adalet.az header logo
  • Bakı -°C

Aqil Abbasın qorxusundan yazdığım yazı - Şərif Ağayar yazır

ŞƏRİF AĞAYAR
58 | 2026-09-18 09:05
A- A+

“Rəmiş” povesti üzərinə bir neçə cümlə

 

Kitabın təqdimat mərasimində, o boyda adamın içində səhnədən lap arxa oturacağa – mənə səslənir:

– Şərif Ağayar, oxumusanmı kitabımı? Mən sənin bütün kitablarını oxumuşam! 

Deyə bilmirəm ki, Aqil müəllim, əvvəla, sizi çox istəyirəm, adam çox istədiyi adamın yazılarını da çox istəyir, ikincisi, kitab mənim işlədiyim nəşriyyatda çıxıb, üçüncüsü, nəşriyyatdan əvvəl “Ədalət” qəzetində hissə-hissə yayımlanırdı, hamısını ardıcıl izləyə bilməsəm də, müəyyən hissələri ilə tanış idim, dördüncüsü, həddim nədir oxumayam, bir gün yaxamdan tutub bax beləcə soruşacağını bilirdim!

Deyə bilmirəm. Deputat adamdır. Biri düz başa düşər, o biri əyri. Pis zəmanədə yaşayırıq. Heç nədən ötrü o buna yaltaqlanır, bu onu tərifləyir, o buna-bu ona qarşılıqlı mədhiyyələr yazır. 

Mən Aqil müəllimlə münasibətimi zamanın çirkaba batmış şübhələrindən qorumaq istəyirəm. 

“Panorama” qəzetində işə başladığım vaxtlar (1998) mərhum “Azərbaycan” nəşriyyatının altıncı mərtəbəsində “Ədalət” qəzeti ilə yanaşı otururduq. Dəhlizin o başında Aqil müəllimin ağ aynabəndli kabineti vardı. Mən o kabinetin ağzında onlarla, yüzlərlərlə, minlərlə əlacsız kənd adamı, rayon adamı, şəhər adamı görürdüm. Onda hələ Aqil Abbas millət vəkili deyildi, sadəcə millətin vəkili idi. 

Bizdə millətin vəkili olmaq, millət vəkili olmaqdan qat-qat çətindir.

O illərdə xeyli cavan olsam da düşünürdüm: Aqil Abbas bu qədər insanın problemini necə həll edir? Ümumiyyətlə, həll edirmi? Axı adətən kütləvi xeyirxahlığın arxasında mütləq bir yalan, bir yanlış, bir kələk gizlənir.   

Cavabım öz-özünə gəlirdi: əksəriyyəti yurd-yuvasını itirmiş bu köhnə kepkalı, əyri ayaqqabılı, nimdaş kostyumlu adamlar konkret problemlərdən ötrü gəlirlər, əgər işləri düzəlməsə, bir daha gəlməzlər, ağ aynabəndli otağın qarşısındakı qələbəlik azalmırsa, demək, işin içində səmimiyyət daha çoxdur. 

Onu da deyim, ürəyimdə qalmasın, Aqil Abbas millət vəkili seçiləndən sonra da millətdən uzaq düşmədi, nömrəsini dəyişmədi, telefonu susmadı və mənim illər əvvəl gəldiyim qənaəti daha da möhkəmləndirdi. 

Bir çoxları kimi, millət vəkili seşilmək onu millətə vəkillik eləməkdən ala qoymadı!

Yaxşılıq Aqil Abbasın fitrətindədir – bunu dünən də bilirdim, bu gün də bilirəm və sabah da biləcəyəm. Yaxşı adamı isə çox istəmək lazımdır və çox istədiyin adamın yazdığı da, danışdığı da sənin üçün maraqlıdır. 

Dünyada Tanrının varlığından tutmuş Rəhim Qazıyevin Şuşanı verməsinə qədər hər şeyə ciddi şübhəm var, lakin Aqil Abbasın Ağdam sevgisinə zərrəcə şübhəm yoxdur. 

Və Aqildə sevdiyim cəhət Ağdamı adamlarından sevməsidir. 

Fikir verin, hap-goplu vətən sevgilərinin içində insan olmur. 

Şuşa olur, şuşalı yox!
Laçın olur, laşınlı yox.

Aqil isə bir yeri sevəndə, adam-adam, ev-ev, məhəllə-məhəllə sevir. Hətta Ağdama qonşu rayonlara da aşağı-yuxarı eyni duyğular bəsləyir. Bir qız sevərsən, onların məhəlləsində qalan istənilən adamı çox istəyərsən – bax o cür! 

Qarabağlını sevməyənin Qarabağ sevgisinə inansanız, babalım boynunuza, o dünyada iki əlim yaxanızdadır. Axı vətən həm də adamlardır. Hətta daha çox admlardır. Bir az da dərinə getsək, yalnız adamlardır. Çünki bayaq varlığına şübhə etdiyim Tanrı öz kitabında buyurur: “Hər şeyi insan üçün yaratdım”. 

Yəni vətəni də!

Bu mənada şəhid də vətən üçün deyil, insan üçün ölür. Yerdə qalanlar üçün yəni. Düşmən qabağında özünü müdafiə edə bilməyən qocalar, qadınlar, uşaqlar üçün. Torpağı da onlar üçün qoruyur. Torpaq – altında danadişi gəzdiyi üçün yox, üstündə insan yaşadığı üçün müqəddəsdir. Aqil müəllim insanı duyur. Onun nəğməsini eşidir. Baxanda nə istədiyini bilir. Çörək, pul, əyin-baş. Hətta içki! Gülməyin. Ədəbi aləmin bu həyat dopinqi ilə münasibət insandan ariflik istəyir. Həm içə, həm içirdə bilməlisən. 
Aqil müəllimi Ağdamın divanəsi də saymaq olar. Onunku başqa sevdadır. Dəfələrlə görmüşəm. Müşahidə eləmişəm. Bir dəfə hansısa mənasız müğənni açıqlama vermişdi, demişdi, küsüb gedirəm ölkədən. Aqil Abbas efirdə əsəbiləşdi, dedi, gedirsən cəhənnəmə get, sən Arifsən, Qədirsən, Rəmişsən getməyinə üzülək? Fikir verin, üçü də ağdamlıdır! İnanın, siyahını uzatsa belə gedəcəkdi: Səxavətsən, Sədisən, Şahmalısan, Sarasan, Akifsən, Mənsumsan, Təyyarsan, Səbinəsən... Bir saat adam adı çəksə, yalnız ağdamlılar qurtarandan sonra keçərdi növbəti siyahıya: Xan Şuşinskisən, Yaqub Məmmədovsan, Məhəbbət Kazımovsan, Vidadi Bərdəlisən... Yəni yaxın rayonlara... Şuşaya, Ağcabədiyə, Laçına... 

Lakin onun Ağdam sevgisində regionçuluq yoxdur, əksinə, Ağdam onun Azərbaycanı və dünyanı sevmə səbəbidir. 
İlini unutmuşam, mərhum Qədir Rüstəmov mətbuatda Habil Əliyevə sataşmış, “Cücələrim” mahnısını çox pis lağa qoymuşdu. Habil müəllim mənə zəng vurdu. Aləmi barmağına dolayan yumor ustasının cırnadığını görəndə xeyli güldüm. Amma adam ciddi idi, dirəşirdi ki, götür filan-filan şeyləri mənim adımdan yaz qəzetində. Təbii, Qədir haqqında xoşagəlməz sözlər işlədirdi. İnanın, ilk ağlıma Aqil Abbas gəldi. Habilin dediklərini yazsam, hər kəs bir yana, Aqilə nə cavab verəcəkdim? 

Habil müəllimi birtəhər yola gətirdim. Dedim, sizi də tanıyırıq, Qədiri də, o dəlidir, ona baş qoşmayın. İncəvara sözüm ağlına batdı, məndən də razı qaldı, elə bildi onu istəyib deyirəm, daha bilmədi ki, Aqilin qorxusundan belə edirəm.        

Bu yazını da Aqil Abbasın qorxusundan yazıram. Doğrudan da bütün kitablarımı oxuyur, düşəndə yazı yazır. Mən niyə oxumayım, mən niyə yazmayım, göydən-zaddan gəlmişəm? 

Desəm, oxudum, bəyənmədim, deyəcək, bəyənmədiyini yaz. 

Aqil Abbasdan qaçış yoxdur! 

Amma gəlin insafı itirməyək. Aqil ola, Rəmişdən yaza, mən də onu bəyənməyəm. Mümkün iş deyil! Mənə desələr, Qədirdən, Rəmişdən kim yazsın, deyərəm, Aqil Abbas. O, Rəmişdən, Qədirdən nə yazsa, nə danışsa, saatlarla oxuyar-dinləyər, zərrəcə yorulmaram. 

Aqil çox şirin danışandır. Ətrafda qadın-uşaq olmaya, 18+ ifadələri sərbəst işlədə, söhbətindən doymaq mümkün deyil. 

“Rəmiş” povestindən də doymadım. Kitabı ora-bura çevirib davamını axtardım. Düzdür yazdığı mətnin süjeti bitir – Rəmiş haqq dərgahına yollanır. Lakin yenə də istəyirsən bu adam bu adamdan danışsın. Məhz danışsın. Çünki “Rəmiş”i oxumaqdan çox dinləyirsən. Elə bilirsən Aqil müəllim o cümlələri nəsr kimi yazmayıb, şeir kimi deyib. Hər sözün arxasından səsini eşidirsən. Məncə, Aqil Abbasın maraqla oxunmasının sirri burdadır. Elə bil özü ilə söhbət edirsən. Ona görə istənilən hekayəsi, povesti, romanı su kimi axır. Üstəlik, canlı xalq dili, Qarabağ koloriti... 

Əslində, “Rəmiş”i mən janr etibarı ilə roman kimi qəbul edirəm. Bilirəm, sovet adamları üçün roman tamam fərqli janrdır, lakin bugünkü dünya standartları ilə “Rəmiş” doğrudan da romandır. Həcmi problem deyil. Bundan da qısa romanlar oxumuşam. Həm də indi dünyada povest adlı janr yoxdur. Hekayədir, uzun hekayədir, romandır. Həm də “Rəmiş” vahid süjet ətrafında şaxələnir, haçalanır, axırda toparlanmaq şərti ilə müxtəlif məcralara yönəlir. Ən başlıcası, mətnin kosepti var. Aqil müəllim A-dan Z-yə birqatlı realist əsər yazmayıb. Rəmişin gitarada çıxardığı hoqqaları, o da mətndə çıxardıb. Gah mələklərlə görüşdürüb, gah Teymurlənglə, gah da Paqanini ilə... Gah bu dünyada gəzdirib, gah o dünyada. Həm zaman, həm məkan, həm də mistik-metafizik aləmlər səyahətinə çıxardıb. Hərdən ustad sənətkarın ifalarının içinə girib, bütün mətni o ifaların ahənginə və ovqatına kökləyib. Rəmişin Paqanini roluna dəvət olunması faktından çıxış edərək, obrazları eyniləşdirib, hər ikisindəki şeytani çalara vurğu salıb, bununla da insan kimi, onun duyğuları kimi sənətin də sərhəd tanımadığını diqqətə çatdırıb. Bu cür qeyri-real səyahətlər, əsasən nəqletmə (povedat) üzərində qurulan povest janrına çox da uyğun gəlmir. Bildiyim qədər, povest adətən realist planda və birxətli təhkiyədə yazılır. 

Povestin – müəllifə hörmət naminə biz də belə adlandırırıq – ən çox bəyəndiyim cəhətlərindən biri Aqil müəllimin özünə ironiyasıdır. Əsərdəki Şair obrazı Molla Pənah Vaqifdən, Hüseyn Caviddən, Səməd Vurğundan, İsa Muğannadan, Yusif Səmədoğludan üzübəri bizə tanış xarakterdir, qələm əhlinin ümumiləşmiş obrazıdır və həm də Aqil Abbasın özüdür. Bəzən, doğrudan da, yazı-pozu adamı varlı-pullu sənət adamları və nüfuzlu dövlət başçıları arasında çox yetim görünür. Şair də təxminən belə bir tale yaşayır və müəllif bəzi adamların gizli-gizli öyündüyü məqamlarda özü ilə əməlli-başlı məzələnir. 

Bu bir yazıçı üçün üstün məziyyətdir! 

Lakin Aqil müəllim həm də ziddiyyətli adamdır. Bir dəfə rəhmətlik Mehdi Bayazid səmimi məclislərin birində ona dedi: “Səni cənnətlə cəhənnəm arasında dartışdıra-dartışdıra qalacaqlar!” Elə bildim inciyəcək, amma əksi baş verdi, söz necə xoşuna gəldisə, qalxıb Mehdinin alınından öpdü. Povestdə də eyni ziddiyyət görünür. O, Rəmişin bütün ipləri qoparan azadlığını gah təqdir edir, gah da buna görə dostunu əməlli-başlı danlayır. 

Povestdə Qurban Pirimovla, Maestro Niyazi ilə, Aşıq Ədalətlə, Ceyhun Mirzəyevlə, Aydın Dadaşovla, Zeynəb Xanlarova ilə görüşlər real, canlı və yaddaqlandır. Qədir Rüstəmov isə haradasa ikinci qəhrəman kimi çıxış edir. Rəmişi Qədirsiz, Qədiri Rəmişsiz təsəvvür eləmək çətindir. Onlar davaları ilə də, dostluqları ilə də bir-birini tamamlayır və məncə, bu tandemin dəyərini Aqil Abbasdan yaxşı bilən yazıçı yoxdur. Bəlkə, bir az da buna görə adam doymur “Rəmiş” povestindən. Onu sanki dəryadan bir damla kimi dadırsan. Düzdür, Rəmiş obrazı kifayət qədər dolğun işlənib, onun qeyri-adi həyatı və sənəti öz bədii dəyərini alıb, lakin yenə də istəyirsən mövzu davam eləsin. Bəlkə, realist bir əsərdə, bəlkə, xatirlərdə, bəlkə, gündəliklərdə, bilmirəm. Təbii, Aqil müəllim özü daha yaxşı bilər. Mən bircə Aqilin Rəmişdən və Qədirdən yazılarını yenə də, yenə də oxumaq istədiyimi bilirəm. Çünki bu, Aqil müəllimin öz mövzusudur. Qarsia Markes xatirələrində yazır ki, gəncliyimdə Kafkanı yamsılayırdım, bir gün doğulduğum evə getdim və birdən-birə bütün varlığımla bura aid olduğumu anladım. Beləliklə, dünyanı, bəlkə, Kafkadan da artıq lərzəyə salan bənzərsiz əsərlər yaranmağa başladı. 

Atatürk necə deyirdi: “...sən özünə dönəndə böyük olursan!” 

Xalq da pis deməyib: daş öz yerində ağır olar! 

Aqil Abbas Qarabağdan yazanda bənzərsizdir. 

Povestin sonundakı məni sevindirəm qeyd dediklərimi bir daha sübuta yetirir: “Ağdam, Abdal-Gülablı, Kəhrizin üstü, may 2025”. Aqil müəllim öz məkanında, öz zamanındadır. Bura həm də Rəmişin kəndidir. Hətta tez-tez gedib su içdiyi, xəyala daldığı, illərlə həsrətini çəkdiyi və həsrəti ilə dünyadan köçdüyü cənnətin bir parçasıdır. 

Aqil Abbas məhz ora gedir və Rəmiş haqqında povesti məhz orada yazır. 

Bu qeyd həm də bizə əsas verir ki, Aqil Abbası xoşbəxt yazıçı sayaq. 

Çünki biz altı-yeddi il əvvəl bu sehrli məkanı yalnız yuxularımızda görə bilərdik.

TƏQVİM / ARXİV