ANA SƏHİFƏ / YAZARLAR

Azərbaycanlı rəssam Amerika prezidentini necə heyrətləndirdi?

Etibar CƏBRAYILOĞLU

62721    |   2020-05-01 14:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əsəri Bill Klintona hədiyyə olunan tanınmış xalçaçı rəssam Afaq Kərimova: "Çox xoşbəxtəm ki, xalçalarım hər gün dünyanın müxtəlif muzeylərində sərgilənir"

Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Elə təkcə bu faktın özü Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, dünya mədəniyyətinə necə böyük töhfələr verdiyini sübuta yetirir.

Artıq bir neçə ildir ki, mayın 5-i Xalçaçı Günü kimi qeyd olunur və həmin gün Azərbaycanda bu sahədə çalışan insanların peşə bayramı sayılır. Bayram ərəfəsində həmsöhbət seçdiyimiz Afaq Kərimovanın da milli xalçaçılıq sənətinin inkişafında mühüm xidmətləri var. Afaq xanımın əsərləri təkcə Azərbaycanda deyil, ABŞ-da, Fransada, Türkiyədə, İspaniyada keçirilən sərgilərdə dəfələrlə nümayiş etdirilib, məşhur muzeylərin daimi eksponatına çevrilib.

Tanınmış xalçaçı rəssam Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə midiri kimi çalışıb, Hüseyn Cavidin ev-muzeyinin tərtibatında böyük əmək sərf edib. Rəssamlar İttifaqının üzvü, Xəzər Universitetinin Dekorativ Tətbiqi Sənət Muzeyinin direktorudur.

Yeri gəlmişkən, Afaq xanımın ailə üzvləri də yaradıcı insanlar, tanınmış rəssamlardır. Həyat yoldaşı Rafael Əsədov Əməkdar mədəniyyət işçisi, "Humay" mükafatı laureatıdır, milli televiziyamızın Qızıl Fonduna daxil edilən "Topal Teymur", "Ac həriflər", "Nigarançılıq" kimi teletamaşaların quruluşçu rəssamı olub.

Hazırda Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətlə məşğuldur.

Qızı Əfşan quruluşçu rəssam olaraq Abdulla Şaiq adına Dövlət Kukla Teatrında hazırlanan bir neçə uğurlu tamaşaya quruluş verib, Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" elan olunub.

"Yasəmən" adlı ilk fərdi sərgisini sənətşünaslar maraqla qarşılayıblar, Prezident təqaüdçüsü Əfşan həm də modelyer kimi çalışır.

Evdə və işdə daim yaradıcı insanların əhatəsində olan Afaq xanım Kərimova söhbət zamanı ustadı Lətif Kərimovdan, dünyanın müxtəlif muzeylərində sərgilənən əsərlərindən, gələcək planlarından danışır.

- Görkəmli xalçaçı rəssam Lətif Kərimovun güvəndiyi tələbələrindən biri ilə üz-üzə oturmuşuq. Mərhum Lətif müəllimin tələbkarlığından çox danışırlar, bəs siz onu bir pedaqoq kimi necə xarakterizə edərdiniz?

- Müəllimim olması ilə hər zaman fəxr etdiyim böyük sənətkar, alim Lətif Kərimov öz sənətinin dərin bilicisi, dünya təsviri sənəti barədə dolğun məlumatı olan bir insan idi.

Təbii ki, hər dərsimizdə qarşımızdakının məhz Lətif Kərimov kimi bir korifeyin olduğunun fərqində idik, bu məsuliyyəti hiss edirdik. Artıq birinci kursda hər tapşırıqdan sonra Lətif müəllim mənim planşetimi götürüb müəllimlər otağında nümayiş etdirirdi. Bu gənc bir tələbə kimi məni sevindirirdi, bir yandan da dərk edirdim ki, qətiyyən arxayınlaşmaq olmaz.

- Sənət müəlliminizin rəğbətini necə qazana bildiniz?

Lətif müəllim görkəmli sənətkar olmaqla yanaşı, mahir pedaqoq idi, öz tələbələrinə sənətə yaradıcı yanaşmağı öyrədirdi. İlk semestrin sonunda Lətif müəllimin tapşırığından kənara çıxıb onun portretini qrafik üsulla, ornamentlərlə işlədim. Ustadın çox xoşuna gəldi, məsləhətlərini verdi. Bu portret həm də mənim gələcək sənət yolum üçün yaşıl işıq yandırdı.

O zaman Bakıda xalça simpoziumu keçirilirdi və Mədəniyyət Nazirliyi Lətif Kərimovla bağlı buklet çap etməyə hazırlaşırdı. Lətif müəllimin məsləhəti ilə həmin əsərim bukletdə dərc olundu. Fransanın "Xeli" jurnalında dərc olunan məqaləsində çəkdiyim portretdən ətraflı bəhs etdi, xoş sözlər yazdı. Yaradıcılığımda hər zaman Lətif Kərimovun böyük qayğı və diqqətini gördüm, ona görə də unudulmaz müəllimimi daim ehtirama anır, verdiyi məsləhətlərə bu gün də əməl etməyə çalışıram.



- Bu yaxınlarda Milli Xalça Muzeyində təşkil olunan mühazirənizdə iştirak edərkən maraqlı bir faktı öyrəndim. Məlum oldu ki, Əbülfəz Elçibəy ölkə prezidenti kimi Milli Məclisdə and içərkən parlamentin tribunasından sizin əsəriniz olan xalça asılıb...

- 1990-ci ildən "Azərxalça" İstehsalat Birliyində baş rəssam işləyirdim. Həmin dövrdə mənim təklifimlə eksperimental sex açdıq və xalqımızın istiqlalı mövzusunu özündə əks etdirən" Azərbaycan" adlı individual bir xalça toxundu.

Mərhum prezident Əbülfəz Elçibəyin 1992-ci ildə keçirilən andiçmə mərasimində məsləhət oldu ki, palamentin tribunasında məhz həmin xalça asılsın. Bir müəllif olaraq təbii ki, bu məni çox sevindirdi.

- Həmin xalçanın sonrakı taleyi bəs necə oldu?

- Sözün açığı həmin xalçanın sonrakı taleyi barədə heç bir məlumatım yoxdur, bilmirəm haradadır. "Azərbaycan" adı həmin xalça muzeydə olmayan yeganə əsərimdir. Gələcəkdə mərhum dövlət başçısı, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə ev-muzeyi təşkil olunsa çox istərdim ki, həmin xalça tapılıb muzeyə verilsin.

- Bayaq xatırlatdığım mühazirənizdə o da məlum oldu ki, başqa bir xalçanız ABŞ prezidentinə bağışlanılıb. Bəlkə bu barədə bir qədər ətraflı danışaq...

- Yaratdığım ekspereimental sexdə işlədiyim dövrdə mühüm bir dövlət sifarişi aldım. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə ABŞ-a ilk rəsmi səfərinə hazırlıq görülürdü, Amerikanın o zamankı prezidenti Bill Klintona hədiyyə olunacaq xalça hazırlamalı idim.



Yəqin oxucular da razılaşar ki, belə bir dövlət əhəmiyyətli sifarişi vaxtında və keyfiyyətlə yerinə yetirmək necə məsuliyyətli bir işdir. Çox düşünəndən sonra qərara gəldim ki, bu əsər həm də müstəqil, demokratik Azərbaycan dövlətinin dünyaya sülh mesajını ötürsün. Sevinirəm ki, nəzərdə tutulan sifarişi vaxtında və keyfiyyətlə tamamlaya bildim, yüksək sıxlıqlı, təbii rənglərlə toxunan xalça bəyənildi və Ulu Öndər ABŞ-a ilk səfəri zamanı həmin o xalçanı amerikalı həmkarı Bill Klintona hədiyyə etdi. Səfərdən sonra Klintonun mərhum Heydər Əliyevə məktubunda müəllifi olduğum xalça ilə bağlı da məqamlar var idi. ABŞ prezidenti həmin gözəl xalçanın dərin mənasını anladığını və əsərə heyranlığını minnətdarlıqla bildirmişdi.

- Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin ev-muzeyinin tərtibatı da məhz sizə həvalə olunub...

- Böyük söz və fikir ustası Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, ev-muzeyinin yaradılması, heykəlinin ucladılması mədəniyyətimiz üçün böyük hadisədir.

Xoşbəxtəm ki, bu məsələdə, xüsusi ilə ev-muzeyinin tərtibatında mənim də yaxından əməyim keçib. Hüseyn Cavidin ev- muzeyinin tərtibatı ilə məşğul olmaq təklifi böyük şairin yadigarı Turan Caviddən gəldi. Turan xanım mənim müxtəlif muzeylərdə və sərgilərdə nümayiş etdirilən əsərlərimlə tanış olmuş və bəyənmişdi. Ev- muzeyinin açılışı üçün Hüseyn Cavidə həsr olunmuş xalçanın da hazırlamağımı xahiş etdi. Xalçanı görəndən sonra çox bəyəndi, dedi ki, sən bu mövzuya çox bələdsən, istərdim muzeyin tərtibatı ilə də məhz sən məşğul olasan. Turan xanımla hər ünsiyyət maraqlı və yaddaqalan idi. Onunla görüşlərim yaddaşımda, dünyaya baxışımda dərin izlər buraxıb. Bu gün Cavidin ev-muzeyində dövlət sifarişi və Turan xanımın istəyi ilə "Cavidlər" adlı 4 sujetli xalçam və 5 batik əsərim nümayiş etdirilir.

- Xəzər Universitetində Dekorativ Tətbiqi Sənət Muzeyinə rəhbərlik edirsiniz, orada həm də xalçaçılıqla bağlı laboratoriya yaradıb tələbələrə bu sənəti sirlərini öyrədirsiniz. Belə bir muzeyin yaranması ideyası kimə məxsusdur?

- Bildiyiniz kimi, Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəblərindən biridir. Burada tədrisin keyfiyyətinin yüksək olması, yaradıcı bir mühitin formalaşması hər kəsə yaxşı məlumdur. Xəzər Universitetinin ölkəmizdən kənarda da yaxşı tanınması qürurverici faktdır. Univerisitetin uğur qazamnası heç də təsadüfi deyil, qabaqcıl ali məktəbin təsisçisi, tanınmış ziyalımız, professor Hamlet İsaxanlıdır. Məhz Hamlet müəllimin təşəbbüsü ilə bu təhsil ocağında Dekorativ Tətbiqi Sənət Muzeyi və emalatxana yaratmışıq. Burada tələbələrin sənətə çox böyük maraq və bağlılıqlarını görürəm. İstedadlı tələbələrimiz burada kollektiv şəkildə bir-birindən maraqlı sujetli xalçaların hazırlamasında iştirak edirlər.



- Yaxın vaxtlarda fərdi sərgi keçirmək kimi bir planlarınız varmı?

- Hər bir rəssam istəyir ki, fərdi sərgisi keçirilsin və yaxud əsərləri hansısa kollektiv sərgidə nümayiş olunsun. Mən bir rəssam kimi xoşbəxtəm ki, əsərlərim dünyanın müxtəlif ölkələrindəki muzeylərdə demək olar ki, hər gün sərgilənir. Ayrı-ayrı zamanlarda muzeylərin aldığı əsərlərim bir məkana yığılsa Azərbaycan mədəniyyətinin bir xronoloji ardıcılığını əyani göstərmək imkanı yaranar.

Bəzi yaradıcılıq planlarım var, bu ilin sonuna kimi qədim mədəniyyətimizi əks etdirən, hələ dəzgahdan kəsilmiş iki xalçamın təqdimatını keçirmək istəyirəm. Bakıda fərdi sərgi barədə də düşünürəm. Təki salamatçılıq, əmin-amanlıq olsun, dünyanı cənginə alan bu koronovirus bəlası tezliklə başımızın üstündən çəkilib getsin. İnsanlar yenidən iş yerlərinə, tədris ocaqlarına, muzey və sərgi salonlarına qayıtsınlar. Mənəvi zövq verən, gözəl duyğular bəxş edən sənət əsərləri ilə baş-başa qalsınlar.




İmza:

YAZARIN ARXİVİ

2020-04-17 : Canlı bir roman
2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK