SON DƏQİQƏ:

Yeddi sual - Pərvanə Bayramqızı yazır

  94787   |  
Şriftin ölçüsü  

Axşamlar işdən qayıdıb müsahiblərimin səslərini dinləyib mətn hazırlayanda bəzən içimdə gizli bir istək baş qaldırır – görkəmli şəxsiyyət olum, məndən müsahibə almaq üçün jurnalistlər sıraya düzülsünlər.  Bu şirin xəyala elə ehmalla dalıram ki, bilib ələ salan olmasın. Ən çox da anamın xəbər tutmasını istəmirəm. Küsdürmüşəm onu. Bilsə ki, məşhur adam olub hər gün intervü vermək istəyindəyəm, acıqlanacaq ki, nişanını buna görə pozmusan ki, biabır olaq? Amma vecimə də deyil. Desin də, şirin xəyalla yaşamaq sevmədən ailə qurmaqdan yaxşıdır. Üstəlik də dayın oğlu ilə.

Klaviaturanın çıqqıltısına ara verib başımı kresloya söykəyib anama acıq verirmiş kimi gülümsünürəm. Xəyalımda hər şey dəyişir:  məşhur jurnalistəm, karyerasına yenicə başlamış bir gənc də mənə suallar verir. Üzümə həsədlə baxdığını görüb məmnun halda suallarını cavablandırıram. Belə həvəslə müsahbə verərkən yadıma O düşür. O mənə müsahibə verməmişdi. Şahidi olduğu hadisələrdən danışa bilərdi, mənim də bu gənc jurnalist kimi ağzım açala qalardı. O vaxt Xalidə xanım bu barədə qənaətini bölüşdü mənimlə. Əsl səbəbisə özü deyə bilərdi, amma acı bir söz deyib qəlbimi qıracağından qorxub bunu ondan soruşmadım. Ta ki ... burası qalsın sonraya.

 Jurnalist diqqətlə qulaq asır, telefonu yaxınlaşdırıb səsimi yazdırır. Mən də dərindən nəfəs alıb üzümə xatirələrə dalmış adamın mimikasını yayıb əda ilə danışıram:

 – Jurnalistika fakültəsini bitirdiyim il saytlardan birində işə düzəldim. Əlbəttə, bu, qəfil baş vermədi. Hələ təcrübəyə gələn zaman saytın redaktoru iş təklif etmişdi. Təcrübə bitər-bitməz əlaqə saxlayıb təklifi qəbul etdiyimi bildirdim. İşə yeni başladığım günlər ürəyimdən olmayan bir çox məqamlar olsa da, yavaş-yavaş hər şeyə alışdım. Xüsusilə, manşetə çıxarılan xəbərlərə görə həmkarlarımla mübahisələrimiz olurdu. Mən onlara təhsil aldığım müddətdə öyrəndiklərimdən danışdıqca, onlar mənə izləyicinin diqqətini çəkə bilmək üçün maraqlı başlıq seçməyin vacibliyini bildirirdilər.

 Bir müddət keçəndən sonra mənə məqalələrini sevə-sevə oxuduğum məşhur jurnalistdən müsahibə almağı tapşırdılar. Həvəslə getdim. Müsahibimin söhbətini dinləməyə, ondan nəsə öyrənməyə tələsirdim. Mənə gözəl tövsiyələr verəcəyini düşündükcə də ürəyim sevincdən elə bil mayallaq aşırdı.

İşlədiyi ofisi tapanda elə bildim xəzinə üstünə çıxmışam. Hansı otaqda olduğunu soruşa-soruşa gəlib 51-ci otağa çatanda qapıdan çıxdığını gördüm. Ona çatmaq üçün tez-tez yeriməyə başladım. Yanına çatınca sevincək:

 – Vaxtınızı ala bilərəm? – deyə həyəcanla soruşdum. Geri çönüb üzümə bir neçə saniyə diqqətlə baxıb qətiyyətlə: – yox, – dedi, – gedəsi yerim var.

Çox pərt oldum. Bilmədim nə deyim. Kim olduğumu da soruşmadı. Getdi, arxasınca baxa-baxa qaldım. Doğrusu, illərdir yazdıqlarından tanıyıb sevdiyim bir insanın bu cür laqeyd ola biləcəyi ağlıma gəlməmişdi.

Sağ tərəfdəki otağın qapısı ağzında dayanan qadın uzaqdan başı ilə mənə “gəl” işarəsi verdi. Ürəyimdə “yəqin, pərtliyimi görüb ovundurmaq istəyir” dedim. Yanına çatar-çatmaz adımı soruşdu.

– Yenisu – deyə astadan dilləndim.

Heyrətlə üzümə baxıb:

– Aaaa! Necə maraqlı adın var! – dedi.

 – Babam qoyub.

– Sevdiyi qızın adıymış, yəqin. Bizlərdə çoxu belə edir.

  – Burda bir məntiq görə bilmirəm, –  dedim – nə vaxtsa qız sevəsən, sonra da adını övladına verəsən. Onda nə olur ki?

 – İnsan özünü ovundurmağa mütləq bir şey tapmalıdır – dedi.

 – Nənəmin adıdır.

Adım barəsində daha heç nə deməyib nə axtardığımı soruşdu.

  • Müsahibə alacaqdım – dedim. – O da getdi.
  • O, elə kobud adamdır ki. Sənin kimi gənc qız onunla bacarmaz. O yalnız tanınmış, ya da münasibəti olan jurnalistlərə müsahibə verir.
  • İndi neynəyim ki, 1980-ci ildə doğulmuşam. Mən də yaşa dolacam də – incik halda dedim. Qadın gülüb:

 – Sən də onda cavanlara o cür yanaşacaqsan. Özünü toxunulmaz hesab edəcəksən.

“Müsahibənin ən maraqlı yerində” anam otağa daxil olub stolun üstünə çay qoydu. Bir stəkan çay məni şirin xəyaldan ayırdı. Zəhmətini dəyərləndirmək məqsədilə:

– Yaman susamışdım. Çox sağ ol – dedim. Qayğısından sevindi. Bunu gözləyirmiş kimi gəlib çarpayıda oturdu. Bildim ki, nəsə demək istəyir. Çönüb üzünə baxdım.

 – Qurban olaram, ana, o mövzuda danışmayaq. – dedim. – Gör necə həvəslə işləyirəm.

Yazıq qadın danışmağın yersiz olduğunu bilib heç nə deməyib otaqdan çıxdı. Amma incimişdi. Baxışlarından bilirdim. Yazığım gəldi. Durub arxasınca qaçıb qucaqladım.

  • Gör səni necə sevindirəcəm. – dedim. – Bir azca da döz, mənimlə fəxr edəcəksən.

Dərindən köks ötürüb:

 – Təki elə olsun  – dedi. Bu “təki” ədatında əminsizlik duyulurdu. Gələcəyi gözləməyə səbri çatmırdı. Qayıdıb yerimə keçib işimə davam etdim. Mətni hazırlayıb son redaktə işini bitirəndə artıq gecə saat iki idi.

 

O gündən sonra xəyalımda hər gün “müsahibə verməyə” başladım. Son vaxtlar artıq şəxsi həyatımla bağlı sualları cavablandırırdım.

 

Yorğun idim. İki nazirliyin mətbuat katibi ilə görüşdə iştirak etmişdim. Xəbəri sayta verəndən sonra təzədən yanğın hadisəsilə bağlı reportaj hazırlamağa getmişdik. Təəssüratım yaxşı olmadığından bu barədə yazmaq istəmirəm. Bu axşam “müsahibə verməyə” də həvəsim yoxdur. Yatağa uzandım. Yuxu görməməyi arzu edib gözlərimi yumdum. Gözəl yuxuların gerçək olmaması bu prosesi gözümdən salıb. Ən yaxşısı elə yuxu görməməkdir.

Necə adət etmişəmsə, səhər oyananda da yanımda jurnalist görəcəyimi zənn edirəm. Həm işimlə, həm də xəyalımla bağlı həyatım kamera və mikrofondan asılı olmuşdu.

Anamla qısa söhbətdən sonra sağollaşıb evdən çıxdım. Günorta saatlarında gündəmi gənc jurnalistin Onun haqqında yazdığı yazı zəbt etdi. İllərlə şəninə təriflər yağdırılan Səlin Uğurlunu gənc yazarın tənqid etməsi mətbuat və ədəbiyyat adamlarını hiddətləndirmişdi. Kimi bu əməlinə görə onu qınayır, kimi də “uşaqdır dəcəllik edib” deyərək zarafata salırdı. Xəbəri oxuyub dərin fikrə getdim. Deyəsən, bu boyda yazı-pozu əhlinin arasında bu mötəbər insana bircə o gənc yazarla mən yaxşı bələd olmuşuq. Maraqlıdır, görəsən, bu jurnalistin də suallarına cavab verməyib? İndi tənqidi yazıların çoxu qərəzli olduğundan yazılanları oxuduqdan sonra təzədən özümüz təhlil etməli oluruq. Buna görə də onu daha yaxından tanımaq, haqqında hər şeyi bilmək istəyirdim. Ünsiyyətim olan adamların onunla bağlı təəssüratlarını acgözlüklə dinləyirdim. İstəyirdim hamı ondan danışsın, bu söhbətlərdə hər bir fikir mənim üçün informasiya idi.

Gərgin iş həftəsinin sonunda dincəlmək üçün yenə xəyala daldım. Yəni “müsahibə verməyə” davam etdim. Harda qaldığımızı jurnalistin: – Keçən dəfə bir qadının sizə “sən də məşhurlaşanda elə olacaqsan” dediyi hissədə qalmışdıq davam edə bilərsinizmi? – sualı xatırlatdı.

 – Əlbəttə. Bu hissə çox vacibdir. Çünki Xalidə xanımın o sözü məni həmişə düşündürdü. Özümü şöhrətpərəstliyə qapdırmamaq üçün heç bir parıltıya meyillənmədim. Elə həmin vaxtda da ona:

  • Mən elə etmərəm – dedim. O da gülüb:
  • Əminsən? –  deyə  soruşdu.
  • Hə – dedim.

Xalidə xanım mənimlə şərt kəsdi.

  • Yaxşı, gəl özümüzə şahid seçək. Allah mənə ömür versə bax elə burda həmin şahidin yanında sənə uduzduğunu deyəcəm –dedi. Razılaşdıq.
  • Bəs şahid kim olsun? – soruşanda:

 – Şahid? – deyə cavabdan çox sual intonasiyası ilə dilləndi: –  şahid bax mənim bu güllərim olsun. Onlar yaxşı işlər olanda açılır, pis işlər olanda da solurlar.  Ona görə illərdir o zəhləmgetmişdən qoruyuram bu çiçəkləri.

Adını çəkməsə də, bildim ki, “zəhləmgetmiş” deyəndə Səlin müəllimi nəzərdə tuturdu.

Bu məqamda jurnalist maraqla Səlin müəllimin kim olduğunu soruşdu. Onu hələ də tanımadığına təəccübləndim:

 – Peşəkarların yaradıcılığını izləməliyik – dedim – Səlin Uğurlu jurnalistika sahəsində hər kəsə örnəkdir.

O məndən də çox təəccüblə:

 –  Bəs onda xanım onun haqqında niyə elə deyib?

 – Bilmirəm – deyib çiynimi çəkdim.  – Hələ də bilmirəm.

Əslində isə bilirdim. Çox şey bilirdim. Amma xatirələrə toxunmaq asan deyildi. Jurnalistə həmin vaxt Xalidə xanımdan: – Yəni o belə pis adamdır? – deyə təəccüblə soruşduğumu, o cür yazı yazan bir insan necə pis ola bilər?  – deyə təəccübləndiyimi, onun da:

 – Elə bilirsən yazdıqları Quran ayəsidir. İç üzünü ört-basdır eləmək üçün yaxşı şeylər yazır, hələ arvadının gözünə girmək üçün son vaxtlar bir-iki şeir də cızmalayıb. – deməyini söyləmədim. Səlin Uğurlunun şeir yazmağı mənim üçün yeni xəbər idi.

O gündən sonra qadının güllərinə gizlicə göz gəzdirməyə başladığımdan,  hər dəfə qorxa-qorxa “birdən solarlar, əgər solublarsa, deməli, Səlin müəllim görüb onları” xofumdan jurnalisti xəbərsiz qoydum. Heç vaxt heç bir jurnalistə o günlərdə baş verənləri söyləməyəcəm. Elə xatirələr var ki, onu hamıdan qoruyursan. Qəlbinin ən dərin yerində gizlədirsən.

 – O qadın necə təəssürat oyatmışdı? Onun dediklərinə sizdə inam vardı, ya yox?

 – Elə həmin gündən münasibətimiz yarandı. Mehriban idi. Mənə öz kitablarını göstərib dedi ki, hansı lazım olsa, götürüb istifadə edə bilərəm. Bu, mənimçün göydəndüşmə oldu, pdf variantları olmayan kitablar idi. Çox vaxt çətinlik çəkirdim tapmağa. Universiteti bitirən kimi ailə qurduğundan uzun illər işləyə bilmədiyini söylədi. Ona görə də imzası çox elə tanınmırdı. Ona baxanda təəssüf hissi keçirirdim. İstedadlı insan idi. Jurnalistika sahəsində Xalidə Yusifovanın yaza biləcəklərinin yeri boş qalmışdı. Deyirdi ki, gec başladım işə. Artıq səhhətim də korlanıb. Tez yoruluram, bəzən yazını bitirməyə hövsələm çatmır. Əri dünyasını dəyişəndən sonra övladlarını böyütmək üçün işləməli olub. Əlbəttə, təzədən başlamaq çətin olur, xeyli müddət cəmiyyətə adaptasiya ola bilməyib. Deyir, evi istəyirdim, səs-küy götürə bilmirdim, küçədə elə bilirdim, hamı mənə baxıb gülür. Bunların hamısı qapalı mühitin yaratdığı psixoloji gərginliklər idi. Yavaş-yavaş hər şeyin qaydaya düşdüyünü elə sevincək dedi ki, sanki işə yenicə başlamışdı. Beləcə dostlaşdıq onunla.

 – Bəs müsahibə ala bilmədiyiniz sizə necə təsir edirdi?

 – Təbii ki, sıxılırdım. Bəzən özümə inamsızlıq yaradırdı. Amma məndə günah olmadığını da bilirdim. Hər dəfə oraya gələndə Səlin müəllim hay-küylə: “gedirəm vaxtım yoxdur” deyib qaçırdı. Mən ona güc tətbiq edib müsahibə alası deyildim. Saytın işçiləri də pıçhapıç edirdi ki, təzədir, bacarmır. Mən Səlin müəllimdən cəmi yeddi suala cavab alanadək başqa ixtisası bitirənlər üç  məşhur insandan müsahibə almışdılar. Onların bəsit suallarına irad tutmağa ürək eləmirdim. Səhvlərini deməyə imkan vermirdilər. Tək idim. Hamısı günün nəbzini tutmağı öyrənməli olduğumu deyirdi. Üstəlik: – “Noldu sənin Səlin Uğurlun?” – deyə mənə gülürdülər. Bilmirdim nə cavab verim. Redaktor deyirdi, gərək əl çəkməyəsən. Qapıdan qovanda bacadan girməyi bacarasan ki, nəsə əldə edəsən. Mənsə “vaxtım yoxdur” deyiləndə sakitcə geri qayıdırdım.

Müsahibə verəcəyini zənn etdiyimdən bir dəfə ona yaxınlaşanda cavablarını qeyd etmək üçün qələmi əlimə almağım, əlim əsdiyindən anasının qucağından zorla sivişib düşən uşaq kimi qələmin sürüşüb döşəməyə düşməsi, Onun acıqlı-acıqlı üzümə baxıb:

 Birinci qələmi tutmağı öyrən – deyib getməsi, pərt olsam da, deməyə sözümün olmaması, yenə dəhlizdə arxasınca baxa-baxa qalmağım, başqa bir ağsaqqal jurnalistin yanımdan ötəndə canıyananlıqla:

 – Ömrünü buna sərf etmə, qızım – deməsi, mənim: “nədən vaxtını yox, ömrünü dedi?” sualını pıçıldamağım jurnalistə danışmadığım hissələrə aid idi.

 – Beləcə bir ay ötdü. Artıq Səlin müəllim məni görəndə görməzliyə vururdu. Baxışlarından “yenə gəldi” ifadəsi oxunurdu, yaxınlaşmağa cürət etmirdim. Axırda qərara aldım ki, daha gəlməyəcəm onun yanına. Sözümün üstündə durdum, müsahibəni başqa bir adamla aparmaq istədiyimi bildirdim. İş yoldaşım redaktora dedi ki, bu işi ona həvalə etsin. Mənə də daha həlim müsahib verdilər. Ona ünvanladığım sualları heç kəsə vermək istəmirdim. O suallara yalnız Səlin müəllimdən cavab almaq istəyirdim. Amma bir də buna görə yanına getməyəcəkdim.

– “Onu nə üçün tənqid etmədiniz?”

Qəfil verilən bu sual fikirlərimi alt-üst etdi. Səbəbini söyləmək çətin idi. Onu tənqid etməməyimə birinci səbəb xasiyyətim idi. Qalmaqal yaradası yazılara maraqlı deyildim. Ona olan ehtiramım da qarşımı kəsirdi. İncikliyimə baxmayaraq, bu mövzuda heç özünə də bir söz deməməyimsə... Burda sözümə ara verirəm. Bilirəm ki, durub güzgüyə baxsam, gözlərimdəki kədər ifadəsini görəcəm. Heç güzgüyə ehtiyac da yoxdur. Həmişə hissiyyatımla güzgülənirəm. Jurnalist cavabımı gözləyirdi. Bilmirdim nə deyim. Sualı təkrarladı. Sual yenidən səslənərkən operatorun kameranı üzümə yaxınlaşdırıb gözümdəki yaşı çəkib bu anları dramatikləşdirdiyinə etiraz edəsi halda deyildim. Artıq doğrudan da vəziyyətim gərginləşmişdi. Özümü ələ almağa çalışırdım. Kaş “müsahibənin bu yerində” anam yenə otağa daxil ola, yaxud telefona zəng gələ. Nəsə bir şey baş verə, fasilə edək, bir az özümə gəlim. Jurnalistdə o vaxt mənə tövsiyə edilən cəhət özünü qabarıq göstərirdi. O müsahibini lazım olan məqamda “yaxaladığına” sevinib dalbadal suallar yağdırırdı. Gərginliyim diqqətindən yayınmamışdı. Bunun səbəbini mən dillənənəcən iki dəfə soruşdu.

 – O illərdə narahatlıqlarım çox idi, indi xatırlayınca özümə gücüm çatmadı – dedim. – Karyerasına yenicə başlamış bir qız üçün heç nə asan deyildi.  Utancaq idim, insanları yormağı sevmirdim. Ən əsas da zamanın nəbzini tutmaq istəmirdim. Onda özümdən uzaqlaşırdım. Bunu istəmirdim.

 – Sevilməyinizin səbəbi kimi bu cəhətinizi göstərmək olarmı, yoxsa istedadınızın rolunu əsas götürürsünüz?

(Hərdən xoşum gələn cəhətlərimi vurğulamağı sevirəm. Hər halda pis şey deyil.)

 – Yalnız mətnə dəyər verən insanlar azdır, əksəriyyət yazanın mənəvi keyfiyyətlərinə də həssas olurlar. Cəmiyyəti nəzərə alanda hər ikisinin rolunu görürəm.

Səlin müəllimi niyə pis adam kimi tanıdıqlarını öyrənmək cəhdi jurnalistə rahatlıq vermirdi. Başqa suallar versə də, arada yenə bu mövzuya qayıdıb həmin sualı soruşurdu. Mənsə sualdan yayınırdım. Artıq ondan qaçmağa çalışırdım. Müsahibə vermək həvəsindən düşdüm. Bəzən məntiqsiz, bəzən çeynənmiş suallar yorurdu məni. Ən çox da xatirələrimi danışacağımdan qorxurdum. Qərara aldım ki, daha jurnalistdən qaçım. Yadıma Xalidə xanımın sözü düşdü: “tanınmış olanda sən də qaçacaqsan müsahibə verməkdən”. Gülümsündüm, haqlı imiş. Hərə bir səbəbdən qaçırmış müsahibə verməkdən.

 

Səlin müəllimin məndən niyə qaçdığının səbəbini tapmağa çalışırdım. Mən onun sözlərini sevirdim. O sözlər gözəl fikirlərin toplusu idi. O toplu da Səlin Uğurlunun beynindən gəlmişdi. Gözəl yazmaq üçün yalnız pis adam kimi doğulmaq mümkün deyil. Onda nəsə yaxşı bir şey vardı. Heç kəsin görmədiyi, bilmədiyi şeylər. O “yaxşı şeyi” axtarırdım.

Xalidə xanımla artıq əlaqələrimiz sıxlaşmışdı. Tez-tez görüşürdük. Ondan da öyrəndiklərim vardı. Bir gün yenə onun yanına gedəndə binanın girişində qarşıma birinci Səlin müəllim çıxdı. Laqeydcəsinə baxdı mənə. Elə bildi yenə onu səsləyəcək, arxasınca gedəcəm. Bilmirəm bu dəfə nə deyərdi, amma özümdə güc tapıb dilucu “salam” deyib sürətlə ötdüm. Görünür, o da buna təəccüb etdi. Yəqin, ağzını açıb “vaxtım yoxdur” deyəcəkdi. Arxaya baxmadım. Qaça-qaça Xalidə xanımın otağına girdim. Girən kimi birinci güllərə baxmağa adət etmişdim. Elə gözəl görünürdülər ki. Xalidə xanım məni görçək gülüb dedi:

– Yenicə su tökmüşəm, gör necə şavaqlıdırlar.

– Hə, –  dedim –  çox qəşəngdirlər.

– Noldu, Daşdəmir müsahibə verdi?

– Aaa! – təccüblə üzünə baxdım. – Siz ona Daşdəmir deyirsiniz?

– Yox, ay qız, xasiyyətinə görə elə adlandırdım. Daş da, dəmir də ondan yumşaqdır. Gör nə qədər qəddar insandır, sənin kimi bir qızı aylardır süründürür, iki kəlmə suala cavab vermir.

– Daha sual vermirəm.

– Hə? – deyə dayanıb maraqla üzümə baxdı. – Niyə? Sənə nəsə dedi?

– Elə heç nə demədiyi üçün daha sual vermirəm də.

– Düz edirsən, qoy getsin öz işlərinin dalınca.

Görəsən, Daşdəmirin... eee Səlin müəllimin “öz işlərinə” nələr daxil idi?

Üç gün sonra saytda məni əməlli-başlı ələ salırdılar. Səlin müəllim həmkarıma müsahibə vermişdi. İçimdə nəyinsə sındığını hiss etdim. Populyarlığa nifrət etdim. Yersiz hərəkətlərlə məşhurlaşıb istədiyin adamdan müsahibə ala bilmək mümkünmüş. Bu da informasiya əsri. İnsanları olmadığı kimi olmağa məcbur edən mühit formalaşmışdı.

 Evə gələndə kitab dükanlarından birindən onun ən son çap olunan kitabını aldım. Bilmirəm niyə bu adamı yaxından tanımaq istəyirdim. Kitabda məqalələriylə yanaşı müsahibələri də yer almışdı. O gündən vaxtımın bir neçə saatını kitabı oxumağa sərf edirdim. Xarakterinə bələd olmaq istəyirdim. Bəzən insan yazılarında gizlənir. Onu gizləndiyini yerdən tapıb çıxarmaq niyyətində idim.

Qəribə üslubu vardı. Bir az qəliz görünürdü, amma dərindən düşünəndə bu qəlizliyin əslində sadə həqiqətlər olduğunu bilmək olurdu. Bəs bu gerçəkləri niyə belə mürəkkəbləşdirirdi? Sözü cürbəcür formalara salırdı. Bir cümlədə sözləri önə, arxaya keçirəndə həmin fikrin əksi də yaranırdı. Maraqlı idi. İstedadla qabiliyyət, məharət birləşəndə möhtəşəm olur. Onu Səlin Uğurlu edən də bunlar olmuşdu. Məqalələri oxuduqca elə bilirdim bunu gur səsiylə özü danışır. Evdə körpə uşaq qoyub gələn ana kimi işdə kitabdan ötrü darıxırdım.

O kitab mənə insan kimi görünürdü. Günləri onunla keçirirdim. Bəzən razılaşmadığım fikirlərə rast gələndə özüm üçün qeydlər aparırdım. Nə vaxtsa müəllifdən soruşmaq istəyirdim. Bəzən buna görə özümə acıqlanırdım:  – Yeddi suala cavab ala bilmədin, səkkizincini, doqquzuncunu da hazırlayırsan.

Artıq məqalələr bitmişdir. Müsahibələrini də maraqla oxuyurdum. Bu ona bələd olmağıma kömək edirdi.

Bir müsahibəsində yenə qeydlər aparmalı oldum. Jurnalistin xəyanətə münasibətini öyrənmək niyyətilə verdiyi suala cavabı unikal idi.

 – Bir qadın ərini qadınları sevib əzizlədiyi üçün niyə qınasın ki? Onlar ərlərinə həmcinslərini incitdikləri üçün etiraz etməlidirlər. Qadına olan xoş münasibətə görə ərlərinə təşəkkür etməlidirlər.

Əgər bu müsahibə veriliş formasında çəkilsəydi, onun bu sözləri zarafatlamı, gerçəkdənmi dediyini bilmək olardı. Mötərizədə “gülür” sözünün qeyd edilməsi bu fikri çözməyimə kömək edə bilmədi. Hər halda asanlıqla qəbul ediləsi fikir deyildi. Yəqin ki, buna görə onu çoxları qınayıb, kitabı oxuduqca da qınayanların sayı daha da artacaq.

  • “... qadınları öldürmürük ki, sevirik də”. Qəribə yanaşmadır. 

 

Gənc jurnalistlərin Səlin Uğurlu ilə görüşü təşkil olunmuşdu. Mən də orda idim. Özü dəvət etməmişdi. İşdən redaktorla gəlmişdim. İmzasını tanıyan gənclər məni kimi hər kəlməsini maraqla dinləyirdilər. Həmkarları onu tərifləyib haqqında xoş sözlər söylədikcə Xalidə xanımın üzünə baxmaq, reaksiyasını görmək istəsəm də, istəyimə çata bilmədim. Tədbirə gəlməmişdi. Elə istəyirdim ki, hamı onun yaxşı adam olduğunu söyləsin. Nədənsə müşahidələrimi unutmağa çalışırdım. Xalidə xanım deyirdi, insafən çox işgüzardır, bəzən gecə yarıyadək işləyir, səhər yuxusuz olmağına baxmayaraq, hamıdan tez gəlir yenə işləyirdi.

O tədbirdə xeyli maraqlı imzalar iştirak etsə də, təkcə onu görürdüm. Nə idi onda məni özünə çəkən? Bəs yaxınlaşmağa nə mane olurdu? Bilmirdim ondan xoşum gəlirdi, yoxsa zəhləm gedirdi. Əgər özünü görməsəydim, hələ də “Sözdən başqa...” kitabının müəllifi kimi sevəcəkdim. İndisə yazıları ilə özünün arasında qalmışdım. Hansını sevdiyimi dəqiqləşdirməyə günlərimi sərf edirdim. Sərtliyi ilə yanaşı yumşaqlığı da vardı. Saçlarındakı ağlar elə bil hərəsi bir acı günün heykəli idi. Hərdən barmaqları ilə arxaya itələyib ağır iş görübmüş kimi “huu” edib dərindən nəfəs alırdı. Yeriyəndə hündür boy-buxunundan zövq alırmış kimi əda ilə çiyinlərini bir az da yuxarı qaldırırdı. Elə bil yanındakıların ona çatmağını istəmirdi. Üzündə məni özünə çəkən təbəssüm vardı. Baxışları qəzəbli idi, amma nədənsə mən orda mehribanlıq duyurdum. Bilmirdim doğrudanmı elədir, yoxsa görmək istədiyimimi görürdüm. İlk dəfə mənə tədbirdə yaxınlaşıb salam verib kefimi soruşdu. Doğrusu, gözlənilməz olduğundan özümü itirdim. Yanaqlarımın qızardığını hiss edib həyəcanlandım. Xalidə xanımın təbirincə desəm, deyəsən, Daşdəmir yumşalmışdı.

O tədbirdən sonra üç-dörd dəqiqəlik görüşlərimiz artıq bizi bir-birimizə isinişdirmişdi. Rastlaşanda gülə-gülə salamlaşırdıq. Bir dəfə Xalidə xanım orda olmadığından nəzakət xatirinə mənə öz otağında gözləməyi təklif etdi. Fürsəti əlimdən buraxmayıb içəri daxil oldum. Yorğun görünürdü. Qarşı-qarşıya oturmuşduq. Xeyli gileyləndi. Məmurların qarasınca deyindi. O hirslənib danışdıqca bütün cizgilərini əzbərləyirdim. “Nəşriyyatlar belə işləməli deyillər” deyəndə üzündə təəssüf hissinin göstəriciləri duyulurdu. Böyük bir layihə üzərində işlədiyini deyəndə o mimika cəld çəkilib getdi, yerinə sevinc hissinin cizgiləri qondu. Hələ arada qəzəblənəndə durub qaçmaq istədim. Elə bildim mənə “yenə müsahibə üçün gəlmisən?” deyə acıqlanırdı. Özümü birtəhər saxladım. Bu qədər dəyişkən xarakterli insan birinci dəfə idi görürdüm. Arada bəzən qeyri-səmimi olmağa məcbur olduğunu etiraf etdi: – “Elə olur ki, bəzən işin xatirinə kiməsə dözməli oluram”. Canım yandı ona. “Etiraz edə bilməzsiniz?” deyə soruşdum. “Yox,” –  dedi, –  “onda gərək işimi atam. Hara getsəm, eyni vəziyyətlə qarşılaşacam. Bu da mümkün deyil. Mən səni kimi cavan, subay deyiləm ki, başımın çarəsinə baxa biləm. Ailəm var. Özü də bu yaşda”.

İstədim nəsə deyəm, bacarmadım. Susdum. “Ailəm var... “ sözü qulaqlarımda əks-səda verdi.

Bu qədər vaxtda ilk dəfə məndən adımı soruşdu.

 – Yenisu Səfərli – deyə üstəlik soyadımı da söylədim.

 – Qəşəng adın var. Amma Suyun yenisi-köhnəsi olmur. Adamın ciyəri yananda təzəsini də, bir ay qabda qalmışını da başına çəkir –  dedi.  –  O rəhmətliyi rahat burax, öz adınla yaz yazdıqlarını. 

Qulaqlarıma inanmırdım. Tövsiyəsi çox xoşuma gəldi. Sevinirdim. O gündən yazılarım “Yenisi” imzası ilə dərc olunmağa başladı.

Sonralar onunla bağlı xatirələrimi yazmaq istəsəm də, həmkarlarımın “özünü reklam edir” tənəsindən qorxub fikrimdən daşındım. Ağlıma gəldi ki, bəlkə, adlarımızı dəyişib hekayə şəklində yazım. Bunu da etmədim. Real hadisə idi, bədiiləşdirmək istəmədim. Yaxşısı budur o günləri yalnız xatırlayım, öz-özümə danışım. Heç kəs bilməsin. Mənimlə qəbrə getsin.

 

İşlərim yavaş-yavaş qaydasına düşmüşdü. Amma anamla bəzən kiçik mübahisələrimiz olurdu. Həmin günlərdən birinin peşmanlığını hələ də çəkirəm.

Axşam evə gələndə anam xörəyimi qabağıma qoyub: – işdə vəziyyət necədir? – deyə soruşdu.

 – Çalışıram, ana, həvəslə çalışıram. – dedim. –  O qədər iş görmək istəyirəm ki. Amma pul lazımdır.

– Dayın göndərib. Sənə nə qədər lazımdır?

Sevinəcəyimi gözlədiyi halda, soyuqqanlılıqla:

– Onu qardaşın sənə göndərib – dedim –  mən özüm qazanıb edəcəm.

Son vaxtlar dayımdan gələn puldan çəkinirdim sıxılırdım. Qətiyyətlə əlavə etdim:

– Ana, daha ondan pul götürmə. Özüm işləyirəm.

Qardaşının müdafiəsinə qalxaraq:

– Zəhmətini unutma, bizi o saxlayıb indiyəcən. – dedi.

İlk dəfə olaraq anama acıqlandım:

– Ondan çox bunu sən başıma vurmusan.

– Başına vurmuram, deyirəm ki, nankorluq eləmə.

 – Nankorluq niyə? Gerçək budur. Həmişə bizi özündən asılı eləmək, yanında diligödək qalaq deyə etmədimi bunu? Səni işləməyə qoymadı, ona görə də ehtiyacımızı özü ödədi. Əgər işləsəydin, övladını minnətsiz özün böyüdərdin.

– Nankor!

– O biri misalı da çək – deyə kinayə ilə güldüm. – Denən ki, yetim birinci ona çörək verəni öldürər. Bu məsəli yetimin ömür boyu minnətdən canını qurtarmamağı üçün uydurublar. İnsanlar xoşlayırlar onlara təzim ediləndə. Dayım səni cəmiyyətdən təcrid etdi. Bu gün də şəhərin bir yerini tanımırsan, tək heç hara çıxa bilmirsən. Bu yaxşıdır, səncə? Yetimi əzə-əzə, yetimliyini üzünə vura-vura böyüdüb  heysiyyətinə toxunurlar, bu da onu aqressiv edir və sonra bu aqressiyanı ona nankorluq kimi yapışdırırlar. Yetim iztirablarını bir qarın çörəklə ovuda bilməz.

– Adam böyüyəndə, özü işləyəndə ona əl tutana arxa çevirməz!  Onlar sənə pislik etməyiblər ki.

 – Yetim təkcə mən deyiləm. Məni kimi atasız böyüyən nə qədər uşaqlar var. Hə, mən bir az xoşbəxt yetim olmuşam. Dayım korluq çəkməyə qoymayıb. Amma onun verdiyini atamın əllərinin qabarı ilə qazandığı yavan çörək qədər rahat yeyə bilməmişəm.

  • Onun zəhmətini yerə vurma. Həmişə sənin xoşbəxtliyin üçün çalışıb. İndi də oğluna alır səni, deyir itə-qurda qismət olmasın.

 – İtlə-qurdla deyil, öz sevdiyimlə ailə quracam. Məni seçimimdən məhrum etməklə guya yaxşılıq edir. Ərköyün oğlunu düşünür. Deyir ki, yetim qızdır, oğlumun oyunlarına dözəcək.

– Sən özün də razı oldun nişanlanmağa.

 – Ona görə razı oldum ki, seçimim yox idi. Gördüyüm də təkcə qardaşının oğlu idi, sevgi barəsində təsəvvürüm yox idi.

Anam hiddətləndi:

–  Sən əməlli-başlı özündən çıxmısan ha.  

Anamı incitdiyimə peşman olsam da, ürəyimdəkilərin hamısını dediyimdən sakitləşmişdim. Gərək çoxdan deyəydim.

Həmin gündən sonra mənimlə soyuq danışırdı. Mənsə gündən-günə başqalaşırdım. Ya böyüyürdüm, ağıllanırdım, ya da doğrudan da, anamın dediyi kimi özümdən çıxırdım. Qəribə hisslər baş qaldırmışdı qəlbimdə. Hiss edirdim ki, telefonda onun nömrəsini axtarıram. Nömrəyə baxıram... içimdən bir istək gəlir: zəng et danış. Yox, mümkün deyil. Nə deyəcəm axı? Daha müsahibə almayacaqdım. Heç özü də soruşmur ki, suallarının axırı necə oldu. Nə adla zəng edim. Kefini soruşum? Yox, arada rastlaşırıq. Nömrəyə baxıb qaytarıb telefonu yerinə qoyurdum. Kitab oxumaq istəyirdim, hiss edirdim ki, fikrim onun yanındadır. Getdikcə qorxulu həqiqəti dərk etməyə başlayırdım. Ona laqeyd olmadığımın fərqinə varırdm. Onu görməyə ehtiyac duyurdum. Tutaq ki, gördüm, lap salamlaşdıq nə olsun? Yox, elə bu bir anlıq görüş üçün darıxırdım. Yoxsa... Bu nə hisslərdir? Uçurumun kənarına gəlirəm, deyəsən.

Qarışıq hisslərin içində nə vaxt yuxuya getdiyimi bilməmişəm. Ayılanda anamın başımın üstündə: – dur gecikərsən – dediyini eşitdim. Yuxudan tam ayılmadığım halda:  – İlqar gəlib özü aparacaq –  deməyi gözlərimdəki yuxunu necə qovdusa dik atıldım.

 – Səhər tezdən adama xoş xəbər verərlər. –  deyib əl-üzümü yumağa getdim.

–Dünən zəng edib, götürməmisən, o da məni yığmışdı.

Anamla zarafat etmək istədim:

 – Səni yox, nömrəni.

 – Ehhh –  eləyib mətbəxə keçdi.

– Nə ehh? Leksik normanı pozma! – deyə gülümsündüm.

 – Özün nələri pozduğunu bilirsən heç?

Suyu açdım ki, nə dediyini eşitməyim.

Bir azdan süfrə başında qayğılı baxışlarla üzümə baxıb:

–  İşdə problemin yoxdur? – deyə soruşdu.

– Yox, hər şey əladır. – dedim.

– Bəs niyə belə qəribə olmusan?

– Necə olmuşam?

– Qəribə.

– Qəribə-zad deyiləm, elə əvvəkli Yenisuyam.

– Yox, indi yenidən də yeni Susan!

Onu aldatmaq istəmədim:

  • Ax çoxbilmiş qadın!
  • Mən yanılmaram. Kor deyiləm, görürəm, ürəyim var, hiss edirəm.
  • O qədər yazı-pozum var, başımı itirmişəm. – dedim.

– Başını itirmisən, bunu müşahidə edirəm, amma nədən, harda itirmisən, bircə onu bilmirəm.

Özümü saxlaya bilməyib güldüm.

– Yaman çoxbilmişsən haa.

– Sən dayının canı, məndən nəsə gizlədirsən?

  • Hələ özüm də bilmirəm nə baş verir. Biləndə sənə də deyərəm.

Süfrədən uzaqlaşdım. Ürəyimdə yenə güldüm. “sən dayının canı...” anda bax. Dayım saxladı böyütdü deyə canına and içməli, hələ gəlini də olmalıyam?

Maşın binanın həyətində idi. Pəncərədən geri çəkilib anamı səslədim:

– Ana, qardaşının oğluna denən gözləməsin getsin.

– Boyy! A bala, sən dəli olmusan vallah. Bura gəl – deyib qolumdan tutub çarpayıya tərəf çəkdi. – O uşağı niyə belə acılayırsan?

  • İstəmirəm ona ərə getməyi.

– Axı öz razılığınla nişanladıq.

– İndi peşmanam

– Bu elə də asan məsələ deyil.

– Çətin də deyil. Ailə qurmaq istəmirəm, işləyəcəm. Arzularım var.

– Mənim də arzularım var. Ölmədən bircə balamı gəlin köçürüm.

– Gəlin köçmək də müqəddəs işdir?

– Deyişmə mənimlə.

– Bəs fikrimi kiminlə bölüşüm? –  deyə bu dəfə səsimi qaldırdım.

– Get işinə gecikirsən, səninlə sonra danışacam – deyib otaqdan çıxıdı.

Pilləkənləri könülsüz endim. Ölümə gedirmişəm kimi pis hisslər dolmuşdu qəlbimə. Maşının qapısını açanda dilucu “sabahın xeyir” dedim.

– Vəziyyət necədir? – deyə soruşdu.

– Yaxşı–  dedim. –  Hər şey qaydasındadır.

– Problem olsa, xəbər elə.

– Nə problem olasıdır?

– Nə olsa.

Onun acıqlı dillənməsinə lap əsəbiləşdim.

– Sən məni izləməyi tərgiyəcəksən?

– Yox.

– Məni niyə izləyirsən?

– Belə lazımdır.

– Lazım deyil.

– Dedim lazımdır! – Səsini ucaltdı.

– Guya məni qoruyursan.

– Hə, qoruyuram, axmaq adamlar çoxdur.

– Mən axmaqlarla oturub-durmuram.

– Bəzən sənin ağıllı hesab etdiklərin də axmaqlıq edə bilir.

  • Məni yorursan. Anama deyəcəm, atanla danışsın.

– Nə deyəcən? Nə danışsın?

– Mən hələ ailə qurmaq istəmirəm.

– Nə danışırsan sən?

 – Eşitdiyini – deyib maşının qapısını tıqqıldatdım –  Saxla!

 – Olmaz!

 – Avtobusla gedəcəm.

 – Dedim, olmaz!

 – Bezmişəm sənin “olmaz”larından.

Sükan arxasında olmağını nəzərə alıb daha höcətlik etmədim. İşə çatanacan heç birimiz dinmədik. Düşəndə arxamca:

 – Sənə də –  dedi. Guya “yaxşı yol” demişdim.

 

İşdə qızlar məni gülüşlə qarşıladılar.

– Qız, kefin kökdür ha.

– Niyə? – deyə laqeydliklə soruşdum.

– Bizi aldada bilməzsən – dedilər  – səni kim gətirdiyini gördük.

– Nolsun ki?

– O olsun ki, nişanlındır.

– Nişanlı olanda nə olur?

– Ay qız, özünü uşaq kimi aparma, guya inandıq.

İstehza ilə güldüm. Çantanı dolaba qoyub kompüteri işə saldım.

 

Gərginliyim artmışdı. Anamla mübahisələrimiz uzanırdı. “Dayının üzünə baxa bilmərəm” deyirdi. Mənsə qərarımda qəti idim. İşimi elə sevirdim ki, birdən-birə işdən ayırılıb ailə qurmaq istəmirdim. Buna hazır deyildim. Xalidə xanım da məni tələsdirirdi: “Anan yazıqdır, qoy sənin balalarını görsün” deyirdi. Bəzən onunla da fikirlərimiz üst-üstə düşmürdü. Nədənsə məni dəstəkləyən yox idi. Qızlar da “başın xarabdır, gül kimi nişanlın var” deyə qınayırdılar. Heç nə beynimə batmırdı.

Mətnləri yazıb bir-birinin ardınca sayta yerləşdirdim. Darıxırdım. Kimin üçün, nə üçün? Bunu aydınlaşdırmaq artıq mənə çətin deyildi. Bilirdim. İndi müsahibə almasam da, o binaya getmək istəyirdim.

Qəribə münasibət yaranmışdı aramızda. Bəzən özü zəng edirdi. İşlərindən  danışırdı. Bu, mənə də xoş gəlirdi. Haqqımda heç nə soruşmurdu. Bilmirdim bu zəngin nə mənası var? Amma zəng etməyini istəyirdim. Səsini eşitmək xoş idi.

Bir gün yenə qarşılaşdıq. Yenə üzbəüz oturduq. Yenə cəmiyyətin problemlərindən əsəbiliklə danışdı. Yenə sonda özünün məcburən nələrsə etdiyini vurğuladı. Deyəsən, bu etirafla sakitləşmək istəyirdi. Onu dinləmək ürəyimdən idi. Hansı mövzu olur-olsun. Təki səsini eşidim. Artıq yaxından tanımağa başlamışdım. Kitabını da bitirmişdim, özünü də tez-tez görürdüm.

Bir gün gözləmədiyim halda: “işlərin necə gedir?” –  deyə soruşdu. Bu bir kəlmə sual mənə qayğı, nəvaziş kimi göründü. Sonralar rastlaşanda səmimi söhbətlərimiz oldu. Səmimiyyətindən çox cəsarətinə heyran qalmışdım. Fikrini sərt şəkildə qəfildən elə söyləyirdi ki, etiraz etmək mümkün olmurdu. Bəzən işlədilməsi eyib sayılan sözlərdən də rahat istifadə edirdi. Belə məqamlarda ona acıqlanıb getmək istəsəm də, ayaqlarım tərpənmirdi. Münasibətlərimizi özü səmimiləşdirirdi. Qəribə adam idi. Səmimiliyi ilə yanaşı çoxbilmişliyi, sərtliyi ilə yanaşı yumşaqlığı vardı. Bir-birimizi artıq sözsüz anlayırdıq. Xalidə xanımın yanında olanda otağının qapısından boylanıb çəkiləndə bilirdim ki, gözləyir. Bəzən də dinmir, bir-birimizin üzünə baxıb gülümsünürdük. Belə günlərin birində oğlundan şikayətləndi: “Mütaliə etmir” dedi – yazdıqlarını övladın oxumayandan sonra başqalarını necə ittiham edəsən? Söhbətimiz uzandı. Necə oldusa mən də anamla mübahisə etdiyimi bildirdim. Səbəbini də gizlətmədim. Özüm də bilmirəm bunu ona niyə söylədim.

– Sən nişanı pozmaq istəyirsən? –  deyə təəccüblə soruşdu.

– Hə –  dedim – istəyirəm özü də çox istəyirəm.

– Axı mənim ailəm var.

Məəttəl qaldım. Bunu niyə dedi. Tutalım, hisslərimi duyurdu, yenə də birbaşa söyləməmli idi. Keçidləri tez adlayır. Bəlkə də, yaşı ilə əlaqədar zamana etibarı olmadığından tələsirdi. Dilim dolaşdı. Bilmədim nə deyim. Yenə acıqlandım, yenə getmək istədim. Və yenə ayaqlarım tərpənmədi. Birtəhər:

  • Sizinlə heç bir əlaqəsi yoxdur. – dedim. Sevmirəm onu. Anamla dayım nişanlayıblar bizi.

 – Bəs nişanlın?

Üzümə baxmadan verdiyi bu sualdan çox utandım. Amma sərbəst insan olduğundan utanmağın yersiz olduğunu bilib:

  • Ona cəmiyyətlə əlaqəsi olmayan “ev qızı” lazımdır. Mənsə evdə oturub onun mədəsinə qulluq etmək arzusunda deyiləm.
  • Bəs ana olmaq da istəmirsən?

Qıpqırmızı oldum. Necə də rahat soruşur. Cavab verə bilmədim. Utandığımı hiss edib başqa sual verəndə rahatlaşıb dərindən nəfəs aldım.

– Ananın fikri necədir?

– Anam məni ailəli görmək isətyir. Elə bilir onda xoşbəxt olacam.

– Ananı eşit!

Qətiyyətinə təəccübləndim. Yazılarında qadın azadlığından danışan biri mənə mühafizəkarcasına nəsihətlər verirdi.

– Özün bilirsən, bizdə nişanı pozulan qızların haqqında yaxşı fikirdə olmurlar.

– Vecimə də deyil. Mən onunla heç gəzməyə də getməmişəm.

– Sənə inanıram. Saflığına zərrə qədər də şübhəm yoxdur. Səni bu cəmiyyətin ağzına vermək istəmirəm. Ananı incitmə deyəndə özünə zərbə vurmuş olduğunu da düşünürəm. Bəzən adam hansı cəmiyyətdə yaşadığını istəmədən nəzərə almalı olur.

 –Onu nişanlım kimi görə bilmirəm, elə dayımoğlu olaraq qalıb. Mən zamanında hisslərimə ad verməyə tələsmişəm.

 – Həyat mürəkkəb, sənsə uşaqsan. Səhv etməyin normaldır. Amma çalışmalısan ki, səhvlərin yaşamağını çətinləşdirə bilən ağırlıqda olmasın.

 – Axı ekstrasens deyiləm, hardan bilim ki, gördüyüm işə görə peşman olmayacam.

  • Onda ananın dediklərinə əməl et.
  • Anam yaxşı şeylər demir.
  • Anaların pis şeylər dediyini görmüsən heç?
  • Əgər dediklərini mən istəmirəmsə, demək, yaxşı şeylər demir.
  • Özün övladına qarşı anandan da mühafizəkar olacaqsan.
  • Axı niyə hamı mənim yerimə gələcəkdəki mənim neynəyəcəyimi söyləyir.
  • Ona görə ki, hər şeyi görə-görə gəlmişik.
  • Bəs niyə o cür yazılar yazırsınız?
  • O yazıların formalaşdırdığı təfəkkürə sahib olmaq üçün hələ uzun illər yaşamalıyıq. Birdən-birə heç nəyi qəbul etmək, dəyişmək mümkün deyil.

Susduq. O da gərgin idi. Mənə elə gəlirdi ki, çıxış yolu düşünür. Birdən ağzından çıxan sözlər üstümə necə töküldüsə, ağırlığından başımı qaldırıb üzünə baxa bilmədim.

– Sənə sarılmaq, bağrına basmaq istəyirəm.

İlahi! Mən nə eşidirdim!

–  Üzündəki saflığı öpmək istəyirəm. Duyğularına minnətdarlıq etmək istəyirəm. 

Qollarını açdı. Uşaq çağırırmış kimi başı ilə “gəl” işarəsi verdi. Həyəcanlandım. Çəkindim. Amma qəribə bir hiss məni bu qolların arasına çəkirdi. Asta-asta ona tərəf gəldim. Sinəsinə sıxdı. Saçlarımı qoxladı. Ətrimi dərindən içinə çəkib dedi:

– Niyə gəldin bu yaşımda...

Dinmədim.

– Cavansan, gələcəyin var, sənə toxuna bilmərəm.

Qəfildən qollarını boşaldıb sərt hərəkətlə arxaya çəkildi:

– Get! Çıx otaqdan! – dedi.

Yerimdən tərpənmirdim. Təəccüblə ona baxırdım. 

– Çıx!

Bir an içində belə dəyişməsinə məəttəl qalmışdım. Bu dəfə səsində yalvarış duyuldu:

 – Bir az da qalsan... özümə gücüm çatmayacaq. Get!

Elə bil yuxudan ayıldım. Nə baş verdiyini indi anladım.

– Yaxşı – deyib otaqdan çıxdım.

Pilləkənləri düşdükcə mənə elə gəlirdi ki, pillə-pillə ondan uzaqlaşıram. Bir də görməyəcəm onu. “Nərdivan” şeiri misra-misra gözlərim önündən keçdi. Məni qorumaq üçün özünü saxladı. Təzədən sevdim onu. Geri qayıtmamaq üçün mübarizə apardım. Ürəyimdən bir romantik davranış keçdi: qollarını aç, qışqır: İnsanlar, ağaclar, quşlar, ovundurun məni. Qayıtmaq istəmirəm! Qoymayın yanlış etməyə! Səsimi qısdım. Bir azdan küçədə sakitləşdim. Avtobusa minəndə başımı pəncərəyə söykəyib xəyala daldım.

 

Bilirdim. Qəbahətimin böyüklüyünü anlayırdım. Amma ürəyim ərköyünlük edirdi. İş saatlarında başımı qata bilsəm də, evdə darıxırdım. Onu görmək istəyirdim. İstəyirdim söhbətlərini dinləyim.

Həmin gündən sonra günlərlə özümə gələ bilmədim. Utanırdım. Üzümü hamıdan gizlətmək istəyirdim. Elə bilirdim, o mənzərə gözlərimdə qalıb görəcəklər. Anamın üzünə baxmağa heç cəsarətim yox idi. Amma bu narahatlıqlar içində içimdə xoş bir hiss vardı. Biz bir-birimizi sevirdik. Amma onun məni özündən qorumaq hissi sevgisinə güc gəlirdi. Məhz buna görə ona daha çox bağlanırdım.

Aradan bir neçə gün ötdü. Televiziya kanallarından biri yaşlı nəsillə gənc nəslin münasibəti mövzusunda veriliş hazırlayırdı. İki yaşlı, iki gənc nəslin nümayəndəsi çəkilirdik. O gənc nəsli müdafiə edirdi. Həmkarı isə gənclərdən narazı idi. Mənsə danışacaqlarımın hamısını unutmuşdum. Ona baxırdım. Elə bilirdim danışdıqca sözlər ağzından yerə tökülür. Az qalırdım hamısını bir-bir yığam. Onun işlətdiyi sözlər sanki təzədən gözəlləşirdi.

Veriliş bitən kimi studiyanın həyətində arxasınca gəldim. Asta-asta gedirdi məni gözləyirdi. Qoşa addımlayırdıq. Üzümə baxıb gülümsündü.

 – Niyə az danışdın?

 – Sizə baxırdım – dedim.

 – Bu gün səni bağçaya aparmayıblar? – deyə yenə məni cırnatdı.

– Sizi çox sevirəm – dedim.

– Bu, sevgi deyil, həsəd hissidir.

 – Hardan bilirsiniz hansı hissdir? O ki mənim qəlbimdədir.

 – Biz də uşaq vaxtı böyüklərə, tanınmış adamlara bu hissləri duymuşuq. Bu heyranlıqdır, vurğunluqdur. Uşaqsan sən. Uşaqlar böyüklərə ehtiramla yanaşırlar.

– Uşaq deyiləm.

– Yaxşı sən uşaq deyilsən, amma mən qocayam.

– Sən də qoca deyilsən.

– Oğlum məktəbi bitirdi.

– Nolsun.

– Bunun nə demək olduğunu bilmirsən. Üç-dörd ilə mən baba olacam, onda  məni qınayacaqsan.

– Qınamaram.

– Qınayacaqsan.

– Çox sərt adamsınız.

– Bəzən bu, zərurətdən doğur.

– Siz sərtsiniz. Özü də lap çox.

– Mənə kinin keçməyib.

– Nə kin?

– Müsahibənin kini.

– Unutmuşam onu.

  • Mən də kinliyəm.

– Axı sizə neynəmişəm?

– Gözəl doğulmusan, Doğulmağa gecikmisən. Ağlımı almısan. Deyirsən bunu sənə bağışlayım?

– Zarafat eləyirsiniz.

– Ciddiyəm.

– O müsahibənin kinini saxlasaydım, sizi niyə sevirdim?

– İntiqam almağa.. Sevdin ki, ağlımı yerindən oynadasan. Sevdin ki, evimdən soyudasan, sevdin ki, həyata təzədən gələ bilməyəcəyimin dərdini çəkim, sevdin ki, yaşa dolduğuma təəssüflənim. Bunlar intiqam deyil?

– Söz düzüb-qoşmağa çox yaxşısınız.

– Bundansa cavanlaşmağın sirrini tapan bir alim olaydım...

 –  Siz mənim üçün hamını əvəz edirsiniz.

– Mən sənin heç kəsin deyiləm! Dayın deyiləm, səni mən böyütməmişəm. O səni çəkə biləcəyin əzabdan qurtarıb, mənsə sənə əzab verirəm. Anan da deyiləm. O da sənə öyüd verir, mənsə o öyüdləri heçə çıxarıram. Hər kəsin öz yeri, öz sırası var. Mən yadam sənin üçün.

– Yox, hamıdan doğmasınız.

– Elə deyil.

– Siz məni sevmirsiniz.

Susdu.

– Barı yalan deyin. Bu yalana ehtiyacım var.

 – Yalan niyə? Sevirəm səni. Çox sevirəm.

– Onda niyə boş sözlər danışırsınız?

– Boş söz olmur, söz sözdür.

– Sözü məndən çox sevirsiniz.

– Mənim işim sözlədir.

– Mənimlə işiniz yoxdur?

– İşim yoxdur. Səninlə mübarizəm var

– Mənimlə mübarizə aparmayın.

– Onda özümlə apararam.

– Sevgidə nə mübarizə?

– Vaxtsız sevginin bundan başqa çarəsi yoxdur. Gözlə, oğlum zəng edir –  deyib zarfatla telefonu qulağına tutdu. – Hə, oğlum, imtahanları necə verdin?

– Zarafatı buraxın.

 – Neynəyim bəs? Evlənim səninlə?

Söz tapmayıb susdum.

 – Gördün mümkün olmadığını özün də bilirsən. – Elə bilirsən mən istəmirəm səni? Uşaqsan sən. Get evə, yat, dincəl. Sakitləşəndə danışarıq.

– Zəhləm gedir sizdən –  deyə arxasınca qışqırdım. Əslində elə deyildi. Hirsimdən, onu acıqlandırmaq üçün belə dedim. Geri çönüb: – hə, müsahibə verməmişəm ona görə –  deyib güldü.

– Hər şeyə görə – deyə qışqırdım. Cəmi yeddi suala cavab verməyi əsirgədiniz məndən.

  • O yeddi sualdan daha yeddi sual doğmaması üçün qaçdım səndən.
  • Amma doğdu. Onsuz da suallar artdı. Siz məni –  yenicə işə başlamış bir qızı həvəsdən salmamalı idiniz.

– Sən qəzəbindən bilmirsən nə danışasan. Qışqır, ürəyin boşalsın.

– İnsafsızsınız! Daşürəklisiniz!

Ürəyim soyumurdu. Əslində o haqlı idi. Mənsə, doğrudan da, uşaqlıq edirdim. Sonuncu dediklərimi eşitməzliyə vurdu. Yavaş-yavaş uzaqlaşdı. Yenə arxasınca baxa-baxa qaldım.

 

“Deyirlər o qadınları yoldan çıxarır. Mən bunun əksini gördüm”.

Bunu bir dəfə Xalidə xanıma dedim. Təfərrüatları söyləmədən.

– Ay qız, yaşa dolub ağıllanıb də, ağsaqqal olmaq istəyir.

Bu dəfə etiraz etdim:

 – Yox, belə riyakarlıq ola bilməz. O, pis adam deyil.

– Aha yadıma düşdü şahid! Bizim şahidimiz var. Gedək güllərə baxaq.

Qaça-qaça otağa tərəf getdim. Birdən solmuş olarlar deyə çiçəklərə baxmağa cəsarət etmirdim. Birdən doğrudan da güllər solsa, bu onun pis adam olduğuna işarə ola bilərmi? Özümü ələ alıb güldüm. Ağlım itir, deyəsən.

Xalidə xanım fincanlara çay süzdü. Özü baxmırdı çiçəklərə.

 – Görün necə gözəl görünürlər. Böyüyüblər həm də.

 – Kimsə ağsaqqal adına layiq olmağa çalışır də ona görə. – deyə eyhamla güldü. Bir anlıq təşvişə düşdüm. Görəsən, o nəsə hiss etməyib ki?

 – O yaxşı insandır, Xalidə xanım. – Qətiyyətlə dedim.

“Onu duymaq, tanımaq lazımmış. Məndən vurulmamaq, sevməmək üçün qaçırmış. Bağlanmaqdan qorxurmuş” sözlərini isə öz-özümə pıçıldadım. Həmin vaxt ağlıma pis fikir gəldi: “Bəlkə, Xalidə xanım da ona qarşı nələrsə duyur? Niyə axı ona bu qədər acıqlıdır?” Ağlıma gələn fikri qovmağa çalışdım.

 

 

O günlərdən mənə yeddi sual yadigar qaldı. Mənim həvəslə yazdığım, onunsa cavab verməkdən qaçdığı yeddi sual. Ona suallarım bitmədi. Yeniləri yarandı. Onlardan da yayındı. Haqqında danışılan xoş sözlərə inanmaq istərdim, amma özüm də onda xeyli çatışmazlıq müşahidə etdim. Heç Xalidə xanıma da inanmaq istəmirdim. Bəs gözümlə gördüklərim? Doğrudanmı, xəstə idi, ya məndənmi qaçırdı? Bu təzadlı suallara cavab tapa bilmirdim. Bircə onu dəqiq bilirdim ki, mənə heç vaxt zərər verməz.

 

Gec gələcəkdim deyə anamı narahat etməmək üçün qapını açarla bağlamağını demişdim. Elə bildim yatacaq. Qapını açıb içəri girəndə oyaq olduğunu bildim. Otağa doğma bir səs yayılırdı. Qulaqlarım uğuldadı. Onun səsi gəlirdi, arxasınca da anamın. Elə bil mübahisə edirdilər. Məəttəl qaldım. Bu nədir bu heç cür ola bilməz. Udqundum. Boğazım qurumuşdu. Dinləyə-dinləyə astaca zalın qapısından boylandım. Televizordan gəlirdi səs. O, danışdıqca anam da etiraz edirdi. Arada qarğadı da. Əgər anam qarğayıbsa, deməli, kimsə qadın azadlığından danışır. Anam qadının azad olmağını istəmirdi. Qorxurdu. Elə bilirdi qadın azad olarsa bədbəxt olar. Cavan yaşlarından ərini itirdiyinin travması idi bu. Bəlkə də, daha çox bircə balası üçün əndişə idi.

Həmişə olduğu kimi aparıcının suallarını təmkinlə cavablandırırdı. Oxucuların qınağına səbəb olan məqaləsini müzakirə edirdilər. Məmnun görünürdü. Bilirdi gözəl yazır, yazdıqlarının həmişə müzakirəyə səbəb olması da ürəyindən idi. Oxucusu olmasa da, bu dəfə anamın da qınağına tuş gəlmişdi. “Arvadlar bunların yazdıqlarından öyrənirlər hər şeyi” deyə-deyə anam ona o ki var qarğadı. Elə rəftar edirdi ki, sanki hər şeyi bilir və bu sözləri mənə eşitdirirdi. Aparıcı əlində tutduğu kitabdan onun qələmindən çıxan sözləri oxuyurdu:

 –  “Sən istəyən anda ömürə gəlməyən xoşbəxtlik ondan könüllü imtina edəndə gələr. Elə vaxt gələr ki, artıq sən onu təhlükə kimi qəbul edərsən. Həyatında yeri olmadığı vaxt gələn sevinc sənə bədbəxtlik gətirər. Ürəyin sevgini daşıya bilmədiyi vaxtda ona bu yükü zorla qaldırtmaq həyatını alt-üst edər. Hamı səndən qaçar, sən də hamıdan. Boş qalar yanın. Yaxasından yapışmağa bir kimsə tapa bilməzsən. Kimi qınayasan? Sən Allahın sözünə baxmazsan, ürək də sənin. Sevgi cəzan olar. Cəzan! Bir addımlığında olan xoşbəxtliyə hər gün küçədə seyr etdiklərinə baxırmış kimi laqeydcəsinə baxıb keçərsən. Arzuların ömrün boz fəslində xəzəl olar, duyğuların gözlərindən sel kimi tökülər. Ruhunu ahların külək kimi titrədər. Özündən qorxarsan. Gözlərini açıb ətrafa baxmağa cürət etməzsən. Elə bilərsən, hər şeyi ordan oxuyacaqlar. Bundan belə qorxulu həqiqətlə birgə yaşayarsan. Bölüşməyə dost deyil, qələm, bir parça da kağız axtarasan. Boş səhifələr “qapılarını üzünə açdıqca” ürəyini boşaldıb rahatlaşarsan. Yazdıqların sirdaş olar sənə. Yazmadıqlarına görə də görüb gizlətdiyin cinayət kimi hər an sərsəkədə qalarsan. “Duydularmı?”, “bildilərmi?” deyə qorxulu suallarla əlbəyaxa olarsan. Yorularsan, usanarsan... ömrünü hədiyyə edib bu dünyadan çıxıb getmək istəyərsən.

Sən hər şeyə hazır olarsan, hər şeyə. Bunun üçün ucadasan. Səni itirməyə xırda, əhəmiyyətsiz istəklərlə yaşayanlar təəssüflənməzlər. Onlar sənin sahib olduğun hisslərə mücərrəd mənalı sözlər deyirlər”. 

Son cümləni bitirib eyhamla soruşdu:

 – Səlin müəllim, burdan elə maraqlı suallar doğur, verməyə bilmirəm. İndi necə olsun?

 – Bilirsən oğlum, –  fikrinə bu cür başladı.  – Mənimlə yaşıd olan aparıcıya bu cür müraciət etmək bilmirəm təbii şəkildə baş verdi, ya mənə bildiriş idi. –  bu cür yazılarda yazıçını axtarmağa gərək yoxdur, əgər ruhunu oxudusa, sənin olsun, özünü orda gördüsə, filankəsin olsun. Yetər ki, ürəklərə yol tapsın.

Yenə çoxbilmişliyi ilə cavabdan yayındı.

Ayaq üstə dayanıb ekranı dörd gözlə izləyirdim. Anam qəfil məni görüb səksəndi. Məzəmmətlə:

 –  Xəbər eləsən ki gəlmisən! – dedi.

 – Gördüm maraqla baxırsan, fikrini yayındırmadım.

 – Gör bir nə danışır –  deyə ağzını büzüb ekrana işarə etdi. Yaxşı ki, üzümdəki sevinc ifadəsini duymurdu. Bilmirdi onu gördüyüm üçün sevincliyəm.  – Saçından-başından utanmır, ağzına gələni danışır.

Məni gülmək tutdu:

 – Saçına-başına nolub ki? –  maraqla soruşdum.

 – Yaşa dolub, amma hələ cavanlıq havası başındadır.

  • Bunun nəyi pisdir ki?

 – Pis olan odur ki, cavanların ağlını qarışdırır. Deyir ki, qadınları sevmək günah deyil ki.

  • Düz deyir də.

–Gördün? Gördün? – deyə anam qələbə çalmış adam kimi uğuruna sevindi. –Bax bunu deyirəm. Onlar belə danışırlar, siz də qəbul edirsiniz. Onda bir kişi neçə qadını sevməlidir?

Ürəyimdən anamı cırnatmaq keçdi.

  • Dininiz deyib də. – deyə qəhqəhə çəkdim.
  • Sənin ağlını da belələri qarışdırır.

Az qaldım deyəm ki, o da məni günahlandırır ki, ağlımı qarışdırmısan, amma dilimi dinc saxladım. Bir az da danışsam, anamı ondan çox mən hirsləndirəcəkdim.

  • Get əllərini yu, gəl çörəyini ye, az danış.

Ekrandan qopa bilmirdim. Anam bunu görüb televizoru söndürdü. – Buna elə baxmasan yaxşıdır – dedi.

  • Aaa niyə söndürdün! –          deyə onun ekrandan çəkilən surətini təzədən görmək həvəsi ilə pulta əl atdım. Vermədi. – Qoy getsin, lazım deyil – dedi. Onsuz da son vaxtlar “sənə nəsə olub” deyə tez-tez şübhə ilə deyinirdi. Ona görə də televizoru açmağa məcbur etmədim. Səbəbini bilsəydi, deyəcəkdi “gördün özbaşınalığın nəticəsi budur”. Bəlkə də, dayımın oğluna deyəcəkdi “qələt edir, götür qaç”. Onun aləmində bu, məni qorumaq idi. Qorxurdum anamın tənəsindən. Amma həyatdakı adamlar durarkən “televizordakını” sevməyim ağlına gəlməzdi. Onlar anamın gözündə bu zəmanənin adamları deyildilər. Hardansa camaatı korlamağa göndərilmişlər idi. Gəl qadını başa sal.

Onunla yaş fərqimizin çox olduğundan anam kimi başqaları da şübhələnmirdi. Mənə müsahibə vermədiyi üçün də elə bilirdilər, bir-birimizdən zəhləmiz gedir. Əksini göstərəcək də heç nə də etmirdik. Tədbirlərdə görüşürdük uzaqdan, soyuq, yad adamlar kimi. Yad adamlar kimi... Əslində yad idik, amma hamıdan doğmaydıq. Onun soyuqluğunda istilik, qabalığında incəlik tapmışdım. Bilmirəm, doğrudanmı, belə idi, ya onu sevirdim deyə mənə elə gəlirdi. O, ehtiyatlı, tədbirli idi. Hərəkətlərinə nəzarət edirdi. Mən də hər şeyi ürəyimdə keçirirdim. Heç kəsin ağlına da gəlməzdi ki, böyük bir eşq qəlbimizi özünə tabe edib.

O məni sevməkdən qorxsa da, mən onu sevirəm. Xəyalıyla yaşamaqdan başqa xoşbəxtlik istəmirəm. Bilmirəm, bu nəyin cəzası idi? Hey arxasınca qaçıram. Bu qaçış taleyimə yazıldı. Finişi olmayan qaçış. Mən ondan başqa heç kəsi istəmirəm, onunsa sevə biləcəkləri çoxdur.

 

Bir axşam gecikmişdim evə. Saytda problem yarandığından materialları yükləmə prosesi gec bitdi. Taksidən düşüb binanın həyətinə girəndə sol tərəfdə maşın gördüm. Ona oxşatdım. Hə, özü idi. Üzünü o tərəfə çevirməyə gecikmişdi. Tanıdım. Bəs burda neynəyir? Məni izləyirmiş. Gecə gəldiyim üçün evə getməyib arxamca gəlib. Deməli, həmişə belə edirmiş, görməmişəm. Bu, nə idi? İnamsızlıq? Ya məni qoruyurdu? Bu sualın cavabını nə vaxtsa kitabından tapacağımı bilmirdim.

 

Son müsahibəsinə baxıram. Kitabının çapını gözləyir. “Bəs təqdimat necə?” deyə soruşan jurnalistə:

 – Mənim kitab təqdimat edəsi vaxtım deyil. Nəşriyyatdan götürüb verəcəm oxucuların ixtiyarına. Oxuyub söyərlər.

  • Söymək niyə?
  • Yazdıqlarım çox vaxt qıcıq doğurur.
  • Niyə qıcıqlandırırsınız oxucuları?
  • Həyat məni qıcıqlandırır, mən də oxucuları.
  • Oxucunun nə günahı var?
  • Oxucunun günahı oxumamağıdır.
  • Onların hazır olmadıqları mövzuda yazırsınız.
  • Hazırlaşsınlar.
  • Yanaşmanızla oxucularınızı uzaqlaşdırmırsınız ki?
  • Çox uzağa gedə bilməzlər. Əvvəl-axır qayıdacaqlar.
  • Nədən əminsizniz?
  • Çünki həmişə alternativ fikir söyləyənləri bəyənməyiblər. Amma onlar sonra tarixdə, ədəbiyyatda və s. qalıblar. Fikirlərimi bəyənməyənlər də tənqid edə bilərlər.
  • Bəs tərif necə?
  • İkisini də eyni cür qarşılayıram.
  • Kitabın adını bilmək olarmı?
  • Az qalıb çapdan çıxanda biləcəksiniz.
  • Heç ürəyinizdən keçibmi ki, kaş bu yazımı filankəs oxuyardı?
  • Filankəs özü oxuyur, arzulamağa ehtiyac qalmır.
  • Fərqləndirdiyiniz oxucunuz varmı?
  • Özü fərqli olan oxucum var.
  • Gənc qələm sahiblərinə nə tövsiyə edirsiniz?
  • Hər oxuduqlarına inanmasınlar.
  • Sonra?

–Yazılarını sevdiklərinin özlərini sevməsinlər.

  • Niyə?
  • Çünki çoxu istədiklərini deyil, cəmiyyətin oxumaq istədiklərini yazır. “Bu mövzudan yazsam ,oxunacaq” fikriylə.
  • Çoxu elə yazır, bəs Səlin Uğurlu?
  • Səlin Uğurlu yalnız nitqində “montaj” işləri aparır, yazanda dünya vecinə deyil.
  • Xoşbəxtsinizmi?
  • Xeyir.
  • Niyə?
  • Qaydalar imkan vermir.
  • Bəs niyə bədbəxtsiniz?
  • Hamı sözümə baxır ürəyimdən başqa. Onunla davamız çox olur. Yumruq boyda ürəyinə gücü çatmayan adam necə xoşbəxt ola bilər?
  • Biz sizi güclü, hətta soyuq insan kimi tanıyırıq.
  • Heç olmasa siz mənim haqqımda bunu bilirsiniz, mən sizin haqqınızda heç nə bilmirəm. (gülür)
  • Sanki sözləri yığmısınız yanınıza, hansı məqam olsa, ona uyğun olanını götürürsünüz.
  • İnsanlardan fərqli olaraq sözlərlə yaxşı yola gedirəm.
  • Kimi itirməkdən qorxursunuz?
  • Sevgini.
  • O kim deyil axı.
  • Sevgi insandır. Axı bayaq oxudun, mücərrəd mənalı sözü ona başqaları deyir, mən yox.
  • Bəs nədən qorxursunuz?
  • Susuzluqdan.
  • Heç özünüzü itirmisinizmi?
  • İn

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK