warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Publisistikanın hüdudları və hüdudsuzluğu Adalet.az | Publisistikanın hüdudları və hüdudsuzluğu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Publisistikanın hüdudları və hüdudsuzluğu

(və ya Türkiyə sevgisindən yaranan İstanbul obrazı)

34306    |   2014-12-27 01:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Publisistika söz yaradıcılığının digər janrları ilə müqayisədə yeni sahəsidir. Yarandığı ilk dövrdən publisistikaya münasibət (həm ədəbiyyatşünaslar, həm də oxucular tərəfindən) birmənalı olmamışdır. Onu bədii ədəbiyyatın ayrılmaz hissəsi hesab edənlər çox olduğu kimi, bədii ədəbiyyatdan ayıranlar da az deyil. Hər iki tərəfin də öz aləmlərində daşdan keçən arqumentləri vardır. Bu bir gerçəkdir ki, publisistikanın yaranışı birbaşa mətbuatın yaranması ilə bağlıdır və ilkin vəzifəsi publikaya hər hansı informasiyanın çatdırılması olmuşdur. Lakin elə ilk gündən də paralel olaraq elm, mədəniyyat, incəsənət, siyasət və mənəviyyatın digər qütblərini əhatə edən analitik, poetikasına görə bədii ədəbiyyatın ən parlaq nümunələri ilə eyni səviyyədə dayanmaq gücünə malik publisistik əsərlər oxucuların, araşdırıcıların diqqətini çəkmişdir.
Artıq publisistikanın konkret hüdudlarını müəyyənləşdirib konturları təxmini belə cızmaqda çətinlik çəkirik. Əlbəttə, söhbət əsl publisistikadan - H.Zərdabi ilə başlanan Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə ilə yeni inkişaf mərhələsinə keçərək təkmilləşən, zənginləşən kamala yetən və bu kamil Azərbaycan publisistika məktəbinin ənənələrinə söykənərək bütün "izmlərdən" xəbərdar olan müasir istedadlı publisistlərin əsərlərindən gedir. Mənim üçün olduqca xoşdur ki, bu istedadların arasında yazılarını sevə-sevə oxuduğum, fikrimin, hissimin alt qatlarında mənim ruhuma yaxın olan mövzuları qələmə aldığına görə minnətdarlıq hissi keçirdiyim, hər bir uğurlu (həm də orijinal və çoxları üçün gözlənilməz) yazısı haqqında özümlə həmqəlb olanlara sevinə-sevinə danışdığım Məzahir Əhmədoğludur. Mən bu kiçik yazımda Məzahir müəllimin bütün yaradıcılığı haqqında söhbət açmaq fikrində deyiləm. Mənim aləmimdə onun ayrıca olaraq publisistikası barədə ən mükəmməl və dəyərli fikirləri Aqil Abbas bildirib. Ancaq... gözləmədiyim, bəlkə də şüurumun alt qatında uzun illər gözlədiyim bir hadisə baş verdi...
Mənə bir köynək doğma olan "Ədalət" qəzetinin 21 iyun nömrəsini açıram. Öncə İradə Tuncayın, Məzahir Əhmədoğlunun imzalarını gəzir gözüm. Qəflətən 8-9-cu səhifələrdən Məzahirin doğma siması boylanır...
Sərlövhə çox şeydən xəbər verir. "Başlanğıc: Yazmaq və Yazmamaq"
Birinci cümlə məni çox-çox uzaqlara - altmış yaşım olmasına baxmayaraq, sanki azı yüz il arxada qalmış uzaqlara aparır.
O illərin Məzahiri - Türkiyə sevgisinin, İstanbul sevdasının Məcnunu Məzahir canlanır xəyalımda.
Türkiyənin, türkçülük ideyalarının yasaq olduğu illərdən bu günə kimi qanı ilə canı ilə, bağlı olduğu qardaş ölkənin, qardaş xalqın sevgisini qəlbində ən əziz və qiymətli əmanət kimi gəzdirən Məzahir Əhmədoğlunun bu mövzuya müraciət edəcəyinə həmişə ümid etmişəm. Zaman-zaman bu inamın işığı gah güclənib (birbaşa və dolayısı ilə Türkiyə ilə bağlı yazılarını oxuyanda), gah da öləziyib, onun bu mövzuya müraciət edəcəyinə ümidimi itirmişəm... Xüsusən də altmışı geridə qoyduqdan sonra ...
İndi isə qəflətən... Əlbəttə, məsələyə bir qədər realist yanaşanda bəlkə də "qəflətən" yerinə düşmür. Şimşək qəflətən çaxana kimi nə qədər enerji toplanır buludlu göyün üzündə.... Bir də yaradıcı, istedadlı şəxslərdə yaş şərti məsələdir. Hansı yaşda olmasından asılı olmayaraq yaradıcı insan qələmə aldığı illərin yaşantılarına təkrar-təkrar dönür özünü ruhən həmin illərdə hiss edir.
Bütün bunlara baxmayaraq birinci hissəni oxuyanda daxilimdə anlaşılmaz şübhələr oyandı: Türkiyə, İstanbul... ilin-günün bu vaxtında nə yazacaq, yaza biləcəkmi? Elə yazının ortasında 35 ildən yuxarı tanıdığım və dostluq etdiyim Məzahirin bu çətin işə boş yerə baş qatmadığını anladım və sevindim.
"Başlanğıcı" birnəfəsə oxudum, uzun müddət aclıq cəkən insan acgözlüyü ilə... Mənəvi aclığımı bir qədər doyurandan sonra aramla; düşünə-düşünə, nəfəs ala-ala, necə deyərlər yazının mənə verdiyi mənəvi həzzi hiss edə-edə təkrar-təkrar oxudum...
Və Məzahirin ovqat yazarı olması haqqında uzun illər əvvəl yaranmış qənaətim bir daha möhkəmləndi.
Məzahiri yazmaq, yoxsa yazmamaq sualı qarşısında qoyan səbəblərin bir çoxu aydındır və başa düşüləndir. Səbəblərdən biri Anarın, Elçinin əvvəllər - hələ sovet dönəmində qələmə aldıqları səfər təəssüratları, son dövrlərdə isə İradə Tuncayın Məzahirin özü demişkən, bənzərsiz, hətta türkiyəlilərin özləri üçün də həm yeni, həm də bəzi məqamları ilə çox dəyərli yazıları ola-ola..." bu mövzuda yeni, oxucu marağına səbəb olacaq və uzun müddət yaddaşlardan silinməyəcək bir yazı ərsəyə gətirməyin məsuliyyətini dərk etməsidir.
Məzahir hec vaxt yazmaq xatirinə yazmayıb, hətta rəsmi mövzularda, istehsalat mövzusunda belə yazarkən bütün ruhu ilə həmin ovqata köklənib. O ki ola Türkiyə, türkcülük... O Türkiyə ki, 17-18 yaşlarından qanının bir hissəsi kimi damarlarından axa..., hətta fotolarda belə görmədiyi, yalnız oxuduğu ədəbi əsərlərdən və tarix kitablarından təsəvvüründə canlandırdığı yerlər-yurdlar vaxtaşırı yuxularına girə.
Onun uzun illər bu mövzunu qələmə almamasının əsl səbəbi budur: Türkiyə barədə yalnız yaxşı yazmaq... Bu isə əlbəttə asan olmayacaq. Yeganə təsəllisi isə budur: indiyə kimi asan başa gələn nəyə nail olub ki ... Onun bu yazıda (əsərdə) məqsədi mənim fikrimcə, Türkiyə haqqında, İstanbul haqqında danışmaq deyil, Türkiyənin, müdrik və sirli İstanbulun obrazını yaratmaqdır. Onun yazısını başqalarından fərqləndirən məhz budur.
Şüurlu həyatı boyu İstanbulun həsrətini çəkən Məzahiri İstanbulun özündə də İstanbul həsrəti tərk etmir. Bəlkə də çoxlarına qəribə gələr belə çılğın, dəlicəsinə həsrət... Bu bir sevdalı Məcnun həsrəti, nisgilidir.
Türkiyə haqqında yazmaq Məzahir üçün bir tale işi, bəlkə də alın yazısıdır. Tanrının, bəndənin boynuna qoyduğu yükdən isə qaçmaq olmaz... Nə qədər çətin, əzablı olsa belə taleyə boyun əyərək yükü çəkib əzabdan qurtulmaq gərəkdir.
"Mən ağır cəza ilə ittiham olunan müttəhim kimi vəkilə və təsadüflərə ümidli olmaq istəmirəm. Mən bu cəzadan Tanrının mənə bəxş etdiyi ağlım və istedadımla qurtularaq, "azadlığa" alqışlarla qovuşmaq istəyirəm. Xəstəliyim və digər incidənlərim imkan versə, bacaracağam".
Qəribə də olsa Məzahirin yazmaq qənaətinin qətiləşməsi müalicə üçün Türkiyə səfəri ilə bağlıdır. İstanbulda köhnə xatirələr, təəssüratlar, illərin lay divarları arxasında qalan təfərrüatlar yenilənir, durulur... lap dünən baş vermiş kimi ilkin həyəcanı ilə boy verərək özünü göstərir... Artıq yazmaq eşqinin cazibəsi qarşısında dözüb dayanmaq mümkün deyil. Hissin, həyəcanın sözə çevrilmiş ilk sətirləri yaranır. Amma son hələlik məchuldur. Bu yazı tezmi bitəcək, silsilə məqalələr toplusu olacaq, yoxsa bütov bir əsər kimi meydana çıxacaq... hələ ki, heç nə aydın deyil. Bunu Məzahir özü də bilmir.
"Başlanğıcı" oxuyub sona çatanda ağlıma ilk gələn fikir bu oldu: Bu yazı burada bitə bilməz. Doğrudur, müəllif yazır: "Heç özüm də bilmirəm ki, müəyyən qədər səfər təəssüratlarından və eyni zamanda mövzuyla bağlı xatirələrdən, hekayətlərdən ibarət olması gözlənilən bu silsilə yazılar nə vaxt bitib, nə vaxt sona çatacaq. Bilsəydim nə vardı ki! Ancaq yazmaq lazım olduğunu artıq bütün varlığımla hiss etmişəm. Və qabaqcadan anons edim ki, səfər təəssüratları burada daha çox başqa məqamların dirilib ayağa qalxması üçün bir açar rolunu oynayacaq".
Qənaətimi möhkəmləndirən yuxarıda oxuduğum cümlələr oldu.
Yazıda, belə demək mümkünsə, əsas obraz, qəhrəman İstanbul şəhəridir. "Baş qəhrəmanla" saysız-hesabsız tellərlə bağlı olan ikinci obraz müəllifin özüdür.
Maraqlıdır ki, yazıdakı digər obrazlar bu və digər dərəcədə müəllifin İstanbul sevdasının oxucuya çatdırılmasında iştirak edir. Oxuduğu əsərlər, xüsusən türk ədiblərinin əsərləri, baxdığı filmlər, hətta Türkiyə ilə birbaşa əlaqəsi olmayan sənət nümunələri, həyati faktlar, onların yaratdığı rəngarəng duyğular sonda İstanbul sevgisinin nədən qaynaqlandığını açmağa xidmət edir.
Bakının 25-27 dərəcə xoş, ilıq havasından İstanbulun 17-18 dərəcəli yağışlı havasına düşməyin nə olduğunu ürək-damar xəstələri daha yaxşı anlayar.
Belə havanın yaratdığı diskomfortdan daha artıq müəllifin qanını qaraldan Bosforu aydın görə bilməməsidir. Məzahirin həm istedadının gücündən, həm də uzun illərin qələm təcrübəsindən doğan qəribə yazı manerası var; o, qələmə aldığı əsas mövzunun içərisində asanlıqla digər mövzulara keçid alır və hiss olunmadan yenidən mövzuya qayıdır. Bu, əsl peşəkarlıq nümunəsidir.
Almanlar demişkən, hər cür müqayisə qüsurlu olsa da, onun üslubunu peşəkar muğam ustalarının ifasına bənzədirəm: oxuduğu muğam dəstgahının içərisində ustalıqla digər muğam şöbələrinə hiss olunmadan "dəyib qayıdan", başladıqları muğamı ustalıqla davam etdirən ustad sənətkarların ifasına ...
Məhz bunun nəticəsidir ki, o, İstanbul səfərinin birinci məqsədi - müayinə və müalicə ilə bağlı təfərrüatlara varmadan bir cümlə ilə digər məsələlərdən bəhs etməyə başlayır.
"Ledi Diana" otelini seçən Məzahir otelin rahatlığından, ordakı komfortdan yox, oxucunun gözləmədiyi halda, mənəvi, əxlaqi, sosial, bəlkə də daha çox ruhi məsələlərdən söhbət açır. Eyni zamanda İstanbulun bir hissəsinin mənzərəsini özünəməxsus şəkildə qələmə alır: "Ayasofiya və Sultan Əhməddən üzü yuxarı bizim İçərişəhəri xatırladan əyrin-üyrün küçə və məhəllələrdə, bəlkə də 50-dən artıq çoxulduzlu otellərin fərqli görüntüləri və yığcamlıq bu dərəcədə sıxlıqda insanı yormur, çaşdırmır. Qədimliklə müasirliyin də fərqi bir elə nəzərə çarpmır. Məni ən çox çaşdıran isə "Ledi Diana" otelində gözəlliyi ilə ərəb şeyxlərinin də gözlərini kəlləsinə çıxaran şahzadə Diananı xatırladan mükəmməl bir guşənin və ya iri portretin olmaması idi. Azad sevgi mücəssəməsi, ya bəlkə də şəhvət maksimalisti gözəl Diananın adı yalnız xırda-xuruş otel ləvazimatlarının üzərində görünürdü. Və bir neçə gündən sonra mən tam əmin oldum ki, burada çalışanların 90 faizi Diananın kim olduğunu belə bilmir və o müdhiş faciəni də dəqiqliyi ilə xatırlamır. Burada əsas məsələ çalışmaq və pul qazanmaqdır". Dünyanın, zamanın və bəlkə də mühitin, şəraitin yaratdığı parodoksal mənzərəni belə dəqiq və obrazlı təsvir etmək hər qələm əhlinə nəsib olmur...
Doğma İstanbulda 40 ildən çox dostluq etdiyi bir insanla görüşməyindən, daha doğrusu, həmin insanın Türkiyəyə gəlib "xəstəyə dəymək" üçün onu axtarmasından, görüş üçün vədələşməsindən, bu görüşün qəlbini riqqətə gətirməsindən qürur hissi ilə, bir qədər də təvazökarlıqla bəhs edir Məzahir Əhmədoğlu. Söhbət görkəmli yazıçı, böyük ziyalı, millət vəkili Aqil Abbasdan gedir. Qırx ildən çox dostluğun, qardaşlığın ən sınanmış yollarından kədəri, sevinci birgə duya-duya, yaşaya-yaşaya keçən, İstanbulu eyni, qoşa, bəlkə də əkiz məhəbbətlə sevən iki yaradıcı insanın İstanbulda görüşü Məzahirin qələmində belə mənalanır: "Bütün bunlar təkcə qarşılıqlı münasibətləri şərtləndirən amillər deyil. Bu, Aqil Abbasın özünütəsdiq missiyasıdır ki, elə bütün həyatı beləcə sərbəstlik və dürüstlüklə davam etməkdədir".
Bu görüşdən doğan təəssürat və digər məqamların yer aldığı hissə "Hələ ki, yazmaq..." adlanar. Aqil Abbas və İradə Tuncayla İstanbul görüşü Məzahiri 40 il əvvələ, 70-ci illərin Bakısına qaytarır. Milli ruhda yetişmiş, türkçü, turançı Azərbaycan gəncliyinin azadlıq, müstəqillik, bütöv Azərbaycan arzuları, istiqlal sevdası yetmişinci illərdə daha böyük vüsət almağa başlamışdı.
Sözarası Bakı çayxanaları ilə İstanbul çayxanalarının oxşar və fərqli cəhətlərinə toxunur. Yeri gəlmişkən qeyd edim ki, ötən əsrin 70-80-ci illərində Bakıda bir neçə çayxana azadfikirli ziyalıların, xüsusən milli ruhlu gənclərin yığışdığı bir məkan kimi məşhur idi. Sonra yenidən Aqil Abbas və İradə xanımla İstanbuldakı görüşün təsvirini verir. Elə həmin andaca İradə Tuncayın XXI əsr Azərbaycan publisistikasında (mənim fikrimcə, həm də nəsrində) hadisəyə çevrilən "Sarı odalar" kitabını yada salır, kitabda İradə xanımın 20 milyonluq "İstanbul ölkəsinin" bəzi tarixi və indiki məqamlarından bənzərsiz, unikal söhbətlər açmasından, əlamətdar bilgilər paylaşmasından bəhs edir və özünəməxsus orijinal şəkildə həmin kitabın onun üçün nə qədər dəyərli olduğunu göstərir: "Oxuyanlar bilir ki, bütün bunlar qəlbin, ruhun, sevginin eyni anda bütünləşən cazibə nöqtəsidir. Bu cazibə hər yoldan ötəni özünə çəkməz də. Onun ovu yüksək zövq qurbanlarıdır, toru-tələsi sevdalılar üçündür".
Mənim fikrimcə, bütün bunlar hamısı "əsas əbəbi qəhrəman olan" İstanbul obrazına bir türk (həm də Azərbaycan türkü) sevgisinin hardan, nədən qaynaqlandığını açmağa xidmət edir. Bu hissədə İradə Tuncay da, Aqil Abbas da, elə Məzahirin özü də bu psixoloji, publisistik romanın (Mən filoloq olduğuma görə dəqiq bilirəm ki, ədəbiyyatşünaslıqda roman janrının elmi təsnifatında belə növ göstərilməyib. Lakin mən Məzahirin bu yazısının janrını məhz yuxarıda göstərildiyi kimi görürəm) obrazlarıdır və bu obrazlar baş qəhrəmanın - İstanbulun aşiqləridir. Məcnun Leylinin, Fərhad Şirinin aşiqi olduğu kimi...
İstanbul küçələrində rastlaşdıqları qaraçılar Məzahiri, Məzahir isə bizi-oxucularını 1975-ci ilin Bakısına qaytarır.
Həmin illərin məşhur filmi "Tabor göyə qalxır" və baş rolun ifaçısı gözəl Svetlana Toma, onun hündürlüyü 4-5 metrə çatan iri və cazibədar şəkli xatırlanır. Bu xatırlamada Məzahirin sözü necə bacarıqla seçməsinə, sözdən necə məharətlə istifadə etməsinə heyran qalmamaq olmur: "Saçları çılpaq sinəsini örtən baş rol ifaçısının sol çiynindən bir qarış üzü aşağı rəssam bu gözəlliyə ikinci bir "azadlıq" vermişdi".
İkinci hissənin sonlarına yaxın Məzahir yazır: "Düşünürəm ki, hələ yazmalıyam, hələ gerçəkdən başlanğıcdır. Və sağ olsunlar birinci hissəni oxuyub mənə təşəkkür edənlər və ruhlandıranlar".
Mən onun oxucularının çox olduğunu və daha çox hansı zümrə üçün yazdığını da bilirəm. Özü maraq və həvəs göstərməsə də publisistikası, qəzet öz yerində, elektron variantda da ən çox oxunan müəlliflərdəndir - 3-4 nəfərdən biridir.
Üçüncü hissənin başlığı çox şeydən xəbər verir: "Buludmu olum, yoxsa ki, gəmi?" Mavi gözlü div - Nazim Hikməti xatırlayıram. İstanbul həsrətlisi, Gülhanə parkında ceviz ağacına dönən və polisin fərqinə varmadığı Nazim Hikmət... Bir də insanları buluduyla, gəmisiylə, balığıyla, yosunuyla dəniz olmağa çağıran Nazim Hikmət - müdrik Nazim Hikmət yada düşür...
Qəflətən, havanın (həm də doğulduğu ölkənin siyasi, ictimai havasının) ağırlığından şikayət edən, insanları qurğuşun əridib, güllə düzəltməyə çağıran üsyankar Nazim Hikməti xatırlayıram.
Düşüncələrimin burulğanından bir təhər qurtulmaqda Məzahirin yazısı yardımçı olur mənə...
Çünki Nazim Hikmətin misralarından sonra o dövrün vətənpərvər, eyni zamanda çılğın gəncləri xatırlanır. Həmin illərin Vaqif Cəbrayılzadəsindən, Aqil Abbasından söhbət açılır.
Sovet dövründə hər il Soçi səfəri zamanı Qara dənizin sahilində dayanan Məzahir saatlarla gözlərini qarşı sahilə, dənizin o tayına, görə bilmədiyi İstanbul-Türkiyə istiqamətinə zilləyir. Suya atılmaq, bir türk gəmisinə çatana qədər üzmək istəyir. Ya da insan dilini bilən bir delfinlə qucaqlaşıb onu İstanbula aparmasını arzulayır: "Bəlkə bir balıqçı toruna düşüb ov kimi "xilas olmaq? "Yox, ən yaxşısı İxtiandra çevrilməkdir. Sonra Qutteraya rast gəlmək, onu sevmək, sahilə yan aldıqda isə seçim etmək: Quttera, yoxsa İstanbulun mamırlı bir daş parçası?
Daş parçası! Bütün gözəlliklərə, sevgilərə xəyanət edib İstanbulu seçmək..."
Bolqarıstanın Varna şəhərində Qara dəniz sahilindən Türkiyəyə həsrət dolu gözlə boylanan, oğlu Məhməti çağıran Nazim Hikməti xatırlayıram. Şairin misraları yadıma düşür. Bəlkə də misraların sıralanmasını, sözlərin düzümünü təhrif edirəm... Çünki bu anda yaddaşıma arxayın deyiləm...

Qarşı yalı məmləkət
Səslənirəm Varnadan:
Eşidirsənmi, Məməd, Məməd?
Qara dəniz axır durmadan
Dəli həsrət, dəli həsrət...
Oğlum, sənə səslənirəm...
Eşidirmisən, Məməd, Məməd?

Sonra Nazim Hikmətin ölümündən sonra ona şeir həsr etmiş böyük Rəsul Rzanın misraları yadıma düşür:

"Üfüqdə göy gözlərin
Sarı həsrəti....."

Bir də həmin şeirdə Rəsul Rzanın dünyasını dəyişmiş Nazim Hikmətdən Məhməti yanına çağırmamaq təvəqqesini xatırlayıram!

Şəkərim, qardaşım, ustad,
Bir də ...
bir də çağırma Məmədi.

Çox sağ ol, Məzahir! Sənin bu nadir yazının üçüncü hissəsi mənim yaddaşımı təzələdi, ən ülvi duyğularımı yaşadım. Elə sənin dəfələrlə oxuduğum "Başdaşında adın hanı?" məqalən yadıma düşdü. Doğrudur, 5-ci hissənin sonunda həmin məqaləni yada salmısan, amma heç o məqalənin adını çəkməsəydin belə, beşinci hissənin axarı məqaləni vaxtilə oxuyanları həmin yazıya doğru aparacaqdı.
Səbirsizliklə gözlədiyim gün gəlib çatır. "Ədalət"in növbəti nömrəsi əlimdədir. Tələsik adət etdiyim səhifəni açıram. Tamam fərqli, bir qədər də təzadlı təsir bağışlayan sərlövhə ...
"Mənim sürrealist Kamikadzem"...
Məzahir yazıya oxucaların əvvəlki hissələrə münasibəti ilə başlayır. Bu oxucuların əksəriyyəti eyni təbəqənin adamlarıdır. Yəni səviyyəli, orijinal yazı tamarzısı olan, sözə, sənətə dəyər verməyi bacaran, intellekli insanlardır.
Fərqli suallarla müraciət etsələr də nəticə təxminən eynidir. Yazını bəyəniblər, davam etməsini arzulayırlar. Hətta əhvalatların, hadisələrin geniş, ətraflı yazılmasını arzu edənlər də vardır. Lakin Məzahir hər bir yazısını ərsəyə gətirərkən oxucusunun reaksiyasını düşünməsinə, onun qarşısında özünü borclu hesab etməsinə, məsuliyyət hissi keçirməsinə baxmayaraq, yazarkən özünə, yazı üslubuna həmişə sadiq qalır; bacardıqca yığcam yazmaq, bir neçə abzasda veriləcək bir fikri bir terminə sığışdırmaq, 5-10 səhifəlik əhvalatı bir neçə abzasda vermək...
Bu hissədə Azər Abdulla, Tofiq Abdin, "Qobustan" jurnalı xatırlanır. Tofiq abinin İstanbul həyatı yada düşür.
Axşamlar Gülhanəyə gedən Məzahir təkrar-təkrar böyük Nazimi düşünür.
Qəflətən, onun ağlına gələn bir fikir məni bir oxucu kimi diksindirir: "Görəsən, bu qədər insanların içərisində məndən başqa o dahiyanə misraları və Nazim Hikməti düşünən varmı?"
Məzahir çoxları üçün adi görünən əhvalatları mövzuya çevirə, mənalandıra bilir. Onun üçün mövzu qıtlığı yoxdur. Əlcəzairdən olan gənc bir ərəb xanımı ilə tanış olması çoxları üçün adi əhvalatdan, təsadüfi tanışlıqdan başqa bir şey deyil. Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan Əlcəzair xalqının qəhrəman qızı Cəmilə xatırlanır. Vətəni uğrunda ölümə gedən, şərəfli intihar yolunu seçən Cəmilə...
Ərəb dünyasının böyük yazıçısı Malik Həddadın "Körpü partladılmalıdır" romanında Əlcəzair xalqının Fransa müstəmləkəçiləri ilə ölüm-dirim savaşını yada salır Məzahir Əhmədoğlu.....
Və bir də hələlik ən təzadlı əsr kimi tarixə düşən XX əsrin başqa bir hadisəsini -əlcəzairli Zinəddin Zidanın Fransaya dünya çempionu adı qazandırmasını xatırladır oxuculara müəllif...
Nəhayət, hələlik sonuncu olan hissəni - "Bu adamlar hara gedir, əllərində işıq parçası?" sərlövhəli hissəni də oxuyub başa çıxıram. Sonda "davamı olacaq" sözlərini oxuyub daxilən rahatlanıram. Lakin nə növbəti həftə, nə də sonrakı həftələr yazının davamı gəlmir... Mən isə hələ də bu hissədə xatırlanan olayların təsiri altındayam: "Onlar (söhbət o dövrlər konservatoriyanın sonuncu kurs tələbəsi bəstəkar Rüstəm Rüstəmzadə, şərqşünaslıq fakültəsinin tələbələri olan Nazim və Ömərdən gedir) dövrün işıqlı gəncləri kimi tez-tez olurdular bizim açıq və qapalı məclislərimizdə. Qeyd etdiyim kimi, bizim iddialı və bəzən də tərəddüdlü söhbətlərimizin, mübahisələrimizin ümumi, eyni zamanda fərdi yanaşmalarımızın bünövrəsini yalnız bir məqsəd müəyyənləşdirirdi. Türkçülük, turançılıq ideyaları ətrafında mümkün qədər çox tərəfdar toplamaq". Sonra müəllif Vaqif Cəbrayılzadə, Rüstəm Rüstəmzadə ilə birlikdə DTK tərəfindən həbs olunmağından, müəyyən hədə-qorxudan sonra şərtlə azad olunmaqlarından söhbət açır: "Nə isə. Məni həmin şərtlərlə buraxır və bildirirlər ki, həmişə nəzarətdə olacaqsınız... Vaqiflə mən "Baksovetdən 26-lar" a getməliyik. Eskalatorla aşağı düşürük. Qarşı eskalatorla yuxarı qalxanların içərisində bir dəstə rusu Vaqif göydə tutur, üzü gülür. Bərabərləşməyə üç-dörd metr qalmış o, üzünü ruslara tərəf çevirərək var gücü ilə qışqırır: "Siz heç bilirsiniz mən kiməm? Mən Çingizxanın nəvəsi Batıxanam!"... Düşüb platformaya keçərkən Vaqif sanki hələ də "Sonuncu dənizə doğru" çapdığı atın belində idi".
Düşünürəm, axı bu belə bitə bilməz... İstanbulda tarakan yarışı ilə əylənən, dərdini gizlətməyi bacaran, əhli-kef təsiri bağışlayan rus generalı Çernota ilə, İstanbuldan Rusiyaya boylanan, vətən həsrətli, qaradinməz, yuxuda da, hətta oyaq olanda da sayıqlayan, getdikcə dəliyə, sərsəmə çevrilən qəddar, qorxunc, həm də nə qədər təəccüblü olsa da ona tapşırılan əmanəti qorumağa çalışan general Xuludovla bizi baş-başa qoyub yazını yarımçıq saxlamaq axı heç insafdan deyil...
Yazacağımı özünə bildirməsəm də, soruşmuşam bir dəfə: nəyə görə silsilənin davamını dərc etdirmir? Baxmayaraq indiyədək yazdıqları yetərincədir. Hər halda özü davamı olacağını bildirib.
Amma bu bir həqiqətdir ki, biz - onu tanıyanlar, həmin silsiləni oxuyanlar eyni fikirdə olmuşuq: birnəfəsə oxunan bu bənzərsiz yazının mümkün qədər gec qurtarmasını istəmişik.
Qələm dostlarından mərhum Tofiq Abdin bir yazısında Məzahiri "iddialı publisist" adlandırıb. Mənim fikrimcə, Məzahir istedadlı olduğu qədər də məsuliyyətli, hətta vas-vası təsiri bağışlayacaq qədər məsuliyyətli publisistdir. O, həyatda da elədir, özünə qarşı tələbkardır. Ümumiyyətlə, o, maksimalistdir. Sevgisi qədər nifrəti də böyükdür.
Yazının gözəlliyi, bənzərsizliyi məndə hərdən əks fikirlər də oyadır. Birdən, Allah eləməmiş, davamı zərif alınar, bəlkə heç daha bu mövzunu davam etdirməsin? Bəlkə o, elə şeylər yazıb ki... Amma bu fikri tez özümdən uzaqlaşdırır, əvvəlki qənaətimdə qalıram: Mütləq bu psixoloji, publisistik əsərin davamı olmalı, mövzu Məzahirin qələmində tam həllini tapmalıdır. Bizə isə bir oxucu kimi, dost kimi bu uğura sevinmək qalır.



YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK