Hə, Zakir Fəxri, neçə gündü götür-qoy edirəm. Heç belə çətinə düşməmişdim. Çətinə deyəndə ki,.. səninlə bağlı ürəyimdə o qədər sözlər, fikirlər var ki, onları sapa düzməkdə və bu sapın ucunu tapmaqda bir az narahatçılığım var. O da ilk öncə sənə necə müraciət etməyimlə bağlıdır. Doğrudur, qardaş, dost, şair, hətta bəy də deyə bilərəm. Amma bunların heç birinin içimdə olan sözləri, fikirləri özündə əks etdirə biləcəyimə tam inamım yoxdur. Digər tərəfdən də aramızda 10 illik yaş fərqi var və sənin 60 yaşının bir neçə gün öncə tamam olması... həmin yubileyin də səssiz-səmirsiz adi günlərin biri kimi gəlib keçməsi... içimdə bir düyünə çevrildi. Doğrudur, dostlar, tanışlar dedilər ki, özün belə istəmisən - təmtəraqsız, hay-küysüz olsun - demisən. Bu sənin haqqındır. Amma sən axı Zakir Fəxrisən. O Zakir Fəxri ki, hələ neçə illər əvvəl yazmısan: Fəxri, sevir el, yar səni, Məcnun tək ölməzəm, Xəlq içrə ki, dildən-dilə, dastanə düşmüşəm. Xalq içində dastana düşən, xalqın sevdiyi Məcnun tək ölməz bir insanın, bir şairin 60 yaşının, eləcə Məcnunsayağı keçməsi nə dərəcədə doğrudur, deyə bilmərəm. Amma mən başqa cür fikirləşmişdim. Düşünmüşdüm ki, hay-küylü, böyük çevrəsi olan Zakir Fəxrinin 60 yaşı sözün həqiqi mənasında bomba kimi partlayacaq, diqqət çəkəcək. Görünür sən doğrudan doğruya çox uzaqgörən şair, ziyalı imişsən. Çünki özün demisən axı, "Qalmaz belə, qalmaz, dünya!" Nəyi nəzərdə tuturdun qardaş, hansı dünyanın belə qalmayacağına işarə edirdin. Bəlkə Qarabağın qara bəxtini və yaxud da qarabağlıların, o cümlədən də qaçqın-köçkünlərin dünyalarının belə qalmayacağını nəzərdə tutmuşdun. Bilmirəm, daha doğrusu, o qədər mülahizələr, şübhə yerləri var ki, hansına əl atıramsa tərəddüd içində qalıram. Düşünürəm, bəlkə "Qara Məlik, qara Qəzənfər və mən" əsərində yazdığın kimi bu dünyanın pünhan bir guşəsinə çəkilib, üzünü səndən özgə heç kimin görmədiklərinə tutub öz yazdığın şerin misralarını pıçıldayırsan... ...Qəbrin üstə baş daşının önündə səni anıram... Qardaş, dünyamızın baş daşı görəsən nə boydadı? Ümumiyyətlə, bu dünyamızın baş daşı daha çox hansı keyfiyyətləri olan insanlardan çıxa bilər, hansı insanları yonub-yontalayıb dünyanın baş daşı etmək mümkündür? Bəlkə bunu mənə qandırasan? Axı sən dünyanın belə qalmayacağını bildiyindən, belə qalmayacaq dünyanın baş daşının da nədən, kimdən yonula biləcəyini də yəqin ki, təxmin etmisən. Nə olar, aç bu sirri mənə. Bəlkə düşünürsən ki, boşuna özümü yoruram. Bu sirri heç kimə vermək mümkün deyil. Biləndə adamın ürəyi partlaya bilər. Bu da mənim təxminim. Hələ ki, mən də özümü belə aldadıram. Amma bir şeyi dəqiq bilirəm ki, doğrudan da dünən bu günə qalmır. Eləcə əriyir, od üstündə çıtır-çıtır yanan yağ kimi dağlanıb cızdağı çıxır... Qalan külü deyil, xatirəsidi, az çox təqvim yaddaşı, yəni sıradan bir gün anlayışıdı və bir də acı təəssüfü... Mən belə başa düşürəm. Yəqin buna görə məni qınamazsan. İndiki anda məni ən yaxşı başa düşənlərdən elə birincisi sənsən. Bir dərdin içindən qopub kənara çıxmaq istəyirəm... sənə doğru can atıram. Amma dərd də köpəkoğlu şeydi. Heç buraxmır adamın əlini, ətəyini... Yenə köməyimə şerlərin gəlir: Allah, verdiyin ömrün Ömür bölümünə şükür. Şükür verdiyin ölümə... Ölməz ölümünə şükür! Qardaş, bu yazı təbii ki, heç yubiley yazısına, tərifə, hətta onların həndəvərindən keçən ilıq bir ovqat yaradacaq nəyəsə oxşamır. Daha doğrusu, oxşada bilmirəm. Çünki səni tanıdığım, imzanı gördüyüm, səninlə doğmalaşdığım gündən indiyə qədər bütün söhbətlərində, sevinclə kədərin qol-boyun olduğunu, hətta ən şən məclisdə belə, qəhqəhəndə, təbəssümündə, sözündə hikkə ilə yanaşı, bir ağrı-acı sızıltısını da duymuşam. Səbəbini anlaya bilməmişəm. Ta o vaxta kimi ki, sən qəflətən hamımızın üzünə qarşı dedin ki, "Qalmaz belə, qalmaz dünya..." Doğrudur, böyük Məmməd Araz da çox hikkəli və həm də çox təmkinli şəkildə bəyan eləmişdi ki, dünya heç kimindir. Sən isə ustadın bu qəti mövqeyinin ardınca pıçıldadın ki, heç kimin olmayan bu dünya belə də qalmayacaq. Odur ki, bu baş-ayaq yazının sonuna yaxın səndən bir ricam var. İstəyirəm ki, məni bağışlayasan. Bağışlayasan ki, sənə, Zakir Fəxriyə layiq yubiley yazısı yaza bilmədim. Bağışlayasan ki, sənin çox-çox əvvəl dediyin, dünyanın belə qalmayacağı barədə verdiyin hökmü çox gec qəbul etmişəm. Və nəhayət sonda. Zakir müəllim, siz kitablarınızın birində yazmısınız ki: ...Kövrələn gözümdə yaş çiçəklədi, Divarlar çatladı daş çiçəklədi. Və bunun ardınca da xatırlatmısınız ki: Əl uzatdım göyə əlim çatmadı... Qaldım qıvrıla-qıvrıla. Bəli, belə qalmayan dünyada atdığımız daşın dəyib-dəyməyəcəyinə baxmayaraq, həmişə gözümüzdə yaş çiçəkləyib. Görünür, bu da Allahın bir hikmətidir. Sevdiyinə, sevimlisinə böyük ürəklə yanaşı, böyük göz yaşları da hədiyyə edir. Böyük göz yaşı çiçəkləyəndə də buta-buta güllərə çevrilir, hər biri əl boyda, pəncə boyda. Zənnimcə, pəncə boyda olan güllərdən biri də ətirli, təravətli ləçəklərində damlalar olan 60 yaşınızdı. Bu yaşa Zakir Fəxri kimi çatmaq elə Zakir Fəxrinin öz tale yazısıdır. Tale yazının qarşısında baş əyirəm...
P.S. Zakir müəllim, müraciətimin formasını səmimi qəbul edib, məni üzrlü sayın.