adalet.az header logo
  • Bakı -°C

«QƏBƏLƏ» NİYƏ UDUZUR? - Aqil ABBAS yazır

AQİL ABBAS
140 | 2026-03-18 12:58
A- A+

Ölkədə ən gözəl futbol infrastrukturası «Qəbələ»nindir. «Qarabağ»dan da, «Neftçi»dən də, «Səbail»dən də daha gözəl infrastrukturası var.  Üçmü-dördmü stadionu var -  biri oyun  üçün, digərləri məşq üçün. Güclü bazası var, akademiyası var. Futbol üçün nə lazımdırsa  hələ neçə il  bundan qabaq «Qəbələ»də yaradılıb. 

Dəfələrlə, hətta ailəmi götürüb Qəbələyə futbola baxmağa getmişəm.  Və həmişə də məyus olmuşam. Məyus olmağıma da səbəb  stadionda azarkeşlərin azlığı olub. Özü də stadion kənarda deyil ki, yol uzaq ola  azarkeşlər gəlməyə ərinə. Belə demək mümkünsə, azarkeşlər həyətlərinin barından hoppansalar stadionun ortasına düşərlər. «Qarabağ», «Neftçi», «Turan-Tovuz»u çıxsaq, digər klublar da azarkeşlərdən aclıq çəkirlər. Futbolumuz tamaşaçısız teatra dönüb. Tamaşaçı alqışı olmasa aktyor necə oynaya bilərsə, tamaşaçısız futbolçu da elə oynayar. 

«Sabah» bu gün liderdi. Çox gözəl oyun nümayiş etdirir. O gün baxıram, öz meydançasında oynayır, onun da  tamaşaçısı yoxdur. 

Qayıdaq Qəbələyə. Qəbələ respublikamızın ən füsunkar, səliqəli şəhərlərindən biridir. Niyə «Qəbələ»nin futbolçuları  Bakıda yaşamalıdır? Buyursunlar öz doğma şəhərləri Qəbələdə yaşasınlar, insanların arasında olsunlar, bazara-dükana  çıxsınlar, çayxanalarda çay içsinlər, qəbələlilərlə doğmalaşsınlar. Gör nə qədər  adam onlarla şəkil çəkdirmək istəyər, çay içmək istəyər, dostlaşar, onu meydanda görmək üçün stadiona gedər. 

Çox təəssüf ki, on iki klubda oynayan bütün futbolçular  Bakıda yaşayır.

Niyə «Turan»ın futbolçuları Tovuzda yaşamasın? Əsrik dərəsinin təmiz havasını dadmasın?

«Kəpəz» Gəncəyə köçəndən, öz doğma meydançasında oynamağa başlayandan sonra  görün, Tovuzdakı kimi,  stadiona nə qədər azarkeş gəlir, oturmağa yer də tapmayacaqlar.  

Nə isə… 
 

  • Mart:
  • 6

TƏQVİM / ARXİV