SON DƏQİQƏ:

Gənc yazıçı: “Dostlarımın içində məşhur kriminal oğrular, "ara" uşaqları çoxdur...”

  33550   |  
Şriftin ölçüsü  

Adalet.az gənc yazıçı Orxan Saffari ilə müsahibəni təqdim edir:

- Orxan, ədəbi mühit səni hekayələrindən, maraqlı fikrlərindən, yanaşma tərzindən kifayət qədər tanıyır. Bir də özündən eşitsinlər istəyirəm. Orxan Saffari kimdir?

- Ümumi götürəndə heç kim. Hissə-hissə götürəndə hər şey. Bəşəriyyətə missiya üçün gəldiyini düşünən, özünü axtarıb tapan, amma eyni zamanda da ona çatmayan, çatmaq istəyən, gələcəyə hesablanmış, eyni zamanda özü haqqında elə də xoşbəxt gələcək görməyən bir gənc adam, yazıçı.

- Özü haqqında elə də xoşbəxt gələcək görməyən deyirsən. Bunu intiusiyana əsaslanıb deyirsən, ya xarakterinə bələdsən deyə?

- Hər ikisi. Daha çox xarakter məsələsi. Özümə hələ də tam bələd deyiləm və hansı situasiyada nə edəcəyim bəlli deyil. Hər an özümü bədbəxt edə bilərəm. Ona görə də, gələcəklə bağlı bir o qədər də ciddi şeylər düşünmürəm. Gələcək, onsuz da özü bir gün gələcək. Görək, nə olur.

- Orxan, niyə Saffari? Mənası nədir? Bilməyənlər də bilsin.

- Əslində, spontan alınmışdı bu təxəllüs. Təzə-təzə yazanda "Orxan Azad" adı ilə yazmışam. İlk dəfə mənasız bir qəzetdə də bu adla çap olunmuşdum. Sonra "Orxan Bəy Səfərov" oldum. Bir dəfə sosial şəbəkədə profil açanda soyadıma uyğun ad fikirləşirdim, Saffari gəldi ağlıma, qoydum. Amma sonra öyrədim ki, bu adın mənası "Şah düyü" deməkdir. Özümün də xoşuna gəldi, başqalarının da diqqətini çəkdi deyə, bu imza altında yazdım. Bir ara istəyirdim adımı Orxan Ağac qoyam. Səbəbini bilmirdim, amma belə istəyirdim. Amma düşünürəm, Saffari ən yaxşısıdır.

- Orxan, ədəbi fəaliyyətlə yanaşı, jurnalist kimi də fəaliyyət göstərirsən. Müsahibələrini, reportajlarını, tənqidlərini, köşələrini oxuyuruq. Müsahibələrin əksəriyyətində də Azərbaycan Yazıçılar Birliyi ilə bağlı suallara rast gəlmişəm. Bunun səbəbi jurnalist marağıdır, yoxsa şəxsi antipatiya?

- AYB ilə bağlı suallar verdiyim adamların hamısı ədəbiyyat adamlarıdır. Dolayısı ilə, onların mövzusudur, ona görə. Amma təbii ki, antipatiya da var. AYB-yə də, Anara da nifrət edirəm. Ümumiyyətlə, qurum kimi olduqca mənasız, məzmunsuz bir şeydir. Ən yaxşı halda muzey etmək lazımdır oranı. Özü də, içində mumiya da saxlamaq olar. Daha kimin mumiyasını saxlamaq lazımdır, onu demirəm. Kim birinci ölsə. (Gülür)

- Bəziləri özünü doğuşdan ədəbiyyatın içində sayır, bəziləri ölənə kimi kənar hesab edir. Orxan Saffari nə zamandan bu mühitin içindədir?

- Mühit adamları ilə ümumi tanışlığım çox deyil. 6-7 il. Amma belə, lap uşaqlıqdan. Gördüyüm hadisələri, yaşadıqlarımı beynimdə saf-çürük eləyəndən, hər şeydə bir ədəbiyyat görəndən.

- Səndən tez-tez başına gələn hadisələri, macəraları da oxuyuruq. Dinamik bir həyat tərzin var imiş kimi görsənir. Bəzi yazdıqlarına görə belə bir fikir də formalaşıb ki, kriminala meyilli, əlaqəli, aqressiv bir dönəmin olub, yaxud da indi var. İndi necə, ədəbiyyat səni sakitləşdirib, yoxsa?

- Sakitləşdirib deyəndə, necə varamsa, eləyəm. Baxır, hansı situasiyada nə edirəm. Kriminala meyilli deyiləm, yəni, oğru olmaq fikrim yoxdur. Amma real dostlarımın içində kriminallar, məşhur kriminal oğrular, "ara" uşaqları çoxdur. Bəziləri həbsdədir indi. Allah qapılarını açsın. Mən Bayılda - 20-ci sahədə böyümüşəm. Gözümü açandan ətrafımda oğru, narkoman, cinayət görmüşəm. Bunun təsiridir. Amma özüm bu yolun yolçusu deyiləm. Sadəcə, xarakterimə nələrsə yansıya bilər, bundan da peşman deyiləm. Zəif, xaraktersiz olmaqdansa, kriminal olmağı üstün tutaram. Həm də, ədəbiyyatçıyam deyə, məsələn, uşaqlıq dostumun biri kriminal oğru olubsa, əlaqəni kəsməliyəm? Kim belə düşünürsə, getsin İrana müalicəyə. Mənim prokuror, deputat, polis dostlarım da var. Məhləyə girəndə həm polis dostumla görüşürəm, həm də oğru dostumla. Burda təəccüb edəcək heç nə yoxdu. Həyat bilmək olmur ki, kimi hara sürükləyəcək. Nədənsə, bunu ancaq bizim yazarlarda mənfi cəhət görürlər. Amma dünya ədəbiyyatında yazıçılar var ki, kifayət qədər kriminalın da içində olub, özü də kriminal olub, həbsə düşüb və bunların hamısını ədəbiyyata çevirib. Bizdə də var belə şair-yazarlar. Dalaşqan olublar, mərd olublar, keçməkeçli həyatları olub. Məsələn, Şücaət Kəlbəcərli. Həyatını oxuyun, görün, necə maraqlı, mərd bir şair olub. Sözümün canı odur ki, bu məsələdə qəribə heç nə yoxdur, olmamalıdır. Hər kəs öz seçdiyi həyatı yaşayır. Yazıçı ancaq yazarkən yazıçı olmalıdır, olur. Qıraqda başqa bir həyatı da ola bilər. Mənim fikirlərimi oxusunlar, yazılarımı oxusunlar. Şəxsi həyatım, etdiklərimlə maraqlana da bilərlər, amma ittiham etməyə çalışmasınlar. Bu əxlaqsızlıqdır.

- Xarakter demişkən. Maraqlıdır, elə adam varmı ki, qələmini çox bəyənirsən, amma şəxsiyyət olaraq görmürsən, ya da tam əksi, şəxsiyyət olaraq yaxşı insandır, amma qələmi yoxdur?

- O qədər var ki. Elə ətrafımız bu adamlarla dolu deyilmi? Ədəbiyyatın məmur zümrəsində doludur bu cür adamlar. Məsələn, ad da çəkə bilərəm. Əsəd Cahangir tənqidçi kimi Azərbaycanda bir nömrəli tənqidçilərdəndir. Amma şəxsiyyətini bəyənmirəm. Əvvəllər münasibətimiz çox pis idi, indi bir az yaxşı olsa da, yenə eyni fikirdəyəm. Sadəcə, xarakter olaraq mənə yad adamdır. Amma təbii ki, bu mənim öz düşüncəmdir. Onu da kifayət qədər bəyənən insan var.

- Sənin üçün hansı önəmlidir, yaxşı oğlan, yoxsa yaxşı yazıçı?

- Yaxşı oğlanla (oxu: insan) yaxşı yazıçının vəhdəti. Şəxsiyyət və xarakter bir-birini tamamlayanda, olur əla. Olmayanda ancaq istedadına baxırsan, oxuyursan, deyirsən, heyif, gül kimi istedadı var, amma qram da insanlığı, yaxud da kişiliyi yoxdur.

- İstedadlı yazıçı. Kimdir onlar? Azərbaycan ədəbiyyatında elə biri varmı ki, potensialı çox böyükdür və dünyaya açıla bilər?

- İstedadlı yazıçı Azərbaycan ədəbiyyatında çoxdur. Dünyaya da çıxar, o tərəfə də gedər. Xüsusi ilə də gənclər. Amma ölkədə bunun üçün potensial yoxdur, maraq yoxdur. Ədəbiyyat ölüb, ağlayanı yoxdur. Monopoliya yaradıblar. Lazım gələndə, başda oturan ədəbiyyatçılar özləri çıxır, özləri yeyir, kefini də çəkir. Potensiallı yazıçılar da qalır qırıla-qırıla.

- Gənclər deyəndə kimləri nəzərdə tutursan? Dünyaya açılmasa da, yerli oxucular bu müsahibədən sonra oxusunlar.

- Çoxdur. Mən indi ümumi yadıma düşən adlar deyə bilərəm, amma yenə də çoxdur. Məsələn, Sərdar Amin, Rəşad Nağı Mustafa, Rəvan Cavid, Orxan Həsəni, Ayxan Ayvaz, Əli Babazadə, son dövr ortaya çıxan gənclərdən Elroman, qadınlardan Fəridə Məmmədova, və s. və ilaxır. Nisbətən gəncləri dedim. Orta yaşlı yazarlar da daha çoxdur. Heç kim ad çəkmir deyə çəkdim bunları. Yaddan çıxanlar, həmin an üçün unudulanlar çox olur deyə, adam bir az ad çəkməyə də çəkinir. Əminəm ki, sonra başqası yadıma düşəcək, onun da adını çəkmədiyimə görə təəssüf edəcəm.

- Orxan, son günlərin müzakirə mövzularından biri də meyxanadır. Cəmiyyət, ədəbiyyatçılar tərəfindən birmənalı qarşılanmayan bu sənətə sənin fikrin nədir?

- Çox yaxşı. Meyxana olduqca ciddi sənətdir. Müzakirə mövzusu olması normaldır. Bircə narazılığım bəzi müasir meyxanaçıların bir-birinə söyüşlü atmacalarıdır. Yəni, həmin meyxana meyxana deyil. Meyxananı, meyxanaçının ciddi saymayan adamın başında xəstəlik var. İrana gedib, müalicə ala bilər. Məsələn, Məşədibabanın, Aydın Xırdalanlının dediyi meyxananı necə ciddi qəbul etməmək olar? İstedadı necə danmaq olar? Bu, söz adamına heç yaraşmır. Ədəbiyyatçıların meyxanaçılara tənqidi daha çox xarakterlərinə görədir ki, bu məsələdə də həm haqlıdırlar, həm yox. Anderqraund olan bir şeydən, şəxsən durub aydın təfəkkür gözləməkdir problem. Çox geniş mövzudur, çox da geniş danışmaq olar. İnanmıram ki, bu məsələ bitə. Ona görə uzatmayaq.

- Anderqraund deyirsən. Rep və meyxana ilə yanaşı ədəbiyyatda da bu üslub var və elə sən özün də bu yöndə hekayələr yazırsan. Azərbaycanda anderqraund inkişaf edibmi?

- Azərbaycanda anderqraund ədəbiyyat demək olar ki, yoxdur. Anderqraund çoxşaxəlidir. Biri var, Amerika qanqsterlərinin yaşadığı anderqraund, biri də var, üzdən, məişət, bizim məhlə anderqraundu. Mən, açığı, rastlaşmamışam konkret olaraq. Ara-sıra oxuduğum yazılar, hekayələr olub. Məsələn, Seymur Baycanda. Amma dediyim formada. Məhəllə, məişət. Digər öz istədiyim, oxumaq istədiyim anderqraundu da özüm yazmağı düşünürəm, yazmağa çalışıram.

- Sonda oxuculara və yazıçılara demək istədiyin nəsə var?

- Oxucular oxusun, yazıçılar da yazsın.

 

Söhbətləşdi: Səddam Laçın

Qaynarinfo

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK