ANA SƏHİFƏ / YAZARLAR

"Yazıçı yalan danışmamalıdı"

Kamran Nəzirli: "Müharibələr xalqların arzularını ifadə etmir, ayrı-ayrı adamların istəyindən doğur" Bizim köhnə tanış - Kamran Nəzirli

49284    |   2014-04-19 06:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstedadlı yazıçı-tərcüməçi, publisist, jurnalist Kamran Nəzirli "Sevgi nağılı", "Doğmalar arasında", "Komada olan adam", "Cəmiyyət siyasətin güzgüsüdür", "Əsilzadə ömrünün anları", ingilis dilində nəşr olunan "The Old Baby", rus dilində işıq üzü görən "Belıy Dom" kitablarının, dilçilik üzrə monoqrafiyanın müəllifidir.
Əsərləri ABŞ-da, Türkiyədə, Hollandiyada, Koreyada və s. ölkələrdə çap olunub.
Dünya ədəbiyyatının nəhənglərindən sayılan Cek Londonun, Corc Bayronun, Ernest Heminqueyin, Uliyam Folknerin, Somerset Moemin, Herman Melvilin, Oskar Uayldın, Edqar Ponun, Marqaret Mitçelin və s. əsərlərini orijinaldan dilimizə ustalıqla tərcümə edib.
Almaniya, Avstriya, Fransa, Rusiya, Türkiyə Hollandiya. Çexiya, Rumıniya, Pakistan və İranda keçirilən beynəlxalq konfransların, elmi simpoziumun iştirakçısı olub, mühazirələr söyləyib.
Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə", Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatları laureatıdır.
Kamran Nəzirlini ədəbiyyat ətrafındakı çəkişmələr, qruplaşmalar, dedi-qodular yox, ədəbiyyatın özü maraqlandırır. Ona görə də harda, hansı vəzifədə çalışmasından asılı olmayaraq, istedadı və qələmi ilə əsl ədəbiyyata xidmət edir.
Bədii əsərlər yazır, publisistika ilə məşğul olur. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini ingiliscədən dilimizə uğurla tərcümə edir. Ədəbiyyatımızın xaricdə təbliğinə töhfəsini verir, şair və yazıçılarımızın yaradıcılığından nümunələri ingilis dilinə çevirir. Özü demişkən, ingilis dili mənim yol yoldaşım, qardaşım olub, niyə bu bacarığımdan istifadə etməyim.
Yeni pyesini teatra təqdim edən müsahibim bu gün şairlərimizin şeirlərindən ibarət ingilis dilində almanaxı çapa hazırlayır, irihəcmli roman üzərində işləyir.

- Çox istərdim üzərində çalışdığınız "Sevgi, yoxsa Müharibə?" almanaxı söhbətimizə körpü salsın...
- Biz nəhayət etiraf etməliyik ki, dünya ədəbiyyatımızı bizim təsəvvür etdiyimiz səviyyədə tanımır. Bizim bədii təfəkkürümüz, mentalitetimiz, düşüncə tərzimiz barədə dünya hər zaman özgələrdən məlumatlar alır, ya da özgə dillər vasitəsilə tərcümə olunan əsərlərimizdən yararlanır, onlara istinadlar edir. Lakin təcrübə bizi etiraf etməyə məcbur edir deyək ki, bütün bu təsəvvürlərə birdəfəlik son qoyulmalıdır. Musiqimiz, incəsənətimiz dünyanın sərhədlərini maneəsiz və tərcüməsiz aşdığı kimi böyük ədəbiyyatımız da o yolla getməlidir. Hələlik bu sahədə xırda addımlar, cüzi səylər edilir. Lakin bu kifayət deyil. Bu işlə ayrı-ayrı fərdlər yox, yaxud qapı-qapı düşüb hansısa sponsor axtarışında olan bir qrup adam deyil, ciddi bir qurum, ya da təşkilat məşğul olmalıdır. Məsələn, mənim bildiyimə görə, Türkiyədə xüsusi komissiyalar fəaliyyət göstərir, dövlətin maliyyə dəstəyi ilə bu komissiyalar Türk Ədəbiyyatı nümunələrini xarici dillərə tərcümə işiylə məşğul olurlar. Məsələn, deyək ki, Yunus İmrənin əsərlərinin rus dilinə Tərcümə Komissiyası ayrıdır, Fransız dilinə tərcümə Komissiyası ayrıdır... Necə deyərlər, nəhəng bir struktur və proqram işləyir...
İndi keçək konkret mənim bu xırda layihəmə. Bu fərdi layihəmdir. Düşündüm ki, Azərbaycan ədəbiyyatının yaşlı, orta və cavan nəslə mənsub şairlərinin əsərlərini ingilis dilinə tərcümə etmək olar. Kitaba daxil etdiyim müəlliflərin ən yaşlısı Bəxtiyar Vahabzadə, ən cavanı isə gənc və istedadlı şairəmiz Günel Şamilqızıdır. Bir halda ki, bu dil-ingilis dili mənim yol yoldaşım, qardaşım olub və mən həm də öz ana dilimdə yazıb-poza bilirəm, nə üçün ondan səmərəli istifadə etməyim? Bunu ədəbiyyata xidmətə yönəltmək lazımdır. Nə isə...
Bu ideyanı qələm dostlarımla çoxdan müzakirə edirdim. Ötən il yazıçılarımızdan bir neçəsinin əsərlərini ingilis dilinə çevirdim, sonra bir neçə şairimizin şerini tərcümə elədim və göndərdim Los-Ancelosda nəşr olunan "Azerbaijan İnternational" jurnalının baş redaktoru xanım Betti Bleyerə. Ondan razılıq dolu məktub aldım, o, bu təşəbbüsümü bəyəndi və mən daha da ruhlandım. Qərara aldım ki, bir almanax hazırlayım... Yenə dostlarla müzakirələr apardıq, əsas işi görmək lazım idi. Və mən bu işi gördüm... İndi qalıb texniki tərəfi, yəni maliyyə və çap məsələləri. Necə deyərlər, oğul istəyirəm çıxsın qabağa desin ki, eləmisən, indi ver bizə çap eləyək, çıxaraq adam arasına! Hə... bax belə... Kitabın strukturu və məzmunu müəyyən olundu, hesab etdim ki, bu gün dünyamızı narahat edən ən mühüm məsələlərdən biri müharibədir. Bu mövzu müasir Azərbaycanın təfəkkür adamlarının yaradıcılığında da əsas yer tutur. Sevgi də həmçinin. Kitabın adını da beləcə qoydum...
Yaşlı nəsil deyəndə mən bura bütün sevdiyim şairləri daxil edə bilməmişəm, buna mənim heç fiziki imkanlarım da çatmazdı. Bəzilərinin, məsələn, Məmməd Arazın, Fikrət Qocanın, Cabir Novruzun şeirlərini vaxtilə tərcümə etmişdim, ona görə də onları daxil etdim, daha sonra Ramiz Rövşən, Kamal Abdulla, Vaqif Bayatlı, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Zakir Fəxri kimi şairlərimizin bir neçə şerini, sonra Kəmalə xanım Abiyeva, Sona xanım Vəliyeva, Əjdər Ol, Umud Rəhimoğlu, Mahir N. Qarayev, Əbülfət Mədətoğlu, Salam, Səlim Babullaoğlu və s. kimi müxtəlif nəslin nümayəndələrini, cavan nəslin nümayəndələrinin, hamısının adlarını çəkə bilmərəm, bağışlasınlar, az tanınan, lakin istedadlı qadın şairlərimizin şeirlərini də almanaxa daxil etmişəm... Kitabı vermişəm kanadalı şair dostumuz Patrik Vudkoka, hazırda redaktə işləri görülür... Sağlıq olsun... Ümid edirəm ki, yaxşı alınacaq...
- Qələm adamı kimi Kamran Nəzirli özü necə düşünür - bu gün bizə sevgi daha çox lazımdı, yoxsa müharibə?
- Əlbəttə sevgi! Mənə müharibə lazım deyil! Heç bir halda və heç vaxt! Əgər məni həqiqətən qələm adamı kimi qəbul edirsənsə... Müharibə ümumiyyətlə yaradıcı insana lazım deyil! Qan, məhrumiyyət, fəlakət ağlı başında olan heç kəsə lazım olmaz! Müharibələr xalqların arzularını ifadə etmir, müharibələr ayrı-ayrı adamların istəyindən doğur. Budda öz zəmanəsinin hədsiz müsibətlərini görə bildi və yaratdığı sevgi, mərhəmət dini ilə saysız-hesabsız insanı birləşdirdi, onların qəlbinə girdi. Məhəmməd Peyğəmbər də həmçinin. Düşmən qəbilələrə bölünmüş yüz minlərlə, hətta milyonlarla adamın siyasi birliyinə də nail oldu. Nəyin hesabına? Təbii ki, dini birlik hesabına. Bir şeyi yaddan çıxarmaq olmaz - əvvəl-axır dünyanı ideyalar və onları həyata keçirə bilən adamlar idarə edir. Lakin bu ideyalar fanatizmə çevriləndə müsibətlər başlayır. Allah ondan qorusun.
Sevgi isə elə bir hissdir ki, onun kütləvi müsibətə, yaxud fəlakətə çevirə biləcək istiqaməti, yönümü ola bilməz. Gərək sevgiyə ümid bəsləyəsən. Yalnız sevgi insanı kütləvi fəlakətlərdən qurtara bilər... Nəsə, çox şey danışmaq olar... Qalsın gələn dəfəyə...
- Nə deyirəm, qalsın növbəti söhbətimizə. Amma indi ilk romanınızdan danışaq. Roman cəmiyyətə hansı mesajları verir?
- Artıq yeddinci ildir onun üzərində işləyirəm. Sonuncu oxunuşu edirəm... Demək olar ki, hazırdır. İri həcmlidir, iki kitabdan ibarət olacaq... Əsas fikir də budur ki, heç bir inqilab, heç bir müharibə, heç bir istibdad, heç bir qanun millətə onda olmayan xasiyyəti, yaxud xarakteri verə bilməz! Bu fikri əksinə də demək olar- millətdəki mentaliteti onun əlindən ala bilməz! Bu qədər! Səhv eləmirəmsə, Zərdüştdə də var ki, bizim taleyimiz həm nəsil şəcərəmizlə, həm də tərbiyəmizdən çox, xarakterimizlə bağlıdır.
- Teatrın müasir mövzulu əsərlərə həmişə ehtiyacı var. Dünən də belə idi, bu gün də belədir. Sizin "Şeytan işığı" son illər yazılmış ən uğurlu pyeslərdən biridir. Lənkəran Dövlət Dram Teatrının Bakı qastrolu zamanı bu tamaşaya baxmışdım və təəssüratımı da o zaman "Ədalət"də dərc etmişdim. Sevindirici haldır ki, "Şeytan işığı" Lənkəran Teatrının repertuarında möhkəmlənə bilib. Teatrlarımız üçün yeni pyes yazmaq fikriniz varmı?
- "Şeytan işığı" Lənkəran teatrının müxtəlif qastrollarında uğurla oynanılıb, insanlar bu tamaşaya həvəslə baxırlar. Belə hesab edirəm ki, insanlar teatra getməli, tamaşalara baxmalıdırlar. Əvvəllər, yəni sovet dövründə bu iş təşkil olunurdu, bir dəfə, iki dəfə, üç dəfə... sonra camaat öyrəşirdi, təşkil olunmamış, elə gəlib oturub baxırdılar teatra. Son iyirmi ildə teatrlar və onların maddi-texniki bazasıyla bağlı problemlər yarandı, tamaşaçı problemi yaşandı. Bunun bir səbəbi də bax o həmin "təşkilatçılıq" işinin unudulmasıydı. Təkcə rejissor və ya dramaturq problemi deyildi. İndi əsər də var, rejissor da, səhnə də, aktyor da... Tamaşaçı yoxdur. Gizlin deyil ki, indi dosta və ya qohuma deyirsən ki, gəl mənim tamaşama bax, pulsuzdur, ərinə-ərinə gəlir, ya da gəlmir, gələndə də hələ bir sənə minnət də qoyur ki, bax, gəldim a! Amma bəzən elə də olur ki, son on-on beş ildə teatra bir dəfə də ayaq basmayan adam gəlir sənin tamaşana, elə o da ərinə-ərinə gəlir! Baxandan sonra salondan çıxmaq istəmir, deyir, nə yaxşı məni bura gətirdin, Allah səndən razı olsun, xeyli duyğulandım... Qardaş, fikir verirsən də, demir e, tamaşadan, səndən razı qaldım, hələ bir üstəlik Allahı da bu xırda məsələyə qatır! Bax belə!
Yeni əsərlə bağlı sualına gəlincə, Sumqayıt Dram Teatrında "Narkoman" adlı pyesim plana salınıb, hazırlıqlar gedir. İnşallah, premyerasına mənə doğma redaksiyanın - "Ədalət"in əməkdaşlarını dəvət edərəm.
- Dünya ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edirsiniz, əsərləriniz başqa xalqların dilinə tərcümə olunur. Bu gün Azərbaycan iqtisadi potensialı, enerji ehtiyatları və elmi potensialı ilə dünyada tanınmaq istəyir. Bədii ədəbiyyatımız necə, buna hazırdımı?
- Bədii ədəbiyyatımızın potensialı var! Niyə yoxdur? İntəhası bu işi də gərək sahmana salasan. Ədəbiyyatı da öz-özünə yuxarı başa çəkməzlər. Gərək çalışasan. Təkcə istedad, peşəkarlıq, mövzunun qloballığı... bəs eləmir. Həm də yuxarıda dediyim o təşkilatçılıq da lazımdır...
- Publisistik yazılarınız, "Cəmiyyət siyasətin güzgüsüdür", "Əsilzadə ömrünün anları" kitablarınız ayrıca bir müsahibənin də mövzusu ola bilər. Bu gün Azərbaycan publisistikası ölkədəki reallığı tam əks etdirə bilirmi?
- Təəssüf ki, mən bunu görə bilmirəm. Çox az publisist tanıyıram. Bəlkə də var, mənim oxumağa imkanım olmur. Amma bir həqiqəti deyim ki, publisistikanın məqsəd və funksiyalarını tamam qarışdırırlar. İndi, yenə deyirəm çox təəssüf ki, yetmişinci illərin, səksəninci illərin Sirus Təbrizli, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Səyavuş Sərxanlı, Şakir Yaqubov, Yusif İsmayılov, Ağəddin Mansurzadə, Loğman Rəşidzadə.... yadıma sala bilmədiklərim məni bağışlasınlar, kimi publisistləri yoxdur. Hələ mən Azərinformda vaxtilə çalışan Natan Barski, Qoldşteyn, Dima Korş kimi peşəkar publisist və jurnalistləri demirəm. Mən onlarla birgə çalışanda onlardan çox şeylər öyrənirdim... Bu mövzuyla bağlı ayrıca danışa bilərik... Doxsanıncı illərin birinci və ikinci yarısında da yaxşı bir nəsil - publisisitlər nəsli yarandı - elə götürək bax mənim dostum Aqil Abbası. Doğrudur, o da yuxarıdakı nəslə aiddir, amma mən onu doxsanıncı illərdən tanımışam. Ya da elə götürək İradə Tuncayı, Qulu Məhərrəmlini, Yaşarı, Nəcəf Nəcəfovu, Adil Qaçayoğlunu, Şahmarı... Onlar kimi yazan analitik düşüncə sahibləri varmı? Bir məsələni də yadımdan çıxmamış deyim: bu gün oçerk janrı, reportaj janrı yoxdur, unudulub... Reportajı da elə pis günə salıb təqdim edirlər ki, adamın əti tökülür. Bunun səbəbləri çoxdur, onlardan biri də təhsillə bağlıdır. Təhsil və təcrübə mühüm şərtdir. Heyrət və hörmət oyada bilmək üçün ilk növbədə bu iki şey vacibdir.
- Müxtəlif janrlarda uğur qazanmaq sizdə alınır. Janrı öncədən müəyyən edirsiniz?
- Bu sualı mənə aid etməmək də olar. Amma onu deyim ki, janrlar müxtəlif ola bilər, əgər düşüncə tərzin orijinal deyilsə, janrın əhəmiyyəti və mənası olmur...
- Çexovun qəhrəmanlarından biri deyirdi ki, 300 il bundan əvvəl olduğu kimi, indi də azadlığa nifrət edirlərsə, bu vaxtadək yazılan bütün bu kitablar, deyilən sözlər onlara nə fayda verəcək? Kamran bəy, siz necə düşünürsünüz, bədii ədəbiyyatın həyata təsiri varmı? Varsa hansı dərəcədədir?
- Çexovun qəhrəmanı belə bir fikir deyibsə, düz deməyib... Heç kim azadlığa nifrət etməz... Azadlıq da ana və sevgili qədər şirin şeydir. Nəinki şirin, o havadır, sudur; insan nifrət həddinə o zaman çata bilər ki, onun ən incə, ən kövrək, əziz, ən şirin hissini əlindən alıb tapdalasınlar, təhqir etsinlər, xurd-xəşil edib zibilliyə tullasınlar... Bax onda hər şeyə nifrət edirsən, hətta azadlığa da! İkincisi də azadlıq sağlam düşüncəyə əsaslanmalıdır ki, müvazinətini itirməsin.
Etibar, əzizim, Allah-Təala hər zaman bizə ürəyi daşdan olmayan, ətdən və qandan olan yeni-yeni şəxsiyyətlər, bədii ədəbiyyatla məşğul olan adamlar göndərir. Amma çox təəssüf ki, belə təfəkkür adamlarının taleyinə hər zaman ağır məşəqqətlər, məhrumiyyətlər və yalqızlıq nəsib olur. Bu adamlar öz zamanlarında olmasalar da sonradan xalq üçün hər zaman yararlı olurlar. Baxın, indi elə bir dövrdür ki, kitabın ədəbi məziyyətlərini qəbul etmək çox çətinləşib. Oxunun funksiyası dəyişib, oxucunun səviyyəsi aşağı düşüb. Zaman bizi hədələyir-internetlə, telefonla, informasiya texnologiyası ilə. Bu hədədə həm də istehza var, rişxənd var. Yəni, nə söz, nə ədəbiyyat, bədii zövq? Yaxud da nə teatr? Dəli olmusan?
Belədə, ədəbiyyatı hansı ağır təhlükələrin gözlədiyini düşünürsən... Biz bunu belə əsaslandırırıq ki, adam tamam müstəqildir, nəyi istəyirsə onu da seçir. Onun zövqü də müstəqildir, həyat tərzi də, düşüncəsi də... Bunu biz belə fikirləşirik də... Amma düzünə qalsa, həmin o müstəqil adamın zövqünü də, düşüncəsini də, həyat tərzini də bir növ "dünyanı idarə edən gizli qüvvələr" idarə edir... Nə ilə? Bir çox vasitələrlə yanaşı həm də bax dediyim o internetlə, KİV-lə, telekanallar vasitəsilə və s. və ilaxır. Bax, belə, qardaş. Yəqin ki, xatırlayırsan, 5-6 il öncə "Ədalət" üçün hazırladığın müsahibədə də demişdim ki, ədəbiyyat etika deyil, estetikadır, gözəllikdir, o təlim deyil; ondan məhrum olanlar, ya da onu məhrum edənlər kobudlaşar, vəhşiləşər, nəticədə cəmiyyət heyvanıstana dönər... Yazıçı da gərək yalan danışmasın... Düşündüyünü, hiss etdiyini yazsın. Axı bu, yaradıcılıqdır, yaradıcılıq isə yazıçının mövqeyini və düşüncəsini düzgün çatdırmalıdır. Ədəbiyyatın taleyi kimin üçün əzizdirsə, bunu anlamalıdır ki, o, gözəlliklə məşğul olur, təlimlə yox...
- Bu yaxınlarda Kulis.az saytı "Üç ən yaxşı Azərbaycan romanı"nı seçməklə bağlı sorğu keçirmişdi. Xalq yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanı sorğuda ən çox səs toplamışdı. Təbii ki, bu nəticədən narazı qalanlar da oldu. Sorğuya və "Qətl günü"nün ən çox səs toplamasına münasibətiniz necədir?
- Mənim hansısa suala cavab verməmək hüququm var da?
- Bəli.
- Onda icazə ver, bu hüququmdan istifadə edim.
- Bu sizin hüququnuzdur. Yazıçılar Birliyinin ədəbi orqanlarında-konkret "Ədəbiyyat qəzeti"ndə və "Ulduz" jurnalında son dəyişikliklərə münasibətinizi bilmək maraqlı olardı...
- Bu suala da cavab vermək istəmirəm...
- Ədəbi müzakirələrdə, mübahisələrdə aktiv iştirak etməsəniz belə bir zamanlar Azərbaycan Yazıçılar Birliyinin Gənclər bölməsinin üzvü olmuş yazar kimi qurumun qurultayından nə gözləyirsiniz?
- Mən ümumiyyətlə heç kimdən və heç nədən heç bir şey gözləyən adam deyiləm. Məni belə tərbiyə edib anam. Sonralar özümü də bu tərbiyəyə alışdırmışam. Çalışıram ki, özüm nəsə edim. Əslində Yazıçılar Birliyinin üzvü olmaq imtiyaz deyil. Birliyin üzvü olmaq müəyyən Nizamnamə ilə tənzimlənən öhdəlik və vəzifələrin yerinə yetirilməsi olmamalıdır. Birliyin üzvü yazı yazmalıdır, Ədəbiyyata, Mədəniyyətə təmənnasız xidmət göstərməlidir. Əlbəttə, təmənnalı xidmət göstərmək də pis deyil, amma gərək o xidməti göstərəsən də. Sonra əməyini qiymətləndirən, ya dəyərləndirən olacaq-olmayacaq, bu, zamanın işidir. Bütün hallarda, sivil cəmiyyətlərdə stimul yaxşı şey hesab olunur. Kim deyir ki, "yazıçı, şair soğan-kartof dərdi çəkəndə yaxşı yazar" gözünün içinə kimi yalan deyir. Xeyr, bu belə deyil! Ehtiyac içində ac-yalavac yaşayan şairdən, yazıçıdan heç vaxt yaxşı əsər gözləmə! Məgər Nizami ac olub? Tolstoy ac olub? Ya bəlkə Qolsuorsi "Forsaytlar sülaləsi"ni yazanda ehtiyac içində yaşayıb? Bəlkə elə Hüqo da ac olub? Heç oralarla işimiz yox, məgər Mirzə İbrahimov ehtiyac içində yaşayırdı? Ya İsmayıl Şıxlı "Dəli Kür"ü ehtiyac içində yazıb? Yox! Yenə də yox! Yazıçının, şairin minimum tələbatı, ehtiyacı ödənməlidir, ona stimul - həm maddi, həm də mənəvi stimul mütləq lazımdır!
Düşünürəm ki, bizim gündən-günə qüdrətlənən dövlətimiz bir gün yazıçılara da bina tikəcək, onları da jurnalistlərimiz kimi həvəsləndirəcək! Qoy bir dəfə də başqa ölkələr bizdən nümunə götürsünlər də...

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK