SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BU QIŞIN ÜZÜ

  87240   |  
Şriftin ölçüsü  

Payız gəldi-gəlmədi həmişə təbiətin xəzan çağı başlanır. Yəni payız gələndə yarpaqlar saralır və ağacdan bir-bir qopub yerə düşür. İnsan ömrü də belədi. Və nə vaxtsa insan ömrünə bir payız gəlir, bir qış gəlir və o payız, o qış insanın sonuna nöqtə qoyur.

Biz son vaxtlar çox dostlarımızı itirmişik... çox yaxınlarımızla xudahafizləşmişik... onlara əlvida demişik. Bir tərəfdən Böyük Qarabağ Savaşında çoxlu sayda şəhidlərimizi itirdik, amma itirilən torpaqlarımızı qaytardıq. Bir yandan da koronavirus faciəsi ilə üzləşmişik. Bu görünməyən düşmənə qarşı nə qədər mücadilə eləsək də, hələki hər gün can almaqda davam eləyir. Gün ərzində 40-45 nəfər dünyasını dəyişir. Sözümün canı odur ki, biz 30-40 ildə qazandığımız dostlarımızı da, yaxınlarımızı da, qohumlarımızı da son bir ayda daha çox itirmişik. Allah hamıya səbr versin, dözüm versin ki, bu görünməyən düşmənə də qalib gələk və bu dərdin, bu kədərin, bu qəmin altından çıxa bilək.

Mənim dəyərli dostlarımdan biri də 30 il dostluq elədiyim və 10 il “Ədalət” qəzetində birgə çalışdığım istedadlı jurnalist Lətif Süleymanlı idi. O Lətif Süleymanlı ki, qəzetin yarandığı gündən 10 il müddətində onun yolunda çox əziyyət çəkdi, çox zəhmət çəkdi, çox izlər qoydu. Lətif Süleymanlı tək istedadlı jurnalist kimi deyil, tək istedadlı yazar kimi deyil, həm kollektivimizdə onu mərd, etibarlı, dözümlü, polad iradəli bir ziyalı kimi tanıyırdıq. Və təsadüfi deyil ki, çox vaxt ən ağır işləri, ən çətin işləri Aqil Abbas ona həvalə edirdi ki, Lətif bu işin öhdəsindən gələ bilər. O hər bir çətinliyə, hər cür zəhmətə, hər cür əzab-əziyyətə alışmış insan idi.

O, çox çətin, ağır, məşəqqətli və əzablı bir yol keçmişdi. Öz zəhmətiylə, öz əməyiylə, əzab-əziyyətiylə işləyib çörəkpulu qazanmışdı, sonra Azərbaycan Dövlət Universitetinin filologiyasına daxil olmuşdu, axşam şöbəsini bitirmişdi. O, oxuduğu illərdə həm də “Elm və həyat” jurnalında fəaliyyətə başlamışdı. O “Elm və həyat” ki, orda Aqil Abbas işləyirdi, orda Rəşad Məcid işləyirdi... Onlar hamısı bir tarix idi, bir yaddaş idi, bir ötən günlər idi. 1990-cı ilin iyulunda qəzetimiz açılanda Lətif 7 nəfərin arasında olan bir yazar idi.

O vaxt indiki kimi yazı yazmaq asan deyildi, çox çətin idi. Çünki qəzetimiz Hüquqşünaslar İttifaqının orqanı idi. Və hər gün olmasa da bir dəfə Hüquqşünaslar İttifaqının sədri İdris Əliyev iclas keçirirdi. Və çox qəribədir ki, onun çoxumuzun yazısından xoşu gəlmirdi. Yeganə Lətif Süleymanlının yazısından razı qalırdı ki, adam hüquqi, tənqidi mövzuda çox savadlı yazılar qələmə alır. Və həmişə də Aqil Abbas bizə deyərdi ki, görürsünüz, İdris

Əliyevin Lətif Süleymanlının yazısından xoşu gəlir. Bax, siz də elə tənqidi yazılar yazın.

Lətif Süleymanlı elə bir yol keçib. “Ədalət” qəzetinin tarixində özünün istedadlı yazıları ilə bir ömür yolu yazıb, bir iz qoyub. Onun xüsusən də tənqidi yazıları heç kimin yaza bilmədiyi orijinal formada, analitik və təhlili yazıları tamamilə fərqlənirdi. Xüsusən də mülki hüquqla bağlı mübahisəli məsələləri özünəməxsus bir formada, özünəməxsus bir üslubda qələmə alırdı və onu qəzetimizin səhifəsinə çıxarırdı. Heç bir neçə gün keçmirdi ki, o yazının təsiri özünü göstərirdi, qaldırılan problem əlaqədar təşkilatlar tərəfindən həll olunurdu. Bütün bunlar onun istedadının, zəhmətinin, əməyinin, savadının bəhrəsi idi. Lətif həm də filologiya elmləri üzrə namizdləlik müdafiə eləmişdi. O, bizim qəzetdə işləyəndə şifahi xalq ədəbiyyatıyla bağlı götürdüyü mövzuda onu müdafiə eləyərək elmlər namizədi adı almışdı. O, həmişə öz sözünə, öz işinə diqqətli bir yazar idi. Harda olsa da, nə olsa da, verilən tapşırığı iki daşın arasında yerinə yetirərdi. Və düşünməzdi ki, bu məsələni ləngitsin və yaxud bir qədər sonraya saxlasın. Çünki həmin dövrdə doğurdan da “Ədalət” qəzetində çox ciddi bir rejim vardı. Aqil Abbas bütün yazıları oxuyub redaktə edirdi. Hətta indiyə qədər yadımda, Lətif Süleymanlı Birinci Qarabağ Savaşının ilk günlərində Gədəbəyə getmişdi və ordan birbaşa səngərdən reportaj yazıb gətirmişdi. Onun sərlövhəsini Aqil müəllim də dəyişdi və belə bir orijinal sərlövhə qoydu: “Faşizm iməkləyir”. Lətif də əsgərlərlə

tankın üstündə şəkil çəkdirmişdi, əsgərlərlə söhbəti olmuişdu, onların hamısını qəzetimizin səhifəsinə çıəxardı. Bu yazılarla Lətif Süleymanlı Birinci Qarabağ Savaşında özünün jurnalist olaraq missiyasını, vəzifəsini şərəflə yerinə yetirdi.

Lətif harda olurdusa olsun, hansı yazını yazırdısa yazsın, son dərəcə ona məsuliyyətlə yanaşırdı. Yazının dili, üslubu, manevri, mövzu rəngarəngliyi tamamilə fərqli idi. Şəxsən mənim özüm həmin dövrdə, yəni 1990-95-ci illərdə məhkəmə oçerkləri yazırdım. Amma mülki işlərdə bir o qədər də yaza bilmirdim, daha doğrusu, ehtiyat eləyirdim və düşünürdüm ki, o mövzunu məndən yaxşı Lətif Süleymanlı yazır. Və bir müddət sonra fikirləşdim ki, mən niyə ondan öyrənməli deyiləm. İnanın, onun o tənqidi yazılarından öyrəndim, müəyyən detalları götürdüm və sonradan mən də mülki işlərlə bağlı, mübahisəli məsələlərlə bağlı yazıları qələmə aldım. Buna görə mən həmişə deyirdim ki, Lətif, mən səndən öyrəndim o mülki, tənqidi yazıları yazmağı, tənqidin içinə girməyi, orda saf-çürürk etməyi. Obyektiv məsələni ortaya qoymaq elə də asan deyildi. Çünki o dövrdə hər hansı yazıya reaksiya verilirdi, cavablar göndərilirdi. İndiki kimi deyildi.Onun qələmə aldığı yazıların hamısı obyektiv və ədalətli idi. Cavab gəlirdi ki, filan məsələni qəzetdə qaldırdığına görə, həmin problem müsbət həll olundu.

Lətif belə bir ömür yolu keçmişdi... belə bir məktəb keçmişdi. Həmişə deyirdi ki, mən “Elm və həyat” jurnalında Həsən Mehdiyevin məktəbini keçmişəm, burda isə Aqil Abbasın məktəbini keçirəm. Və hər ikisi böyük bir akademiyadı. Bəli, Lətif doğurdan da öz sözü ilə demiş olsaq, hər iki akademiyadan bəhrələnmişdi. Lətifin bir üstünlüyü də ondan ibarət idi ki, o kiminsə yanında kiminsə arxasından danışan deyildi. Nə sözü olsaydı, üzünə deyərdi. Dəfələrlə onların kəndində - İbrahimhacılı kəndində olmuşam. Aman Allah, anası onu nə qədər çox istəyirdi. Onun hər kəndə gəlişinə o qədər sevinirdi ki. Nə yaxşı anası onun ölümünü görmədi. Lətif anasına tək oğul deyildi, həm ataydı, həm qardaşdı, həm də bacıydı. Anasının çətinlik çəkməsinə heç vaxt imkan verməzdi. Hər ay anasına baş çəkərdi. Onun hər bir ehtiyacını ödəyib ondan sonra rahat Bakıya qayıdardı. Deyirdi ki, indi rahat nəfəs ala bilərəm, anamın hər şeyi var.

Anası rəhmətə gedən Asif Talıboğlu ilə yasa getmişdik. O boyda Lətif balacalaşmışdı. Ana dərdi onu sıxıb elə etmişdi. Amma gözündən bir damcı yaş çıxmırdı. Sonra anasıyla bağlı mən bir yazı yazdım. Lətif o yazını oxuyub hönkür-hönkür ağladı. Dedi anam öləndə ağlamamışdım, amma bu yazı məni ağlatdı.

Lətif təpədən-dırnağa Vətəninə, torpağına, elinə, obasına, yurduna bağlı bir ziyalı, jurnalist idi. O, öz kəndi ilə nəfəs alırdı. İnanın, mən onunla tez-tez telefon əlaqəsi yaradırdım. Bir ildən çox idi ki, üzünü görmürdüm. Çox vaxt rayonda, kəndlərində olurdu. Əkin-biçinlə məşğul olurdu. Çox zəhmətkeş adam idi. O adam daşın üstündə həyat yaradırdı, o adam daşın üstündə laləzarlıq yaradırdı. İnsan nə qədər zəhmətkeş, nə qədər əzab-əziyyətə dözən, nə qədər mübariz, nə qədər poladiradəli olar. Mən həmişə deyirdim ki, Lətif, sən çətin ki, ölərsən. Çünki sənin elə güclü iradən var ki, sən Əzrayılı da dəf edərsən. Bəli, Əzrayılı dəfələrlə dəf eləmişdi, kəfəni cırıb çıxmışdı. Amma axırıncı dəfə telefonla danışanda dedi ki, yox, bu hava o havadan deyil qardaş, tay dözə bilmirəm, ağrılar-acılar məni yaman incidir, heç nəfəs də ala bilmirəm. Yüksək şəkəri, təyziqi vardı, ürək əməliyyatı keçirmişdi. Və bugünkü sıxıntılar, stresslər, gərginliklər onu haqq dünyasına apardı. Hər halda, Lətif haqq dünyasına qovuşsa da, böyük Azərbaycan mətbuatı tarixinə öz adını yazdı – Lətif Süleymanlı! Allah o dünyasını versin! Balalarını, nəvələrini hifz eləsin! Araz adlı bir oğlu var. O, yüz oğula dəyər oğlandı. O kədərli, o hüznlü anlarda ona başsağlığı verdim.

Amma zəmanənin üzü qara olsun, ən yaxın dostlarımızın yasında iştirak edə bilmirik. Çünki bu xəstəlik, bu bəla bizə imkan vermir ki, dostlarımızın yasında iştirak edək, onların dərdinə şərik olaq. İstedadlı adamlar heç vaxt ölmürlər, onlar həmişə yaşayırlar, onlar həmişə xatırlanırlar. Lətif Süleymanlı da həmişə oxucuları, onu tanıyanlar, onu sevənləri tərəfindən, bizim kimi yaxın dostları tərəfindən xatırlanacaq, yada salınacaq. İnsan o vaxt ölür ki, onu xatırlayan olmur. Deməli, Lətif

Süleymanlı bundan sonra da uzun müddət yaşayacaq. Çünki onu xatırlayanlar çoxdur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03
2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK