adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 23:43
58
ƏDƏBİYYAT
A- A+

Əliağa Vahidin 130 illiyi münasibətilə ədəbi-bədii tədbir 

13 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Kürdəmir rayon Gənclər evində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qəzəlxan şair Əlağa Vahidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyəti, mədəniyyət işçiləri, gənclər və poeziya sevərlər iştirak etdilər.

Ədəbi məclisi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq böyük şairin Qızıl fondda qorunan öz ifasında səsləndirdiyi qəzəli təqdim etdi və müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahidin Füzuli ənənələrinin layiqli davamçısı olmasından,  qəzəllərinin poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilməsindən, onun qəzəllərinin müasir dövrümüzün muğam ifaçılığında xanəndələrin repertuarında mühüm yer tutmasından, onun məşhurlaşmasında dövrün məşhur qəzet və jurnallarında publisistik fəaliyyət göstərməsinin böyük əhəmiyyət kəsb etməsindən bəhs etdi.

Rayon ziyalısı Namiq Ağayev mövzu ətrafında çıxış edərək Vahidin satira sahəsindəki yaradıcılğındakı ən orijinal xüsusiyyət “meyxana” adı ilə məşhur olan növə gətirdiyi yenilikdən, xalq arasında, toy və şənlik yığıncaqlarında, adətən  bədiyyə ya zarafat şəklində işlədilən meyxananın kəskin siyasi-ictimai məzmun qazanmasında, xalq yaradıcılığının və bir janr kimi formalaşmasında Vahidin müstəsna xidməti olmasından, Vahidin meyxananı ədəbi və ədəbli yazıya çevirməsindən söhbət açdı.

Tədbirdə monitor vasitəsilə iştirakçılara Əliağa Vahidin həyat və yaradıcılığına həsr olunmuş video materiallar, haqqında çəkilmiş “Qəzəlxan” filmindən epizodlar nümayiş etdirildi. Video materiallarda şairin həyat yolu, poeziyasının əsas mövzuları, ədəbi mühitlə əlaqələri və onun Azərbaycan qəzəl janrına gətirdiyi yeniliklər barədə maraqlı faktlar təqdim olundu.

Tədbirdə Kürdəmir rayon Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin şagirdi Əliağa Vahidin qəzəllərindən nümunələr səsləndirdi, muğam ifaçıları Səfalı Əliyev, Respublika Muğam Müsabiqəsinin laureatı Sabir Hüseynov şairin qəzəl və təsniflərındən ibarət parçalar ifa etdilər.

Tədbir səmimi, ədəbi mühitdə davam etdi və iştirakçılar şairin yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşdülər.

Sonda bildirildi ki, Əliağa Vahidin zəngin bədii irsi bu gün də milli poeziyamızın qızıl səhifələrindən biri kimi dəyərləndirilir, onun qəzəlləri ədəbiyyatsevərlərin qəlbində yaşayır və yeni nəsillər üçün ilham mənbəyi olaraq qalır.