adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Avqust 2021 13:59
20907
GÜNDƏM
A- A+

Səxavət Məmməd: "Ən böyük problem jurnalistikamızda ixtisaslaşmanın olmamasıdır"

Ötən il Vətən müharibəsini yaşadıq. Hərbi jurnalistikada bu və ya digər şəkildə boşluqları  gördük. Həmçinin, hansı yönlərdə təlim, inkişaf lazım olduğunu da.

Bu boşluqları necə aradan qaldırmaq olar?

Hərbi reportyor Səxavət Məmməd Adalet.az-a bu barədə fikirlərini bölüşdü.

“Azərbaycan ordusu müharibədən qalib çıxsa da, jurnalistikası barədə bunu demək çətindir. Qarabağda münaqişənin başladığı tarixdən müharibəyə qədər 30 ildən çox zaman keçirdi. Bu müddət ərzində Azərbaycan jurnalistikası konflikt sahəsində çox ciddi inkişaf etməliydi. Məsələ ondadır ki, bu sahəyə diqqət çox ayrılmışdı. Bu sahədə yalnız bəzi jurnalistlər fərdi olaraq özlərini inkişaf etdirirdilər. Bizdə insanlar elə düşünür ki, konflikt ancaq müharibə deməkdir. Əslində isə bu geniş bir məhfumdur. Yanğınlar, təbii fəlakətlər, mitinqlər, müharibələr məhz konflikt jurnalistikasının fəaliyyət sahəsinə daxildir.”

Onun bildirdiyinə görə, bu sahədə peşəkarlığı olmayanlar müharibə dövründə də jurnalist bumu yaratdılar. Fərqli sahələrdə çalışanlar şou tipli xəbərləri ilə seçilirdi. Ən böyük problem jurnalistikamızda ixtisaslaşmanın olmamasıdır. 

“Bizdə elə bir həddə gəlinib ki, mitinqlərə peşəkar və təcrübəliləri yox, yeni başlayanları, əlinə ilk dəfə mikrafon, kamera alanları göndərirlər. Bu isə öz növbəsində ciddi problemlər yaradır. Azərbaycanda bir neçə ciddi hadisə baş verib ki, onlarda jurnalistika sinifdə qalıb. 2016-cı ilin aprel döyüşləri, Xızıda N saylı hərbi hissənin ərazisindəki partlayış, Şamaxıda zəlzələ və 44 günlük müharibə. Müharibə vaxtı Azərbaycanda müharibə jurnalistikası bumu yaşandı. Fərqli sahələrdə çalışan jurnalistlər birdən birə cəbhə bölgəsində görünməyə başladı. Əslində müharibə zonasında fəaliyyət göstərən jurnalistlərin əvvələr hansı sahədə olması hazırladıqları materiallarda, verdikləri informasiyalarda özünü göstərirdi. Şou və idman sahəsindən gələnlər "şad xəbər var" deyərək, məsələnin şousu ilə məşğul olurdular. Sosial sahə üzrə işləyənlər isə dağılmış evlər, daha çox dramatikləşmə, duyqusallaşma yönündə işlər görürdülər. Əslində Azərbaycan mətbuatının müharibə yazmasına və çəkməsinə rəsmi olaraq icazə verilmirdi. Bəzi jurnalistlər öz əlaqələri hesabına bu işi görə bilirdi. Ən böyük problem jurnalistikamızda ixtisaslaşmanın olmamasıdır. Türkiyədə, İtaliyada və İngiltərədə müharibə jurnalistikası sahəsində ciddi kurslar mövcuddur. Azərbaycan müharibəyə qədər ən azı 10-15 jurnalist hazırlamalı idi. Ölkə daxilindəki təlimlər isə o qədər effektli sayılmırdı. Bundan əlavə Azərbaycan mediasında zirehli gödəkçə və dəbilqə demək olar yox idi. Müharibə vaxtı Türkiyədən gətirildi. Düşünürəm ki, Azərbaycandan jurnalistlər arasında ciddi təlimlərə ehtiyac var. Ancaq bu təlimlərə "bizim redaksiyadan da bir nəfər orda olsun" adı ilə yox, bu sahəni sevən, işləmək istəyən şəxsləri qoşmaq və onların ixtisaslaşmasında yardımçı olmaq lazımdır. Görünən odur ki, bölgədə proseslər uzun illər davam edəcək. Ona görə də, ixtisaslaşma kurslarına ciddi ehtiyac var. Bundan əlavə Azərbaycan mediası təkcə ölkə daxilində yox, bəzi jurnalistlərin xaricdəki konflikt ərazilərə göndərilməsinə də şərait yaratmalıdır. Suriyaya, Əfqanıstana, İraqa jurnalistlərimizin səfərləri təşkil edilməlidir. Əgər hər şey ölkə daxilində olub, diplomdan sonra yenə hər kəs başqa sahə ilə məşğul olacaqsa, bu yerində saymaqdan başqa bir şey sayılmayacaq.”

Emin Piri