Mark və bizimkilər - Pərvanə BAYRAMQIZI yazır
Xətir-hörmətə işləyən qəzetlər var; səhifələrində titullu, vəzifəli adamların yazdıqları, yaxud onların tanışlarının, tapşırdıqlarının cızma-qaraları dərc edilir. Yox, elə-belə qəzetlər sırasında deyil, adı nüfuzlu qəzet kimi çəkilir. Əminəm ki, sahibi, əməkdaşları istedadlı, amma tanınmayan şəxslərin göndərdikləri yazılara baxmır, baxsalar da bircə səhifəsini də onlara ayırmırlar, çünki onda söz yığınından ibarət olan mətnlərə, şeirlərə yer qalmaz.
Ədəbiyyat nəzəriyyəsindən heca sayı, qafiyə uyğunluğu öyrənmiş alimlərin şeir yazmaqlarına, dərc edilib şair kimi tanınmaqlarına (gülməli şəkildə tanınmaq olsa da) bu cür qəzet sahibləri imkan yaradır.
Feysbuk profili özünü təqdim etmək üçün əlverişli məkandır, adamlara gözəl şərait yaradır. O, nə hansısa ədəbi orqan, nə ədəbi dərgi, nə də redaktordur. Fikirlərini bölüşmək, qabiliyyətini göstərmək üçün kimsəyə minnət etməli olmursan. Arın-arxayın yazırsan, ideyalarını ötürür, özünə həmfikir qazanırsan. Nə kimdənsə yazdığını dərc edəcəyini gözləyir, nə də xahiş edirsən. Feysbuk çoxunu hətta yaltaqlanmaqdan xilas edir. Minnət, xahiş, tapşırıq, şəxsi münasibət nə olduğunu bilməyən Marka təşəkkür düşür. O, feysbuku yaratmasaydı ədəbi orqanların qəzet-jurnalarında indikindən betər hallar baş verərdi. Mark feysbuku bəzi ədabaz, xətir-hörmətə, münasibətə işləyən redaktorlara rəqib hazırlayıb.
O da var ki, hər kəs profilini öz mənəviyyatına uyğun işlədir. Markın verdiyi imkan sayəsində burda da istedadlı-istedadsız bəlli olur. Burda da yaltaq, saxta olduğunu büruzə verənlər var, demək istədiyim budur ki, profillər çap olunmaq minnətinin qarşısını alır. Sosial şəbəkəyə, saytlara dırnaqarası baxanlar qəzet satışına nəzər salsınlar. (Qəzetin acınacaqlı aqibəti ürəyimdən olmasa da deməyə məcburam) Reallıq budur. Doğrudur, feysbuk qəzet, jurnal deyil, amma onlardan oparativdi. Eyni zamanda, burda ədəbi nümunələr tapmaq olur və müəlliflər sərbəst fəaliyyət göstərirlər. Ta bəzi redaktorların kaprizlərinə dözməli olmurlar.
Bəzən sənə pislik edən, əslində, yaxşılıq etmiş olur. Onun yaratdığı şəraitsizlik sənə yeni şərait yaradır. Sənin lehinə işlədiyini özü bilmir. Bilsə, həmin pisliyi etməz ki, sənin üçün fayfalı olmasın. Pisi pisliyindən yalnız "yanlış" nəticə çəkindirə bilər.


Bakı -°C

