ANA SƏHİFƏ / YAZARLAR

GƏLİN, ŞEİRDƏN DANIŞAQ

ƏDƏBİ HƏYAT

12187    |   2011-10-29 07:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əlbəttə, demək olmaz ki, poeziyanın bu axtarışları səmərəsizdir. Biz ayrı-ayrı şeirlərdə çağımızın narahatlığını, bu narahatlığının şair qəlbində əks-sədasını özündə əks etdirən şeirlərlə qarşılaşırıq ki, bu şeirlər doğrudan da, YOL AXTARAN, onu aramağa, bulmağa çalışan poeziya qəhrəmanının duyğularını, düşüncələrini əks etdirir.
   
   1.Hər şeydən əvvəl bu insanın-müasir poeziyanın qəhrəmanının vətənpərlik missiyası haqqında. İstər sovet dövründə, istərsə də müstəqillik dönəmində, fərqi yoxdur, belə bir idealdan məhrum olan şairi təsəvvürə gətirmək qeyri-mümkündür. Sovet dövrü poeziyasında qəhrəmanın sosial məkanı məlum idi: əvvəl böyük Vətən-SSRİ, sonra öz Vətənin-Azərbaycan. İctimai duyğuların zirvəsi olan vətənpərvərlik də məhz həmin meyarla ölçülürdü, əvvəl SSRİ, sonra Azərbaycan, sonra doğulduğun şəhər, kənd, oba məhəbbəti. Amma çox zaman bu "vətənpərvərlik sırasına" əməl olunmurdu, Azərbaycan sevgisi birinci sıraya keçirdi. Poeziyamızda bu tendensiyanın əsası Səməd Vurğunun "Azərbaycan" şeiri ilə başlandı. Sonralar təkcə tərənnüm deyil, keçmişin, əsrlərin ağrı-acıları, şanlı tariximizin qəhrəmanlıq səhifələri də poeziyamızın qəhrəmanının vətənpərvərlik duyğularının ifadəsinə çevrildi. Bu mənada S.Vurğun ön sırada olmaqla R.Rzanın, B.Vahabzadənin, S.Rüstəmin, N.Xəzrinin, Qabilin, H.Arifin, Xəlil Rzanın, Cabir Novruzun, N.Həsənzadənin, M.Arazın, Q.Qasımzadənin, M.İsmayılın, S.Rüstəmxanlının, M.Yaqubun, Z.Yaqubun, R.Behrudinin, o taydan isə Şəhriyarın vətənnamələri poeziyamızın əbədi örnəklərinə çevrildi. Eyni tendensiyanın biz müstəqillik dövrünün poeziyasında da davam etdiyini görürük. Əlbəttə, söhbət Vətən sevgisinin primitiv, şeiriyyətə qətiyyən dəxli olmayan yüzlərlə nümunəsindən yox, əsl şeirlərdən gedir.
   
   Deyə bilərik ki, indi poeziyada vətənpərvərlik mövzusunun yeni çalarları yaranmışdır. Daha Vətənin tərənnümünə, vəsfinə o qədər də ehtiyac duyulmur. İndi də "Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər" (Məmməd Araz), "Burda hər budağın şeyda bülbülü, Burda hər bülbülün qönçə bir gülü, Burda hər qönçənin yaşıl bir tülü, Hər tülün xırdaca saçağı vardır" (Musa Yaqub), Hadinin şeir bazarıdı, Füzulinin məzarıdı, Taleyin ələnən ələyidi, Durna lələyidi. Araz hörüyündən kəməndə düşmüş Sevildi. "Ənəlhəq" harayıdı. Ələsgərin sazıdı. Qədim əlyazmasıdı. Dahilər boylanır sətirlərindən VətəngVətən! (Sabir Rüstəmxanlı) kimi şedevr şeirlər yazıla bilər. Ancaq zaman başqa həqiqətlər tələb edir. Tərənnüm və vəsf yox, Vətənlə, məmləkətimizlə, günümüzlə bağlı açıq söhbətə daha çox ehtiyac duyulur. Fikrət Qocanın "Azadlıq" poemasında olduğu kimi:
   
   
   
   Deyirəm bu çadırdı,
   
   bu da qaçqındı,
   
   bu da qaçqın balasıdı
   
   ayağı da yalındı.
   
    Gözü görə-görə deyir:
   
    yalandı!
   
    Nə biləsən bura gəlincə
   
   harda yalmandı.
   
   Bu gələnlər düzlük axtarmır
   
   düzlük üstündə toz axtarır.
   
   sərf eləyən söz axtarır,
   
   siyasi məhbus axtarır.
   
   
   
   ...Azadlığı qazananda
   
    elə bildik qışdan çıxdıq,
   
    nura düşdük.
   
    Sən demə yağışdan çıxdıq,
   
    Yağmura düşdük.
   
    Azadlığı aldıq,
   
    Yaman günə düşdük.
   
   
   
   Poemada 90-cı illərin ictimai-siyasi mənzərəsi əks olunub və F.Qoca poeziya dili ilə ulu öndər Heydər Əliyevin də portretini yaratmağa müvəffəq olub: "Ölkənin nizamı qırılmışdı təsbeh sapı kimi. Dənələri dağılmışdı hər yana... Ölkənin dörd yanı açıq qapı kimi, Vaxt lazım idi o dənələri yığmağa. Vaxt yox idi Heydər Əlirza oğlu tək idi... Heydər tək idi O mərtəbədə belə adam tək olur. Təkə Allah da kömək olur".
   
   Poema beləcə açıq söhbət şəklində qələmə alınıb. Olsun ki, bəzi oxucular bu yazı tərzini, azca da danışıq dilinə uyğunlaşdırılan bu cür ifadə üsulunu F.Qocanın fərdi poetik üslubuna yaraşdırmasın. "Sahil işıqları Xəzərdə yandı, Dedim dalğalara od düşər indi... İstədim dənizdə alışıb-yanan Aydan alışdırım papirosumu... Gözlərinə qan dammış Havalı öküz kimi Cəlladlar tapdalayır, Öz torpağı Çilini... Günəşə açılmış zərif dodaqlar kimi Külək əsəndə milyon-milyon lalələr... Dönüb olur qıpqırmızı şəlalələr" kimi əsl poetik obrazların müəllifi F.Qocanın fərdi poetik üslubunda publisistik çalar da müəyyən yer tutur və zəmanə haqqında, keçdiyimiz çətin və məşəqqətli yolumuz məhz açıq söhbət, hadisələrə sərt və kəskin reaksiya şəklində öz ifadəsini tapmalıydı. O ki qaldı ulu öndərimizin poeziyada əks olunan portretinə... F.Qoca "Bəzi "demokratlar"dan qat-qat artıq demokrat olan, kapitalizmin qəliz bazarında çevik, yeni bir siyasət adamının" obrazını yaratmağa səy göstərib. Öncə qeyd etdik ki, poeziyamızda vətənpərvərlik missiyası müstəqillik dönəmində də davam edir, ancaq köhnə stereotip hələ də öz ömrünü bitirməyib və açıq danışaq: yüksək poetik istedadın məhsulu olan vətənpərvəlik şeirlərinin, poemaların sayı isə o qədər də çox deyil. (Musa Ələkbərlinin və Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdikləri poemalarını xatırlamamaq insafsızlıq olardı). Qarabağ mövzusunda yazılan şeirlərdə isə get-gedə şablon ifadə tərzi, stereotip hökm sürməkdədir. (bu haqda biz poeziyaya həsr etdiyimiz bir məqalədə söz açmışıq-V.Y.) Doxsanıncı illərdə, ikimininci illərin əvvəllərində yaranan və sözün əsl mənasında bizə vətənpərvərlik ruhu aşılayan poetik nümunələri xatırlayayır və deyirsən ki: hanı Qabilin "Nəsimi bazarında", "Ümid sənədir ancaq", M.Arazın "Ayağa dur, Azərbaycan", C.Novruzun "Şuşa yolu", İ.İsmayılzadənin "Haran ağrıyır, Vətən" şeir və poemaları kimi şedevrlər?
   
   2.Həyat anlayışı olduqca genişdir və bütün sevincləri, gözəllikləri ilə birgə həyatda həmişə kədər doğuran hadisələr, olaylar da baş verir.Və həyat dar mənada təkcə yaşayış, gün-güzəran deyil. Həyat bizi əhatə edən real varlıqdı, dirilikdi, ömürdü, insanda cismani və mənəvi qüvvələrin təzahürüdü. Uəmiyyətin özü də bir həyatdı. Otun da, quşun da, çiçəyin də, dağın da, çölün də, göydə buludların da həyatı var. Amma həyatın ağrı-acıları da çoxdu. Həyatla bağlı bu sonu bitməyəcək nəhayətsiz şərhi elə buradaca yarımçıq saxlayıb,bizim müasir qəhrəmanın həyat haqqında düşüncələri ilə sizi tanış edim.
   
    Poeziyamızın iki görkəmli nümayəndəsinin- Musa Yaqubun və Məmməd İsmayılın son illərdə yazdıqları şeirlərə üz tutmaq istəyirəm. Niyə məhz onların yaradıcılığına? Mənim fikrimcə, yaşı yetmişi keçmiş bu iki şair hələ də sözün cazibəsindən uzaqlaşmamışlar. Onların yaradıcılığına birtərəfli yanaşan hər kəs düşünə bilər ki, Musanın da, Məmmədin də ən gözəl şeirlərinin yazıldığı illər arxada qalıb, daha onların poetik gücü tükənib və Musa da, Məmməd də köhnə şeirlərinin havasına yaşayırlar.
   
   
   
   Zəmilərim, xırmanlarım sovrulub,
   
   Təndə canım, saçda dənim qovrulub,
   
   Xəzəl altda gül otlarım qıvrılıb,
   
   Bundan sonra nə olacaq, olacaq.
   
   
   
   Bu şeir, əgər belə demək mümkünsə, payız lirikası nümunəsidir. Musanın son illərdə yazdığı şeirlərdə ömrün o tayı ilə bu tayı-cavanlıqla qocalıq, baharla payız çox tez-tez qarşılaşdırılır və şairin səsində bir hüzn, bir təəssüf nidası duyursan. Arxın o tayında yarpızlar əsir, Bu tayda yuyunur qum dənələri misralarıyla başlayan şeir belə bitir:Daha o sellərin alındı köpü, Bu günüm o haya, haraya çatmaz. Mən kiməm, bu arxda bir saman çöpü Dəyirmana çatar, dəryaya çatmaz. Deyək ki, bizim poeziyada ömrün ötən illəri ilə bu günün qarşılaşdırılmasına az təsadüf etməmişik, təəssüfedici notlar səslənib. Halbuki, keçmişi xatırlamaq, ömrün gözəl çağları üçün bir nisgil duyğusuyla yaşamaq özü də gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində təbiət də, bu təbiətin bütün atributları da üzə gülürdü. Amma indi:
   
   
   
   Daha söz deməyə tutarım gedib,
   
   Dostları aparan qatarım gedib,
   
   Bu daşı özümə yoldaş eləyib,
   
   Bəlkə elə mən də qurtarım gedim?!
   
   Qalsın süfrə daşım mamır bağlasın,
   
   Üstünə yağışlar yağsın, ağlasın...
   
   
   
   Əlbəttə, Musa Yaqubun "dostlarını aparan qatar" gedib, özü isə yalqızdı və bu yalqızlığı, tənhalığı biz onun ikimininci illərin əvvəllərindən indiyə qədər yazdığı şeirlərinin əksəriyyətində hiss edirik. Musaya haqlı olaraq "təbiət şairi" deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan, insanla təbiət arasında harmoniyanı şeirlərində böyük sənətkarlıqla canlandıran şairdir. Doğrudan da, İsmayıllının Buynuz kəndində-Azərbaycanın balaca bir cənnətində oturub təbiətin bitib-tükənməyən möcüzələrindən gözəl şeirlər yazan bir şairin indi qəmə-qüssəyə batması, öz kədərini şeirlərində yaşaması heç də təəccüblü deyil. Şair yaşlaşanda, onun içindəki FİLOSOF da yaşa dolur, gedən ömürə, bir də qayıtmayan illərə, aylara boylanır, başlayır ruhu ilə söhbətə. Dünyanın gözəlliyini o balaca cənnətdə-Buynuz kəndində ruhuna hopduran, o meşələrdəki quşlar kimi azad yaşayan Musa, indi "dustaq" ruhuna üz tutub deyir:
   
   
   
   Salam Ruhum, salam! Salam dustağım!
   
   Hərdən özüm kimi boylanıb göyə,
   
   Qışqırma içimdə azadlıq deyə.
   
   Azadlıq nə gəzir bu yer üzündə.
   
   
   
   Musa Yaqubun "qəmli filosofu" üçün bu sayaq düşünməyi təbii hesab etmək olarmı? Biz onu qınaya bilərikmi ki, təbiidir və biz onu qınaya bilərikmi niyə onun şeirlərində nikbinlik sönməkdədir? Axı, "azadlıq nə gəzir bu yer üzündə" deyən şairin özü azad deyilsə, bunu necə deyə bilər? Əslində, belə də olmalıdır, çünki bu, həyatdır, Musa Yaqub həyatdan, reallıqdan bircə addım da kənar deyil, o da bizim dərdlərimizin və öz dərdlərinin içindədir.O, dərdin poeziyasını yaradır və bu hissləri poeziyanın dərdinə çevirir.
   
   Məmməd İsmayılın son on ildə yazdığı şeirlərində də kədərli bir ovqatın şahidi olursan. Amma bu kədər yaşanılan ömrün mahiyyətindən doğur-ən çox qürbət havası...sonra arzuladığın həyatın özü yox, tərs üzü... sonra, bütün bunların məntiqi nəticəsi kimi:
   
   
   
   Dalğa kimi dərd döydükcə döşünə,
   
   Tənha könlüm üşüm-üşüm üşinər.
   
   Ömür demə, gün tutular, "göy kişnər,
   
   "bulud ağlar" bir bayatı yaşadım.
   
   
   
   Təbii ki, aşıladığı ovqata görə, bu tipli şeirləri pessimist şeirlər kimi də səciyyələndirmək olar. Amma niyə? Əgər bu misralar şair ömrünün yaşantılarından doğursa, şairi və şeiri suçlamağa lüzum yox. Məmmədin "Azərbaycan" jurnalında çap olunan (2011, 6) şeirlərində giley-güzar və bədbin rənglər axtarmaq çətin deyil, amma bütün bunları qeyri-təbii saymaq olarmı? Məncə, bunlar Məmməd İsmayılın yaradıcılığında təbii boyalardır. Qocalıq və qış qorxusundan deyil, ömrün, yaşanılan həyatın öz məntiqindən doğur bu narazılıq, narahatlıq. Məmməd İsmayıl deyir ki:
   
   
   
   Bu dünyadan köçəndə yadından bir şey çıxart,
   
   Geriyə qayıtmağa sonra bəhanən olsun.
   
   
   
   Şairdən söz açanda təkcə onun şeirlərindəki ovqata baxıb nə dərəcədə nikbin və ya pessimist olmasını müəyyənləşdirmək bəlkə kiməsə əhəmiyyətsiz görünə bilər. Amma məsələ orasındadır ki, ŞAİR OVQATI çox zaman şeirin ovqatına da təsirsiz qalmır. Sıxıntılı, ağrı-acılı anlar, narahat günlər, aylar şair ömrünə kədərdən "don biçirsə", bu, şeirin ahənginə də təsirsiz qalmır. Amma baxır bu ovqatda hansı yeni rənglər, çalarlar görünür? Bir var ağrıdan ağrı doğsun və bu ağrı az qala patoloji ağrıya çevrilsin və şairin şeirlərini oxuyub özünü yas yerində hiss edəsən, bir də var, şeirdəki ağrı səni düşünməyə sövq eləsin. Biləsən ki, bu, içdən gələn dərddi və bu dərd sənin içindəki dərdə qovuşur:
   
   
   
   Bir zaman yoğrulub qanla bu torpaq,
   
   Bəlkə azadlığın mayası qandı?
   
   Uanı unutmaqdı qanı unutmaq
   
   Qanı unudanlar unudulandı.
   
   
   
   Unutmaq sırası sənəmi düşdü?
   
   Unutma, elə bir an gələ bilər.
   
   Bu gün şəhidləri unutsan, işdi,
   
   Sabah bulaqlardan qan gələ bilər.
   
   
   
   3. Lirik qəhrəmanın vətənpərvərliyi və həyat- ömür-gün qayğıları ilə bağlı iki məqamı qeyd etdik. Onun dünyanın bu təzadlı, mürəkkəb bir çağında narahatlığı da təbiidir. Bəli, bütün bunlar "hamısı zəmanədəndir" və zövqlərin, estetik baxışların müxtəlifliyi; keçmiş, köhnəlmiş ənənələrdən dördəlli yapışmaq da, yaşarı ənənələrə yeni rənglər, çalarlar qatmaq da, novatorluq, yenilik adı ilə cürbəcür "söz oyunları" "icad" eləyib "sensasiya" yaratmaq da, əsl novatorluq nümunəsi olan şeirlər yazmaq da, öncə qoşma, gəraylı, təcnis havasıyla böyüyüb, o "ərazinin" nümayəndəsi kimi ədəbiyyata gəlib, az sonra "postmodernist" libasına bürünmək də...bütün bunlar yeni minilliyin hadisələridir. Bir tərəfdən Qərb ədəbiyyatından - müxtəlif "izm"lərdən gələn təsirlər "müasirlik" və "inteqrasiya" adı ilə şeirimizə sırınır, digər tərəfdən, islami dəyərlərə, sufiliyə, irfaniliyə meyl poeziyamızda yeni bir tendensiyanın yaranmasına səbəb olur. Onda belə bir sual doğur: nə etməli? Hansı meyli, hansı axını, hansı "izm"i tutub getməli?
   
   Bir əsr əvvələ qayıdaq-XX əsrin əvvəllərində də Azərbaycan poeziyası belə suallarla qarşılaşmışdı. Akademik Kamal Talıbzadənin Abbas Səhhətə həsr etdiyi monoqrafiyanın bir fəsli belə adlanır: "Yeni şeir necə olmalıdır?". XXI əsrin ilk onilliyi ilə XX əsrin ilk onilliyini müqayisə etsək, çox maraqlı bir bənzərliyin şahidi olarıq: "Əsr yeni, əsrin özü ilə gətirdiyi hadisələr yeni idi. İctimai şüur sürətlə oyanır, ictimai həyata müdaxilə meyli qüvvətlənirdi. Ədəbiyyatın vəzifələri də müəyyən edilməli idi. Köhnəni eynilə davam etdirmək mümkün deyildi. Elə isə yeni ədəbiyyat necə olmalıdır? Hansı yaradıcılıq metodları müasir tələblərə cavab verə bilər, ədəbi ənənələrdən necə istifadə edilməlidir? Nədən imtina etmək, nəyi mənimsəyib irəli aparmaq? Daxildə hansı ədəbi qüvvələrə istinad etmək, hansı ədəbi cərəyan və istiqamətlərə söykənmək lazımdır? Xarici ədəbiyyatları da öyrənmək yeni ədəbi mərhələnin qarşısında duran mühüm vəzifələrdən biri idi. Rus, həmçinin Şərq və Avropa ədəbiyyatları müasir yazıçıları çox cəlb edirdi. Bu ədəbi öyrənmə, təsirlənmə hansı yollarla getməli, hansına daha çox meyl göstərmək, hansına üstünlük vermək faydalıdır? Rus realizminəmi, türk romantizminəmi, Avropanın Azərbaycanda sürətlə yayılmağa və məşhurlaşmağa başlayan onlarla dühalarınamı? Necə, nə şəkildə? ...Cavablar çox müxtəlif idi. Hər kəs öz sinfinin, qrupunun, zümrəsinin, mənsub olduğu ədəbi məktəbin və cərəyanın mənafeyinə, ideya-bədii məramına müvafiq cavablar axtarır və tapırdı".
   
   Deməli, keçən əsrin əvvəllərində də bizim əsrin əvvəllərində olduğu kimi, "nə etməli?" sualı çoxlarını düşündürürdü və ədəbiyyat tariximizə bələd olan hər kəs yaxşı bilir ki, ədəbiyyatımız bu suallar qarşısında qətiyyən çaşıb qalmadı. Ədəbiyyatımız, xüsusilə poeziyamız bu plüralizm qarşısında özünü itirmədi. Ən başlıcası öz əsas yolunu, "başlıca magistral xəttini" düzgün müəyyənləşdirdi. Şeirimiz milli ənənələrdən, ANA XƏTDƏN qopub ayrılmadı. Və dönüb yüz il arxaya boylananda ŞEİRDƏN ŞEİR KİMİ danışmalı oluruq.
   
   XXI əsrin Azərbaycan poeziyası da məhz bu plüralizm əhatəsindədir.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK