ANA SƏHİFƏ / MƏMLƏKƏT

Müqəddəs yolun yolçuları: Kapitan Mirzə Atakişiyev zirvəsi...

51976    |   2020-06-30 10:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün əzəmətli, möhtəşəm dağların əzəmətli, möhtəşəm oğlu kapitan Mirzə Atakişiyevin anım günüdür. 1992-ci ilin bu günü onun vətən üçün çarpan ürəyi erməni cəlladlarının, erməni qəsbikarlarının gülləsinə tuş gəldi. Allah bilir, ovuc boyda o ürəkdə vətənin- elin gələcəyi üçün qurulmuş neçə arzular tar-mar oldu... Allah bilir...

Onu tanımayanlara, xüsusən gənc nəslə hər sahədə örnək ola biləcək bir eloğlumuzu təqdim edirik:

Atakişiyev Mirzə Şükür oğlu 10 oktyabr 1949-cu ildə ziyalı ailədə anadan olub. Uşaq yaşlarında əvvəlcə anasını, onun ardınca isə atasını itirib. Baxmayaraq ki, 5 yaşından, ana-ata nəvazişi görmür, amma böyük bacısı Məleykənın himayəsində qalır, irsən keçən xüsusiyyətlər hesabına tərbiyyəsi ilə atalı-analı uşaqlardan, nizam-intizamı, təhsilə olan marağı ilə məktəbdəki şagirdlərdən geri qalmır. Hətta hər iki sahədə öndə olur, müəllimləri, məhlənin camaatı ondan "sitat” çəkirlər: Baxın, Şükürün oğlu Mirzəyə, nə atası yoxdu, nə anası, amma həm ağıllı uşadı, həm əlaçı...”

Bax, onda özündən başqa yalnız iki qardaşı və iki bacısı olan balaca Mirzə Kəlbəcər 1 №-li orta məktəbində bütün çətinliklərə rəğmən kitablarından yapışdı, gələcəyinə sarıldı. Orta məktəbi bitirib ali məktəbə - indiki Azərbaycan Neft və Kimya Akademiyasına daxil oldu. Onun uğuruna hamı sevinirdi. Ona analıq edən bacısını təbrik edənlərin sayı –hesabı yox idi. Bacı isə sevincdən axan göz yaşlarını əlinin arxası ilə silib gülə-gülə : "Mən bilirəm eeyy, mənim qardaşım böyük adam olacaq”.

Beləcə, yüksək qiymətlərlə akademiyada da tay-tuşlarından seçilir. III kursunda isə sovet ordusuna əsgəri xidmətə çağrılır. Həştərxanda üç illik əsgəri xidməti bitirdikdən sonra həyata baxışları tamam dəyişir. Hərb işi ona daha cəlbedici, daha maraqlı gəlir. Odur ki, sənədlərini Ufa Polis Akademiyasına verir. 3illik hərbi xidmətdə mənimsədiyi bütün keyfiyyətlər: nizam-intizam, hərbi biliklər, hərbi taktika burda onun işinə yarayır. Əla qiymətlərlə akademiyanı başa vurur.

Yay tətilində -1977-ci ilin isti yay günlərini sərin, doğma yurduna- Kəlbəcərə gəlir. Ana əvəzi bacısı Məleykə boylu-buxunlu, yaraşıqlı qardaşı üçün əl-ayağa düşür. Axı, Mirzənin evlənmək vaxtıydı. Axı, Mirzə ilə nəinki qohum-əqrabalar, elə bütün kəlbəcərlilər fəxr edirdi. çünki, uşaqlığında da, gəncliyində də ünvanına yalnız "yaxşı”, "ağıllı”, "tərbiyəli” kimi sözlər gəldi. Məleykəyə heç kimi bəyəndirmək olmurdu. Dünyalar qədər sevdiyi qardaşına qonum-qonşunun məsləhət gördüyü heç bir qızı yaraşdımırdı, hərəsində bir "defekt” tapırdı:Yox ey, o qızın boyu gödəkdi, yox, bu qız hörüklərin kəsdirib, filankəs çox qaşqabaqdı”.

Tətilin tez bitəcəyinin qorxusdan "dərdini” qardaşına deyir:Ay qağa, evlən, oğul-uşaq sahibi ol, dədəmin-nənəmində ruhu sevinsin, həm də vaxt ötür. Özün seç, bax, bəyən, mən elçi gedim”. Bacısının "məsləhətini” başını aşağı salaraq dinləyən, dodağının altında astadan gülümsəyən Mirzə astaca, lap xəlvəti səslə bacısına xısıldayır: Qız tapmışam!

-Başına dönüm kimdi?

-Bilmirəm kimdi. Bulağın başındaydı, ağbəniz, burma saclı qız idi...adını da öyrənə bilmədim...

Bacı əməlli-başlı dilxor oldu. Üzünü evə tutub, oğlunu harayladı: Ayə. ay Hikmət, ə bura gəl! Dayınla gedərsən bulağın başına, gözləyərsən, gör dayın kimi nişan verir, qızın atasının-anasının adını öyrən, gəl mənə de!Di, durun gedin!”

Məleykə onları yola salandan sonra, "məlum bulağın” həndəvərinə bir qiyabi "tur” "düzənlədi”. Ha aradı, ha axtardı, orda Mirzənin dediyi "ağbəniz”, "burmasaç” qız tapa bilmədi. Nigarançılıq qəlbini bürüdü, rahatlıq tapa bilmədi. Mirzə ilə Hikmət həyətə girənə qədər Məleykə həyətin o başına, bu başına bəlkə də 50 dəfə var-gəl eləmişdi. Hikmət darvazadan içəri girəndə, anasının narahatlığını o dəqiqə hiss elədi və ucadan güldü:”Ay ana, başıyın dəstəsini də götür, Məmməduşağı tirəsindən olan Hüseyn kişinin, Səriyyə xalanın qapısına get, gör qızlarını mənim bu "simpatiçni” dayıma verərlər?



Məleykə sevininə-sevinə əyin-başını dəyişib, evdən hövlanak çıxdı, darvazanın ağzına çatanda yadına nəsə düşdü, başını geri döndərib:

-A bala, qızın adı nə idi?

-Ana, orta məktəbi ötən il bitirib, adı Məhluqədi ey, Məhluqə!

Hikmət Məhluqə adını ikinci dəfə çəkəndə artıq Məleykə ordan uzaqlaşmışdı.

Tez bir zamanda Oğuz elində bir toy məclisi quruldu. Kəlbəcərdə uzaq Rusiyada ali məktəb oxuyan oğlanın toyuna onu şəxsən tanıyanlarda, tanımayanlarda iştirak etdilər. Hər halda Kəlbəcərin fəxriydi, Kəlbəcərin adını uzaq Rusiyaya tanıdan bir eloğlu idi...O toyda iştirak etməyə dəyərdi.

Məhluqə xanım, özünü sanki nağıllar aləmində hiss edirdi. Bəli, Kəlbəcərə dünyanın o biri başından gələn ağ atlı oğlan, əsl şahzadə onu taleyinin yarı olmuşdu. Sevgi üzərində qurulan, bütün nəslin, el-obanın xeyir-duasını alan bir gənc ailə həyata atılmışdı. Bu evi daha işıqlı edən, necə deyərlər, "gözlərinin ilk ovu” olan İlqar adlı oğullarının dünyaya gəlişi oldu. Artıq gənclərin ürəyi vətən istəyirdi. Xüsusən, "ana uşağı” olan Məhluqə həyat yoldaşına bildirməsə də, Kəlbəcərin hər bucağı üçün burnunun ucu göynədiyini fərqindəydi. Həmişə ciddiliyi, sakitliyi, eyni zamanda həssaslığı ilə ailədə dərin hörmət abu-havası yaradan gənc ər 1978-ci ilə Rusiya ilə vidalaşıb, Azərbaycana döndü. Yurda dönüşün sevinci, sonra Məzahirin doğulması, daha sonra Nicatın qığıltı səsləri bu ocaqdan yüksəlməyə başladı. Ailəyə İlahə adlı yeni bir körpənin də gəlişi onları daha çox xoşbəxt etdi. Xoşbəxtlik ard-arda düzülmüşdü sanki...

Atakişiyevin Rusiyada işləyərkən qazandığı naliyyətlər Azərbaycanın güc strukturlarının gözündən yayınmadı. Yuksək peşəkarlıq nəzərə alınaraq ona cənub zonasında polis rəisi vəzifəsini məsləhət gördülər. Etiraz etdi. O, Qarabağ zonasında ən adi bir iş istəyirdi. Həmin vaxt Kəlbəcərdə Mirzə müəllimə uyğun bir iş yeri olmadığını görüb, onu yaxın bir rayona- Ağdam rayon Şahbulaq qəsəbəsindəki İslah-əmək düşərgəsinə rəis müavini göndərdilər.

M.Atakişiyevin böyük oğlu hərbçi zabit, kapitan İlqar Atakişiyev həmin illəri yada salır:

-Mən 1978-ci il təvəllüdlüyəm.Yəni, müharibə başlayanda nə olub-bitdiyini anlayacaq yaşda idim. Atamla necə fəxr etdiyimizin, onu yerli əhali tərəfindən , eləcə də işlədiyi ərazidə dövlət qulluqçusundan tutmuş, məhbuslara qədər böyük hörmət və ehtiram göstərildiyini yaxşı xatırlayıram. Ümumiyyətlə, heç unuda bilmirəm. Atam 29 iyul 1992-ci ildə şəhid oldu. Şahidlər söyləyir ki,sübh tezdən islah-əmək düşərgəsinin rəis müavini Mirzə Atakişiyev Ağdamın Papravənd kəndində yerləşən ərazini nəzərdən keçirirdi. Hər tərəf qatı sıx dumana bürünmüşdü. Ömrü boyu dağlarda böyüyən peşəkar mütəxəssis səmanın aydınlığından, havanın quru olmasından bunun adi duman olmadığını duydu. Diqqətlə ətrafı peşəkar hərbçi baxışları ilə yoxlamağa başladı. Bu zaman dumanın içi ilə düşərgəyə doğru irəliləyən erməniləri gördü. Cəld məhbuslar yatan barakın qapısını açıb əmr etdi:

-Uşaqlar, qalxın! Kim bacarırsa, Ağdama tərəf qaçıb, canını qurtarsın. Ermənilər düşərgənin ərazisinə soxulublar. Mən onların qarşısını saxlayacağam...

Yatmış məhbuslar yerlərindən dik atıldılar. Geyinməyə macalları hardaydı ki, elə yataq paltarında bayıra yüyürdülər. Rəis müavini Mirzə Atakişiyev seyfi açdı. Tələsdiyindən açar-qıfılı da cibinə qoydu. Seyfdəki sənədlər olan qovluqları götürdü. Vur-tut iki avtomatları var idi. Birini çiyninə saldı, ikincisini sağ əlinə alıb şəhadət barmağını tətiyin üstünə qoydu və çölə atıldı. Artıq ermənilər lap yaxında idi. Məhbuslardan biri həyətdəki maşına tərəf yüyürdü. Kabinanın qapısını açıb minmək istərkən düşmən gülləsi onu haqladı.

-Uşaqlar, tez taxılın içinə girin!-deyə, Mirzə müəllim məhbuslara yol göstərdi, özü də taxılın içinə girib mövqe seçdi və barmağını tətiyə sıxdı. Avtomat şaqqıldadı və ilk öndə gələn 6 erməni yerə sərildi. Düşmən çaşdı. Axı müqavimətə rast gələcəklərinə ümid etmirdilər. Çünki düşərgənin mühafizə dəstəsinin olmadığını dəqiq bilirdilər. Qabaqda gedən ermənilərin vurulması düşmənin irəliləməsini ləngitdi və məhbusların taxılın içərisinə girib gizlənməsinə, qaçmasına şərait yaratdı.

-Mirzə müəllim, siz də qaçın!-deyə, məhbusun biri onu çağırdı. 

-Bu alçaqların qarşısından nə vaxta qədər qaçacağıq?!-deyərək, Mirzə müəllim avtomatı əlində bərk-bərk sıxdı. Yaralı məhbus da sürünüb taxılın içinə girmişdi və ondan bir qədər aralıda yıxılıb qalmışdı. Yarım saat təkbətək düşmənlə döyüşdü. Ermənilərin irəliləməsinə imkan vermirdi. Artıq məhbuslar taxılın içi ilə qaçaraq ölümdən uzaqlaşmışdılar. Bu vaxt Ağdərədən Ağdama tərəf uçan raketləri gördülər. Ani olaraq Şahbulaqda qalmış dörd körpəsi gözlərinin önündə canlandı-Görəsən, raketlər haraya düşdü-deyə, xəyalından keçirdi. Təhlükəsizliyini unudaraq başını azacıq qaldırıb Şahbulağa tərəf boylandı. Bayaqdan hədəfini axtaran düşmən plamyotu onu tutdu. Güllələr şaqqıldadı və kapitan Mirzə Atakişiyevin 42 yaşlı ömrünə nöqtə qoydu...


Ermənilər taxıl zəmisini ələk-vələk etdilər. Nə yaralı məhbusu, nə də cəsur kapitanın cəsədini tapa bilmədilər. Bu vaxt Ağdama qaçan məhbuslar şəhərə hay salmışdılar. Yerli batalyonun komandiri Allahverdi Bağırovun rəhbərliyi ilə Ağdam döyüşçüləri haraya gəldilər. Lakin artıq gec idi. Düşmən düşərgənin mal-qarasını, qoyun sürüsünü götürüb aparmışdı.

Altı saatlıq axtarışdan sonra yaralı məhbusu və M.Atakişiyevin cəsədini tapdılar. Avtomat sinəsində, yarıoturaq vəziyyətdə barmağı tətiyə sıxılıb qalmışdı. Açıq qalmış gözləri sevdiyi Vətənin göylərinə dikilmişdi. Qoltuğundan yana sürüşən sənədlər qana bulanmışdı. Ətrafında xeyli boş gilizlər səpələnmişdi. Ermənilər onun cəsədini tapmaq üçün ətrafını axtarmışdılar. Lakin taxıl sünbülləri baş-başa verərək yaralı məhbusu və şəhid olmuş kapitanı gizlətmişdi...İnanırsınız, nə həmin kolonun işçiləri, nə məhbusları atamın dəfnində imkan vermədilər ki, mən heç olmasa bir dəfə doğru düzgün çiynimi tabutun altına verim.. Elə bil sözləşmişdilər...Elə bil hər biri ən doğma, ən əziz adamının dəfn mərasimindəydi. Mən indiyənə qədər elə bir izdiham, elə bir sevgi sərgisi görməmişəm.

-İlqar, bayaq "Dolu” filmi haqqında danışdınız...

- Bilirsiniz, yazıçı Aqil Abbasın müəllifi olduğu "Dolu” romanın motivləri əsasında çəkilən eyni adlı filmi ilk dəfə görəndə dərin sarsıntı keçirdim. Aqil müəllim mənim atamı da filminə daxil edib. Şahidlərin danışdığı eyni hadisələr, eyni nəticə, eyni insanlar (obraz)... Məkan da Ağdam...( konkret ad çəkilməsə də)...İnanırsınız, dəfələrlə o filmə baxanda, məlum obrazı görəndə "Atamdı, atamdı!O, mənim atamdı” deməkdən çəkinməmişəm. Mən bilirəm ki, o vaxt Şahbulaq hadisələri nəinki rayonda, bütün respublikada rezonans doğurmuşdu və inanıram ki, bir ağdamlı kimi Aqil Abbasda həmin hadisədən təsirlənmiş, məlum hadisəni romanına daxil etmişdi. Hətta o vaxtın dövri mətbuatında bu hadisələr haqqında, xüsusən məhbusların həyatını ölümdən qurtaran atam haqqında geniş məqalələr vermişdilər.

-İlqar, eşitdiyimə görə, qardaşınız Məzahir də hərbçidir...

- Bəli, valideynlərim bizə elə tərbiyə verdilər, elə örnək oldular ki, ayrı peşəni düşünmək ağlımıza da gəlmədi...Məzahir hazırda Azərbaycan ordusunda polkovnik-leytenant kimi xidmət göstərir. Ailəlikcə arzumuz odur ki, müharibə olsun, səfərbərlik olsun, biz də öz yurdumuzu işğaldan azad edək!Biz hər üç qardaşın ən böyük arzusu Qarabağı əsarətdən qurtarmaq, atamın Ağdamda qalmış qəbrini ziyarət etməkdi.

İlqarla söhbətimizin lap əvvəlindən şəhid kapitanın ömür-gün yoldaşı Məhluqə xanımın göz yaşları bizi müşayət etdi:

-Məhluqə xanım, 4 övlad böyütmək, onları ləyaqətlə tərbiyə etmək vətənə layiqli övlad kimi yetişdirmək çox çətin bir missiyadır. Siz bunu bacardınız! Sizə bir sual verəcəyəm. Amma xahiş edirəm, səmimi cavab verin...Həyat yoldaşınızın vətən yolunda şəhid olmasına, başınızın üstündə olmamasına nə vaxtsa, heç üzülmüsünüzmü? Qınadınızmı onu?

- Çox ağır günlər keçirdim, çox. Xüsusən, öhdəmdə 4 körpə uşaq Bakıya pənah gətirdiyim o günləri unuda bilmirəm. Bizi şəhid ailəsi kimi sahibi Rusiyaya qaçıb getmiş bir erməni evinə yığdılar. Iki otaqlı rahat mənzil idi. Evə yığışdıq və yenidən gücümüz müqabilində oranı təmir etdik, bir neçə əşya aldıq...bax elə o gündən düz 2008 –ci ilə qədər günümüz qara oldu. Evin sahibi, Rusiyada yaşayan Taisia Petrovna Osipovanın, əri Vyaceslav Xacaturovic Osipovun və onların oğlu Vilen Osipovun iddia ərizəsi ilə bizi məskunlaşdığımız Binəqədi rayonu, Mir Cəlal küçəsi 7, mənzil 47 ünvanından çıxarılması ilə bağlı Binəqədi məhkəməsinə müraciət etdilər. Maraqlıdır ki, biz ora 1993-cü ilin avqustunda köçəndən 2 ay sonra o vaxtki Binəqədi icra hakimiyyətinin başçısının tapşırığı ilə ev Taisia Osipovanın adına rəsmiləşdirildi. Məsələyə 7 məhkəmə instansiyasında baxılsa da, neçə illər məhkəmə qapılarında sürünsək də, 2008-ci ildə qərar ermənilərin xeyrinə həllini tapdı. Ali Məhkəmənin qərarından sonra qərar icraya yönəldildi və bizi ailəlikcə evdən zorla bayıra tökdülər. İndi sizə xronikanı danışıram, amma o vaxt sözün həqiqi mənasında ailəlikcə böyük bir faciə yaşadıq... Bizim simamızda bir Azərbaycan vətəndaşı, bir məcburi köçkün, bir şəhid ailəsi ən böyük haqsızlığın qurbanı oldu! O vaxt Binəqədi məhkəməsini hakimi də, Ali Məhkəmənin hakimi də, erməni ailəsinin vəkili də - hamısı azərbaycanlı idi. Övladlarım haqsızlığa düçar olanda, başımızın üstündə Mirzə kimi bir kişinin olmaması....( ağlayır)...İfadə edə bilmirəm, o vaxt mən və balalarım nələr çəkdik...Bax, onda əşyalarımız çölə töküləndə, Mirzəni qınadım! Bax, onda dedim ki, kaş şəhid olmayaydın, canını qurban verdiyin müqəddəs ideyaları Bakının mərkəzində tapdaq altına düşdüyünü özün görəydin, kaş, özün bunun cavabını verə biləydin... Amma, qızım, o sözü əsəbləşib demişdim, haqsızlığa uğramışdım deyə, demişdim. Mən heç vaxt nə yoldaşıma, nə də oğlanlarıma yol göstərməmişəm. Əksinə onların tutduqları yolu təqdir eləmişəm, dəstək olmuşam!Bu gün müharibə başlasa, səfərbərlik olsa, mən oğlanlarıma qətiyyən "getmə” demərəm. Çünki desəm də, xeyri yoxdu... Onlar gedəcək, ataları kimi ən çətin yol nədi, onu seçəcəklər....

Yeri gəlmişkən, qeyd edim, Mirzənin şəhidliyindən 2 -3 gün sonra DİN-dən ona mayor rütbəsi gəldi. Çox təəssüf ki, bu haqqında həyat yoldaşım heç nə bilmədi, bircə dəfə də olsa o paqonları çiyinlərinə taxa bilmədi. Hətta publisist İdris Verdiyev Mirzə Atakişiyev haqqında kitab dərc etdirəndə o kitaba "Taxılmamış mayor paqonu” adını verdi.

- Məhluqə xanım, övladlarınızın hamısı ali savadlıdır, ailə-uşaq sahibidirlər!Xoşbəxtdirlər! Ürəyinizdə başqa arzunuz qalıbmı?

-Əlbəttə qalıb! Həyatım çox gənc ikən param-parça olduğuna baxmayaraq, bir ana kimi xöşbəxt anayam-valideynəm!Amma bir yurdun çarəsiz övladıyam. Yurdumdan yüzlərlə kilometr uzaqdayam! Kəlbəcər mənə xoşbəxtliyi hiss etməyə imkan verməyən ən böyük yaramdı... O yara məni yandırır! Bir də 28 ildi yolumuzu gözləyən Ağdamdakı o məzar məni yandırır! İki əzizimə qovuşmaq istəyirəm: bir əzizim Kəlbəcər, bir əzizim Mirzə! Allah yolumuzu açsın!

-Amin! Bu günkü, görüşə, söhbətə görə hər birinizə təşəkkür edirəm!


Əntiqə Rəşid




İmza:

Nazirlikdən yayılmış sel görüntüləri ilə bağlı AÇIQLAMA: “Dağıstanda çəkilmiş videodur”

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmayıb

Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir

Şimşək, yağış, sel – FAKTİKİ HAVA

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO

Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb - VİDEO

Bakıda küçə və yollarda son vəziyyət

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

Tvinninq layihəsinin yekun konfransı keçirilib

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK