ANA SƏHİFƏ / YAZARLAR

OBAMA ALLAHIN BAYISSI OĞLU DEYİL

Aqil ABBAS

42206    |   2015-01-14 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağda «bacısı» demirlər, «bayıssı» deyirlər və bu bir qədər də ləzzətli səslənir, ona görə elə yazdım. Mənim həddim deyil ki, dünyanın super gücü, bir nömrəli «vor zakonu» olan bir dövlətin prezidenti haqqında nə isə xoşagəlməz bir söz işlədim və ya yazı yazım. Evi-eşiyi yandırılmış, məcburi köçkün adamam. Adamı günün-gunorta çağı elə oğurlayarlar ki, İndoneziyada itən təyyarə kimi illərlə bir səs-sorağını tapa bilməzlər. Ya da ABŞ-ın burdakı qulbeçələri öz saytlarında və ya sosial şəbəkələrdə adamın gününü göy əskiyə elə bükərlər ki, adın da yadından çıxar.

Ötənlərdə belə bir yazı yazmışdım: «Allah, məni Obamanın pişiyi elə». Obamanın pişiyi haqqında bir verilişə baxmışdım və görmüşdüm ki, pişiyi elə Obama kimi yaşayır. Mən də bunu yazmışdım, amma qarğa-quzğun kimi məni daladılar. Nə isə…

Bir məsələyə toxunmaq istəyirəm. «Azərbaycan» qəzetində Obama haqqında bir yazı gedib. Baxıram, yazıblar: «Şok, şok, şok! Dövlət qəzeti Obamanı tənqid elədi». Və sosial şəbəkələrdə də bu yazıya görə «Azərbaycan» qəzetini sökürlər. Bilmirəm bunlar kimin əmisi oğlanlarıdırlar.

İki əmioğlu meşədə gedirlər. Qabaqlarına bir ayı çıxır. Əmioğlanlarından biri ayı ilə savaşa qalxır. Və süpürləşə-süpürləşə də çığırır ki, ayə, əlindəki çomaqla ayını vur. O da fırlayır vurur, dəyir əmisi oğluna. Fırlayır vurur, dəyir əmisi oğluna, fırlayır vurur, dəyir əmisi oğluna.

Əmisi oğlu yazıq-yazıq çığırır:

- Ə, bilmirəm sən mənim əmim oğlumsan, yoxsa ayının?

İndi bəzi qələm sahiblərinin kimin əmisi oğlu olmaları adamı çaşdırır. Artıq xeyli müddətdir ki, ABŞ-ın və Avropanın öndə gedən qəzetləri Azərbaycanı, xüsusilə də Azərbaycan prezidentini hədəfə götürüblər. Aşağılayıcı materiallar dərc edirlər. Burda erməni faktoru da var, amma əsas bu deyil. Azərbaycanın sürətli inkişafı, Azərbaycan prezidentinin müstəqil siyasət yürütməsi təbii ki, hamıya yuxarıdan aşağıya baxan dövlətlərə sərf etmir. Azərbaycan dövlətinin və onun prezidenti möhtərəm İlham Əliyevin bütün təzyiqlər önündə dimdik durmasını, sözünün sahibi olmasını, ölkəni regionda lider dövlətə çevirməsini sınıra bilmirlər, bir az loru dildə desək, yeyə bilmirlər. Ona görə də əllərində olan mətbuat vasitələri ilə Azərbaycana və onun prezidentinə qarşı ağızlarına gələni deyirlər, nə bilim 10-15 nəfəri yığıb konfranslar keçirirlər, guya insan haqlarını müdafiə edirlər və sair və ilaxır, it gəldi çarıx apardı.

Və təbii ki, öz dövlətini sevən, Prezidentini sevən, dövlətçiliyini sevən insanlar da, qələm sahibləri də buna biganə qala bilmir, ürəklərindəki sözləri deyirlər və yazırlar.

Deməli, Amerikanın «Nyu-York tayms « qəzeti bizim möhtərəm prezidenti aşağılaya, təhqir edə bilər, amma biz susmalıyıq. Nöşün ki, o ABŞ-dı, o hər şeyə «pozvolyat» eləyə bilər.

«Azərbaycan» qəzetinə onu irad tuturlar ki, ABŞ-da bunu müstəqil qəzet yazıb, bizdə isə ona dövlət qəzeti cavab verib. Əvvəla, dünyada bulvar qəzetlərindən başqa müstəqil qəzetlər yoxdur. Hər bir qəzet kiməsə, hansı qurumasa qulluq eləyir. Xüsusilə də «Nyu-York tayms» kimi qəzetlər, ya olsun «Vaşinqton post», ya olsun «London tayms» nə isə, at ilxısı, köpək sürüsü, dövlət nəzarətindədir. Bunu Əfqanıstanda və İraqda ABŞ-ın işğalı zamanı gördük. İkincisi də, bir dövlət qəzeti dövlətinin mənafeyini, dövlət başçısının mənafeyini müdafiə etmirsə, o niyə dövlət qəzeti adlandırılmalıdır ki? Yəni «Azərbaycan» qəzeti öz vəzifə və vicdan borcunu yerinə yetirib. Buna görə «Azərbaycan» qəzetini qınayanların hansı məzhəbə qulluq elədiyini sübut eləməyə ehtiyac yoxdur.

Gələk Obamanın ikiüzlülüyünə. Bunu qorxa-qorxa yazıram, səbəbini yuxarıda açıqlamışam.

«Azadlıq radiosu» məsələsinə, bu ABŞ-ı çilədən çıxarıb. Deməli, bunların radioları çox qiymətlidi, qəzetləri çox qiymətlidi, bizimki yox. ABŞ ATƏT-in həmsədrlərindən biridir, 22 ildi deyəsən Qarabağı abıra salmaq istəyir, guya. Xatırlatmaq istəyirəm ki, Ermənistan Azərbaycanın 14 qəzeti redaksiyasını, 14 radio redaksiyasını və 1 televiziya kanalını müvəqqəti dayandırmayıb ey, darmadağın edib. Orda çalışanların da hamısını güllələyib. Onların sayı da Parisdəki o adı yadımdan çıxan jurnalda terror qurbanı olan 12 nəfər qədər deyil, 500-dən artıqdı.

Bütün terroru qınayırıq, o cümlədən Parisdə olan terroru da. Terroru törədənlər də Fransa vətəndaşlarıdılar. İkincisi də ki həmin terrorçuların özündənrazı dövlətlərin hansının gizli servisinə qulluq elədiyini biz unasaq da, özləri çox gözəl bilir.

Dünyanın ən böyük terror təşkilatı olan «Əl-Kaidə»nin də ABŞ-ın yaratdığını sübut eləməyə ehtiyac yoxdur, bu aksiomadı. Bin Ladeni də mənim doğulduğum Ağcabədinin Bayat kəndində yetişdirməmişdilər, ABŞ-da yetişdirmişdilər.

Necə olur ki, Əfqanıstanı işğal edəndə, İraqı işğal edəndə, Liviyanı itin gününə salanda, Suriyanı dəli inək balasını çığnayan kimi çığnayanda və sair və ilaxır məsələləri, problemləri sülh yolu ilə çözmək ABŞ-ın ağlına gəlmir, amma Qarabağ məsələsi ortaya çıxanda deyir bu yalnız dinc yolla həll oolunmalıdır, sülh yolu ilə həll olunmalıdır. Və 1 milyon 200 min adam 22 ildi bütün insanlıq hüquqları tapdanaraq öz vətənində didərgin yaşayır. Bunların hüquqları ABŞ-ı maraqlandırmır, hansısa QHT-lərdə çalışanların hüquqları ABŞ-ı çilədən çıxarır.

Qısası, Obama Allahın bayıssı oğlu deyil. Barak Hüseynin oğludu, dayısının da adını bilmirəm. Heç öz dayılarımın adı yadımdan çıxıb, onda ki Obamanınkı olsun. Onu tənqid də eləmək olar, hələ bir az da o yana keçmək olar.

Qulam Məmmədli bir rayonda ateizmdən mühazirə oxuyurmuş. Rəhmətliyin öz dilindən eşitmişəm. Mühazirəni bitirəndən sonra zala üzünü tutub deyir ki, kimin sualı var?

Bir cavan qalxır ayağa, deyir:

- Kimə arxalanıb deyirsən ki, Allah yoxdu?

Qulam Məmmədli:

- İki yüz otuz milyonluq Sovet xalqına.

Cavan zala baxıb deyir:

- Sən iki yüz otuz milyonluq Sovet xalqına arxalanıb deyirsən Allah yoxdur, bu zaldan dördcə nəfər qalxıb dayansın mənim arxamda, sənin gözlərini çıxarıdıb ovcuna qoyum ki, Allah var.

İndi arxamda dördcə nəfər dursa, çox şey yaza bilərəm ey! Yoxsa, Vaqif Cəbrayılzadə demiş:

Bir də baxıb görürsən ki,

Bir boynu yoğun,

bir yekə qarın

Ətli sifətində bir şillə yeri

Durub gözləyir səni.

Amma bir boynu yoğun,

Bir yekə qarın döymək

Mənə bir az çətindi

Bir şilləlik canım var

Ax zalım dostlar,

Zalım qardaşlar!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO