adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YAXŞILIQ

ƏLÖVSƏT BƏŞİRLİ
34257 | 2014-10-09 01:15
Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdirmi?
Qalanların yaddaşında
Gedənlərin əzizdirmi?

İlk gəncliyimizin arzusuna çatmış, tələbəlik həyatına qədəm qoymuşduq. Mehriban, çalışqan həmyaşıdlarım özlərilə Azərbaycanın müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər.
Qrup nümayəndəsi - "sinifkomumuz" Əkbər bizdən bir qədər yaşlı idi, əsgərliyini çəkib gəlmişdi, müəyyən həyat təcrübəsi vardı. Biz ona hörmətlə "Qağa" deyirdik. Müxtəlif xasiyyətli tələbələr arasında ünsiyyət yaratdığına, tələbkar və qayğıkeş olduğuna görə hamımızın hörmətini qazanmışdı. O, arif adam idi, hər birimizlə dil tapa bilirdi. Bu isə asan deyildi. Bizi jurnalistikaya olan romantik həvəs, arzu birləşdirsə də, xasiyyətcə bambaşqa idik. Və bunu o vaxtın müasir stilində geyinib-kecinən ayrılmaz dostların davranışında da hiss edirdik. Aydın deyib-gülən, zarafatcıldı, Yalçın ən adi əhvalatı belə lətifəsayağı danışıb dostlarını uğundururdu. Rafiq isə qrupda ən sakit tələbə idi. Xasiyyətcə qapalı deyildi. Ünsiyyəti xoşlayırdı. Aramla danışır, müsahibini səbrlə dinləməyi bacarırdı. Çox təmkinli idi. Təsadüfən mübahisə düşəndə öz fikrində qalsa da, heç vaxt kəskin danışmaz, söhbətin məcrasını dəyişər, kimsənin xətrinə dəymək istəməzdi. Zaman keçdikcə, bir-birimizə isnişdikcə onun dərin biliyi, erudisiyası bizə agah oldu. Mütaliəsinə, dünyagörüşünə, səviyyəsinə söz ola bilməzdi. Orta məktəbi Azərbaycan dilində bitirən, doğma dilimizdə səlis danışan və yazan Rafiq eyni zamanda rus dilinin bilicisi idi. Bu səbəbdən "Bakinski raboçi" qəzetində yazıları dərc olunurdu.
Xarakter və bilik səviyyəsinə görə fərqli olsaq da, bir-birimizə hörmətlə yanaşır, köməyimizi əsirgəmirdik. Hamımız çalışqan idik. Universitetdə bizim "J" qrupunu "seçmə", indiki təbirlə desək, "super" adlandırırdılar.
Təhsilimizi başa vurandan sonra söz verdik ki, bir-birimizlə əlaqə saxlayaq, imkan düşdükcə vaxtaşırı görüşək. Sözümüzə əməl etdik. Yubiley görüşlərimiz - 10, 20, 30, 40 illiyimiz xüsusilə təmtəraqlı, yaddaqalan oldu.
Hər birimizin uğuru hamımızı sevindirirdi. "Super qrup" adını mətbuatda da, ictimai həyatda da doğrulda bildik: yazıçı-publisistlər, redaktorlar, alimlər, yüksək vəzifəli məsul işçilər, nazir, səfir, MK, raykom katibləri, həmçinin fəxri adlar, rütbələr, mükafatlar , təltiflərg
Bu siyahıda Rafiq ön sıralarda dururdu. Biz hər görüşümüzdə onu yeni yüksək səlahiyyət pilləsində təbrik etməyə alışmışdıq. "Bakinski raboçi" qəzetində bir müddət çalışdıqdan sonra 1969-cu ildə rəhbər partiya vəzifəsinə irəli çəkilmiş, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı işləmişdi.
1976-cı ildə Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş, fəlsəfə üzrə dissertasiya müdafiə etmişdi. Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsi müdirinin müavini, "Azərinform"un (indiki "AzərTac") direktoru, Azərbaycan KP MK-nın katibi, Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru vəzifələrində fəaliyyət göstərmişdi.
Ən önəmlisi bu idi ki, yüksələn xətlə dəyişən onun vəzifəsi, səlahiyyəti idi. Bir şəxsiyyət olaraq Rafiqi tələbə dostumuz kimi görürdük: sadə, səmimi, xeyirxah və həyatını Azərbaycan jurnalistikasının inkişafına, jurnalist kadrların yetişməsinə, mətbuat işçilərinin hüquqlarının qorunmasına həsr edən Ziyalı!
O vaxtlar Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri işləmiş kamil qələm sahibi şair Vahid Əziz çox haqlı olaraq yazır: "Rafiq Zeynalov həqiqi dost, qayğıkeş insan idi. O zaman Azərbaycan şəhər və rayon qəzetlərinin redaktorları onların Rafiq Zeynalov tərəfindən necə böyük diqqət və qayğı ilə qorunduqlarını yaxşı xatırlayırlar. Rafiq Zeynalov şəhər və rayon qəzetlərinin redaktorlarını bəzi hallarda həddini aşan bölgə partiya rəhbərlərinin qarşısına çıxa biləcək əsas qüvvə sayırdı".
Mən həmin dövrdə bölgə mətbuatında işləmişəm və hörmətli Vahid Əzizin yazdıqlarının canlı şahidi olmuşam.
Danılmaz faktdır ki, bədnam qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları baş qaldırdığı dövrdə Rafiq Zeynalovun təşkilatçılığı ilə erməni millətçilərinin separatçılıq fəaliyyətini ifşa edən bir sıra tarixi kitabların nəşri gerçəkləşmişdir. O, Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün keçmiş SSRİ-nin əsas KİV-ləri olan "Pravda" və "İzvestiya" qəzetləri ilə müntəzəm iş aparmışdır. Onun yüksək partiya vəzifələrində fəaliyyət göstərdiyi dövrdə keçmiş Sovet İttifaqının mətbu orqanlarında bircə dəfə də olsun Azərbaycan əleyhinə informasiya getməmişdirg
gBiz universiteti bitirməyimizin yarım əsrlik
"Qızıl yubiley"ini keçirəndə sıralarımızın seyrəlmə-
sindən kövrəlmişdik. Məclisimizə mərhum yoldaşla-
rımızın xatirələrini sükuta dalmaqla başlamışdıq. Tə-
səllimiz o olmuşdu ki, onlar həm sənətdə, həm də hə-
yatda özlərinə məxsus iz qoyublar, hörmət-izzət sahi-
bi kimi layiqli ömür sürüblərg
Artıq hamımız 70-in "təmas xətti"ni keçmişdik. Rafiq bəzilərimizdən fərqli olaraq gümrah və nikbin görünürdü. Pensiyaya çıxsa da, 75 yaşı tamam olan professor Rafiq Yaqub oğlu Zeynalov Siyasi elmlər üzrə Müstəqil Elmi Mərkəzin prezidenti kimi fəaliyyətini davam etdirirdi. Biz onu səmim-qəlbdən təbrik etdik, dəyərli ziyalı dostumuza möhkəm cansağlığı, nəvə toyları, nəticələr arzuladıqg
* * *
Bu il iyun ayının 8-də bütün qrupumuz bir yerə toplaşmışdı. Tələbə yoldaşımız, yazıçı Yusif Kərimovun yenicə çapdan çıxmış "İşğal vadisi" romanının öz aramızda təqdimatını keçirirdik. Söhbət uzandı, xatirə xatirəyə calandı. Heç kəs ayrılmaq istəmirdi. Bunu duyan yoldaşlarımızdan biri "Sizi bağa dəvət edirəm, - dedi, - gəlin ora yığışaq". Kimsə etiraz etdi: "Yox, indi hava çox istidir. Payıza qalsın, havalar sərinləşənə". Rafiq də bu təklifi bəyəndi: "Mən də razı. İnşallah payızda görüşərik, erkən payızda".
g Bu da payızg Hava sərin, hətta bir az soyuqdur da. Külək əsir, ağaclar qəmgin-qəmgin yırğalanır, bütün yayı qolları üstündə bəslədikləri yarpaqları acı küləklərin ağuşundan ala bilmir. Yarpaqların vida dövrü başlayıb. Belə bir vaxtda biz yenə yığışmışıq. Ammag bağa yox, tamam başqa ünvana - "Təzə Pir" məscidinə, Rafiqin qırx mərasiminə. Dörd ay əvvəl dil boğaza qoymayan dostlar sükut içində bir-birlərinə baxırlar, danışan baxışlardır. Yayın istisinə dözməyib sərin payızı gözləyən bizlər əslində nəyi "gözləyirmişik"g Düşündükcə, adamın damarlarında qanı donur. Doğrudanmı ömrümüzün yarpaq tökümüdür?! "Dünya sənin, dünya mənim, dünya heç kimin".
Amma bir təsəllimiz var: dünyanın bizim olduğu zamanlarda istər ailədə, istərsə cəmiyyətdə ləyaqətlə yaşamış, çoxlarına həyan olmuşuq. Və bizim tələbə dostumuz, gözəl insan, dəyərli ziyalı, 76 yaşında dünyasını dəyişmiş Rafiq Yaqub oğlu Zeynalov uzun illər sahib olduğu səlahiyyətlər, məsul vəzifələr pilləsində ehtiyacı olanlara köməyini, yaxşılığını əsirgəməyib, Şeyx Nizaminin hikmət dolu nəsihəti həyatının mənası olub:
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
Müdriklər sözüdür: "Dünyasını dəyişən insan nə qədər xatırlanırsa, o qədər yaşayır".
Təsəllimiz budur ki, ürəyimizdə öz yeri olan Dostumuzun işıqlı xatirəsini qəlbimizdə yaşadacaq, zaman-zaman qələmə alıb ruhunu şad edəcəyik.



TƏQVİM / ARXİV