ANA SƏHİFƏ / YAZARLAR

"Dolu" - bir filmə sığmayacaq qədər...

157240    |   2012-09-08 06:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müharibədə qalib gəlib, yaxşı film çəkmək asandır. Qalibiyyət özü danışır. Və burada təntənə də, pafos da yerinə düşür. Qalib gələn çığıra bilər. Bunu ona bağışlayacaqlar. Məlum həqiqət var: qaliblər mühakimə olunmurlar. Qalibiyyət barədə zəif əsərin qüsurlarına da göz yummaq olar. Çünki bu daha çox özlüyündə parlaq, bədii, cəlbedici olan zəfərin fiksə edilməsidir... Məğlub olub, elə məğlubiyyətdən film çəkmək olar. Bu, daha çətindir, sən ağrınla ağrıtmalısan, bütün məğlubiyyətlərin ədalətsiz olduğunu göstərməlisən. Amma bundan daha çətin bir vəziyyət də var. Sən nə qalibsən, nə məğlub. Çünki müharibə bitməyib. Müharibə dayanıb. Onun nəticələrini heç bir tərəf qəbul etməyib. Və deməli, onun hər an yenidən başlama ehtimalı var.
   
   "Dolu" əsərini Aqil Abbas belə bir çətin tarixi şəraitdə yazıb, burada təhrif də ola bilər, şişirtmə də, kiçiltmə də. Rejissor Elxan Cəfərov da bu əsərin motivləri altında filmi belə çətin şəraitdə çəkib. Qüsurlar da olacaq, məziyyətlər də. Bütün görülən işlərdə olduğu kimi. Amma gəlin əvvəlcə rejissorun öz fikrinə diqqət çəkək: "Biz Qarabağda oturub Qarabağ haqqında film çəkməmişik, hələ orada deyilik. Ancaq bu, filmi patetikadan, plakat janrının elementlərindən azad eləmir... "Dolu" ilk növbədə ictimai-siyasi bədii işdir, Romeo və Cülyetta haqqında film deyil. Burda patetizm də var, qəhrəmanlıq hissi də, öz xalqımıza, milli düşüncəmizə inam da.
   
   Axı, biz müharibəni uduzmamışıq" (Elxan Cəfərovun "Fokus" jurnalına müsahibəsindən). Göründüyü kimi, "Dolu" psixoloji film deyil, məhz kütləyə hesablanmış döyüş filmidir. Amma nə filmdəki patetika, nə plakat janrının elementləri adamı iyrəndirmir. Filmdən bir səhnəyə diqqət çəkək. "Drakon" (Rza Rzayev) erməni başkəsənini axtarmaq üçün dostları ilə kəşfiyyata gedir. Birdən qrup üzvlərindən biri bir erməni qızını gətirir. Qəhrəmanın insani hisslərini göstərmək üçün rejissor adi bir üsula əl atır, "Drakon" əsirin qadın olduğunu görəndə əlini tətikdən çəkir və təxminən "mən bura qadınları tutmağa gəlməmişəm" kimi səslənən ifadə işlədir. Amma maraqlı bundan sonrasıdır. Drakonun əmri ilə qadını sərbəst buraxırlar. Bu zaman qız onun ayaqlarına düşüb, adını soruşur. Qəhrəman ona cavab vermir. Tamaşaçıda qəribə bir qənaət yaranır, sanki xanım bundan sonrakı hadisələrin kuliminasiya nöqtəsinə çatmasında, ya "razvyazka"da iştirak edəcək. Amma filmboyu erməni qızı daha görünmür. Yəni, epizodda qızın "Drakon"dan adını soruşması, sadəcə, adi insani bir faktdır.
   
   O, xilaskarının adını bilmək istəyir. Səbəbini soruşsalar, bəlkə özü də izah edə bilməz. Ənənəvi yanaşma - döyüşçünün dinc sakinlərdən olan qadına mərhəmət göstərməsi fraqmenti maraqlı rejissor müşahidəsi ilə bitir. Daha maraqlı bir məqam ekspozisiyadan "danışılacaq" əsas hadisəyə aparan bənddir - sabiq komandir (Məmməd Səfa) hadisələri xatırlamalıdır və bunun üçün rejissor maraqlı bir üsuldan istifadə edir. Komandir çayxanadakı televizordan Xarici İşlər Nazirliyi təmsilçisinin ATƏT-in Minsk qrupu ilə bağlı açıqlamalarını eşidir. Kamera iri planda qəhrəmanın gözlərini göstərir və onun gözlərinin içindən xatirələrinə "nüfuz edir". Prinsipcə, dünya kinosunda bu üsuldan istifadə olunur. Amma məsələ bu deyil. Rejissorun məqsədi başqadır. Bu kiçik epizoddaca "nə hərb, nə sülh" şəraiti, atəşkəsin 18 ildir uzanması, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə işarə olunur. Filmdə döyüş səhnələri yetərincə peşəkarlıqla əks olunub. Dolu - həm "qrad"dır və həm də bu "qrad"ın töküldüyü rayonlarda müşahidə olunan təbiət hadisəsi. Dolu - həm də həcmə, dolğunluğa işarədir. Həcm isə böyükdür - müharibənin özü və onun fəsadları boyda böyük. Bir filmə sığmayacaq qədər... Yeri gəlmişkən, sakitlikdən, harmoniyadan xəbər verən təbiət mənzərələri fonunda "qrad"ların rayona düşməsi, partlayışlar və döyüş səhnələri - görüntü və səs effektləri filmin ən yaxşı məziyyətlərindəndir.
   
   Film üçün qəhrəmanlar da uğurla seçilib. Rza Rzayevin "Drakon"u, Məmməd Səfanın "Komandir"i, Elvin Əhmədovun "Pələng"i, Fuad Poladovun "Birinci katibi", Fərhad İsrafilovun Milis rəisi koloritli alınıb. Komandirin rayonu tərk edənləri geri qaytarmağa çalışması, son anda erməni əlinə keçməmələri üçün azad olunan dustaqların döyüşmək üçün silah tələb etmələri - müharibədəki real faktların filmdə təsirli əksidir... Filmin sonluğu da simvolikdir. Komandir işğal altında olan Azərbaycan ərazisinə doğru keçir və bu zaman onun yanında artıq həyatda olmayan cəbhə yoldaşları - Drakon, Pələng və başqaları da görünür. Bu simvolik sonluğu müxtəlif cür mənalandırmaq olar: biz o tərəfə mütləq gedəcəyik, şəhid olan qəhrəmanlarımız yanımızda olmasa da, ruhları bizi müşayiət edəcək. Və bir qədər ağrılı versiya da var: bu gün biz ora yalnız xəyalən səyahət edə bilirik - xatirələrimiz də bizimlədir. İkinci versiya bugünkü həqiqətə daha yaxındır, amma o, birinci - vacib olan versiyanı inkar etmir... Filmdəki qüsurlar barədə isə danışmaq istəməzdik. Əvvəla ona görə ki, yaxşı film üçün yaxşı büdcə olmalıdır, ikincisi, bu, hələlik, Qarabağ mövzusunda çəkilən iki-üç uğurlu filmdən biridir, üçüncüsü, bu barədə onsuz da yazan tapılacaq. Təəssüf ki, biz həmişə qüsurları görməyə daha çox meyl edirik...


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK