox rahat hiss edirik. Başımız açılanda deyirəm ha! Başımız da çox nadir hallarda açılır…

Aprelin 5-də təxminən saat 12 radələrində redaksiyamızın dəhlizində tanış səslər eşitdim. Gördüm ki, kimlərsə «Faiq, Faiq» deyirlər. Otaqdan dəhlizə çıxdım və Abdulla Məcidi gördüm. Sonra bir gözəl xanım gəldi. Abdulla dedi ki, bunu tanıyırsanmı? Təbii ki, müəyyən cizgilərindən az da olsa oxşatdım. «Nailədir»- dedim. Düz 38 ildir bu Nailə canıyanmışı görmürdüm. İndi tələbə vaxtından olduğundan daha da gözəl idi. Zarafat eləyirəm e, elə canıyanmış tələbə vaxtı da qəşəng idi. Qazaxlı olasan, şirin dilin olmaya? Onun şirin dili ilanı da yuvasından çıxarardı. Tələbə dostlarımızdan biri istədiyi qıza xəbəri onun vasitəsiylə göndərirdi. Nailə də o xəbəri olduğu kimi qıza çatdırırdı. Həmin tələb dostlarımız ailə qurdular. İndi də xoşbəxt yaşayırlar. Tələbə vaxtı Nailəni necə səmimi, necə sadə görmüşdümsə, elə indi də o cür idi. Çöhrəsindən nur yağırdı. Məni qardaşı bilib bağrına basdı. Elə mən də onu bacı kimi bağrıma sıxdım. 38 il bundan əvvəlin sevincini, fərəhini bir yerdə yaşadıq…

… Bir az keçdi Xavər gəldi. Xavər də çox zəhmətkeş və savadlı bir xanımdır. Tələbə vaxtı da hər bir əziyyətə qatlaşardı, öz gücünə, öz zəhmətinə imtahanları verərdi. Onsuz da bu həyat hərəmizi bir cür sınağa çəkir, bir cür öz imtahanından keçirir. Və Xavər xanım da həyatın bu imtahanlarından – qarından, çovğunundan, sıxıntılarından keçməyi bacaran ziyalıdır. O heç vaxt çətinlikdən, zəhmətdən qorxmayıb. Elə buna görə də həmişə hər şeyə üstün gəlib…

… Əkbər isə elə-belə oğlan deyil. Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə mən Müdafiə Nazirliyinin briqadası ilə cəbhə bölgəsinə getmişdim. Laçında olarkən Əkbərlə rastlaşdım. Gözlərimə inanmadım. Gördüm ki, Əkbər əynində zabit paltarı artilleriya komandiridir. Öpüşüb görüşdük. O isə heyrətləndi ki, mən Laçına necə gəlib çıxmışam. Dedi rəhmətliyin oğlu, canından bezmisən? Hər an burda ölüm ola bilər, Mən də dedim ki, qardaş, səndən artıq oğlan deyiləm ki, sən odun-alovun içindəsən, mən niyə kənarda qalmalıyam? Bax, onda Əkbərlə bir-iki saat bir yerdə olduq və bir stəkan da səngərdə çay içdik. O çayın dadı-tamı heç vaxt yadımdan çıxmayıb…

Tələbə dostlarımız təsadüfən bizim redaksiyaya təşrif buyurmamışdılar. Onlar bizim hamımızın sevimlisi və böyük qardaş saydığımız «Azərbaycan» qəzetinin əməkdaşı Rəhman Salmanlıya həyat yoldaşı Kəmalə xanımın vəfatından kədərlənərək başsağlığı verməyə gəlmişdilər. Rəhman bizim qrupun ağsaqqalı olub. Heç vaxt dərdini, kədərini, qəmini kiminləsə bölüşməyib. Amma birimizin sıxıntısı olan kimi, dərdi olan kimi yanımızda olub və bizə «qorxma» deyib. Biz tələbə dostları da Rəhmanın hüznlü anlarında onu heç vaxt tək buraxa bilməzdik. Çünki Rəhman çox böyük ürək sahibi, çox böyük qəlb sahibidi. Əgər desəm ki, Rəhmanın ürəyinə bu dünya sığar, səhv eləmərəm…

Bir anlıq o illərə qayıtmağımız, tələbəlik illərini yada salmağımız Nailəni də, Abdullanı da, Xavəri də, Əkbəri də, məni də gövrəltdi. Nə yaxşı onlar vaxt tapıb 6-cı mərtəbəyə mənim yanıma qalxdılar. Nə yaxşı biz görüşə bildik və tələbəlik illərini yada saldıq. Və nə yaxşı ki, bu çətin zəmanədə ağrılı-acılı günlərdə və aylarda dostlarımız bir-birini arayıb-axtarır. İnsan bir-birini arayıb-axtaranda daha böyük olur, daha güclü özünü hiss eləyir…

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK