adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 14:15
1466
MƏMLƏKƏT
A- A+

Sərdare Milli Səttar xanın doğum günüdür

44 günlük Vətən Müharibəsindən sonra arxasında Rusiya, ABŞ və Fransa kimi dünya güclərinin dayandığı erməni işğalçılarını torpaqlarımızdan qovub onları kapitulyasiya aktini imzalamağa məcbur etdikdən sonra, Azərbaycanın digər qouşu dövləti olan İranın bizə münasibəti birdən-birə dəyişdi. Azərbaycanın suveren torpaqlarının 20 faizindən çoxu 30 il düşmən tapdağında olanda agzına su alıb oturan İran rəsmiləri nədənsə bizim qələbəmizdən sonra  “Ermənistanın ərazi bütövlüyü bizim üçün qırmızı” çizgi dedilər, hətta bu azmış kimi 132 km sərhədimiz boyu qoşun yığdılar. İranın əndişəsi başa düşüləndir. Çünki Azərbaycanın dünyanı idarə edən böyük dövlətlərə qarşı gələrək qazandığı misilsiz qələbələr, hərbi gücü təbii ki İranda yaşayan 30 milyonlu Azərbaycan xalqının qəlbində yenidən birləşmək arzusu oyanacaq. İran bundan qorxur. Çünki İran tarixində məhz azərbaycanlıların başçılığı ilə neçə-neçə inqilablar baş verib. Bunlardan da tarixin silinməyən səhifələrində iz salan Səttarxanın başçılığı aıtında baş tutan Məşrutə inqilabıdır. Ötən əsrin əvvəllərində Güney Azərbaycanda Şahın əleyhinə baş qaldıran üsyanın başında duran Səttar xanın bu gün doğum günüdür. Güneyli qardaşlarımızın təbirincə desək Sərdare Milli (Milli komandir) Səttar xan 20 oktyabr 1868-ci ildə Səttar xan 1866-cı ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olub.

 

Səttar xanın tam doğum tarixi hələ də dəqiq bilinmir. Doğum tarixini təxmini qeyd edən İ.Əmirxizi bu məlumatı Səttar xanın qohumlarından ala bilib, Səttar xanla bağlı araşdırmalar aparan digər iranlı tədqiqatçılar da öz əsərlərində İ.Əmirxizinin yazdığına əsasən istinad veriblər. İ.Əmirxizinin qeyd etdiyi tarix 1867-68-ci illər ətrafındadır. Heç bir əsası olmayan digər bir mənbədə isə Səttar xanın 19 avqust 1968-ci ildə doğulduğu qeyd olunub.

Qafqazşünas P.Petroviç də 1908-ci ildə yazırdı ki Səttarxanın təxminən 45 yaşı var. Doğum tarixi ilə bağlı bir başqa versiyanı da 1908-ci ildə Təbrizdə Rusiya İmperiyasının baş konsulluğunun katibi olan və o dövrdə Səttar xan haqqında məlumat toplayan S.P. Qolubinov verib. Qolubinovun 1920-ci ildə verdiyi hesabata əsasən Səttar xan 1860-cı illərin əvvəlində doğulub.

Səttarxan Qaradağ Vilayətində  azərbaycanlı ailəsində anadan olub. Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi "Qaradağlı" deyilməsi sübut edir,  lakin hansı kənddə doğulması ilə bağlı ortaq yekun bir fikir yoxdur. Azərbaycan Sovet Ensiklopediyasına görə o, Qaradağ vilayətinin Məmmədxanlı mahalında (hazırda Mincivan) anadan olub. Alman islamşünas Anya Pistor Hatam isə onun doğum yeri kimi Canəli kəndini göstərir.

Səttar xan Əhər  şəhərinin sakini Hacı Həsən Bəzzazın ikinci oğlu idi. Hacı Həsən Bəzzaz parça ticarəti ilə məşğul idi. Onun Səttar xandan başqa dörd qızı və iki oğlu olub.

P.Petroviçə görə Səttar xan kiçik yaşlarında əkin sahələrində işləyib çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılır. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olub. İ. Əmirxizinin yazdıqlarına görə İsmayılı edam edib, Səttarı isə 3 aylıq həbs edirlər.

1888-ci ildə Səttarı yenidən həbs edirlər bu dəfə onu Ərdəbildə  yerləşən və xüsusi nəzarət olunan məhbusların saxlanıldığı Narın qalaya yerləşdirirlər. Burada o iki ilini keçirir. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə zindandan qaçır. Mərəndə gedənə qədər Şahsevənlərdən  olan Yurtiçi və Alarlı tayfalarına qoşulur və onlarla birgə yaşayır. Əmirxiziyə görə Səttar xanın həbs olunması və həbsxanada keçirdiyi illər onu şah rejiminə qarşı daha da amansız edir. Sonrakı illərdə Səttar Mərənd-Səlmas-Xoy yolunu mühafizə edən dəstədə xidmət edir. Bu işi tərk etdikdən sonra əvvəl Tehrana, sonra isə Tehrana gedir.

Səttar xanın sonrakı həyatı ilə bağlı fikirlər müxtəlifdir. "Russkie vedmosti" qazetinə görə Səttar xan bir müddət Zaqafqaziyanın sənaye mərkəzlərində, İrəvan  dəmir yolunun çəkilməsində, kərpic zavodlarında və beş il müddətində Bakı  mədənlərində işləyib. Bəzi mənbələrə görə isə Məşrutə inqilabına qədər o, Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan, rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Lakin rus tədqiqatçı P.Petroviçin etirafına görə o özü də 1888-1893-ci illər arasında Səttar xanın fəaliyyəti haqqında dəqiq məlumatlara sahib deyil.[

Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. Məhəmmədəli şah  atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu.

Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı. Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük xidmətləri olmuşdu. Bundan başqa Şimali Azərbaycandan da Məşrutəyə dəstək verilirdi. Milyonçular Hacı Zeyanalabdin Tağıyev, Şəmsi Əsədullayev  və digərləri mucahidlərə pul və silah yardımı edirdilər. Heydər xan Əmioğlu, Abbas Rzazadə kimi yüzlərlə fədai məhz Şimali Azərbaycandan əksinqlabçılara qarşı döyüşmək üçün Təbrizə gəlmişdilər.

 Şura Məclisi topa tutulduqdan, şahın 40 minlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.


Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Bəzi mənbələrə görə Səttar xan əslən erməni olan Yepremxan adlı biri tərəfindən vurulmuşdur. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.

1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən "Azadlıq cəbhəsi" qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci ildə yaranmış Azərbaycan milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, Təbriz küçələrinə onların adları verilib.

Xalqımız Səttar xanın adını və qəhrəmanlığını həmişə hörmətlə yad edib, onun şəninə dastanlar, şeirlər qoşulub, poemalar yazılıb və bundan sonra da onun onun xalqına və azadlıq ruhuna olan sədaqətini hörmətlə xatırlayacaq. İran bunu unutmasın!

İltifat HACIXANOĞLU