adalet.az header logo
  • Bakı -°C

MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır

AQİL ABBAS
63 | 2026-09-17 13:55
A- A+

Bir neçə gündür izləyirəm, Ermənistanda sülh istəməyən müxalif qüvvələr, eləcə də  hakimiyyətdə olan bəzi məmurlar da yuxa qulağı sulayaraq müxalif qüvvələri dəstəkləyirlər. Məsələ nədir? Azərbaycandakı Diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura etdikləri səfər ermənilərin bərk xətrinə dəyib. Bloqerləri, saytları, özü də hakim dairlərə yaxın saytları od püskürürlər. 

Azərbaycanlıların həm Qərbi Azərbaycanda, həm də Qarabağdakı bütün dini və tarixi abidələrini darmadağın edən, məhv edən, yağmalayan bir xalq, əvvəllər  bizim canlarımızla oynayırdılarsa, indi hisslərimizlə oynayırlar. 

Məmməd Araz yazır ki:

Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?..

Amma mən ermənilərin bizim hisslərimizlə oynadığı oyunda peşimanının kim olacağını beş barmağım kimi əzbər bilirəm. 44 günlük müharibədə uduzduqları kimi bu oyunda da uduzacaqlar. 

Dipkorpusun Qarabağa və Şərqi Zəngəzura səfəri və ondan da əvvəllər səfirlərin və atteşelərin  səfərləri ona dəlalət edir ki, artıq bütün  dünya Ermənistanın çabalarına baxmayaraq, Qarabağı Azərbaycan torpağı kimi qəbul edir və tanıyır. 

Mən həyatımda iki dəfə möhkəm ağlamışam – bir dəfə cavan qardaşımı itirəndə, bir dəfə də Paşinyan əyanları ilə birlikdə Cıdır düzündə rəqs edəndə. Hətta övladlarım da sakitləşdirə bilmədilər. 

İndi də siz ağlayın, Dipkorpusun nümayəndələri Şuşada «Qarabağ» mahnısının sədaları altında rəqs edirlər. Əslində prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə bu səfərə çıxan Dipkorpusun nümayəndələri Şuşaya rəqs etməyə getməmişdilər, «Qarabağ» havası sümüklərinə düşdüklərinə görə rəqs etdilər.

Onların Qarabağa, Şərqi Zəngəzura səfərlərindəki məqsəd başqa idi. Əvvəla, öz gözləri ilə görsünlər erməni faşistlərinin vandallığını, şəhər və kəndlərimizi Xirosimanın gününə saldıqlarını. İkincisi də, son beş ildə viran olmuş Qarabağda Möhtərəm prezident İlham Əliyevin apardığı quruculuq işlərini. Böyük bir müharibədən çıxmış bir dövlət qısa müddətdə onlarla şəhər və kəndləri  dirçəldib. İndi həmin əraziyə yüz minə yaxın soydaşımız köçüb, çalışır, işləyir, oxuyur, həyat qaynayır. 

Yəqin ki, Dipkorpusun nümayəndələri qısa bir müddətdə belə böyük işlərin görüləcəyinə sözdə inanmazdılar, amma gözdə inandılar. 

Belə bir məsəl var, sirkə nə qədər tünd olsa Ermənistanı partlada bilər. Biz  Ermənistanın partlamasını istəmirik, adamlıqları varsa, adam kimi yaşamalarını istəyirik. Ermənilərin hay-küyü bizə vız gələr, amma nəhayət ki, Ermənistanı xilas etmək istəyən Paşinyanı narahat edər.

  • Sentyabr:
  • 4
  • 11

TƏQVİM / ARXİV