adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2025 10:35
96
ƏDƏBİYYAT
A- A+

Əli Şirin Şükürlü: Riyaziyyatda qeyri-müəyənlik

    (fəlsəfi esse)

 

Riyaziyyatda mövcud bu elmi anlayış qeyri-müəyyənliyin təbiətini, daha doğrusu, fəlsəfəsini anlamağa yardımçı ola bilər və bu anlayışdan fəlsəfə və sənət üçün   maraqlı fikir şəbəkəsi yaranır deyə, mətləbə aparan yola burdan başlamağa qərar verdik.

Riyaziyyatda qəbul edilmiş qeyri-müəyyənliklər çoxdan mövcud idi: sonsuzluqdan sonsuzluğun çıxılması, sonsuzluğun sonsuzluğa nisbəti, sıfrın sıfra nisbəti, sıfırla sonsuzluğun hasili və s. Fəlsəfəsi məni cəlb etdiyindən bu riyazi qeyri-müəyyənliklərin bir neçəsi üzərində dayanmaq istərdim.

 

Sıfırla bağlı qeyri-müəyyənlik. Ilk növbədə yoxluq yada düşür. Sıfırın fəlsəfəsinə elə bu prizmadan nəzər salaraq iki sıfırın nisbətinin və sıfırın sonsuzluğa hasilinin doğurduğu qeyri-müəyyənliyi anlamağa çalışaq. Əslində, hər yoxluq bir varlıqla müşaiyət olunur – burası məlum. Amma qəbul edirik ki, indiki halda sıfır - yoxluğun göstəricisi olaraq mövcud olmayan nəsnələri, “heçnə”liyi bildirir. Bəs yoxluq – nə dərəcədə yoxluqdur. Yəni o, olmayanın nə dərəcədə olmamasını ifadə edən kəmiyyətdir. Baxaq: sıfır – yoxluq (“heçnə”lik) kimi.

 

“Heçnə”lik. Hər hansı varlığı digərindən fərqləndirmək, onu mövcudluq kimi görüb anlamaq üçün ilk növbədə o, ölçülərə (forma) və arasında olduğu digər varlıqlardan ayrılan sərhədlərə malik olmalıdır. Məsələn, bir otaqda olan insan, masa, kompüter, kitab, qələm və s. Hər biri o birindən forma və sərhədləri ilə seçilərək müşahidə olunan obyektə çevrilir. Lakin bir şey ki yoxdur, heç nədir, deməli, onu görüb anlamaq üçün ölçüləri də mövcud deyil. Daosizmdə maraqlı yanaşma var: dao sonsuz olan hər şeydir. Bir şey də hər şeydisə, yəni həm insandır, həm masadır, həm kompüterdi və s., onda o elə həm də heç nədir. Yəni bir şey ki, sonsuz olan hər şeydir, deməli, konkret heç nə deyil, ona görə də heç nədir.

Deməli, müəyyənləşdirdik ki, sıfır – yoxluq olaraq hər şeydir, həm də hər şey olaraq heç nədir. Yaxşı, bəs onda bu “heç nə” nə kimi kəmiyyət göstəricisinə malikdir ki, iki ayrı-ayrı “heç nə”nin hər birinin kəmiyyət göstəricisini bilib nisbətini müəyyənləşdirə bilək?!  Eyni zamanda hər hansı başqa bir sıfırdan fərqli kəmiyyət olsun, onun bu  “heç nə”yə nisbəti də qeyri-müəyyənlikdir. Bu nisbəti tapmaq üçün də gərəkdir ki, hər ikisi konkret kəmiyyət göstəricisinə malik olsun. Və yaxud elə sıfırın sonsuzluğa hasili olan qeyri-müəyyənlik. Düşünürük ki, bu halda da hər iki anlayışın ayrı-ayrılıqda doğurduğu qeyri-müəyyənlik (kəmiyyət qeyri-müəyyənliyi) sıfırın, yəni bir sonsuz olan hər şey - “heç nə” nin başqa hər şey olan sonsuzluğa hasilinin müəyyənliklə tamamlanmasını mümkünsüz edir.

 

Sonsuzluqla bağlı qeyri-müəyyənlik. Sonsuzluq anlayışı maraq və müəyyən paradokslara, polemikalara qapı açan anlayışlardan biri olub, ətrafında maraqlı düşüncə şəbəkəsi yaratmışdır. Bu anlayış müəyyən elm sahələr ilə yanaşı, fəlsəfi dünyagörüşünün də mərkəzində olmuş, yaratdığı düşüncə şəbəkəsi heyranlıqla qarşılanmaqla yaradıcı sahələrə də təsirsiz ötüşməmişdir. Nə qədər anlaşılırsa, anlaşılmazlığa bir o qədər də geniş meydan verir.

Rast gəldiyim bir mənbədə Soyer adlı mütəffəkkirin bu baradə fikri mənə fəlsəfi, eyni dərəcədə poetik təsir bağışladığından ondan başlamaq qərarına gəldim. O, sonsuzluğun təyinini bu şəkildə verir: Sonsuzluq – mümkün olmayan hadisənin baş verdiyi yerə deyilir. Aydınlıq üçün misal göstərir; hər hansı bir nöqtədən dayanıb müşahidə edirsən – uzaqda yerlə göy birləşib. Nə qədər getsən də, yerlə göyün birləşdiyi yerə çata bilmirsən.

Növbəti maraqlı mülahizə: Sonsuzluqdan sonsuzluğu çıxsan, sonsuzluq alınar (Kantor).

İslam düşüncəsinə görə, sonsuzluq Allahın hifzindədir. Bütün yaranmışlar indisi, keçmişi və gələcəyi ilə bir “an”da yaradılıb və sonsuzluğa qədər mövcuddur.

 

Sonsuzluq barədə fikirlərlə bağlı kifayət qədər nümunələr göstərmək olar. İndi isə bir qədər öz mülahizələrimiz üzərində dayanaq.“Sonsuzluq nədir?” sualına ilkin cavab belə olacaq: Sonu olmayan – sonlu. Əslində bu cavab nə qədər sadə olsa da, ağlabatandır. İnsan düşüncəsinin əvvəl və axırını qəbul edə biləcəyi nə varsa sonludur. Yəni düşüncədə tam şəkildə proyeksiyalana biləcək nəsnələr sonludur. Kainat sonsuzdur, çünki onun nə əvvəlini, nə də axırını təsəvvürə sığışdıra bilmirik. Yarımçıqlıq (qeyri-müəyyənlik), hardasa qırılma baş verir düşüncədə. Düşüncə hər hansı nöqtədən başlasa da, varlığın sonuna gedib çıxa bilmir. Deməli, sonsuzluq həm də bir tərəfin sona qədər ağlasığmamasıdır. Kainatı dayandığımız nöqtədən seyr edə bilərik; qarşımızda bir-birini əvəz edən varlıqlar ardıcıllığı düşüncənin qəbul edə biləcəyi müəyyən sərhədə qədər davam edər və nəhayət, müəyyən həddən o tərəfə bir qaranlıq – anlaşılmazlıq, qeyri-müəyyənlik məskən salar.

 

Bəs sərhədləri düşüncəyə sığan – sonlu olan varlıqlarda sonsuzluq necə iştirak edir. Məsələnin qoyuluşu qəribə oldu: sonluda sonsuzluq axtarmaq. Əgər varlıqlar bölünəndirsə, hissələrdən ibarətdir. Fikir verin, istənilən bir nəsnəni nə qədər istəsən, bölmək mümkündür. Bölündükcə daha çox hissələr əmələ gələcək, amma yox olmayacaq. Hər bölünmədən sonra hissələrin sayı artacaq, əslində. Sonu görünməyən bir proses. Deməli, ilk baxışdan sonlu görünənlər də mahiyyətcə sonsuzluğa bürünüb.

Leybnitsin təsvir etdiyi xəttə nəzər salaq: xətt sonludur. Əvvəli və axırı var. Amma xəttin üzərində qeyd olunan istənilən iki nöqtənin arasında həmişə üçüncüsü mövcuddur. Xəttin üzərində qeyd olunan hər hansı bir nöqtədən sonsuzluq açılır. Yəni xətt (həndəsədə parça mənasında) sonsuz sayda nöqtələrdən ibarətdir, baxmayaraq, əvvəli və sonu var.

 

Antik yunan filosofu Parmenid nə deyir? O, “varlıqda hərəkət yoxdur” ideyasını əsaslandırmaq üçün deyir ki, dünya tamdır, bütövdür, o, hissələrdən ibarət ola bilməz. Əgər kainat hissələrdən ibarət olarsa, gərək onun hissələri də hissələrdən ibarət olsun və s. Beləliklə də hər bir hissə də hissəciklərdən ibarət olub, hər biri sonsuz olacaq. Yəni, dünya və onu təşkil edən hissələrin hər biri sonsuz olamaqla, bir-birinə bərabər olacaq: dünya onu təşkil edən hissələr boydadır. Bu isə mümkün deyil.

 

Bu məqamda mətləbdən çox uzaq düşməmək üçün artıq bu qeyri-müəyyənliyin - sonsuzluqla sonsuzluğun fərqi məsələsinin fəlsəfəsinə qayıda bilərik. Yaxşı, sonsuzluq sonsuzluqdursa, bunlardan hansı biri o birindən böyük və ya kiçikdir ki, onların fərqini tapaq?! Nisbətini də həmçinin.

 

     P.S. Riyaziyyata məxsus qeyri-müəyyənliyin fəlsəfəsinin sənətə transformasiyası konteksində təqdim etdiyimiz Eİ – FD – BT (elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür) modelinə uyğun bir bədii mətn daxil edək:

 

     ƏDƏBİ SUPREMATİZM:

            Bölünə-bölünə

 

Gün nədir?

Sıxılmışam yenə otağa. Qarşıda yollar –

sonsuz sayda. Getməyə yer yox. Bir yol ola, bir adam.

O yol gedə o adama. Gedəsən.

Gedəsən: gəlmişəm deməyə lüzum olmaya – illərdi səni gözləyə.

 

Gün nədir? – çıxıb ayın içindən, ay ilin, il illərin. Beləcə, bölünüblər.

Bölünər hər şey əslində. Bölünər – sonsuz sayda.

Nə varsa sonsuzluq,

aramsız, kəsilməz bölünməsiylə. Nə varsa bir-birinə bərabər

sonsuz hissələriylə. Ölçülər aldadar adamı. ölçülər:

uzunluq, sahə, həcm...

 

Gün nədir? – otaq indi.

Otaq ölçülər həcmiylə. Otaqda mən, sanki neçə illərdi dayanmış

qatardayam. Ötüb keçənlər uzunluq boyu ötüb keçər.

Müxtəlif əşyalar səpələnib otağa. Səpələnib uzunluq, sahə, həcm... boyu.

Qarşımda masa – səthi ölşülər sahəsiylə. Masanın üstündə

vərəqlər. Birində bu günün tarixçəsi. Xoşuma gəlmir nədənsə.

Götürüb bir neçə yerə ayırıram. Parça-parça edilsə də yox olmur.

Sonsuz böləsi deyiləm ki, atıram yeşiyə parça-parça edilmiş hissələri –

düzsən yan-yana; bir günün tarixçəsi.

 

Gün nədir? – çıxıb ayın içindən, ay ilin, il illərin. Bölünə-bölünə

ötüb gedirlər. Qoşulub onlara gedirəm bölünə-bölünə.

Gün nədir? – ötüb gedən. Qarşıda bir yol – sonsuz yollardan biri.

O yol özümə gedir deyəsən; gəlmişəm deməyə lüzum yox,

gəlmişəm azala-azala deyirəm.

 

Gün nədir? – gün qurtarır. Gedirəm. İllərdi məni gözləyən var.

Gedirəm bölünə-bölünə. Gecəniz xeyrə qalsın, məndən ayrılanlar.

Gecəniz xeyrə qalsın, sabaha qədər.

 

Gün nədir - sabaha qədər?..