ANA SƏHİFƏ / YAZARLAR

Gülə gülə, Gül

Qoy, Abdulla Gül - Serj Sərkisyan dostluğu əbədi olsun

128831    |   2008-09-08 22:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli, gedirsən. Heç kimin sözünə qulaq asmadın. Amerikanın alqışı bir vaxtlar Ter-Petrosyanı Türkiyədə qəbul edən Dəmirələ ünvanladığın sərt mesajları unutdurdu sənə. Deyəsən, belə demişdin də: "Bu hökumət bu siyasətlə gələcəyimizi borc altına alıb. Elə borc ki, Ermənistan prezidenti Türkiyə prezidentinin dəfn mərasiminə qatılmaq cəsarətini göstərib. Sizin necə uzlaşma tərəfdarı olduğunuzu, Türkiyənin mənfəətləri məsələsində cəsarətsiz davranacağınızı, üzünüzün necə yumşaq olduğunu bildiyi üçün cürət tapıb və Türkiyəyə gəlib. Qardaşlarımız müharibə vəziyyətindədir, qardaşlarımız qətlə yetirilir, onlar qətlə yetirilərkən "bunun səbəbi Türkiyədir", "Avropanın xəritələri məlumdur, ancaq Yaxın Şərqin, Asiyanın tam müəyyənləşməyib", - deyə açıqlama verəcək, Qarsın Ermənistanın torpağı olduğunu iddia edəcək, bundan sonra Türkiyəyə gələcək və siz onun əlini sıxacaqsınız".
   15 ildən sonra sən gedirsən Ermənistana, cənab cümhur başqanı. Yüz faiz Sərkisyanın əlini sıxacaqsan da. Arxayın ol, ittiham etdiyin Dəmirəl sənə irad bildirməyəcək. Çünki sən onun siyasətini davam etdirirsən: Ermənistanın prezidentinə Türkiyə prezidentinin bir səfər borcu var. Dəmirəl borcunu onun əvəzinə qaytaran birisinə niyə irad tutmalıdır ki?! Cənab Gül, sənin yerində Dəniz Baykal da olsaydı belə edərdi. Nə olsun ki, Azərbaycan sərhədlərində erməni gülləsindən hələ də ölənlər var... Nə olsun ki, türklər "soyqırım" şantajı ilə üz-üzədi... Əsas dövlətin yürütdüyü siyasətdi. Türkiyə hakimiyyəti Qərbə yönəlik siyasi kurs götürüb. Qərb isə türkü erməni ilə dostluğa çağırır.
   Yəqin ki, Sərkisyanla 90 dəqiqə söhbət edəcəksən, cənab cümhur başqanı. Ona denən arxayın olsun, Azərbaycanlılar torpaq itkisi ilə çoxdan barışıb. Qarabağdan bekarçılıq olanda danışırıq. Daha çadır şəhərciyində qaçqın da qalmayıb, hamısı evlə təmin olunub. Sağ olsun Rusiya, bazarlarında bizə işləmək üçün yaxşı şərait yaradıb. Rusiyanın şəhərlərinə üz tutanların əksəriyyəti yurd-yuvasını itirənlərdir. Sağlıqlarına qismət, evləri də var, işləri də. Hərdən Bakıdan müğənni çağırtdırıb "Qarabağ şikəstəsi"ndən-zadından oxutdurub ağlayırlar. Qarabağı göz yaşlarında çoxdan əridib azərbaycanlılar. Qarabağ problemini zaman özü həll edib. Cənab Gül, görsən ki, ətrafdakılar söhbətinizə mane olur, Sərkisyanın qulaqına pıçılda ki, Azərbaycana görə Türkiyə ilə düşmən olmağa dəyməz. Denən qoy bilsin ki, onsuz da azərbaycanlılar ermənilərlə dost olacaqlar. İnanmasa, tarixdən sitatlar gətir. 90 dəqiqə az deyil. İki prezident ən çoxu bir saatlıq görüşür. Sənin isə saat yarım vaxtın var. Sərhədlərin açılmasının şərtlərini dəqiqləşdirə bilərsiz. Bizdən arxayın olun. Ən yaxşı halda xarici işlər nazirimiz Elmar Məmmədyarov belə deyəcək: "Ermənistanla sərhədlərin açılması Türkiyənin daxili işidir. Azərbaycan Türkiyənin daxili işinə qarışa bilməz". Necə ki, qarışmadıq. Sənin Ermənistana səfərinin qarşılığında susduq. Yəqin bu susqunluq səni bir az da cəsarətləndirdi. Lap yaxşı, Sərkisyanı Türkiyəyə dəvət etməyi də unutma. Əvvəl sizə gələr, sonra onu götürüb bizə gələrsən. Qardaşımızla birgə gələn qonağı qovmayacağıq ki!
   Qorxub eləmə. Daşnaksütyun sənə qarşı təxribat törətməz. Onlar sevinir ki, türk prezident erməni prezidentinin ayağına gedib. Rahat oturub futbola baxın. Çox güman yığmanın baş məşqçisi Fateh Terimə heç-heçə oynamalarını tapşırmısan. Qonaq özünü necə aparmalıdırsa, türk komandasınıni da elə davranacağına inanırıq. Bizə qələbə lazım deyil. Məğlubiyyət də ki, ayıb olar. Heç-heçə eləsək, türkün erməniyə güzəştə getdiyini hamı biləcək. Avropa Çempionatında güclü komandalara şok yaşadan Türkiyə yığması Ermənistan yığması ilə heç-heçə oynayırsa, deməli, güzəşt ediblər. Türkə güzəşt çox yaraşır. Çörəklərindən ye, sularından iç. Orucunu pozsan problem olmaz. Onlara Ramazanın nə olduğunu başa salana qədər bir tikə çörək yeyib qəza orucu tutmaq daha yaxşıdır. Petrosyanın salamını almayan Elçibəyin aqibətini gördüz də?.. İstəmərəm hansısa türk prezident Elçibəyin aqibətini yaşasın. Hakimiyyətlər gəldi gedərdi. Əsas insani münasibətlərdi. Qoy, Abdulla Gül - Serj Sərkisyan dostluğu əbədi olsun. Qoy, Türkiyə-Ermənistan sərhədləri açılsın. Qoy, həmişə günəş olsun. AKP-də olsun həmişə.
   
   


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-10-23


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu