“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu
Martın 18-də “İçərişəhər” Dövlət Tarix_Memarlıq Qoruğu İdarəsi, idarənin Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə “İzimizi itirməyək” layihəsi çərçivəsində Bakı Fotoqrafiya Evində “Düzgün yazı üslubu, qrafik şeirlər və gənclərə kitab oxumağı necə sevdirək” mövzusunda elmi-praktiki seminar, şair və esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüşü giriş sözü ilə Mərkəzin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva açıb, qonağı salamladıqdan sonra layihə, bugünkü seminarın mövzusu və qonaq barədə məlumat verib.
Sonra isə Səlim Babullaoğlu Azərbaycan və dünya ədəbiyyatı, xüsusən poeziya, folklor, şifahi və yazılı irs,
yeni poetik tendensiyalar, vizual poeziya ənənələri barədə geniş məruzə edib. Mütaliənin insanın formalaşmasındakı vacib rolu barədə danışıb. Auditoriyanın suallarını cavablandırıb. Sonra isə natiq öz yaradıcılığından - “İlyas Göçmənin şəkil dəftəri” və “Qrafik şeirlər” kimi poetik silsilələrdən nümunələr oxuyub. Şeirlər videomateriallarla müşayiət olunub.
Çıxışının sonunda Səlim Babullaoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə, Elmi-Mədəni Mərkəzinin direktoru Vəfa Quliyeva, mərkəzin elmi işçisi Gülsüm Hüseynovaya və zəhməti keçən bütün əməkdaşlara təşəkkür edib, maraqlı sualları ilə diqqət çəkən dinləyicilərə öz kitablarını hədiyyə edib.


Bakı -°C

