adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2025 09:00
51
LAYİHƏ
A- A+

ŞANLI QƏLƏBƏYƏ GEDƏN YOL

Biz bu yolu nə az, nə çox düz 30 ilə yaxın gözləmişdik. Biz bu yol uğrunda olmazın əzab-əziyyətin, çətinliyin, iztirabın yaşamışdıq.  Bir milyondan çox məcburi köçkün evsiz-eşiksiz qalmış, çətin anlar yaşamışdı. O çətin anlar ki bir çox insanlar bu dərdə-kədərə, bu ələmə dözə bilməyib həyatla  vidalaşdılar. Amma Allah-Təala bizim xalqı, bizim milləti, bizim ölkəni sınmağa qoymadı. Düzdür, dərddən-kədərdən, ələmdən əyildik, amma sınmadıq. 

Və bir də bizi sınmağa qoymayan hər an, hər dəqiqə xalqın, millətin, xüsusən də məcburi köçkünlərin  arasında olan Ulu Öndər Heydər Əliyev idi. O,  1994-cü ilin əvvəllərində məcburi  köçkünlərlə  İmişlidə olan görüşündə demişdi ki, biz nəyin bahasına olursa-olsun Füzuliyə, Cəbrayıla, Qubadlıya,  Zəngilana, Laçına, Kəlbəcərə, Ağdama, Şuşaya qayıdacağıq. Bəli, bunu  Ulu Öndər Heydər Əliyev hələ o vaxtlar demişdi  və xalq da Ümummilli Liderin dediyinə inanmışdı və güvənmişdi. Çünki Azərbaycan xalqı yaxşı bilirdi ki, Ulu Öndər bir söz deyəndə onun məsuliyyətini hiss edir və birmənalı olaraq millətə verdiyi sözü yerinə yetirir. 

Bu da 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ savaşı. Yer-göy, aləm bir-birinə dəydi. Millət və Ordu 30 il içində gəzdirdiyi dərdi, kədəri artıq bir dəmir yumruğa çevirmiş və yağı düşmənin üstünə hücuma keçmişdi. Əlbəttə, bu mübarizəni, bu gücü, bu qüvvəni toplamaq üçün müəyyən zaman kəsiyi lazım idi. Və  30 ilə yaxın müddətdə də Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi arsenalını daha da gücləndirmişdi. Dünyanın ən müasir  döyüş texnikası və silahları Azərbaycan Ordusunda mövcud idi. Təbii ki,  döyüşün ilk günlərində də erməni işğalçıları bunu çox yaxşı hiss etdilər. O vaxt Qarabağda olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyirdi ki, mən müharibənin üçüncü günü  hiss etdim ki, biz məğlub olacağıq. Çünki Azərbaycan Ordusunun ildırım  sürətli hücumunun qarşısını  almaq heç cürə mümkün deyildi. Bizim hərbi hissələrin komandirləri, hətta generalları müharibənin üçüncü günü başlarını itirmişdilər. Mənim özüm də gördüm ki, vəziyyət  çox mürəkkəbdir, Qarabağdan  Ermənistana  getdim. 

Bu düşmənin sabiq prezidenti Robert Köçəryanın  dedikləridi. Ən azından ona görə ki, onlar uzun müddət  belə bir mif yaratmışdılar ki, erməni ordusu çox qüdrətlidi və onun qarşısına heç bir qüvvə çıxa bilməz. Xüsusən də  Tovuz istiqamətində aparılmış döyuşlər zamanı  general Polad Həşimovun öldürülməsi onları çox ruhlandırırdı. Və həmin vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən həmin döyüşdə iştirak edənlərə medal da verilmişdi. Amma bu medal onlara baha başa gəldi. Çünki Azərbaycan ordusu Tovuz istiqamətdə mövqelərimizi geri qaytardı və eyni zamanda 2020-ci ilin  sentyabrın 27-30 arasında Füzuli və Cəbrayılın 8-ə yaxın  yaşayış məntəqəsi erməni işğalından  azad olundu. Bir neçə günün içində 30 il ermənilərin qurduğu müdafiə xəttinin darmadağın edilməsi və yaşayış məntəqələrinin azad olunması  onu göstərirdi ki, qüdrətli ordumuz çox qısa zaman kəsiyində işğal altında olan bütün torpaqlarımızı azad edəcək.

İkinci Qarabağ savaşında Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edən tank komandiri Elçin Tehran oğlu Süleymanov həmin vaxtlar deyirdi ki, ermənilər bizim güclü hücumumuzun qarşısını heç cürə ala bilmirdi. Çünki generaldan tutmuş sıravi əsgərə qədər hamı çox yüksək döyüş ruhuna malik idi, qələbəmizə inanırdı. Bizim bir çox tankların üstündə «Heydər Əliyev uğrunda!», «İlham Əliyev uğrunda!», «Vətən uğrunda!» sözləri yazılmışdı. Mən öz tankımla bir neçə erməni  mövqeyini darmadağın etdim. Sonra elə oldu ki, mənim idarə etdiyim tankı ermənilər vurdular, amma biz ordan salamat çıxdıq. Sabahı günü isə yeni tankla və ekipaj üzvləri ilə biz Cəbrayıl  istiqamətində döyüşlərimizi davam etdirdik. İçi mən qarışıq  heç kim ölümdən qorxmurdu, əksinə biz hamımız döyüşə düşməni öldürməyə gedirdik və şəhid olacağımızdan belə çəkinmirdik. Çünki Vətənin yolunda ya qalib, ya qazi, ya da şəhid  olmaq lazımdır. Biz qalib olduq! sentyabrın 29-da mənim də iştirak etdiyim  ağır döyüşdə Cəbrayılın 4 yaşayış məntəqəsini  erməni işğalından azad elədik. Bax, həmin anların sevincini heç vaxt unuda bilmədim. 

Bu sözləri mənə Elçin Tehran oğlu Süleymanov sentyabrın 29-da telefonla danışanda səhər saatlarında demişdi. Və özü də çox nikbin, inamlı idi. Hətta deyirdi ki, Faiq əmi, bir-iki həftədən sonra Allah qoysa Füzulini, Cəbrayılı, Zəngilanı, Şuşanı azad edəcəyik. Amma Elçin sentyabrın 30-da səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid oldu. Düzdür, o, Füzulinin, Ağdamın, Cəbrayılın, Şuşanın azad olmasını görmədi, amma onun  qırx məclisində Azərbaycan Ordusu  noyabrın 8-də Şuşanı erməni işğalından azad elədi və ermənilərin demək olar ki, bellərini qırdı. Bu, ordumuzun Elçin kimi  yüzlərlə şəhidə və onların valideynlərinə, övladlarına çox böyük hədiyyəsi idi. 

İndiyə kimi  yaxşı yadımdadır, onun qırx məclisində atası Tehran Süleymanov dedi ki, mən Şuşanı azad edən oğullarımızla qürur duyuram. Elə bilirəm ki, onlar Elçindir, çünki bu gün mənim  Elçinimin ruhu da sevindi, mən də sevindim, anası Xalidə də sevindi, qızı balaca Xalidə də sevindi. İndi bütün Azərbaycan sevinir. Lazım gəlsə Elçindən sonra bir oğlum qalıb, Telmanı da döyüşə göndərəcəm. Lap o yan-bu yan olsa özüm də döyüşə gedəcəm. Həmin günü Bəhmənlidə yüzlərlə gənc növbəyə durub cəbhəyə getmək istəyirdilər. Hərbi komissarlığın qarşısında iynə atsaydın yerə düşməzdi. Çünki onlar cəbhəyə gedib torpaqlarımızı azad edərək döyüş meydanında düşməndən qisas almaq istəyirdilər. 

Ermənilərdən fərqli olaraq Azərbaycan ordusu qisası mülki əhalidən yox, cəbhədə döyüşən erməni generallarından, erməni zabitlərindən alırdılar və onlar istəsəydilər minlərlə mülki əhalini ya əsir götürərdi, ya da güllələyərdi. Amma Azərbaycan əsgəri ona görə İkinci Qarabağ savaşına atılmışdı ki, işğal altında olan bütün ərazilərimizi ermənilərdən geri qaytarsın. Və 2020-ci ilin noyabrın 8-dən sonra bütün torpaqlarımız erməni işğalından azad edildi və azad edilmiş  yaşayış məntəqələrinə Azərbaycan bayrağı sancıldı. Bu bir daha bizim böyük qələbəyə gedən yolumuz idi!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.