ANA SƏHİFƏ / YAZARLAR

Qələbədən əvvəlki imtahan

"Modern.az" saytının redaktoru Əfqan Qafarlının fikrincə, bu dəfə media informasiya savaşında məlumat xaosu yaratmadı

25790    |   2016-04-09 09:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəbhədə baş verən son hadisələr mətbuatın cəmiyyət üçün vacib bir təsisat olduğunu növbəti dəfə isbatladı. Uzun fasilədən sonra bərpa olunan hərbi əməliyyatların getdiyi anda və sonrakı günlərdə insanlar yazılı və elektron mediadan doğru-dürüst məlumat almaq istəyirdi. Həmin həssas məqamda ölkə mətbuatı bu etimadı doğrulda bildimi?
"Modern. az" saytının redaktoru, istedadlı jurnalist Əfqan Qafarlı ilə bu suala cavab axtarmağa çalışdıq. Əfqan bəy "Bu gün", "Yeni Yüzil", "Cümhuriyyət", "Xəzər" kimi populyar qəzetlərdə reportyorluq edib. Cəbhə xəttindən gələn xəbərləri o da həyəcanla izləyir, təkcə jurnalist kimi yox, həm də Cəbrayıl rayonunda doğulan bir insan kimi. Əfqan da qələbə gününü səbirsizliklə gözləyir, Bakıda böyütdüyü övladlarını Böyük Mərcanlı kəndinə aparmaq sevincini yaşamaq istəyir.

- Əfqan, son günlər təkcə ordumuz deyil, mətbuat da sanki imtahan verdi. Səncə mediamız bu sınaqdan necə çıxdı?
- Əvvəla onu deyim ki, Silahlı Qüvvələrimizin cəbhəboyu ərazilərdə bir neçə yüksəkliyi işğaldan azad etməsi Azərbaycan cəmiyyətində mənəvi ab-havanı tamamilə dəyişdirdi. İtkilərlərimizə baxmayaraq, cəbhənin bəzi istiqamətlərində qazanılan mövqe üstünlükləri bütün xalqı ruhlandırdı. İllərdir məğlubiyyətlə barışmış kimi görünən Azərbaycan xalqı Qarabağ uğrunda çoxdan gözlənilən bir hücumla ayağa qalxdı, hətta xeyli şəhid versək belə, qələbə ruhu daha da möhkəmləndi...
Sözsüz ki, Qarabağda aparılan bu müharibədə mətbuatın da üzərinə böyük vəzifə düşüb. Biz media işçiləri hərbi əməliyyatlarda birbaşa iştirak etməsək də, informasiya müharibəsinin aktiv iştirakçılarıyıq. Burada söhbət xüsusilə elektron KİV-lərdən, xəbər saytlarından gedir. Düşmənlə aparılan informasiya müharibəsi qəfildən passiv mərhələdən aktiv mərhələyə keçdi.
Belə bir hal 2014-cü ilin avqustunda da yaşanmışdı. Amma həmin dövrdən fərqli olaraq, bu dəfə Azərbaycan mediası, ciddi xəbər saytları informasiya savaşında informasiya xaosu yaratmadı. Düzdür, bəzi istisnalar da oldu, qəfildən sosial şəbəkələrdə peyda olan hansısa kiçik saytlar, qeyri-aktiv profil sahibləri müxtəlif xəbərlərlə insanları çaşdırmağa, onların əsəbləri ilə oynamağa cəhd göstərdilər.
Amma ümumilikdə, hazırki informasiya müharibəsinin iştirakçıları olan ciddi media hesab etdiyimiz KİV-lər bu sınaqdan yaxşı çıxdı. Elə sosial şəbəkələrdəki paylaşımlardan və digər müşahidələrdən də göründü ki, insanlar artıq inandıqları ciddi mənbələrin xəbərlərinə istinad edirlər.
- Sözünə qüvvət, elektron medianın üzərinə böyük yük düşdü. Belə bir gərgin və həssas anda çalışdığın "Modern.az" öz işini necə qurdu?
- Hazırkı dövrdə internet informasiya müharibəsinin əsas alətlərindən biridir, hətta mən deyərdim ki, birincisidir. Bütün tərəflərdə insanlara cəbhədə baş verənlərdən ən tez xəbər tutmaq baxımından ilkin əlçatan mənbə təbii ki, internet KİV-lərdir. Bu, son günlər cəbhədə vəziyyətin qəflətən gərginləşməsindən, müharibənin alovlanmasından sonra bir daha sübut olundu. Bu günlərdə ciddi xəbələrə, ciddi xəbər saytlarına maraq o qədər artdı ki... İndi insanlar ciddi medianın Qarabağdan yazdıqlarına çox böyük həssaslıqla diqqət kəsilib... Bunu öz saytımızın sayğacına baxmaqla da müəyyənləşdirmişəm.
"Modern.az" saytı da bu günlərdə çox gərgin rejumdə çalışır. Böyük kollektivə malik olmasaq da, imkanlarımızdan artıq işləyirik. Fəaliyyətimizdə maksimum dərəcədə çalışırıq ki, ciddi media olaraq yoxlanılmamış, qeyri-dəqiq informasiyadan uzaq duraq. Bu günlərdə bizə də müxtəlif mənbələrdən çoxlu informasiyalar daxil olmaqdadır və bu informasiya selinin içərisində oxucularımızı, bizə inanıb etibar edənləri, bizə istinadla yanaşanları çaşdırmamamalıyıq.
Eyni zamanda, Müdafiə Nazirliyinin Mətbuat xidməti ilə, digər rəsmi qurumlarla, Milli Məclisin cəbhəboyu regionlardan seçilmiş deputatları ilə sıx əlaqə saxlayırıq, işimizi koordinasiya edirik. Qeyd etdiyim kimi, insanlar cəbhə ilə bağlı hər xırda xəbərə həssaslıqla yanaşır.
Məlum məsələdir ki, qarşı tərəf - ermənilər də Azərbaycan mediasını diqqətlə izləyirlər. Fərqi yoxdur, istər Azərbaycan dilli olsun, istər rusdilli və ya ingilisdilli... Düşmən informasiya müharibəsində hər məqamdan istifadə etməklə bizə psixoloji təsir göstərməyə çalışır. Təbliğatını dezinformasiya üzərində quran Ermənistana bu günlərdə Rusiya mediası da canfəşanlıqla dəstək verir. Bu gün yalan, şantaj, hədə, ideoloji diversiyadan istifadə edən, Azərbaycan insanlarında inamsızlıq yaratmağa çalışan, ölkə rəhbərliyi ilə əhali arasında münasibətləri pisləşdirməyə cəhd edən erməni-rus mediası ilə üz-üzəyik.
Biz bu informasiya savaşında bütün mümkün vasitələrlə erməni yalanlarını deşifrə etməli, dünyanı, beynəlxalq təşkilatları öz həqiqətlərimizə inandırmalıyıq... "Modern.az" saytının fədakar kollektivi işini bu yöndə qurub.
- Müdafiə Nazirliyinin və digər aidiyyəti rəsmi qurumların mətbuatla əlaqələri necə quruldu, əməkdaşlıqla bağlı bir problem olmadı?
- Sözün açığı, hadisələrin ilk günündə problem yaşandı... Müdafiə Nazirliyinin bir qədər passiv mövqeyi, rəsmi açıqlamaların gecikməsi medianı da çətin duruma saldı. Sosial şəbəkələrdə müxtəlif xəbərlər baş alıb gedirdi. İş o yerə çatmışdı ki, cəbhə ilə hər hansı bağlantısı olmayanlar belə, ciddi məlumatlara malik olduqlarını nümayiş etdirir, üstüörtülü şəkildə bir neçə rayonun ermənilərdən təmizləndiyi barədə anonslar verir, qeyri-real şəkillər, videolar yayırdılar. Bu məlumatlara operativ şəkildə cavab vermək lazım idi ki, insanlar nə baş verdiyini dərk edə bilsinlər...
Media bəzi istisnalarla bu dəfə həmin yalanları tirajlamasa da, operativlik vacib idi. Yalnız Müdafiə Nazirliyinin Mətbuat xidməti aktiv fəaliyyətə keçəndən sonra xəbər selində sular durulmağa başladı. Sonrakı günlərdə Müdafiə Nazirliyinin rəsmi facebook səhifəsinin açılması, eyni zamanda bu qurumun mətbuat xidmətinin xəbərləri ingilis və rus dillərində də yaymağa başlaması vəziyyətə ciddi təsir göstərdi. Son hadisələrdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti də əvvəlki günlərlə müqayisədə operativ fəaliyyətə keçdi.
- Belə hadisələrdə rəsmi qurumlarla KİV-ın əlaqələrini gücləndirmək üçün sənin fikrincə, daha hansı addımları atmaq olar?
- Söhbət müharibə mövzusundan gedirsə, Müdafiə Nazirliyi ekstremal situasiyalarda işləyə biləcək jurnalistlərin ixtisaslaşmasında maraqlı olmalıdır. Müharibədə iştirak etmiş, döyüş təcrübəsi olan zabitlər jurnaistlərlə keçirilən treninqlərə, seminarlara cəlb olunmalıdır.
- Cəbhədən gələn xəbərlərin əslən Cəbrayıldan olan Əfqan Qafarlı üçün sözsüz ki, xüsusi bir önəmi var...
- Əlbəttə var... 23 ildir doğma torpağın həsrətilə yaşamaq, köçkünlük müddətində həyatını itirən yaxınlarını o yerlərdən çox uzaqlarda dəfn etmək, sənə əziz olan kəndini, rayonunu evində böyütdüyün uşaqlarına göstərə bilməmək, 23 il öncə şəhid olmuş əzizlərinin qəbrini ziyarət edə bilməmək... Bunlar hamısı çox ağır dərddir.. Yəni elə şeylər, elə hisslər var ki, adam sözlə ifadə etməyə çətinlik çəkir. Yəqin ki, bu ağrı-acını yaşayanlar məni daha yaxşı anlayar...
Aprelin 2-nə keçən gecə və ertəsi gün şəxsən mənə də telefon açıb müxtəlif xəbərlər verirdilər. Cəbrayılın işğaldan azad oldunduğunu deyənlər, hətta təbrik edənlər də var idi. Təbii ki, bu xəbərlər mediada yayımlamaq üçün deyildi və rəsmi təsdiqini tapmayınca, onlara inanacaq qədər sadəlövh deyildim. Bu xəbərlərin gerçəkliyi əks etdirmədiyini bilsəm də, içimdə Allaha dua edirdim ki, kaş söylənilənlər doğru olaydı...
Təəssüf ki, cəbhədəki döyüş günlərində sosial şəbəkələrdə insanların hissləri ilə oynayan saxta "vətənpərvərlər" də az olmadı. "Cəbrayıl alındı", "Xudafərin körpüsünə nəzarət ələ alınıb", "Füzuli işğaldan azad edildi", "Ağdərə əlimizdədir", "Ağdamın yarısına qədər irəliləmişik" kimi açıqlama verənlər sanki hansı böyük günah işlədiklərinin fərqində deyildilər. Axı bu dezinformasiyalara inananlar az deyildi. 23 ildir öz elindən-obasından, doğma yurdundan ayrı düşən torpaq həsrətli insanlar belə xəbərlərin acıdırlar və bununla onları asanlıqla tələyə salmaq olurdu...
Bütün bunlara rəğmən, əvvəldə də qeyd etdiyim kimi, cəbhədə bir neçə yüksəkliyin düşməndən təmizlənməsi Azərbaycan cəmiyyətində mənəvi ab-havanı tamamilə dəyişdi, xalqımızı qələbəyə köklədi... Elə o qələbəyə inamla yaşayırıq...



YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK