Bakıda 53 yaşlı qadın doğuş zamanı öldü - YENİLƏNİB
Sabunçuda əkiz uşaq dünyaya gətirən 53 yaşlı qadın doğumdan sonra tənəffüs çatışmazlığı səbəbindən ölüb.
Bu barədə Adalet.az-a Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qadın Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub.
Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.
Saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb.
Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib.
Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib.
Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan iki saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
Saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb.
*** 12:36
Bakının Sabunçu rayonunda ana ölümü qeydə alınıb.
Adalet.az xəbər verir ki, O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Ağasi qızı Mirzəyeva doğuş zamanı ölüb.
Faktla bağlı araşdırmalar aparılır.


Bakı -°C

