05 Iyul 2025 12:53
276
MƏDƏNİYYƏT

Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

İyulun 4-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalı başlayıb.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan musiqi festivalında Türkiyə və Çin Xalq Respublikasının, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

Festivalın təntənəli açılış mərasimi iyulun 4-də axşam saatlarında “Marxal” kompleksinin Yay Teatrında keçirilib.

Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ənənəvi olaraq hər il keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, “İpək yolu” Beynəlxalq Musiqi Festivalı xalqımıza xas olan zəngin tarixi, mədəni irsin təbliği və bölgənin turizm potensialının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Şəki gözəl təbiəti, tarixi memarlıq abidələri, özünəməxsus adət-ənənələri, nadir sənətkarlıq növləri, dadlı mətbəxi, eyni zamanda, sakinlərinin qonaqpərvərliyi ilə seçilir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. 2019-cu il iyulun 7-də isə Azərbaycanın və Şəkinin həyatında çox əlamətdar hadisə baş verib - Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, Dünya Sülh artisti, professor Firəngiz Əlizadə artıq on dördüncü dəfədir keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də musiqisevərləri öz ətrafına toplayaraq pərəstişkarlarını sevindirəcəyini, şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

İndiyədək keçirilən festivallarda dünyanın 35 ölkəsindən tanınmış musiqi kollektivlərinin iştirak etdiyini xatırladan sədr bu ilki festivalın da proqramının zəngin olduğunu diqqətə çatdırıb. “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”,- deyə Firəngiz Əlizadə vurğulayıb.

Şəki şəhəri ilə qardaşlaşmış Türkiyənin Berqama bələdiyyəsinin başçısı Tanju Çelik festivala dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib, festivalın işinə uğurlar arzulayıb, qardaşlaşmış hər iki şəhər arasında mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Rəsmi hissədən sonra tamaşaçılara Türkiyənin Sivas Folklor Təhsil Mərkəzi Xalq Musiqisi və Xalq Rəqsləri Birliyinin konserti təqdim edilib.
Məlumat verilib ki, Sivas Folklor Təhsil Mərkəzi 1973-cü ildə fəaliyyətə başlayıb. Qurumun nəzdindəki xalq oyunları kurslarında təhsil alan rəqqaslar Türkiyədə keçirilən yarışmalarda müxtəlif dərəcəli mükafatlara layiq görülüb, mədəniyyət və incəsənət tədbirlərində uğurla çıxışlar ediblər. İndiyədək Mərkəz tərəfindən xalq musiqisi sahəsində 10 kurs açılıb və ümumilikdə 121 tələbə yetişdirilib.
Kollektivin təqdim etdiyi xalq musiqisi, həmçinin “Halay”, “Horon”, “Zeybek”, “Bar”, “Kaşık”, “Karşılama” və digər türk xalq rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.

Festival çərçivəsində iyulun 5-də Şəki Musiqi Kollecində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş kollecin müəllim və tələbələrinin, həmçinin gənc pianoçu Kamal Axundovun iştirakı ilə konsert olacaq.