adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Aprel 2019 18:17
51146
LAYİHƏ
A- A+

Azərbaycan Respublikasında demokratiyanın yaranması və inkişafı problemləri

(əvvəli ötən sayımızda)

12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referndum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində bəyan edilib ki, Azərbaycan xalqı özünün çox əsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- Ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

- Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək;

5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyası bütün meyarlarına görə dünyanın inkişaf etmiş demokratik ölkələrinin Konstitusiyaları ilə bir sırada dayanır.

Konstitusiyanın 1-ci maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Bu da Azərbaycan Respublikası Konstitusiyasının mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqla hazırlanmasını təsdiq edən meyarlardan biridir. Bu gün müasir dünyamızda milli suveren demokratiya problemi siyasi və elmi dairələrdə getdikcə daha geniş müzakirə olunmaqdadır. Milli suveren demokratiya institutunun yaranması hər bir müstəqil dövlətin, o cümlədən Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələrdən biridir. Təbii ki, hər bir dövlətin siyasi rejimindən asılı olaraq öz milli-mənəvi dəyərlərinə uyğun milli suveren demokratiya modeli olmalıdır.

Vaxtilə yaşadığımız Sovet Sosialist Respublikaları İttifaqında həmin dövrün siyasi rejiminə uyğun olan sosialist xalq demokratiyası həyata keçirilirdi.

Məzmun və forma baxımından sosialist xalq demokratiyası demokratik prinsiplərin tələblərinə tam cavab vermirdi.

Belə ki, demokratik prinsiplər və qaydalar xalqın arzu, istəyindən və tələbindən irəli gəlməli olduğu halda, sosialist xalq demokratiyasında yalnız hakimiyyətin öz təşəbbüsü ilə və siyasi rejimə xidmət göstərmək məqsədi daşıyırdı. Bu da bütövlükdə fundamental milli demokratik ənənələrlə ziddiyət təşkil edirdi. Milli suveren demokratiya nəzəriyyəsinə tənqidi yanaşanlar belə hesab edirlər ki, milli suveren demokratiya yalnız Avropa və Amerika demokratiyası standartı olaraq bütün dünya ölkələri tərəfindən qəbul olunmalıdır.

Lakin bu fikirlərlə razılaşmaq qeyri-mümkündür. Çünki, bu prinsipin özü demokratik yanaşmanın tamamilə ziddinə olmaqla hər bir dövlətin yerli dəyərlərinə müdaxilə təhlükəsi yaradır. Nəzərə almaq lazımdır ki, hər bir xalqın və millətin özünün tarixən formalaşmış milli adət-ənənələri, mentaliteti və milli kökləri əsasında suveren demokratiyası formalaşmalıdır. Bu prinsiplər əsasında hər bir ölkənin milli suveren demokratiyası fundametal milli qanunvericilikdə öz əksini tapmalıdır. Yuxarıda göstərdiyimiz faktlar bir daha onu təsdiq edir ki, bir çox hallarda qərb ölkələri və qərbyönümlü qüvvələr dövlətlərin milli suveren demokratiyasının formalaşmasına imkan vermirlər. Məlum olduğu kimi, qərb ölkələri və qərbyönümlü qüvvələrin Avropa və Amerika demokratiyasını ideal demokratiya kimi təbliğ etməkdə məqsədləri başqa dövlətlərdə, o cümlədən Azərbaycan Respublikasında milli suveren demokratik dəyərlərin inkişafının qarşısını almaqdır. Məlumdur ki, beynəlxalq aləmdə vahid etalon və standart kimi qəbul olunan demokratiya modeli yoxdur.

Müasir şəraitdə isə bəzi dövlətlərin beynəlxalq aləmdə yuxarıda qeyd edilən istiqamətdə apardığı ideoloji, siyasi və antiislam təbliğatının əsas məqsədi Avropa demokratiyası pərdəsi altında öz ideoloji və siyasi demokratiyalarını təbliğ edərək öz müstəqilliyini yenicə əldə etmiş ölkələrin üzərində hegemonluğa nail olmaqdır.

Bu, bütövlükdə ölkələrin milli suveren demokratiyasına və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun deyil.

Bu məsələ elmi araşdırmalarla da öz təsdiqini tapmışdır. Dünyada mövcud olan ümumbəşəri dəyərlər təkcə Avropaya deyil, yer üzündə yaşayan bütün xalqlara və millətlərə mənsubdur.

Dünya sivilizasiyasının, mədəniyyət

inin, elminin, mənəvi dəyərlərinin formalaşmasında hər bir xalqın nümayəndələri təmsil olunduğu kimi, o cümlədən Azərbaycan xalqının da bütün bu dəyərlərin formalaşmasında özünəməxsus yeri və rolu vardır.

Milli suveren demokratiya institutu hər bir ölkənin ictimai və siyasi həyatında siyasi mexanizm kimi fəaliyyət göstərməklə, dövlətin, cəmiyyətin təkmilləşməsi və gələcək inkişafı üçün bu istiqamətdə daim elmi tədqiqatların aparılmasına əsas yaradır.

Təbii ki, yalnız bu istiqamətdə aparılmış elmi tədqiqatlardan sonra biz müəyyən edə bilərik ki, cəmiyyətə və dövlətə onun gələcək inkişafı üçün hansı formada milli suveren xalq demokratiyası daha yararlıdır.

Hesab edirik ki, dünya birliyinə və ailəsinə daxil olan bütün dövlətlər və xalqlar digər dövlətlərin və xalqların milli suveren demokratiyalarına, adət-ənənələrinə, milli dəyərlərinə, dini mənsubiyyətlərinə hörmətlə yanaşmalı, dözümlülük nümayiş etdirməli, bir sözlə, bəşəriyyətdə tolerantlıq mühiti yaradılması üçün çalışmalıdırlar. Azərbaycan dövləti dünya ölkələrinə bu baxımdan nümunə olan ölkələrdən biridir.

Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin milli suveren demokratiyanın yaranması və inkişafı ilə bağlı apardığı ardıcıl uğurlu daxili və xarici siyasət bunu bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlətimizin suveren dövlətlər ailəsinə qoşulması, beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət fikrimizi tam təsdiq edir.

Lakin bir çox hallarda bəzi dövlətlər Avropa demokratiyasının xalq hakimiyyəti üçün daha səmərəli əsl demokratiya olmasını iddia edərək, ölkələrə siyasi təzyiq və zor göstərməklə Avropa demokratiyasını tətbiq olunmasına çalışırlar. Beləliklə, bu ölkələrin və xalqların milli suveren demokratiya hüquqlarına müdaxilə etməklə, həmin ölkələrdə insan haqlarının kobud surətdə pozulması hallarının mövcudluğuna dair yanlış ictimai rəy formalaşdırırlar.

Belə siyasi cəhdlərin qarşısının alınması üçün biz, vətəndaş olaraq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin bu istiqamətdə apardığı xarici və daxili siyasətə dəstək verməklə, onun siyasətinin həyata keçirilməsi üçün bütün vasitələrdən istifadə etməklə, milli suveren demokratiyanı müdafiə edib, onun inkişafı üçün çalışmalıyıq.

(ardı növbəti sayımızda)

Cəmil Quliyev

tarix üzrə fəlsəfə doktoru