adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QAPI ARXASINDAKI ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
75921 | 2009-11-07 00:58
... Son dərəcə həzin bir sükut var. O qədər həzindi ki, hətta öz hənirini də, ürəyinin çırpıntısını da duymaq, eşitmək mümkündü və mənə elə gəlir ki, bütün dünya indiki anda məhz həmin sükutun ovcunun içərisindədir. Kimsə qəflətən hər hansı bir hərəkət etməklə o sükutu sıxıb saxlayan barmaqları boşalda bilər və...sükut bir anda ovcun içindən qanadlanıb uçar... qəfəsdən azadlığa büraxılmış bülbül kimi.
   
   Bəli, qəfəsdən buraxılan bülbülün özünü ağacların arasına necə təpdiyini, budaqları bir-bir necə sanadığını yəqin ki, müşahidə etmisiniz. Mən də görmüşəm o mənzərəni... və hətta uşaq yaşlarımda, özü də daha çox qış fəslində soyuqdan qorunmaq üçün özünə əl damımızı, lap elə tövləmizi sığınacaq seçən sərçələri də çox asanca tutub ovcumda saxlamışam və sonra onları havaya atanda bir çaşqınlıq içərisində gizlənməyə çalışdıqlarını axıra kimi müşahidə etmişəm. Həmin anlarda da yadıma ilk düşən bu olub ki, o qüşcığaz canını xilas etdiyinə sevinir. Amma bilmir ki, mən sadəcə onunla əylənmişəm. Ona hansısa bir xətər toxundurmaq istəyim olmayıb.
   
   İndi xatırlatdıgım o sükutun qoynunda keçmişi xəyalımdan keçirə-keçirə gözümün önünə gətirirəm ki, bu otağın qapısı ardında kimsə dayanıb. Əslində o qapı arxasında dayanan da mən özüməm və dörd divarın içərisində duyğularla, yaşantılarla baş-başa qalan da... Onların problemləri tamam fərqlidir. Qapı arxasındakı çörək qazanmaq, işləmək, ailə qarşısına üzüağ çıxmaq, dostun, düşmənin yanında sınmamaq, millətə, vətənə xidmət barəsində düşünür, çabalayır. Yəni qapı arxasındakıyla dörd divar arasındakı mənin indiki anda yerlə göy qədər uzaqlığı, iynə ucu boyda da yaxınlığı var. Bu ikiləşmə sadəcə ilin, günün müəyyən məqamında, müəyyən anında baş verir. O maqam isə saydıqlarımdan özümün qopub ayrılmaq anımdı. Bu nə tərki dünyalıq deyil, nə də sufilik. Sadəcə mən həmin anda yalnız və yalnız özümü Allahımın hüzurunda, onun itaətində görürəm, unuduram hər şeyi. Bircə həmin o həzin sükutun pıçılıtılarından başqa.
   
   
   
   dörd divar
   
   arasında
   
   ikimiz-
   
   sözümüz
   
   səsimiz
   
   nəfəsimiz...
   
   qarışıb
   
   bir-birinə
   
   amma
   
   bu dörd divar
   
   arxasında
   
   qalan həyat
   
   səssiz,
   
   sözsüz,
   
   nəfəssiz-
   
   qəfəsimiz...
   
   gülməyin
   
   bu şeirə siz-
   
   beləcə anlaşılmaz
   
   bir sevgi
   
   yaşayırıq biz!
   
   
   
   ***
   
   İnsan bütün həyatı boyu yol gedir. Hökm deyil ki, addımlasın, maşında, təyyarədə, bir sözlə nəqliyyatda olsun. Mənə görə hətta yuxuda da yol gedir insan. Sükut insanın hərəkətdən saxlayan yeğanə andır. Mənə görə insan nə qədər ki, düşünür, nə qədər ki, xəyal qurur, arzuların qanadında əyləşir, deməli, o hərəkətdədi. Çünki xəyaldan xəyala, arzudan arzuya mütləq bir yol keçilməlidir. Bu yol insanın duyğularının, hisslərinin, düşüncələrinin keçdiyi yoldur və fikrən qət edilən yol bəlkə də heç bir ölçüyə sığmır. Onu ölçü vahidlərinə sığışdırmaq qeyri-mümkündür. Çünki bir insanın fikrinin, xəyalının, düşüncəsinin boyunu, sürətini, addımlarının ölçüsünü heç nə ilə müəyyənləşdirmək zənnimcə mümkün deyil. Yəni belə bir cihazın olduğu barədə məndə məlumat yoxdu. Ona görə də sükutdan başqa qalan bütün hallarda insanın hərəkətdə olduğuna mən inanıram. Sükut isə mənim aləmimdə iki formada mövcuddur. Bir dünyanı dəyişmə, yəni cismən insanlardan, həyatdan ayrılmaq, bir də dörd divar arasında Tanrının dərgahında dayanmaq...
   
   Bəzən deyirlər ki, filankəsin bəxti yeyindi, üzünə qapılar açılır. Bilmirəm, burda nə qədər məna, nə qədər şərhlər var, mənə elə gəlir ki, qapıları bir Tanrı aça bilər, bir də onun diqtəsi ilə hər kəsin özü. Çünki açılan qapılar ən azı çox böyük bir faizlə məqsədli, təmənnalı olur.

TƏQVİM / ARXİV