Mənim düşüncələrimə görə qələmlə yaşayan, çörəyi ağ vərəqdən, ürək pıçıltılarından və halalca qanından çıxan hər kəsin ömrü dediyi, yazdığı sözün ömrü qədərdir. Bax, elə bu mənada 70 ilin kürəyini yerə vuran Musa Yaqubun ömrünü hesablamaq zənnimcə o qədər də asan məsələ deyil. Çünki hər sözüylə, hər misrasıyla Allahın verdiyi ömrünə xalqının sevgi ömrü də calanır və beləcə uzanır Musa Yaqub ömrü... Və hələ yüz illər boyu da uzanacaqdır.
Və bir də Musa Yaqub Azərbaycan təbiətinin, Azərbaycan mənəviyyatının, əxlaqının ən pak hislərini şair qələminin işığında o qədər məharətlə, ilahi sevgi ilə tərənnüm edir ki, ona vurulmamaq, onunla nəfəs-nəfəsə qalmamaq, onunla can bir olmamaq qeyri mümkündür. Bax, bu yerdə yadıma rəhmətlik Süleyman Rüstəmin özünün 70 illik yubileyində oxuduğu şer düşür. O şerdə bir misra vardı":Yeddinin yanından sıfırı pozun". Mənə elə gəlir ki, Musa Yaqub haqqında söz deyib, onu sevən xalqına hansısa bir yolla təqdim etməyə cəhd göstərməkdənsə elə "Yüz yaşa, Musa müəllim!" - deyib şerləri ilə oxucularımızı baş-başa qoymaq daha gözəl olardı.
Qəzetimiz və oxucularımız adından Sizi təbrik edirik, ustad!
BU ?ÜLÜN...
Elə pardaxlanıb, elə açılıb,
Elə işıqlanıb, elə saçılıb
Bu gülün dünyadan xəbəri yoxdur.
Ya bir sərt baxışdan, bir aldanışdan,
Yalandan, riyadan xəbəri yoxdur.
Büllur ləçəyindən nur tökülür ki,
Elə fərəhlənir, elə gülür ki,
Bu gülün kədərdən xəbəri yoxdur.
Bir qəfil əmrdən, nakam ömürdən,
Heç gəldi-gedərdən xəbəri yoxdur.
Bahar həvəsindən gəlib heyrətə,
Elə qurşanıb ki, ilk məhəbbətə,
Bu gülün xəzandan xəbəri yoxdur.
Taledə tərsinə qələm tutandan,
Ayrılıq yazandan xəbəri yoxdur.
Hələ yanağında kəpənək zəri,
İnandırmaq olmaz bu bəxtəvəri,
Bu gülün özündən xəbəri yoxdur,
Bəxtin tərs üzündən xəbəri yoxdur
Amma nə yaxşı ki, yoxdur xəbəri.
QALMAZ OLDUMU?
O göz hanı yollarıma dikilmiş,
O yol hanı mənzilinə çəkilmiş.
O görüş ki, mən quş olub uçardım,
O vüsal ki, sən gül olub açardın...
Könlüm daha uçmayacaq oldumu?
Sənin gülün açmayacaq oldumu?
Dəniz boyu, dərə boyu, dağ boyu,
Orda yaşar xatirəmiz qol-boyun.
?öy zəmiydi, lalələrin alıydı,
Yaz çəməni səndən ötrü xalıydı.
O yer bizdən soraq almaz oldumu?
?ül çəmənlər bizə qalmaz oldumu?
O duyğu ki, bizdən ötrü qol-qanad,
O sevda ki, bizimləydi hər saat.
O həsrət ki, könlümü göynədərdi,
Şirin-şirin sən çəkərdin bu dərdi.
O dərd bizi göynətməzmi bir daha,
Hicran bizi söylətməzmi bir daha?
O küləklər bir də elə əsəydi,
O dünya ki, bizdən ötrü təzəydi.
Şehotunun yanar zümrüd qaşları,
?üllərimiz tökər hicran yaşları.
O çiçəklər saraldımı, soldumu?
Əvvəl olan indi axır oldumu?
O gözlər ki, tək mənimçün gülərdi,
O könül ki, təkcə səni bilərdi,
O taleyin qisməti ki, varıydı,
Keçdiyimiz sevgi cığırlarıydı,
O məhəbbət cığırları bitdimi?
Ot bitirib, üz gətirib itdimi?
?ələn gəldi, gedən daha getdimi?
SƏNİN ÜÇÜN
Sən mənim könlümü oxşa, əzizim,
O əziz günlərə bir də qayıdaq.
Mən də bir meh olub saçında əsim,
Sevgi duyğumuzu yenə ayıldaq.
Yanıma qəfləti gəlişlərinlə,
Sevindir özünə ərk elə məni.
Könlümü göynədən gedişlərinlə
Ayrılıq dərdinə qərq elə məni.
Burax tərsliyini, ver qərarını,
Oxşa mən yorğunun ruhunu bir az.
Azalt ürəyimin ağrılarını,
Çoxalt gözlərimin nurunu bir az.
Di qaytar ömrümə o ilkin yazı,
Bir də pöhrələnim, bir də vurulum.
Bir sevgi damcısı - almaz parçası
Axıb ürəyinə orda durulum.
Dursun hüzurunda sevgi sualım,
Cavabım olarsa, qoy səndən olsun.
Səninlə ərisin dərdi-məlalım,
Əzabım olursa, qoy səndən olsun.
Sən Allah, elə bil bir mənəm, bir sən...
Qurtaraq bu ağır biganəlikdən.
Nə deyim boş əsən yellərimizə?!
Barı könlümüzə, əllərimizə,
Qoy ki, gözümüzə, tellərimizə,
Bir sevgi həyatı bəxş edə bilək
Onu bəxtimizə nəqş edə bilək.
O xoş duyğuları qaldır ayağa,
Sən o incikliyi, gileyi ərit.
Mən də gözlərinə olum sadağa,
Bahar ol qar düşən güneyi ərit.
Bəlkə məlhəm oldu sevgi ağrıma,
Ver, ver əllərini basım bağrıma.
Sənindir ixtiyar, sənindir izin,
?ir mənim könlümə, könlümdə isin.
Sən özün rəva bil könlümü oxşa,
Ömrümü, könlümü, gülümü oxşa.
Oxşa, əllərinlə, gülüm açılsın,
Oxşa, dillərinlə, könlüm açılsın.
HARA ?EDİR?
Bu məngənə kiminkidir
Bu sıxhasıx hara gedir?
Rəyasətlər kürsüsünə
Bu çıxhaçıx hara gedir?
Şah dövründən, xan dövründən,
Bu yıxhayıx hara gedir?
Sahibkarlar yarışında
Bu yığhayığ hara gedir?
?ödənçilər basıb yeyir,
Bu tıxhatıx hara gedir?
?ələn nəsil borc içində
Bir az qalıq hara gedir;
Balinalar dəryasında bölüb durub
Çayda balıq hara gedir?
Yerin üstü hasar-hasar,
Yerin altı buruq-buruq
hara gedir?
Pay içində payı yoxsa
Çoban-çuluq hara gedir?
Aman millət, aman millət,
Tülküsü bic, qurdu qanıq
hara gedir?
Ah, şairlər, vay şairlər,
Dili kəsik, bağrı yanıq
hara gedir?
APARIR MƏNİ
Nə bilim əvvəllər belə deyildim;
Uyuşa bilmirəm bu seyrangaha.
Ağaca, yamaca, qayaya, dağa.
Uyuşa bilmirəm, bilmirəm daha.
Təbiətin qədri bilinməyəndə,
Könlümdən bu dərdlər silinməyəndə.
Alıb insan dərdi aparır məni.,
Şərin yaman dərdi aparır məni.
Allah, ruzi dolu bu zəmiyə bax,
Elə bir qarşımda məbədgah durur.
Uyuşa bilmirəm bu zəmiyə də,
Hər sünbül üstündə bir tamah durur.
Alıb tamah dərdi aparır məni,
İnsanın öz nəfsi üstə vurnuxan
Min bir günah dərdi aparır məni.
Tamahla, ha vuruş, əlləş aparır,
Elə bil gülənlər güləş aparır,
Alıb insan dərdi aparır məni.,
İsnişə bilmirəm bala, pətəyə,
Daha yoxdu meylim çəmən-çiçəyə.
Durub bal sözümü, çiçək sözümü,
Bənövşə sözümü, kövrək sözümü,
Ürəklər nazilib eşitməyəndə
Alıb nadan dərdi aparır məni.
Qayada qalıram soyuq aparır,
Dəryada qalıram qayıq aparır -
Alıb insan dərdi aparır məni.,
İsnişə bilmirəm qələm - kağıza,
Özüm də bilmirəm könlüm nə yaza,
Daha hansı sözüm yerinə düşər?
Min ildir əlləşir, tər tökür qələm,
Bu qayda, bu qanun, bu söz, bu kəlam -
Elə bil heç nəyi eşitmir bəşər.
Şerlə deyirsən, şeri eşitmir,
Mehrlə deyirsən, mehri eşitmir.
Elə bil bir adam xeyri eşitmir.
Şairi, aqili almır vecinə -
Qaçıram dünyanın birbaş küncünə,
Qalıram arada lap huş aparır,
Qaçsam xarabada bayquş aparır -
Alıb insanın dərdi aparır məni;
Aparır, aparır qayıtmaq olmur.
KÖHNƏ DOSTLARA
Hardan düşdü aramıza soyuqlar,
Damcı döydü deşildi daş oyuqlar.
Ayrılıqlar, aman bu ayrılıqlar!
Köhnə dostlar, gəlin təzə dost olaq.
Loxmamızı yarı bölüb yeyərdik,
Bir-birinin köynəyini geyərdik.
Süfrəmizi daş üstündə göyərtdik
Köhnə dostlar gəlin təzə dost olaq.
Tay-tuşların başqa kefi var idi.
Hər evin öz qonaq evi var idi.
Xanəmizin məclis şefi var idi.
Köhnə dostlar gəlin təzə dost olaq.
Candan çıxsın bu mənafe azarı
?əl təzədən sahmanlayaq bazarı
Yolumuzdan alıb gedər hasarı
Köhnə dostlar gəlin təzə dost olaq.
Tərifçilər başımızı piyləyər,
Sonra gəlib gülümüzü iyləyər.
Paxıl yoxsa bağ çəpəri neyləyər
Köhnə dostlar gəlin təzə dost olaq.
Qoy yaltaqlar bezib qalsın arxada,
Rahat yesin pendirini qarğa da
Durna içsin dovqasını qalğada
Köhnə dostlar gəlin təzə dost olaq.
?ünəş vursun şərin rəngi qaçılsın
Köhnə tağda tumurcuqlar açılsın
Quculmayan boyunlar da quculsun,
Köhnə dostlar gəlin təzə dost olaq.
SONRA ?ƏLƏCƏK
Bu millət yolunda ömür qoyanlar,
Məni anlayanlar, könül duyanlar,
Dilində Allahın kəlamı olan,
Üzümə minnətsiz salamı olan
Mənim adamlarım sonra gələcək,
Hələ bu adamlar mənimki deyil.
Ölkənin ovsarı kimin əlində?!
Dolanış bazarı kimin əlində?!
Nədir başçıların qəsdi-qərəzi,
Yox, mənimki deyil bu daş-tərəzi.
Bu xörəyin duzu mənimki deyil,
Mənim seçki qutum sonra gələcək,
Düz əllər qədrimi sonra biləcək,
Hələ bu adamlar mənimki deyil.
Vicdan zəlzələsi qopur içimdə,
Bu nə şəriətdir, bu nə cəmiyyət,
Bu nə kəmiyyətdir ölçü-biçimdə?!
Mənafe oyunu düşüb irəli
Min bir fırıldaq var tək bir seçimdə,
Yox, belə seçimlər mənimki deyil.
Ölçü-ülgüclərim sonra gələcək,
Üstünə ədalət möhrü vurulmuş
Halal bölgülərim sonra gələcək;
Hələ bu adamlar mənimki deyil.
Yuvaları ququ quşları tutub,
Mozalan yuvası öküz gönündə
Bütün ağacları əsməcə tutub,
Mişar qabağında, balta önündə
?əlib harayına kimsə yetəcək,
Mənim ağaclarım sonra bitəcək
Hələ bu ağaclar mənimki deyil.
Belə nəfsi aclar mənimki deyil.
Mənim adamlarım sonra gələcək,
Durub mən yaşayan vaxta güləcək.
İNSANLARA MƏKTUB
Bu nə bəhsəbəsdir, bu nə vurhavur,
Siyasət top atıb dünyanı tutur,
Tamahlar böyüyür dəryanı udur -
Bu harın adamlar, yarımadamlar,
Bu haram adamlar öldürdü bizi.
Əhli-hal adamlar,
Halal adamlar,
Biz necə düz qalaq tərsinə içində?
bu hirsin içində, nəhsin içində,
Bu nəfsin içində necə yaşayaq?
Bulluddan dolumuz başabaş yağır,
Yerdən savaş çıxır, göydən daş yağır -
Bu dolu adamlar, tufan adamlar,
Bu yaman adamlar öldürür bizi;
Bənövşə adamlar,
Şüşə adamlar,
Bu təlaş içində, bu daş içində
Bu savaş içində necə yaşayaq?
İlkin yaz istisi aldatdı bizi,
Neçin çiçək açdıq, neçin gül açdıq?...
Təzədən tozanaq, təzədən sazaq,
Təzədən havanın bozardı üzü -
Bu şaxta adamlar, sazaq adamlar
Tozanaq adamlar öldürür bizi,
Ay çiçək adamlar,
Kövrək adamlar,
Bəs bizi aldadan yazın içində
Ayazın içində, bozun içində,
Bu buzun içində necə yaşayaq?...
Simurq quşları da öldü dünyanın -
Bəs zülmət quyuda Məlikməmmədi,
Mehri, məhəbbəti necə yaşadaq?...
Mehriban adamlar,
İnsan adamlar!... ə